Neftçala: gözəlliklər göz oxşayır
Azərbaycanın hər bir güşəsində, hər bölgəsində əldə olunan uğurlar məni çox sevindirir, mənə dəstək olur. O cümlədən Neftçalada gördüyüm dəyişikliklər, inkişaf, insanların ümumi işimizə inamı mənə əlavə güc verir. Bu dəstəyə, bu inama arxalanaraq mən də çalışıram ki, doğma xalqıma ləyaqətlə xidmət edim və Azərbaycanın hər bir rayonunun, hər bir qəsəbəsinin, kəndinin problemləri aradan qaldırılsın, öz həllini tapsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Neftçalaya budəfəki səfərimi
Rusiyanın Tümen vilayətində yaşayan eloğlumuz, Azərbaycanın
hər bir uğuruna ürəkdən fərəhlənən
Balaşirin Ağayevlə birlikdə reallaşdırdım. Paytaxt Bakıdakı yeniliklərə
heyranlığını şairanə bir vəcdlə
paylaşan dostum ona regionların vəziyyəti ilə şəxsən
tanış olmaq və Neftçaladan olan tələbəlik
dostu Şahini görmək fürsəti yaratdığıma
görə sevincini gizlətmir, maraqlı söhbət və
şirin zümzümələrlə yola “nərdivan”
qoymağa çalışırdı.
Sonuncu dəfə
Neftçalanı ötən əsrin 80-ci illərində
görmüş Balaşirin şəhərə çatanda ətrafı
sonsuz maraqla seyr edərək:
— Nə təmiz şəhərdir!
— deyə ilk təəssüratını dilə gətirdi. —
Elə bil indicə burada iməcilik keçirilib. Yox, bu, mənim
gördüyüm Neftçala deyil. Çox
böyüyüb, xeyli gözəlləşib. Hər tərəfinə
də yeni asfalt çəkilib, yaşıllıq
salınıb, gül-çiçək əkilib. Halal olsun!
Mən də dostumun sözünə qüvvət olaraq mərhum şairimiz Həmid Abbasdan bir bənd şeir söylədim:
Ürəklər
çağlayır bulaqlar kimi,
Neftçala şəhəri ətir
qoxuyur.
Sərvlər, çinarlar
uşaqlar kimi
Əl-ələ verərək nəğmə oxuyur.
— Yaxşı deyib. Sanki rəssam
kimi Neftçalanın təsvirini verib. Qardaşım,
Tümendəki evimdə tez-tez dinlədiyim Azərbaycan
mahnılarından ibarət kasetlərdə, deyəsən, Həmid
Abbasın da sözlərinə yazılmış mahnılar
var. Hə, yadıma düşdü, Zeynəb Xanlarova oxuyur.
— Elədir ki, var. Rəhmətlik
Həmid Abbas Azərbaycanın əksər guşələrinə
belə gözəl şeirlər həsr eləyib. Bir
faktı da mən əlavə edim: Onun oğlu — Ayaz Həmidoğlu
mənimlə birlikdə “Xalq qəzeti”ndə
çalışır.
— O da şairdir?
— Yox, o, dünya hadisələrini
gündəlik nəzarətində saxlayır. Şeir
yazmağa vaxtı nə gəzir?
— Amma bu yerlər hər kəsi
asanlıqla şair edə bilər. Gözəlliklər
göz oxşayır...
Mən dostuma Neftçalanın gəzməli,
görməli yerlərini göstərdikcə o, “Əhsən,
əhsən!” deməkdən yorulmurdu... Sonra tələbəlik
dostu Şahinlə və Neftçala Rayon İcra Hakimiyyəti
başçısının 1-ci müavini Dilavər Əliyevlə
birlikdə nahar edəndə də Balaşirin
abadlıq-quruculuq işlərini yüksək dəyərləndirdi.
— Rusiyanın əyalətlərində
belə inkişaf, tərəqqi yoxdur, — dedi...
Gələn il inzibati rayon kimi
Neftçalanın 70 yaşı tamam olacaq. Doğrudur, 1959-cu
ildə bu rayon ləğv edilərək ərazisi Salyana birləşdirilib,
amma 1973-cü ildə ulu öndər Heydər Əliyevin
göstərişi ilə yenidən bərpa olunub.
Bugünkü Neftçala Azərbaycanın sürətlə
inkişaf edən rayonlarından sayılır.
Ötən beş ildə
Dövlət Proqramına əsasən, Neftçalanın
Xıllı nərə balıqartırma, “Azəryod”
zavodları, şüşə zavodunun 1-ci hissəsi, “Xəzər”
kərpic istehsalı şirkəti və başqa müəssisələri
tikilib istifadəyə verilib. “Aqroservis” xidməti fəaliyyətə
başlayıb və genişləndirilib (indi burada müxtəlif
növ texnikanın sayı 72-yə
çatdırılıb).
Mən öyrənib bildiklərimi
həvəslə tümenli qonağımıza
çatdırmağa çalışırdım, o isə
razılıqla başını tərpədirdi. Məsələn,
ona dedim ki, Rusiyada və digər ölkələrdə
iqtisadi böhranla əlaqədar böyük tikinti-quruculuq
işlərinin dayandığı, işsizliyin
artdığı hazırkı vaxtda Azərbaycanda
sosial-iqtisadi inkişaf tempi qorunub saxlanır. Təkcə
Neftçala rayonunda ötən beş ildə 6814 yeni iş
yeri yaradılıb, 85 yeni müəssisə qurulub, 14 müəssisənin
fəaliyyəti bərpa edilib. Bu ilin 8 ayında 200 nəfər
daimi iş yeri ilə təmin olunub. Sahibkarlığın
inkişafına dəstək məqsədilə rayondakı
bank və kredit təşkilatlarının filialları tərəfindən
vətəndaşlara 1 milyon yarım manatlıq kreditlər
verilib.
“Azəryod”la maraqlanan müsafirə
bildirdim ki, burada istehsala 1931-ci ildə başlanıb. Əvvəllər
yodu kömür desorbsiyası üsulu ilə alırdılar,
sonralar radioaktiv duzlar əmələ gəldiyi
üçün bu texnologiya 70-ci illərdə qadağan edilmişdi.
Yeni zavodun tikintisi haqqında qərar qəbul ediləndən
1994-cü ilədək yod ion mübadiləsi yolu ilə
istehsal olunub. İndi isə daha səmərəli — hava
desorbsiyası üsulu tətbiq edilir. Bu, nadir hadisə
sayılır. Çünki bu zaman xammaldan 94 faiz yod
ayrılır. Müqayisə üçün deyək ki,
Krasnodar zavodunda bu göstərici 85 faiz, Yaponiya zavodlarında
90 faizə qədərdir. Yod tərkibli su ehtiyatlarını
nəzərə alaraq, müəssisənin istehsal
gücü 500 tona çatdırıldıqdan sonra Azərbaycan
dünya üzrə Çili, Yaponiya və ABŞ-dan sonra
4-cü yod istehsalçısı olacaq.
Dostuma dedim ki, bax, bu yanından
ötdüyümüz Xıllı nərəbalıqartırma
zavodunun 6 il öncə açılış mərasimində
mən də iştirak etmişəm. Müasirliyinə
söz ola bilməz. İnişil burada 5 milyon, ötən il 8
milyon ədəd nərə cinsli körpə balıq
yetişdirilərək Xəzər dənizinə
buraxılıb. Bu ilin ilk yarısında rayonda ümumilikdə
6,7 milyon nərə cinsli balıq körpəsi yetişdirilib
və Kür çayı vasitəsilə dənizə
buraxılıb. Amma proqnoz tapşırığa 42,9 faiz əməl
edilib ki, bu da törədici balıqların təchizatının
az olması səbəbi ilə bağlıdır. Hər
halda, Allah bərəkət versin...
Neftçala Rayon İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşovla söhbətimiz həmişəki
kimi, işgüzar ruhda keçdi. O, cari ildə rayonun
sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı
məlumat verdi. Bildirdi ki, əsas makroiqtisadi göstərici
olan ümumi məhsul istehsalının həcmi ötən ilə
nisbətən 14,2 faiz artıb. Burada qeyri-dövlət
bölməsinin payı 98,6 faizə çatıb. Bu il rayonda
4 yeni müəssisə yaradılıb, 132 fiziki şəxs fəaliyyətə
başlayıb. Əhalinin nominal pul gəlirləri ötən
illə müqayisədə 24,4 faiz artıb. Taxıl, süd,
yumurta, ət, mal-qaranın baş sayı üzrə göstəricilər
də yüksəlib.
Neftçalanın
abadlaşdırılması sahəsində işlər
davamlı aparılır. Yol-təmir tədbirlərinə
diqqət daimidir. Ötən müddətdə yollara 70 min
kvadratmetrədək asfalt döşənib ki, bunun da
yarıya qədəri şəhər və qəsəbələrin
küçələrində həyata keçirilib. Bir
sıra küçələrdə binaların dam
örtükləri təmir edilib, kanalizasiya xətləri bərpa
olunub. Küçələrdə səki
daşlarının təzələnib-rənglənməsi,
hasarlara üzlük tava düzülməsi,
işıqlandırma sistemlərinin
quraşdırılması, dekorativ ağacların əkilməsi,
yaşıllıqların artırılması sahəsində
xeyli iş görülüb.
Neftçalada inşasına
ötən il başlanmış şüşə zavodunda
quraşdırma işləri başa çatır. Yeni Azərbaycan
Partiyasının rayon təşkilatı üçün
tikilən inzibati bina artıq hazırdır. Şəhid ailələri
və Qarabağ əlilləri üçün 16 mənzilli
yaşayış binasının isə tikintisinə
başlanıb. Təhsil, səhiyyə, mədəniyyət,
idman və gənclərlə iş sahələrində məqsədyönlü
tədbirlər həyata keçirilir.
Təhsil sahəsinin
uğurları xüsusi qeyd edilməlidir. Bəri başdan deyək
ki, ötən dərs ilində ali məktəblərə qəbulda
500-dən yuxarı bal toplamış Neftçala məzunlarının
sayı 27 nəfərdən 53 nəfərə
çatıb. Bir məzun Prezident təqaüdünə layiq
görülüb. Qəbul imtahanlarında bal göstəricisi
orta respublika göstəricisindən 8,6 faiz yüksək olub.
TQDK-nın tərtib etdiyi 15 ən yaxşı təhsil
şöbəsi siyahısında Neftçala ölkə
üzrə 8-ci, kənd rayonları arasında isə 2-ci olub.
Respublika üzrə ən yaxşı məktəblərin
sırasına ötən tədris ilində Neftçaladan 5
təhsil ocağı daxil edilib.
Təhsil şöbəsinin
müdiri Əjdər Kərimov:
— Bu il məzunlarımızdan 520
nəfəri ali, 212 nəfəri isə orta ixtisas məktəblərinə
sənəd vermişdi. Onlardan 205 nəfəri ali məktəblərə,
75 nəfəri isə orta ixtisas məktəblərinə qəbul
edilib. Universitetlərə ən çox qəbul
şəhər 1 saylı orta məktəbdən (44 nəfər)
olub. Şəhər 4 saylı, Qədimkənd,
Aşağı Surra, Həsənabad və Bankə qəsəbə
2 saylı orta məktəbləri də yaxşı nəticə
əldə ediblər. Məzunlardan 40 nəfəri 500-dən
yuxarı bal toplayıb. Bunlar ilkin məlumatlardır, təhlillər
hələ başa çatmayıb.
Ötən il bir, bu il isə iki
müəllimimiz “Ən yaxşı müəllim” müsabiqəsində
fərqlənib. Bir müəllim “Tərəqqi” medalına,
biri isə “Respublikanın qabaqcıl təhsil işçisi”
adına layiq görülüb. İstər ölkə, istərsə
də rayon rəhbərliyi səviyyəsində təhsilə
qayğı daimi və artan xarakter alıb. Təhsilə
qayğı sabahımıza qayğı olduğundan
nikbinliyimiz böyükdür. Son illərdə neçə-neçə
məktəb tikilib, maddi-texniki baza genişlənib, təchizat
artıb. Bütün bunlar yeni-yeni uğurlara güclü
stimul verir.
Neftçalanı zəngin təəssüratla
tərk edirdik. Axşam düşürdü. Musiqili fəvvarə
göz qamaşdırır, özü kimi əlvan duyğular
yaradırdı. Dostumdan soruşdum:
— Hə, necədir, razı
qaldın səfərimizdən?
— Ömrümə yazılan bir
gün oldu, — deyə o, fikirləşmədən cavab verdi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 5 sentyabr.- S. 4.