“Əsrin müqaviləsi” — 15

 

ARDNŞ transmilli şirkətə çevrilir

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından 15 il ötür. Xatırladaq ki, dünyanın on bir iri neft şirkəti arasında imzalanmış “Əsrin müqaviləsi” beynəlxalq aləmdə Azərbaycana inam və etimadı xeyli artırmış, transmilli neft şirkətlərinin ölkəmizə axınını sürətləndirmişdir. Bununla da, Azərbaycan öz qapılarını xarici sərmayədarların üzünə açmışdır.

Azərbaycan neft sənayesinin lideri olan Dövlət Neft Şirkəti də ötən illər ərzində regional enerji layihələrinin reallaşmasında əsas tərəfdaşlardan biri kimi yaxından iştirak etmişdir. Şirkət artıq transmilli, beynəlxalq səviyyəli bir quruma çevrilməkdədir. Son zamanlar Dövlət Neft Şirkəti ölkə Prezidenti İlham Əliyevin bununla bağlı verdiyi tövsiyədən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində inamlı addımlar atır. Artıq xarici şirkətlərlə qurulan işbirliyi ARDNŞ-ə lazımi təcrübə qazandırmışdır. Eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində şirkətin maliyyə imkanları xeyli artmışdır.

Ölkə Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətini müasir tələblərə cavab verən modern, çevik və güclü bir quruma çevirməklə bağlı verdiyi tövsiyəyə uyğun olaraq hazırda şirkətin strukturu beynəlxalq standartlara uyğunlaşdırılır, idarəetmənin səmərəliliyi artırılır. Artıq bu prosesin tərkib hissəsi olaraq mühasibat uçotu sisteminin təkmilləşdirilməsi istiqamətində nəzərəçarpacaq uğurlar əldə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Artıq ölkəmizdə maliyyə hesabatlarının beynəlxalq standarğlara uyğunlaşdırılması prosesinə başlanılmışdır. Bu baxımdan ARDNŞ-də hazırlanan maliyyə hesabatları da beynəlxalq standartlara tam cavab verir, müxtəlif xarici və yerli maliyyə-iqtisadi, sosial-analitik qrupların informasiya-məlumat maraqlarını təmin edir. Bu da ARDNŞ-ə investisiyaların cəlb olunmasına, xarici banklardan vəsait alınmasına, eləcə də ixtisaslaşdırılmış reytinq təşkilatları tərəfindən şirkətin reytinqlərinin müəyyən edilməsinə müsbət təsir göstərir. Elə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq reytinq alması üçün Fitch Ratinq və Moodys Ratinq şirkətləri ilə müqavilə imzalaması və lazımi məlumatların hazırlanaraq qarşı tərəfə vaxtında təqdim olunması bu sahədə böyük uğurlar əldə ediləcəyinə inam yaradır.

Son zamanlar Dövlət Neft Şirkətinin beynəlxalq səviyyəli, modern bir quruma çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər istər ölkə daxilində, istərsə də dünya miqyasında şirkətin etibarını artırır, onun reytinqini yüksəldir. Təsadüfi deyil ki, neft-qaz əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə və dövlət zəmanəti ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, respublika Maliyyə Nazirliyinin və Azərbaycan Beynəlxalq Bankının iştirakı ilə 750 milyon manatlıq məqsədli kredit müqaviləsi və zaminlik sazişi imzalanmışdır. Bundan əlavə, ölkədə qaz hasilatının artırılması məqsədilə ARDNŞ tərəfindən işlənib hazırlanmış tədbirlər planının vaxtında yerinə yetirilməsi üçün Azərbaycan Beynəlxalq Bankından 747 milyon ABŞ dolları həcmində kredit vəsaiti cəlb olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, hazırda dünyada davam edən maliyyə böhranına baxmayaraq, ARDNŞ əvvəlki illərdə müxtəlif investisiya layihələrini həyata keçirmək məqsədilə beynəlxalq maliyyə qurumlarından aldığı əlverişli kreditlər üzrə öhdəliklərini də planauyğun şəkildə yerinə yetirir.

Dövlət Neft Şirkəti bu gün beynəlxalq arenada səmərəli fəaliyyət göstərir. Belə ki, şirkət modern, çevik və rəqabətədavamlı qurum kimi beynəlxalq miqyasda tanınmaq üçün xarici ölkələrdə müəssisələr, nümayəndəliklər açır, həmin qurumlar vasitəsilə həyata keçirilən irimiqyaslı layihələrdə yaxından iştirak edir. Uzunmüddətli bu cür iqtisadi layihələrin həyata keçirilməsinə təşkilati kömək göstərmək, ARDNŞ-in beynəlxalq enerji bazarlarına daha sürətli daxil olmasını təmin etmək məqsədilə ötən müddətdə Qazaxıstan, Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə, Avstriya, Ukrayna, İran, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə şirkətin nümayəndəlikləri açılmışdır. Bundan əlavə, ARDNŞ-in istehsal etdiyi məhsulların dünya enerji bazarlarında vasitəçilərin köməyi olmadan istehlakçılara daha əlverişli şərtlərlə satışını təmin etmək, bundan əldə olunan gəlirlərin optimal həddə çatdırılması üzrə fəaliyyətin mərkəzləşdirilməsi məqsədilə İsveçrədə “SOCAR TRADİNG” şirkəti təsis olunmuşdur. Qısa müddət ərzində Avropada neft ixracı fəaliyyətinin səmərəliliyinin artırılmasında, xarici təcrübədən faydalanmaqla potensial sifarişçilərlə əlaqələrin qurulmasında böyük uğurlar qazanan “SOCAR TRADİNG” şirkəti neft və neft məhsullarının treydinqi üzrə fəaliyyətini genişləndirmək üçün dünyanın digər ölkələrində də biznes strukturlarının təşkili istiqamətində mühüm işlər görür. Bu baxımdan ARDNŞ-in mənzil-qərargahı Cenevrədə yerləşən treydinq şirkətinin bu il Sinqapurda törəmə müəssisə yaratması mühüm hadisə sayıla bilər.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurları sayəsində artıq Azərbaycan investisiya cəlb edən ölkədən bir sıra xarici ölkələrin perspektivli sahələrinə investiya qoyan dövlətə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Nefrt Şirkəti də beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədilə 2007-ci ildən xarici investisiya layihələrinin həyata keçirilməsinə başlamışdır. Artıq bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. Belə ki, şirkət ötən müddətdə Gürcüstanın Qara dəniz sahilindəki Kulevi terminalında böyük yenidənqurma və modernləşdirmə işləri aparmışdır. Artıq uğurla fəaliyyət göstərən Kulevi terminalında cari ilin may ayında iki milyonuncu ton yük qəbul edilmiş və buradan neft məhsulları yüklənmiş 100-cü tanker yola salınmışdır. Yeri gəlmişkən, həyata keçirilən tədbirlər nəticəsində bu il terminalın ötürücülük qabiliyyəti 8-10 milyon tona çatdırılacaq. Bütövlükdə isə Kulevi Qara dəniz terminalı Azərbaycan və Mərkəzi Asiyadan neft və neft məhsullarının Avropaya ixrac edilməsində mühüm rol oynayacaqdır.

ARDNŞ-in Gürcüstanda fəaliyyət göstərən “SOCAR Energy Georgia” törəmə şirkəti də uğurla fəaliyyət göstərir. Xatırladaq ki, adı çəkilən şirkət qonşu ölkədə bir sıra neft məhsullarının səmərəli satışını həyata keçirir. Ötən il ümumi məhsulların idxalı 403 min 379 ton, 2009-cu ilin birinci rübü ərzində isə 136 min 761 ton təşkil etmişdir. Bunun da müvafiq olaraq 391 min 821 min tonu və 95 min 442 tonu Azərbaycandan idxal olunmuş neft məhsullarının payına düşmüşdür. Bir maraqlı məlumat da diqqəti cəlb edir. Belə ki, “SOCAR Energy Georgia” MMC 2007-ci ildə Gürcüstanın dövlət büdcəsinə 88 milyon lari, ötən il isə 172 milyon laridən çox vergi ödəyərək qonşu ölkənin enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında birincilik qazanmışdır.

Bundan əlavə, ARDNŞ-in Gürcüstanda reallaşdırdığı digər layihələr üzrə də böyük uğurlar əldə olunmuşdur. Artıq il yarımdır ki, qonşu ölkədə yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkənin yaradılması və Azərbaycanın neft məhsullarının burada SOCAR brendi ilə satışının təşkili üçün ciddi işlər aparılır. Bu məqsədlə Gürcüstanda yaradılmış SOCAR brendli yanacaqdoldurma məntəqələrinin şəbəkəsi getdikcə genişlənir. Artıq qonşu ölkədə 30-a yaxın belə yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Cari ilin sonunadək isə daha 9 məntəqənin istismara verilməsi nəzərdə tutulur. Hazırda Gürcüstandakı SOCAR brendli yanacaqdoldurma məntəqələri üçün Azərbaycandan və digər ölkələrdən ay ərzində təxminən 33-34 min ton neft məhsulları idxal edilir. Bunun isə 30 min tonunu dizel yanacağı və avtomobil benzini, 3-4 min tonunu isə aviakerosin təşkil edir.

ARDNŞ Gürcüstanın təbii qazla təminatında da mühüm rol oynamağa başlamışdır. Bu məqsədlə yaradılmış “SOCAR Georgia Gaz” törəmə müəssisəsi artıq qonşu ölkənin qaz bazarında uğurla fəaliyyət göstərir. Xatırladaq ki, adı çəkilən müəssisə 2008-ci ildə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu ölkənin təbii qazlaşdırma distribütor şirkətlərinin özəlləşdirilməsi ilə bağlı keçirilən tenderin qalibi olmuşdur. Həmin tenderin şərtlərinə görə “SOCAR Georgia Gaz” MMC tərəfindən üç il müddətinə Gürcüstanın 30 şəhər və rayonunun qazlaşdırılmasına ən azı 40 milyon ABŞ dolları həcmində irimiqyaslı sərmayə qoyuluşu nəzərdə tutulur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qardaş Türkiyədə də geniş investisiya proqramı həyata keçirir. Məlum olduğu kimi, Türkiyənin ən iri neft-kimya müəssisəsi sayılan “Petkim” şirkətinin idarəçiliyi “SOGAR-Turcas-İnjaz” alyansı tərkibində ARDNŞ-ə verilmişdir. Xatırladaq ki, adı çəkilən holdinq etilen, polietilen, polivinilxlorid, akrilonitril və s. kimya məhsullarının istehsalını həyata keçirir. Bu məhsullar isə əsasən Türkiyə bazarında satılır. 2006-cı ildə “Petkim”in daxili bazarda payı 27 faiz təşkil etmişdir. Əlavə sərmayə qoyuluşu hesabına isə şirkətin Türkiyə bazarında payının 40 faizə çatdırılması nəzərdə tutulur. Holdinqin xammalla fasiləsiz və etibarlı təchizatını təmin etmək məqsədilə ARDNŞ öz ortaqları ilə birlikdə “Petkim”in nəzdində yeni neft emalı zavodunun layihələndirmə işlərinə başlamışdır. Həmin zavodun istifadəyə verilməsi isə öz növbəsində “Petkim”in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-in istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaq.

Göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən ölkəmizin yeni neft strategiyası həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə təkan verir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti .- 2009.- 8 sentyabr.- S. 7.