Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
uğurları ildən-ilə artır
Nailə RZAQULİYEVA:
Kollektivimizin istənilən nailiyyəti dövlətin təhsilə
qayğısının nəticəsində əldə edilir
Son zamanlar
müəllimlər və valideynlər arasında belə bir
fikir formalaşmışdır: “Məktəbin 9 aylıq dərs
ilindəki fəaliyyətinin hansı səviyyədə
qurulması ali və orta ixtisas məktəblərinə qəbul
imtahanlarının başa çatmasından sonra məlum
olur”. Bəlkə də bu, subyektiv fikirdir. Çünki beynəlxalq
aləmdə qəbul edilmiş müasir təhsil prinsiplərinə
görə orta məktəbin əsas vəzifəsi ali məktəblər
üçün tələbə hazırlamaq yox, cəmiyyət
üçün normal vətəndaş yetişdirməkdir. Həm fiziki, həm də mənəvi
cəhətdən normal yetişmiş gənc nəsil ölkə
həyatının müxtəlif sahələrində öz
vətəndaşlıq borcunu layiqincə yerinə yetirə
biləcəkdir. Əgər qəbul imtahanlarının nəticəsi
barədə formalaşmış həmin fikir həqiqəti
özündə əks etdirirsə, onda Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət
göstərən orta məktəblərdə sonuncu dərs
ilində yüksək səviyyədə iş
aparılıb, fəaliyyət düzgün qurulubdur.
Çünki bu il Bakı məktəblərinin məzunları
arasında ali məktəb tələbəsi adını
qazananlar təxminən 3 faiz artaraq 42,17 faizə
çatmışdır. İdarənin yarandığı
son üç ildə isə bu göstərici 8 faiz təşkil
edir.
Ancaq BŞTİ-nin fəaliyyəti
müasir təhsil prinsiplərinə uyğun olaraq
çoxşaxəlidir və idarə kollektivi həmin sahələrin
hər birində özünəməxsus göstəricilər
əldə etmişdir. Təhsilin idarə edilməsi,
kadrların seçilib yerləşdirilməsi, ibtidai təhsilin
dünya standartları səviyyəsinə
çatdırılması üçün həyata
keçirilən tədbirlər, məktəbəqədər
təhsil müəssisələrinin fəaliyyətinin yenidən
qurulması, məktəbdənkənar təhsil müəssisələrinin
fəaliyyətinin təkmilləşdirilməsi, ümumiyyətlə,
paytaxtın təhsil və tərbiyə müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müəllimlərinin sosial problemlərinin həlli, nümunəvi
pedaqoqların fəaliyyətinin lazımınca qiymətləndirilməsi,
məktəb tikintisi, informasiya–kommunikasiya
texnologiyalarının daha geniş tətbiqi və başqa məsələlər
cəmi üç yaşı olan bu idarədə əhatəli
şəkildə öz həllini tapır. Elə idarənin
müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva ilə
söhbətimiz də məhz bütün bu məsələlər
ətrafında davam etdi:
– Nailə xanım, ilin elə bir
vaxtıdır ki, cəmi bir neçə gündən sonra
biz sizi yeni dərs ilinin başlanması münasibətilə
təbrik edəcəyik. Ancaq hələlik köhnə dərs
ilinin uğurla başa çatması münasibətilə təbrik
edirik. “Uğurlu” ifadəsini il ərzində qəzetimizdə
və digər mətbuat vasitələrində sizin fəaliyyətiniz
barədə verilmiş çoxsaylı məlumatlar əsasında
söyləyirik.
– Haqlısınız, idarəmizin,
xüsusən, müəllimlərimizin uğurları, nailiyyətləri
vardır. Amma əlavə edim ki, sizin qeyd etdiyiniz həmin
uğurlar bütövlükdə respublikamızın təhsil
sisteminin inkişafı fonunda əldə edilir. Təhsil
sisteminin inkişafı isə ümumilikdə ölkəmizin
sosial-iqtisadi inkişafının yaratdığı imkanlardan
qaynaqlanır. Yəni, bütün uğurların təməlində
ulu öndərimiz Heydər Əliyevin siyasi kursu dayanır.
Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycan
təhsilinin inkişafına misilsiz töhfələr
vermiş liderdir. Onun rəhbərliyi ilə
hazırlanmış və həyata keçirilən təhsil
islahatı bu sistemdəki kifayət qədər problemin həllinə,
təhsilimizin məzmunca yeniləşməsinə, milli
koloriti saxlamaqla dünya təhsil sisteminə inteqrsiya
olunmasına səbəb olmuşdur. Onun siyasətini uğurla
davam etdirən cənab Prezident İlham Əliyevin təhsil
sektoru ilə bağlı imzaladığı 16 Dövlət
Proqramı təhsil sistemi hərtərəfli
inkişafına səbəb olmuşdur. Dövlət büdcəsindən
təhsil sahəsinə ayrılan vəsaitin 2008-ci ilə nisbətən
2009-cu ildə 238 milyon manat – yəni 21 faiz artması, təhsil
işçilərinin orta aylıq əmək haqqının
220 manatdan 257 manata çatdırılması, 2008-ci ildə
161 məktəb binasının inşası, 120 məktəbin
əsaslı təmir edilməsi, 350 məktəbin istilik
sisteminin bərpası, 180 məktəbin müasir
avadanlıqlarla təchiz edilməsi Azərbaycan dövlətinin,
ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin
təhsil sahəsinə daimi diqqət və qayğısı
nəticəsində mümkün olmuşdur.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 30 xarici ölkəni təmsil edən mütəxəssisin
iştirak etdiyi “Dünyada savadlılığın dəstəklənməsi”
adlı regional konfrans ölkəmizin təhsil sistemi barədə
beynəlxalq aləmə daha əhatəli məlumat vermiş
oldu. YUNESKO xətti ilə Bakıda keçirilən həmin
konfrans sübut etdi ki, Azərbaycan təkcə qabaqcıl təhsil
tendensiyalarını dəstəkləməklə deyil, həm
də əhalisi bütövlükdə savadlı olan ölkə
kimi özünəməxsus nüfuza malikdir. Azərbaycan
müəllimlərinin XIII qurultayı isə təhsilin
inkişaf istiqamətlərini, gələcək fəaliyyətimizin
konturlarını müəyyən etdi. Həmin ali məclisdə
bir daha sübut olundu ki, ölkədə təhsil islahatı
geniş ictimai dəstək qazanmışdır. Mahiyyət
etibarilə dünya təhsil sisteminə inteqrasiyanı dərinləşdirən
kurikulum islahatının ardıcıl və məqsədyönlü
şəkildə həyata keçirilməsi, mərkəzləşdirilmiş
buraxılış imtahanlarının ölkə üzrə
tətbiqi təhsildə sağlam mühitin
yaradılmasına xidmət etmişdir. İndi bu nailiyyətləri
inkişaf etdirmək, təhsilin keyfiyyətinə təsir edən
vasitələrdən istfifadə etmək kimi böyük və
məsuliyyətli mərhələyə qədəm
qoymuşuq.
– Həmin böyük və məsuliyyətli
mərhələnin qarşıya qoyduğu vəzifələri
hansısa konkret bir müəssisədə icra etmək bəlkə
də asan olardı. Ancaq Bakı Şəhəri üzrə
Təhsil İdarəsi kimi böyük əhatəyə malik
qurumda həmin vəzifələrin icrası xeyli vaxt, qüvvə
və qətiyyət tələb edəcəkdir.
– Ən başlıcası isə
prinsipiallıq tələb olunacaqdır. Bəli, sizin də
qeyd etdiyiniz kimi idarəmizin əhatəsi, miqyası xeyli
böyükdür. BŞTİ-nin tabeliyində 311 orta, 4 əsas,
5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə
müəssisəsində axşam məktəbi, 302 məktəbəqədər
və 48 məktəbdənkənar təhsil müəssisəsi
vardır. Bu qədər kollektivin müasir tələblər
səviyyəsində idarə edilməsi, təhsilin indiki
dünya təcrübəsi səviyyəsində
inkişafına nail olunması gərgin və sistemli iş tələb
edir. Heç kəsə sirr deyil ki, Bakı təhsilinin
inkişafı bütövlükdə Azərbaycan təhsilinin
inkişafına ciddi təsir edir. Ona görə də
“Bakı təhsil sistemində çalışanların
üzərinə böyük məsuliyyət
düşür” – deyənlər tamamilə haqlıdırlar.
Məmnuniyyətlə deyə bilərəm ki, bizə
yaradılan şərait, göstərilən qayğı bu məsul
vəzifənin öhdəsindən layiqincə gəlməyimizi
təmin edir.
– Təbii ki, bunun
üçün ilk növbədə kadrlarla işin təkmilləşdirilməsi
lazımdır. Daha doğrusu, kadrların düzgün
seçilib yerləşdirilməsi istənilən
ağır vəzifənin həllini asanlaşdırır.
– Əlbəttə, bütün
sahələrdə bu, belədir. Ancaq təhsil sahəsində
kadr məsələsi daha böyük əhəmiyyət kəsb
edir. Təhsildə keyfiyyətli idarəetmə sisteminin
qurulması bizim idarənin yarandığı gündən
etibarən daim diqqət mərkəzində saxlanılır.
İdarəmiz fəaliyyətə başladığı vaxt
paytaxt məktəblərində şagird-müəllim nisbəti
aşağı idi. Həmin nisbətin yüksəldilməsi
və müəllim əməyinin səmərəliliyinin
artırılması üçün həyata
keçirdiyimiz tədbirlər nəticəsində (hətta,
şagirdlərin sayının 25 min nəfər azalmasına
baxmayaraq) şagird-müəllim nisbəti 10.3-dən 10.6-ya
qaldırıldı. Bu, əsassız şəkildə işə
qəbuletmə hallarına son qoyulması nəticəsində
mümkün oldu. Diqqət yetirin, son üç ildə bizim
işə qəbul etdiyimiz müəllimlərin sayı idarəmizin
yaranmasından əvvəl bir ildə qəbul edilən müəllimlərin
sayına bərabərdir. Üstəlik, son illərdə
Bakı şəhərində 22 yeni məktəb istifadəyə
verilmiş, 28 əlavə tədris korpusu tikilmişdir. Həmin
məktəblərin fəaliyyət göstərməsi
üçün 2000-dən çox müəllim işə
qəbul edilməli idi. Biz cənab nazir Misir Mərdanovun
razılığı ilə yeni məktəblərə
müəllim qəbulunu əsasən müəllim
sıxlığı böyük olan məktəblərdən
kadrların köçürülməsi yolu ilə həyata
keçirdik. Bununla da müəllim-şagird nisbətinin sabit
saxlanılmasına nail olundu.
– Bütün bunlara baxmayaraq,
müasir təhsil sisteminin təkmilləşdirilməsi
üçün ən zəruri amil maddi-texniki bazanın
möhkəmləndirilməsi, infrastrukturun yeniləşməsi,
müasir texnologiyaların tətbiqidir.
– Söhbətimizin əvvəlində
dövlətin təhsil sisteminə qayğısı barədə
danışarkən qeyd etdim ki, bizim problemlərimizin həlli
üçün dövlət heç nəyi əsirgəmir,
lazım olan qədər vəsait ayrılır, məktəblərimiz
zəruri olan bütün avadanlıqlarla yüksək səviyyədə
təchiz edilir. Məlumdur ki, bu günki idarəetmədə
geniş məlumat bazasının, dəqiq və sürətli
infonrmasiyanın böyük rolu vardır. Ötən ilin
sentyabrından etibarən Təhsil Nazirliyində həyata
keçirilən “Məktəb–TİMS” proqramı bu
baxımdan təhsilin keyfiyyətli idarə edilməsi
üçün imkan yaradır. İl ərzində Bakı
Şəhəri üzrə Təhsil İdarəsi həmin
proqramın dörd bölməsi – məktəb, kadr,
şagird və “ÜM-1” hesabatı üzrə məlumatların
başa çatdırılmasını təmin etmişdir.
Hazırda idarəmizin keyfiyyətli informasiya təminatı
mövcuddur. Nəticədə buraxılış
imtahanlarında iştirak edəcək şagirdlər,
verilmiş atestat və şəhadətnamələrin seriya
və nömrələri haqqında dəqiq məlumat təmin
edilmişdir. İndi məktəb, idarə və nazirlik
arasında çevik əlaqə sistemi var. Təbii ki, bu
sistem gələcəkdə daha da təkmilləşdiriləcək
və daha böyük səmərə verəcəkdir.
Son illərdə informasiya –
kommunikasiya texnologiyaları ilə təminatın
yaxşılaşdırılması məqsədiylə qəbul
edilmiş Dövlət Proqramı məktəblərimizdə
müvəffəqiyyətlə həyata keçirilir. Hər
29 şagirdə bir kompyuter nisbətinin həlli dərslərin
təkmilləşdirilməsində, hətta, məktəbin
elektronlaşdarılması işində sürətli
sıçrayışa səbəb olmuşdur. Cəmi 10 il əvvəl
arzu edilən texniki imkanlar indi günün
reallıqlarıdır. 23 nömrəli məktəbdə
uğurla sınaqdan çıxalıran “Elektron məktəb”
layihəsi indi 20 – 220 nömrəli məktəb-liseylərdə
və daha 8 məktəbdə tətbiq edilir. Həmin layihənin
reallaşdırılması nəticəsində təkcə
informatika dərsləri elektron vasitələrlə təmin
edilməyəcək, həm də fənn dərslərində
kompyuterlərdən geniş istifadə ediləcək, ölkəmizdə
milli təhsil modelinin formalaşması sahəsində
müsbət nəticələr əldə olunacaqdır.
– Sizin işinizin digər bir xüsusiyyəti də var. Belə ki, maddi-texniki baza, lazımi avadanlıq və texniki vasitələr nə qədər çox olsa da, onlar məhz metodiki işin səviyyəsinin yüksəldilməsi zamanı daha çox səmərə verə bilər.
– Əlbəttə, yaxşı maddi texniki baza, güclü kadr potensialı və milli maarifçilik ənənələrimiz Bakı təhsil sisteminin inkişafını təmin edən əsas amillərdəndir. Ancaq bu amillərlə yanaşı metodiki işin müasir tələblərə uyğun olaraq yenidən qurulması, qabaqcıl iş təcrübələrinin, yeni təlim texnologiyalarının tətbiqi fəaliyyətimizin inkişafına özünəməxsus töhfələr verir. Ona görə də idarəmizin yarandığı gündən etibarən Metodik Mərkəzin və onun bölmələrinin fəaliyyətini tənzimləmək, bu sahəni işlək və çevik orqana çevirmək əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Məhz həmin prinsipiallığın nəticəsidir ki, ötən dərs ilində müvafiq əmrlə metodik bölmələrin fəaliyyətini tənzimləyən xüsusi plan təsdiq edildi və dayaq məntəqələrinin fəaliyyəti daha da təkmilləşdirildi. Şəhərin ən yaxşı müəllimlərinin ştatdankənar metodist kimi metodik bölmələrin işinə cəlb olunması işimizdə ciddi dönüş yaratdı. Diqqət yetirin, paytaxtın 5019 nəfər pedaqoji işçisi Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu, Bakı Slavyan Universiteti və digər müəssisələrdə təkmilləşdirmə kurslarına cəlb olundu. 95 metodist İKT üzrə baş təlimçi kurslarında iştirak etdi. Ötən dərs ili ərzində 11 adda metodiki vəsait və fənlər üzrə dövlət proqramları əsasında çoxvariantlı işləmələr hazırlanaraq müəllimlərin istifadəsinə verildi. Bununla belə Metodik Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi yönündə tədbirlər davam etdirilir. Həmin məqsədlə biz həm Metodik Mərkəzin tabeliyində olan bölmələrin fəaliyyətini tənzimləmək, həm də çevik idarə olunan bir struktur formalaşdırmaq qərarına gəlmişik. Artıq bütün şəhəri əhatə edəcək struktur hazırdır. Məqsəd ilk növbədə hər bir sahə və fənn üzrə metodistlərin işini əlaqələndirmək, həmçinin məktəblərə metodik köməyin səmərəsini artırmaqdır.
– Yeri gəlmişkən, bu günlərdə növbəti dəfə Bakı müəllimlərinin fəaliyyətinin yüksək qiymətləndirilməsinin şahidi olduq. “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib gələn təhsil işçilərinin 40 faizdən çoxu Bakı məktəblərinin təmsilçiləridir.
– Bəli, siz cənab Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı iki sərəncamla “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinə yekun vurulmasını qeyd edirsiniz.
Mən bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, fəaliyyət sahəsindən asılı olmayaraq istənilən peşə sahibinin xidmətlərinin layiqincə qiymətləndirilməsi məsələsi bizə ümummilli liderimiz Heydər Əliyevin bəxş etdiyi çox dəyərli bir ənənədir. Cənab İlham Əliyevin həmin ənənəni davam etdirməsi isə bizim üçün ikiqat məmnunluq, ikiqat sevincdir. Çünki həm ulu öndərimizin yaratdığı tendensiya davam etdirilir, həm də fəaliyyətimiz yüksək qiymətləndirilir. Adı çəkilən müsabiqədə mükafatlandırılan müəllimlərin 41 faizinin (100 müəllimdən 41-nin), “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş məktəblərin isə 49 faizinin (50 məktəbdən 24-ü) Bakı Şəhəri üzrə Təhsil İdarəsini təmsil etməsi bizim üçün böyük məmnunluq mənbəyidir. Müsabiqənin şərtləri elan ediləndən sonra Bakı məktəbləri və paytaxt müəllimləri arasında apardığımız işlər öz müsbət nəticələrini vermişdir. Təbii ki, bu qiymətləndirmə pedaqoji kollektivlərimizin növbəti dərs ilindəki fəaliyyətinə böyük stimul olacaqdır.
– Siz bir dəfə mətbuata verdiyiniz müsahibədə demişdiniz ki, paytaxtın təhsil sisteminin idarə olunmasında məhz bu idarənin bir qurumu olan Təhsil Şurasının da böyük rolu vardır.
– İndi də deyirəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsil Şurası özünün səmərəli qərarları ilə ümumi işə kifayət qədər kömək edir. Ötən dərs ilində şuranın 8 iclası keçirilib və yuxarıda qeyd etdiyiniz nailiyyətlərin əldə edilməsində şuranın qəbul etdiyi qərarların əhəmiyyəti danılmazdır. Xüsusən, təhsil müəssisələrində əmək qanunvericiliyinə əməl edilməsi, pedaqoji işçilərin işə qəbulu zamanı normativ-hüquqi sənədlərin tələblərinə istinad olunması, müəllimlərin əməyinin səmərəliliyinin artırılması sahəsində əldə edilmiş müsbət nəticələr, irəliləyişlər şuranın qərarlarının icrası zamanı ərsəyə gəlmişdir. Təhsillə, məktəblə, müəllimlə bağlı istənilən məsələnin Təhsil Şurasında geniş müzakirə edilməsi kifayət qədər səmərə verir.
– Nailə xanım, biz bayaqdan orta ümumtəhsil məktəbləri, onları əhatə edən məsələlər, problemlər və uğurlar barədə danışırıq. Ancaq sizin idarənin fəaliyyətinin mühüm hissələrindən biri də məktəbəqədər təhsil müəssisələri ilə bağlıdır.
– Daha doğrusu, fəaliyyətimizin əsası oradan başlanır. Çünki təhsilin ilkin pilləsi və bünövrəsi məhz məktəbəqədər təhsil mərhələsidir. Biz bu sahənin inkişafına xüsusi diqqət ayırırıq. Cənab Prezident İlham Əliyevin sərəncamıyla imzalanan “Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” (2007–2010-cu illəri əhatə edir) milli təhsilimizin bu mərhələsinin dünya standartları səviyyəsinə çatdırılmasını təmin edəcəkdir. Proqrama uyğun olaraq Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, təmir edilməsi və şəbəkənin səmərəliliyinin artırılması istiqamətində kifayət qədər işlər görülmüşdür. “Bakıətrafı kənd və qəsəbələrin sosial iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq tikilmiş 11 məktəbəqədər təhsil müəssisəsindən 9-u artıq fəaliyyət göstərir. Bu dərs ilində daha iki belə müəssisə fəaliyyətə başlayacaqdır. Ümumiyyətlə, idarəmizin nəzdindəki 302 məktəbəqədər təhsil müəssisəsində 30.510 uşaq təhsil alır. Əgər paytaxtdakı uşaq bağçalarının hamısı tam gücü ilə işləyərsə, onda biz otuz min deyil, 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik.
– Yeri gəlmişkən, bir çox Avropa ölkələrində uşaqların məktəbdən əvvəl məktəbəqədər təhsil müəssisəsində təlim və tərbiyə alması məcburidir.
– Həmin variantı məqbul hesab etsək də, biz bunu hələlik tətbiq edə bilmərik. Amma Avropa ölkələrindəki özəl uşaq bağçaları və ya bələdiyyələrin nəzdində yaradılan məktəbəhazırlıq qruplarının fəaliyyətini yəqin biz də təmin edə bilərik. Fikrimizcə daha səmərəli variant özəl uşaq bağçalarının şəbəkəsinin genişləndirilməsi yoludur. Onu da əlavə edim ki, Avropa Birliyinin üzvü olan ölkələrdə uşaqlarını məktəbəqədər təhsil müəssisəsinə göndərən valideynlər həmin müəssisədə bir uşağın qidalanması, tərbiyəsi və saxlanması üçün lazımi vəsaiti tam ödəyirlər.
– Sizin məktəbəqədər təhsil müəssisələri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələriniz də var. Həmin sahədə vəziyyət necədir?
– Təhsil sistemində həmin sahənin də özünəməxsus yeri vardır. Bu amili nəzərə alan Təhsil İdarəsi həmin sahənin inkişafına xüsusi diqqət yetirir. Fəaliyyətimiz dövründə, xüsusən, son bir ildə məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm addımlar atılmışdır. Zamanın tələblərinə cavab verməyən klub, dərnək və studiyalar ləğv edilmiş, müasir tələblərə uyğun məşğələ qrupları yaradılmışdır. Hazırda idarəmizin tabeliyində 48 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən 19 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi və digər mərkəzlər fəaliyyət göstərir. Bu sahədə də bizim kifayət qədər təcrübəli pedaqoji işçilərimiz çalışırlar.
– Nailə xanım, biz bayaq sizin məzunların ali məktəblərə qəbulda qazandığı uğurlardan danışdıq. Ancaq orta məktəblərin buraxılış imtahanlarının nəticələri barədə sual verməyi unutdum.
– Orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi ölkədə aparılan təhsil islahatlarının tərkib hissəsidir. İslahatlar dərinləşdikcə təhsilin inkişafındakı dinamiklik və yanaşmalar da dəyişilir. Beş il, on il, on beş il əvvəlki yanaşmaların tətbiqi müasir inkişaf tendensiyası ilə bir araya sığmır. Odur ki, mərkəzləşdmirilmiş buraxılış imtahanları zamanın tələbidir. Bu il Bakı məktəblərinin məzunlarının 9,74 faizinin attestat ala bilməməsinə gəlincə isə deməliyəm ki, bu göstərici təhsilin keyfiyyətinin aşağı düşməsini yox, qiymətləndirmə meyarlarının dəyişməsini, xüsusən, şagird nailiyyətlərinin qiymətləndirilməsindəki obyektivliyi əks etdirir. Əgər tutaq ki, 10 il əvvəl ali məktəbə qəbul zamanı keçid balı 100 bal idisə, indi 300 baldır. Yaxud, TQDK-nın statistik məlumatına görə son 7 ildə respublikanın ali məktəblərinə qəbul olunan tələbələrin orta balı 150-200 bal artmışdır. Bu, ilk növbədə təhsilin keyfiyyətinin göstəricisidir.
– Bir sualımız da var. Kütləvi informasiya vasitələrində verilən məlumata görə hər bir orta məktəbin özünəməxsus məktəbli forması seçməsinə son qoyulacaq. Bu doğrudurmu?
– 2007-ci ilin may ayında Təhsil Nazirliyi Bakı məktəblərində növbəti dərs ilindən etibarən vahid məktəbli geyiminə keçilməsi barədə qərar qəbul etmişdir. Cənab nazir Misir Mərdanovun həmin ilin avqustunda imzaladığı əmrlə hər bir məktəbə vahid məktəbli geyimi seçmək müstəqilliyi verilirdi. Bu xoş niyyətdən müxtəlif neqativ məqsədlər üçün istifadə edilməsi halları ortaya çıxdı. Ona görə də ötən dərs ilinin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsində belə bir qərar qəbul edildi ki, paytaxtın bütün orta ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq edilsin. Ancaq texniki səbəblərdən 2009–2010-cu dərs ilində vahid məktəbli formasına keçə bilmədik. Qərara almışıq ki, Bakı məktəblərində bütövlükdə dərs ilində vahid məktəbli formasına keçək. Ona görə də şagirdlər bu il əvvəlki paltarlarla dərsə gələcəklər.
– Bakı müəllimlərinin ənənəvi avqust konfransı hər il sentyabrın əvvəllərində keçirilir.
– Tədbirin avqustda və ya sentyabrda keçirilməsi o qədər də prinsipial əhəmiyyət kəsb eləmir. Əsası odur ki, konfransda görülmüş və görüləcək işlər əhatəli şəkildə müzakirə ediləcək. Xüsusən, problemlərin yada salınması və onların aradan qaldırılması üçün yolların axtarılması baxımından konfrans çox əhəmiyyətli olacaq. Nailiyyətlərin vurğulanması məsələsinə gəlincə isə qeyd edim ki, bizim fəaliyyətimizi sentyabrın ilk günündə cənab Prezident İlham Əliyev ən yüksək səviyyədə qiymətləndirdi. Bu, bizim üçün böyük fəxr və iftixar mənbəyidir.
– Ənənəvi olaraq, oxucularımıza sözünüz.
– Ənənəni pozaraq oxuculardan əvvəl sizi təbrik edirəm. Avqustda “Xalq qəzeti”nin 90 yaşı tamam oldu. Bu 90 ilin hamısını başdan-başa xalqa, dövlətə xidmətdə keçirən kollektivin fəaliyyəti ən ali təbriklərə layiqdir. Sözünüz daha 90 il kəsərli olsun. Oxucularımıza gəlincə isə, onları əmin edim ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi bundan sonra da milli təhsilimizin inkişafına öz töhfələrini verəcək, dövlətin və dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəkdir.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.
– Sağ olun!
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti .- 2009.- 8
sentyabr.- S. 6.