Ən yaxşı
məktəbin ən yaxşı müəllimləri
Bakı şəhər
244 saylı orta ümumtəhsil məktəbi
mükafatçılar arasında
liderdir
Məlum olduğu kimi, 2007-ci il sentyabrın 4-də Azərbaycan Prezidenti “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncam müəllimlərin öz bacarıq və səylərini artırmaq, məktəblərin maddi-texniki bazasını möhkəmləndirmək baxımından olduqca əhəmiyyətlidir. Artıq ötən il ilk dəfə bu mükafatlar verilmiş, 50 qalib məktəb 10000 (on min) manat, 100 qalib müəllim isə 5000 (beş min) manat məbləğində mükafat almışlar.
Bu il sentyabrın 1-də Prezident tərəfindən 2009-cu ildə “ən yaxşı müəllim” və “ən yaxşı məktəb” mükafatlarının verilməsi ilə bağlı yeni sərəncam imzalanmışdır. Gərgin keçən müsabiqənin qalibləri arasında Bakı şəhəri Binəqədi rayonu 244 saylı ümumtəhsil məktəbi və onun üç müəllimi də vardır. Bu nailiyyətlərin qazanılmasında, söz yox ki, məktəbdə yaradılan sağlam mühit, təhsilə qayğı əhəmiyyətli rol oynayıb.
Bu barədə ətraflı məlumat almaq üçün məktəbin direktoru, fəsləfə elmləri namizədi Yəhya Abbasovla görüşdük. Yəhya müəllim ilkin olaraq bu nailiyyətləri Azərbaycanda ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil islahatının real nəticəsi olduğunu bildirdi. Ulu öndər Heydər Əliyev müəllim adını, müəllim şərəfini həmişə uca tutmuş, təhsili millətin gələcəyi adlandırmışdır. Ümummilli lider 1999-cu ildə Təhsil İslahat Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalamış, həmin Proqram uğurla həyata keçirilməkdədir. Bu gün Azərbaycanda məktəb tikintisi geniş vüsət almış, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, təhsilin məzmunu dəyişdirilmiş və deyə bilərəm ki, müstəqil Azərbaycanımızda yeni, mütərəqqi bir təhsil dövrü başlanmışdır.
Mən elə bir ölkə tanımıram ki, orada 5 il müddətində təhsillə bağlı 16 Dövlət Proqramı qəbul edilsin. Prezidenti İlham Əliyevin imzası ilə təsdiq olnnmuş bu dövlət proqramlarının bir çoxu artıq reallaşmış, bir neçəsinin həyata keçirilməsi davam etdirilir. Bu gün təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi olaraq vurğulamaq lazımdır. Heydər Əliyev Fondunun hesabına tikilmiş müasir tipli məktəblər ən yeni avadanlıqlarla təmin olunub şagirdlərin istifadəsinə verilib.
Yəhya müəllim qeyd etdi ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hörmətli Prezidentimizin imzaladığı 4 sentyabr 2007-ci il tarixli sərəncam ölkə məktəbləri və müəllimlər arasında əsl sağlam rəqabət yaratmışdır. Bu gün ölkəmizin bütün məktəbləri, müəllimləri bu mükafatı almaq üçün öz işlərini müasir tələblər səviyyəsində qurmağa çalışırlar. Ancaq seçim çox tələbkar səviyyədə, müxtəlif mərhələlərlə aparılır. Bu gün mən çox şadam ki, rəhbərlik etdiyim 244 saylı orta məktəb və onun üç müəlliminin adı mükafatçılar sırasında var.
244 saylı orta məktəb Bakının Binəqədi rayonunda yerləşir. Son illər həm Təhsil Nazirliyi, həm Bakı Baş Təhsil İdarəsi, həm də rayon icra hakimiyyəti məktəbimizə xüsusi qayğı göstərir. Müraciətlərimizə vaxtında cavab verilir. Məhz ona görədir ki, bu gün məktəbimiz “ən yaxşı məktəb” siyahısındadır. Deyim ki, məktəbdə çox səriştəli, yüksək intellektə malik, öz peşələrini ürəkdən sevən işgüzar pedaqoji kollektiv fəaliyyət göstərir.
Yüksək zövqlə tərtib olunmuş fənn kabinələri, zəngin kitabxana, kompyuter otağı, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriya, idman zalı məktəbimizdə tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradır.
Əlbəttə, yüksək nizam-intizam da nailiyyətlərimizdən biridir. Bilirsiniz, nizam-intizam olmayan yerdə təhsilin keyfiyyətindən danışmaq çətindir. Bizdə hər kəs öz işini yaxşı bilir. Həmişə bir məqsəd qarşıya qoyulur ki, uşaqlar keyfiyyətli təhsil ala bilsinlər. Axı, bu uşaqlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularıdırlar.
Yəhya müəllim məktəbin qazandığı nailiyyətlər barədə konkret faktlardan danışdı. Dedi ki, keçən tədris ilinin sonunda şagirdlərimizin sayı 1822 nəfər olmuşdur. 207 şagirdimiz isə orta məktəbi bitirmişdir. Ali məktəblərə 202 nəfər sənəd vermiş, 105 nəfəri qəbul olunmuş, onların 6 nəfəri 600-dən yuxarı bal toplamışlar.
Məktəblərin informasiya texnologiyaları ilə təminatı sahəsində həyata keçirilən tədbirlər bizim məktəbin də kompyuterlərlə təminatına öz təsirini göstərmişdir. Belə ki, artıq şagirdlərimizin istifadəsinə 46 kompyuter verilmişdir. Bu sahədə ixtisaslı müəllim kadrların hazırlanması üçün də müəyyən tədbirlər həyata keçirilmişdir.
Ötən ildən məktəblərimizin birinci sinfində kurrikulum tətbiq olundu. Bu, doğrudan da, təhsilin məzmununda yeniləşmənin həyata keçirilməsi üçün ən əhəmiyyətli islahatlardır. Artıq bu təcrübə qismən mənimsənilmiş, yeni dərs ilində davam etdiriləcəkdir.
Direktorun sözlərinə görə, məktbdə təhsilin inkişafı üçün hər cür şərait yaradılmışdır. Ən əsası budur ki, məktəbdə çox təcrübəli müəllimlər çalışır. Maraqlı faktdır ki, “ən yaxşı müəllim” nominasiyasında bu məktəb liderdir. Belə ki, məktəbin üç müəllimi həmin nominasiyadan mükafata layiq görülmüşlər.
Onlardan biri məktəbin “İngilis dili” müəlliməsi Kərimova Bahar İsfəndiyar qızıdır. Bahar müəllimə Qubadlıda doğulmuş, Bakıda ali təhsil almış, paytaxtın Sahil qəsəbəsindəki 253 saylı məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1993-cü ildən isə Binəqədi rayonundakı 244 saylı məktəbdə “İngilis dili” fənnindən dərs deyir. Bahar xanım 2001-2005-ci illərdə ABŞ Beynəlxalq Təhsil Şurası və ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilmiş “İngilis dili” və Amerika ölkəşünaslıq fənlərinin tədrisi üzrə mükafatlar" müsabiqəsinin qalibi olmuş və qiymətli hədiyyələrlə təltif edilmişdir. 2004-cü ildə isə Binəqədi rayonu üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib olmuş və I dərəcəli diplom və fəxri fərman almışdır.
Yəhya müəllim Bahar müəllimə haqqında xoş sözlər söylədi. Dedi ki, yüksək intellektli, müasir təhsil konsepsiyasına dərindən yiyələnmiş pedaqoqdur.
Məktəbin “ən yaxşı müəllim” nominasiyasından qalib olmuş digər nümayəndəsi İsmayılova Almaz Mövsüm qızıdır. Almaz müəllimə isə Binəqədidəki 135 saylı məktəbi bitirmiş, ali təhsil alandan sonra Abşeron rayonu Novxanı kənd məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1991-ci ildən 244 saylı məktəbin ibtidai sinifləri üzrə metodbirləşmə sədri vəzifəsində çalışır. Kurrikulum Tədris Materiallarının və şagird qiymətləndirilməsi üzrə seminarların və “Vokşop” Proqramının iştirakçısı olmuşdur. Haqqında “Ömrün izləri” adlı kitab yazılmışdır.
Məktəbin digər mükafatçısı Həsənova Xurşid Tofiq qızı Qazax rayonunda doğulmuşdur. Azərbaycan Dillər Universitetində ali təhsil almışdır. 1993-cü ildən 244 saylı məktəbdə fransız dili fənnindən dərs deyir. 1999-cu ildə “Təhsilin humanistləşdirilməsi və uşaq hüquqları ili” çərçivəsində keçirilmiş “İlin ən yaxşı fənn müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Bir neçə dərsliyin müzakirəsində iştirak etmiş, Bakı Baş Təhsil İdarəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Hər üç müəllimin təhsil sahəsində çoxillik təcrübələri var və onlar yeni dərs ilinə “Ən yaxşı müəllim” nominasiyasının qalibləri kimi başlayacaq və ölkəmizdə təhsilin inkişafına yeni töhfələrini verəcəklər.
Yəhya müəllim sonda dedi ki, 2009-2010-cu tədris il ibizim üçün daha da məsuliyyətli olacaq. Çünki “Ən yaxşı məktəb” adını daşımaq və bu adı saxlamaq üçün ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri daha məsuliyyətlə, işgüzarlıqla yerinə yetirməliyik.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .-
2009.- 4 sentyabr.- S. 5.