Nəqliyyat sektorunda həyata
keçirilən islahatlar
sərnişin və yük daşımalarının
həcmini artırmışdır
Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun yenidənqurulmasını, tranzit ölkə kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri icracının inkişafını tələb edir. Qarşıdakı illərdə respublikada nəqliyyat sisteminin səmərəli inkişafının təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı-yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında 2009-2012-ci illər ərzində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi nəzərdə tutulmuşdur. Xatırladaq ki, sözügedən kompleksin tikintisi üzrə texniki iqtisadi əsaslandırma və ilkin dizayn işləri yerinə yetirilmişdir. Hazırda Hollandiyanın “Royal Haskomiq” şirkəti tərəfindən yeni liman kompleksinin baş planı və işçi layihəsi hazırlanır. Baş planın bu ilin oktyabr ayında, layihələndirmənin isə gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.
Ölkə Prezidentinin “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması” layihəsi çərçivəsində isə tədqiqat işləri yekunlaşdırılmışdır. “SK Ko” şirkəti tərəfindən hazırlanmış sistemin yaradılması üzrə işçi layihənin ilkin variantı artıq Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.
Azərbaycan Prezidentinin iştirakı ilə bu ilin aprelin 6-də İntellektual İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi keçirilmiş və hazırda burada inşaat işləri davam etdirilir. Tezliklə layihənin əhatə dairəsinə daxil olan ərazilərdə periferik avadanlıqların quraşdırılmasına başlanacaqdır.
Regional Dövlət Proqramında magistral avtomobil yollarının yenidən qurulması və reabilitasiyası məsələləri də mühüm yer tutur. Adı çəkilən proqramın icrası ilə bağlı hesabatda göstərilir ki, Bakı dairəvi avtomobil yolunun tikintisi ilə əlaqədar indiyədək 32857,70 min ABŞ dolları həcmində iş görülmüşdür. Bakı-Ələt, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Yenikənd hissəsinin (22 kilometr) inşası artıq başa çatdırılmışdır. Qalan hissələrin isə layihəsi artıq hazırlanmış, işə bu ilin sonunadək başlanması nəzərdə tutulmuşdur. Gəncə dairəvi avtomobil yolunun yenidən qurulması üçün səfərbərlik işləri həyata keçirilir.
Hazırda Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı kilometr hissəsinin yenidənqurma işləri, 89-109 və 121-125-ci kilometr hissələrinin bərpa işləri həyata keçirilir. Layihənin icrasına başlanıldıqdan hesabat dövrünədək 107 milyon 719 min ABŞ dolları həcmində iş görülmüşdür.
Bütün bunlarla yanaşı, H.Z.Tağıyev – Sahil avtomobil yolunun yenidən qurulmasının işçi layihəsi hazırlanmışdır. Hazırda tikinti işlərinə başlanılması üçün hazırlıq işləri həyata keçirilir.
Onu da xatırladaq ki, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bəhramtəpə hissəsinin yenidən qurulmasının maliyyələşdirilməsi üçün Dünya Bankı Borc Sazişinin layihəsini Azərbaycan hökumətinə təqdim etmişdir. Bankın Direktorlar Şurası tərəfindən həmin saziş təsdiq olunmuşdur.
Dəmir yolunda da islahatların aparılması, bu sahədə infrastrukturun təkmilləşdirilməsi diqqət mərkəzindədir. Bununla əlaqədar hazırda müvafiq proqram layihəsi üzərində iş gedir və maliyyə təminatı ilə bağlı xarici investorlarla danışıqlar aparılır. Eyni zamanda, bu məqsədlə Dünya Bankı ilə maliyyə vəsaitlərinin ayrılması istiqamətində tədbirlər görülməkdədir.
Nəqliyyat sektorunda həyata keçirilən islahatlar yük və sərnişin daşımalarına da öz müsbət təsirini göstərmişdir. Bu ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz, yük dövriyyəsi isə 0,9 faiz artmışdır.
Nəqliyyat vasitələri ilə daşınmış 106,3 milyon ton yükün 47,9 faizi avtomobil, 34,1 faizi boru (o cümlədən, 20,8 faizi BTC neft kəməri, 2,2 faizi Cənubi Qafqaz qaz kəməri ilə), 10,9 faizi dəmir yolu, 7 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 6,2 faiz artmış, bu bölməyə aid nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 72,7 faiz təşkil etmişdir.
Ümumiyyətlə, 2009-cu ilin yanvar-iyul aylarında nəqliyyat xidmətlərinin dəyər ifadəsində həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artmışdır.
Cari ilin 7 ayı ərzində nəqliyyat vasitələri ilə 739,9 milyon sərnişin daşınmış və onların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artmışdır. Bu sahədəki fəaliyyətin 82,3 faizi qeyri-dövlət bölməsinin payına düşmüş, sərnişinlərin 82,4 faizi avtomobil, 17 faizi metro nəqliyyatı ilə daşınmışdır.
Dəmir yolu nəqliyyatı ilə 11,6 milyon ton yük daşınmış, orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı isə 32,7 faiz azalmışdır. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 20,3 faiz, Qərb istiqaməti üzrə 48,8 faiz, Cənub istiqaməti üzrə isə 60 faiz azalma ilə müşahidə olunmuşdur.
Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 12,5 faiz artmış və 7,5 milyon ton təşkil etmişdir. Yüklərin 74,1 faizini neft yükləri, 25,9 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilmişdir. Beynəlxalq Dəniz Ticarət Limanında isə 2,9 milyon ton yükləmə-boşaltma işləri yerinə yetirilmişdir.
Cari ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə 50,9 milyon ton yük, 609,7 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artmışdır. Sərnişinlərin 96,5 faizi avtobus, 3,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər.
Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artmışdır.
Metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı artmaqdadır. Bu ilin yanvar-iyul ayları ərzində bu nəqliyyat növü ilə 125,9 milyon və ya 9,1 faiz çox sərnişin daşınmışdır. Hava nəqliyyatı ilə 642,6 min nəfər sərnişin daşınmış, daşınmanın 90,7 faizi dövlət bölməsinə, 9,3 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir.
Bu ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisində 21,1 milyon ton yük, 99,4 milyon nəfər sərnişin daşınmışdır. Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 44,6 faiz, avtomobil nəqliyyatı 37,2 faiz, dəniz nəqliyyatı 18,2 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 22,9 faizini təşkil etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti .- 2009.- 6 sentyabr.- S. 1.