“Əsrin müqaviləsi”—15

 

Azərbaycan dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir

 

Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan neft sənayesinin indiki dinamik inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, ulu öndərimizin neft sənayesinin inkişafı ilə bağlı ən böyük xidmətlərindən biri xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz ehtiyatlarının işlənilməsini nəzərdə tutan sazişlərin imzalanmasıdır.

Ölkəmizin yeni neft strategiyasının əsası da məhz 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın on bir transmilli şirkəti ilə “Əsrin müqaviləsi” kimi tanınan iri neft sazişinin imzalanması ilə qoyulmuşdur. Bu tarixi saziş Azərbaycanın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını, yeni iş yerlərinin açılmasını təmin etmiş, ölkəmizə xarici investisiya axınını sürətləndirmişdir. Bütövlükdə isə yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq nüfuzunu xeyli artırmış, ölkəmizin iqtisadi cəhətdən güclənməsini təmin etmişdir...

1995-ci ildə “Əsrin müqaviləsi”nin ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun şəkildə bərpa olundu. 1997-ci ilin noyabr ayında isə ”Çıraq” yatağından ilkin neftin hasilatına başlanıldı. Bu, Azərbaycanın yeni neft stategiyasının uğurlarının başlanğıcı idi. Bu hadisə ilə Azərbaycanın neft sənayesi ilə bağlı istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli atıldı, zəngin maddi bazadan, yeni infrastruktur imkanlarından gələcəkdə istifadə olunmasına zəmin yarandı.

İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi. 1996-cı ilin yanvar ayında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verildi. O dövrdən fasiləsiz olaraq istismar edilən Bakı-Novorossiysk kəməri vasitəsilə cari ilin avqust ayının 1-nə qədər 11,2 milyon ton neft nəql olunmuşdur. Əvvəllər ABƏŞ tərəfindən idarə olunan Bakı-Novorossiysk kəmərinin operatorluğu isə hazırda ARDNŞ tərəfindən həyata keçirilir.

“Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud idi. Digər tərəfdən, Azərbaycanın xarici siyasət xəttinin balanslı prinsipə söykənməsi baxımından strateji məhsulların, xüsusilə xam neftin yalnız bir ölkənin ərazisindən nəqli məqsədəuyğun sayıla bilməzdi. İxrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi alternativ layihələr üzərində ciddi iş aparılmasını tələb edirdi.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəql haqqında Azərbaycanla Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprel ayında isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlandı və beləliklə, bir əsrə yaxın fasilədən sonra ilk dəfə olaraq Azərbaycan nefti yenidən Qərbə istiqamət götürdü. Həmin vaxtdan 2009-cu il avqust ayının 1-nə qədər Qərb istiqamətində 48,8 milyon ton Azərbaycan nefti nəql olunmuşdur.

Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutan ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını ən aktual məsələ olaraq gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə, guya, Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etməyə kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı əfsanə, utopiya hesab edirdilər. Lakin zaman ulu öndərimiz Heydər Əliyevin bütün başqa ideyaları kimi, bu konsepsiyasının da tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğunu sübuta yetirdi. “Üç dənizin əfsanəsi” reallığa çevrildi. Azərbaycan xalqının ümummilli lideri yenilməz siyasi iradə və qətiyyət nümayiş etdirərək bu istiqamətdə də başlanılmış işlərin uğurla sona çatdırılmasına nail oldu.

2006-cı il may ayının 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. Həyat, gerçəklik növbəti dəfə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu bütün dünyanın gözü qarşısında açıb göstərdi. Zaman sübut etdi ki, bu gün Ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.

BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı. BTC-nin reallaşması Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən atılmış növbəti mühüm addım oldu.

Hazırda bu kəmərin coğrafi-siyasi əhəmiyyəti bütün dünyada birmənalı olaraq etiraf olunur. BTC sutkada bir milyon barel Azərbaycan neftinin tam təhlükəsiz surətdə Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Cari ilin avqust ayının 1-nə qədər bu kəmər vasitəsilə 91,3 milyon ton neft nəql olunmuşdur ki, bunun da 89,3 milyon tonu dünya bazarlarına yola salınmışdır.

Zaman keçdikcə bu kəmərin həm regional, həm də qlobal əhəmiyyəti artmaqdadır. BTC artıq beynəlxalq dairələrdə təkcə Azərbaycan neftinin deyil, Mərkəzi Asiya neftinin də dünya bazarlarına etibarlı nəqlinə imkan verən unikal infrastruktur kimi ciddi önəm kəsb etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin avqustunda Qazaxıstana rəsmi səfəri zamanı dost ölkədə hasil olunan neftin BTC vasitəsi ilə nəqlinə başlanılması barədə razılıq əldə olunmuşdur. 2008-ci ilin noyabrında isə ARDNŞ ilə “KazMunayQaz” şirkəti arasında “Qazaxıstan Xəzər Nəql Sistemi” layihəsi üzrə memorandum imzalanmış və bu istiqamətdə işlərin başlanmasına start verilmidir. Həmin sistem “Kaşaqan” və “Tengiz” yataqlarından hasil olunan Qazaxıstan neftinin Azərbaycan üzərindən, BTC vasitəsilə dünya bazarlarına nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Artıq BTC kəməri ilə “Tengiz” yatağından hasil edilən neftin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasına başlanılmışdır. Belə ki, cari ilin avqustun 1-nə kimi kəmərlə 1,3 milyon ton Qazaxıstan nefti Ceyhan limanına nəql edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni neft strategiyasının son illər ölkəmizə gətirdiyi möhtəşəm qələbələrdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Ehtiyatlarına görə dünyanın ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağında 2008-ci ildə 7,2 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Ümumiyyətlə, “Şahdəniz” yatağı istismar olunandan cari ilin avqust ayının 1-nə qədər buradan 14 milyard 304 milyon kubmetrdən artıq qaz hasil edilmişdir ki, bunun da 4 milyard 444 milyon kubmetrdən çoxu Azərbaycana təhvil verilmişdir. “Şahdəniz” qazının Türkiyəyə, oradan isə Avropa ölkələrinə nəqlini həyata keçirmək məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə paralel olaraq Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz boru kəməri) qaz kəməri də çəkilmişdir. Bu da Azərbaycanın şaxələnmiş ixrac neft-qaz kəmərləri sistemində mühüm yer tutur. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri üzrə layihələrdə 9 ölkəni təmsil edən 15 xarici şirkət iştirak etmişdir. Bu isə həmin kəmərlərin nə qədər mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyinin əyani sübutudur.

2007-ci ildən “Şahdəniz” qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Ötən müddətdə Türkiyəyə 8 milyard 587,5 milyon kubmetr, Gürcüstana isə 747,4 milyon kubmetr “Şahdəniz” qazı nəql edilmişdir. Bu gün Avropanın bir çox dövlətləri - Yunanıstan, İtaliya, Ukrayna, Rusiya, Pribaltika ölkələri, İran bu layihəyə böyük maraq göstərirlər. Artıq 2007-ci ilin noyabrında Türkiyə ilə Yunanıstan arasında “Şahdəniz” qazını nəql edəcək boru kəməri inşa olunaraq istismara buraxılmışdır. Bu hadisə Avropanın enerji təhlükəsizliyində Azərbaycana ayrılmış rolun mühüm olduğunu bir daha təsdiqləyir. Azərbaycan bu vəzifəni həm istehsalçı ölkə kimi, həm də Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarını Avropa bazarlarına çıxaracaq tranzit ölkə kimi ləyiqincə yerinə yetirməyə tam hazırdır.

Təsadüfi deyil ki, Avropa İttifaqı uzun müddətdən bəri reallaşdırmaq istədiyi “NABUCCO” layihəsinin əsas iştirakçılarından biri qismində məhz Azərbaycanı görür. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti yüksək keyfiyyət göstəricilərinə malik Xəzər karbohidrogenlərinin Avropa bazarlarına çatdırılması məqsədilə yaradılmış “SARMATİA” müştərək müəssisəsinin təsisçilərindən biri olaraq Xəzər dənizi regionundan Avropa və beynəlxalq bazarlara neftin nəqli üzrə yeni dəhlizin inşası layihəsinin texniki-iqtisadi əsaslandırılması işinə cəlb olunmuşdur. Xatırladaq ki, Odessa-Brodı neft kəmərinin Plotska qədər uzadılması məqsədilə yaradılmış “SARMATİA” birgə müəssisəsinin səhmdarlarından biri olan ARDNŞ bu layihədə 24,75 faizlik paya malikdir.

Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial Azərbaycanı regionun neft-qaz liderinə çevirmişdir. Bu bölgədə reallaşdırılacaq bütün transmilli layihələrin həyata keçirilməsi üçün mütləq Azərbaycanın da razılığı alınmalıdır. Prezident İlham Əliyev demişdir: “Bölgədə Azərbaycanın iştirakı olmadan istər siyasi, istər iqtisadi, energetika və başqa sahələrdə heç bir layihə, heç bir təşəbbüs icra edilə bilməz. Azərbaycan enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilibdir. Biz özümüzü tam şəkildə təmin edirik. Azərbaycanın enerji potensialı çox böyükdür və biz bu potensialdan çox səmərəli şəkildə istifadə edirik”.

Azərbaycanın regionun tərəqqisində aparıcı rol oynaması ulu öndərin neft strategiyasının təntənəsi, hazırkı ölkə rəhbərliyinin bu sahədə düşünülmüş və uğurla həyata keçirilən siyasətinin məntiqi nəticəsidir. Bu reallıq beynəlxalq miqyasda da açıq etiraf olunur və Azərbaycanın göstərilən istiqamətdə həyata keçirdiyi siyasət alqışlanır. Bütün bunlar bir daha ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminatında nə dərəcədə mühüm rol oynamaq iqtidarında olduğunu əyani nümayiş etdirir.

 

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti .- 2009.- 4 sentyabr.- S. 4.