Ulu öndər
Heydər Əliyev milli təhsilin inkişafına böyük
diqqət və qayğı göstərirdi
Ümummilli lider Heydər Əliyev xalqımızın milli varlığını dünyaya tanıtmaq, onun müstəqil dövlətini yaradaraq zəfərlərə doğru aparmaq kimi çətin və şərəfli bir missiyanı dahiyanəliklə həyata keçirmişdir. Respublikada iqtisadi və sosial durğunluğun qarşısını almaq məqsədilə 1969-cu ilin iyul ayında Azərbaycan Respublikası rəhbərliyində mühüm dəyişiklik aparılmışdı. O zaman dərin biliyi, idarəetmə sahəsində bacarıq və səriştəsi, işgüzarlığı, mənəvi-əxlaqi yetkinliyi, yüksək səviyyədə təşkilatçılığı ilə tanınıb seçilən Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə maddi istehsalın bütün sahələrində ardıcıl artım dinamikasına nail olunmuşdu, əhalinin sosial müdafiəsi xeyli güclənmişdi. 1965-ci ilə nisbətən 1970-ci ildə respublikada ümumi məhsul 34%, milli gəlir 33%, sənaye istehsalı 37%, kənd təsərrüfatı 27%, əsaslı vəsait qoyuluşu 43%, əsas istehsal fondları 34% artmışdı. Növbəti illərdə bu dinamika daha da güclənmişdi. Ümumiyyətlə, 1969-cu ilədək Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi işləyirdisə, 1970-1982-ci illərdə bölgələri də əhatə edən 300-ə yaxın yeni iri və orta sənaye müəssisəsi işə salınmışdı. 1970-1980-ci illərdə Azərbaycanda ilbəil sürətlənən sosial-iqtisadi inkişaf əmək məhsuldarlığının daimi yüksəlişi ilə müşayiət olunmuşdu.
Yenilməz siyasi lider olan Heydər Əliyev təhsilin inkişafına milli varlığın və dövlətçiliyin təməl məsələsi kimi yanaşmış, bu sahəyə müstəsna diqqətlə yanaşmışdır. Azərbaycan rəhbərinin təhsil strategiyasının mühüm yönlərindən biri yüksək ixtisaslı elmi kadrlar hazırlayan müəssisələrin, prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən elm-təhsil mərkəzlərinin işini gücləndirmək olmuşdu.
1970-1980- ci illərdə təhsilin inkişafı, yüksək ixtisaslı kadr potensialının yaradılması uzaqgörən siyasətçi Heydər Əliyevin adıyla bağlıdır. O illərdə yüzlərlə azərbaycanlı gənc respublika rəhbəri Heydər Əliyevin böyük səyləri nəticəsində SSRİ-nin ən mötəbər ali təhsil müəssisələrinə göndərilmiş və təhsil aldıqdan sonra yüksək səviyyəli mütəxəssislər kimi işlə təmin olunmuş, respublikamızın inkişafına mühüm töhvələr vermişdi.
1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda ümumtəhsil məktəblərinin sayı 3 dəfə artaraq 765-dən 2117-yə çatdırılmışdı. 1969-1982-ci illərdə 350 mindən çox şagird yeri olan 849 məktəb tikilib istifadəyə verilmişdi. Bu illərdə ali təhsil müəssisələrinin sayı da artırılmış, ali təhsil müəssisələrində təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır.
Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti, qayğısı nəticəsində müxtəlif sahələr üzrə necə-necə gənc yüksək səviyyəli mütəxəssis kimi hazırlanmış, Azərbaycanda sosial-iqtisadi və siyasi idarəetmə sahələrində milli kadr potensialı formalaşmışdır. Bu potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. Çünki hər bir ölkənin inkişafı üçün onun hazırlıqlı kadr potensialının olması vacib şərtlərdən biridir. Heydər Əliyev hələ o zaman gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar bunu açıq şəkildə ifadə etmişdi: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan ücün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”. 1969-1982-ci illərdə yaradılan əsaslar müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz rolunu oynamışdı.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də suverenlik daxili və xarici təzyiqlər, ölkədə baş verən təhlükəli proseslər nəticəsində tükdən asılı idi. Müstəqilliyin itirilməsi, ölkənin parçalanması təhlükəsi mövcud idi. Ayrı-ayrı silahlı qruplaşmalar xalqı qorxu içərisində saxlayır, xaos və anarxiya baş alıb gedirdi. Orduda nizam-intizam aşağı səviyyədə olduğu üçün bu vəziyyətdən istifadə edən erməni işğalçıları respublikanın ərazilərini bir-birinin ardınca istila edirdi.
Belə bir çətin durumda Azərbaycan xalqının bir nicat yolu qalmışdı. Bu ulu öndərimiz Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı idi. Bu yol ölkəmizi, dövlətimizi tarixin daha bir çətin sınağından üzüağ çıxardı. Ölməz rəhbəri hakimiyyətə qaytaran, onun ətrafında sıx birləşən, addımlarını dəstəkləyən xalqımız bununla firavan gələcəyinin təməlini qoymuş oldu. Qədim və zəngin tarixə, yüksək mədəni irsə və milli dəyərlərə malik olan Azərbaycan xalqı 1969-1982-ci illərdə olduğu kimi, 1993-cü ildən sonrakı dövrdə də taleyini ümummilli lider Heydər Əliyevin siyasi kursu ilə bağladı.
Milli-mənəvi dəyərlərimizin hamisi olmuş Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldı. Milli ideologiyaya xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldı. Heydər Əliyev milli dövlət quruculuğu prosesində “Elmə, təhsilə göstərilən yüksək qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir” meyarı ilə çıxış edirdi. Ümummilli lider Heydər Əliyev prioritet sahə olan təhsilə, elmə diqqət və qayğını getdikcə artırırdı. Prezident Heydər Əliyev 2000-ci il iyunun 13-də təhsil sisteminin əsaslı surətdə təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaradan “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdı.
Azərbaycana suverenliyinin qorunub saxlanması, beynəlxalq aləmdə tanınması və nüfuzunun artması üçün ümummilli lider Heydər Əliyev alternativi olmayan siyasət aparmış, həyatını xalqının rifahına, Azərbaycanın inkişafına və tərəqqisinə həsr etmişdir. Böyük rəhbər Heydər Əliyevin apardığı siyasət çoxşaxəli və mürəkkəb olmaqla yanaşı, həyatın bütün sahələrini də əhatə edirdi.
Ümummilli lider Heydər Əliyevin siyasi məktəbi onun irsi sosioloq, politoloq, çeşidli tədqiqatçılar üçün zəngin mənbədir. Onun irsini tədqiq etməyə uzun illər, cild-cild nəşrlər gərəkdir.
Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, atəşkəsə nail olunması, informasiya blokadasının yarılması, siyasi plüralizm, insan hüquqlarının qorunması, mətbuat azadlığı,xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması, Şərqdə ilk dəfə olaraq ölüm hökmünün ləğv olunması, Azərbaycana xidmət edəcək iqtisadiyyatın, təhsil sisteminin, ordu quruculuğunun, səhiyyə sisteminin dünya standartlarına uyğun inkişafı, hərtərəfli yüksəliş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər qısa zaman ərzində ölkədə sabitlik və əmin-amanlığı bərqərar edərək, respublikamızı inkişaf yoluna səfərbər etmişdir. Bu böyük insan xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran, ümumən Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin edən müdrik siyasi strategiyanın müəllifi olmuşdur. Dahi şəxsiyyət respublikanı dünya birliyində layiqli mövqeyə sahib etmək kimi misilsiz tarixi missiyanı da yüksək səviyyədə yerinə yetirmişdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 ildə həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması və aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti ulu öndər Heydər Əliyevin xalqa, əhalinin aztəminatlı təbəqələrinə olan qayğısındən qaynaqlanıb.
Bu böyük xidmətləri Azərbaycan xalqı daim sonsuz minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli liderimizın müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi naliyyətlər qazandırır. Dövlət müstəqilliyimiz daim güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla, dünya birliyində fəal mövqe qazanır.
İntizar MƏMMƏDOVA
Xalq qəzeti- 2009.- 4 sentyabr.- S. 3.