Alternativ regenerativ enerji sistemlərinin Azərbaycanda tətbiqinə diqqət artırılır

 

Dünyada baş verən yeniliklərlə tanış olduqda Yer kürəsinin müxtəlif nöqtələrində qəribə hadisələrin baş verdiyini görürük. Müəyyən bir ərazi quraqlıqdan əziyyət çəkir, meşələrdə yanğınlar baş verir, həmin vaxtda isə digər yerlərdə çaylar öz məcrasından çıxaraq daşqınlara səbəb olur, kənd təsərrüfatına, sənayeyə və sonda isə insanlara külli miqdarda zərər dəyir.

Yer kürəsində baş verən bu dəyişikliklərin səbəbi yaxınlaşmaqda olan qlobal istiləşmənin əlamətləridir. Hazırda bu prosesin digər xüsusiyyətləri də özünü göstərməkdədir. Buna misal kimi, Alp buzlaqlarının əriməsinin sürətlənməsini, istiləşmə nəticəsində dünya okeanının daimi donmuş buzlu sahələrindən, Antarktidadan buzların aysberqlər şəklində qopub ayrılmasını, okean səviyyəsinin ildə 1-2 mm, son 100 ildə isə 10-20 sm yüksəlməsini, tropik dənizlərin temperaturunun 1994-cü ildən bəri 0,3 dərəcə selsi artmasını və s. göstərmək olar.

Qlobal istiləşmə Yer kürəsində “istixana effekti”nin nəticəsində baş verir. Məlum olduğu kimi, istixanalarda şəffaf örtükdən keçib içəriyə daxil olan Günəş şüalarının qısa dalğalı hissəsi yer səthi tərəfindən udulur. Bu zaman qızmış yer səthi uzundalğalı şüalar mənbəyinə çevrilir. Həmin şüalar artıq istixananı tərk edə bilmir. Qısa dalğalı şüaları asanlıqla özündən keçirən şüşə və ya polietilen materialdan hazırlanmış şəffaf istixana örtüyü, uzundalğalı şüaları özündən pis keçirir və nəticədə Günəş şüalarının gətirdiyi istilik enerjisinin əsas hissəsi istixananı tərk edə bilmədiyindən orada qalaraq temperaturun yüksəlməsinə səbəb olur. İstixanalarda insanların köməyinə gələn, onlar üçün səmərəli şərait yaradan bu proses “istixana effekti” adlanır. Təəssüf ki, bu effektin olması insanlara həmişə xeyir vermir. Eyni proses Yer kürəsində qlobal miqyasda baş verir.

Yer kürəsində şəffaf örtük rolunu onun atmosferi oynayır. Atmosferin tərkibindəki karbon, kükürd, metan qazları və azot oksidləri və digər qazlar “istixana effekti” yaradaraq Yerin qızmasına səbəb olur. Bu effektin yaranmasında başlıca rolu karbon qazı oynayır. Onun təsiri təxminən 60 faiz civarında qiymətləndirilir.

Ümumiyyətlə, Yer atmosferinin həcm üzrə tərkibinin 78 faizni azot, 21 faizni oksigen, qalanını nəcib qazlar və yalnız 0,1 faizini isə başqa qazlar təşkil edir. Çox maraqlıdır ki, yuxarıda qeyd edilən “istixana effekti” yaradan qazlar məhz sonuncu 0,1 faizə daxildir. Buradan görünür ki, bu qazların miqdarının az olmasına baxmayaraq, onların təbiətdə baş verən dəyişikliklərdə rolu çox böyükdür. “İstixana effektli” qazların təbiətdə baş verən proseslərə müdaxiləsini yavaşıtmaqdan ötrü onların havaya atılan miqdarını azaltmaqla bərabər onların yaranma mənbələri, onlarda baş verən proseslər aydınlaşdırılmalı və onların qarşısının alınması üçün tədbirlər görülməlidir.

Qeyd etmək lazımdır ki, “istixana effektli” qazların atmosferdə müəyyən miqdarda olması hətta xeyirlidir və lazımdır. Alimlərin hesablamalarına görə Yer atmosferində “istixana effektli” qazlar olmasaydı, onun səthinin temperaturu hazırkı illik orta normadan 33 dərəcə aşağı, yəni mənfi 18 dərəcə selsi olardı.

Göründüyü kimi, Yer səthindəki canlı aləmin mövcudluğu və fəaliyyəti üçün bu qazların mühüm əhəmiyyəti vardır. Lakin onların miqdarının getdikcə artması insanlar üçün qlobal istiləşmə təhlükəsini yaradır ki, bunun da nəticəsində misli görünməmiş kataklizmlər yaşana və hətta bu, Yer kürəsində olan canlı həyatın məhvinə gətirib çıxara bilər.

Müəyyən olunmuşdur ki, “istixana effektli” qazların atmosferdə artmasının əsas mənbəyi insanın həyat fəaliyyətinin nəticəsidir. Burada əsas rolu istilik elektrik stansiyaları və avtomobil nəqliyyatı oynayır.

BMT-nin qlobal istiləşməyə aid komissiyasının məlumatına əsasən, Yer səthinin temperaturu son 150 ildə 3 dərəcə selsi yüksəlmişdir. Bunun qarşısını almaqdan ötrü beynəlxalq miqyasda və ayrı-ayrı ölkələrdə tədbirlər həyata keçirilir. Bunlardan ən başlıcası üzvi yanacaqlardan istifadəni azaltmaq, az enerjitutumlu texnologiyalardan istifadə etmək və alternativ enerji mənbələri kimi regenerativ, yəni bərpa olunan enerji mənbələrindən istifadə etməkdir. Çünki üzvi yanacaqlardan (neft, təbii qaz, kömür və s.) istifadə edilən zaman atmosferə külli miqdarda tam və bəzən isə hətta natamam yanma məhsulları atılır.

Tam yanma məhsullarının içərisində karbon qazı üstünlük təşkil edir. Təxmini hesablamalara görə üzvi yanacaqların yandırılmasından atmosferə hər il 24 mlrd. ton karbon qazı atılır. Bundan əlavə, atmosferə digər zərərli birləşmələr - kükürd qazı, azot oksidləri və s. qazlar da atılır. Atmosferə atılan karbon qazının ümumi miqdarının 80 faiz-ə qədəri dünya əhalisinin 25 faizi yaşayan sənaye dövlətlərinin payına düşür. 2005-ci ilin məlumatına əsasən illik hasilat və istifadə edilmə templərinə əsasən, yeni yataqlar kəşf edilməzsə, dünyada neftin 42 il, təbii qazın 65 il, kömürün isə 155 ildən sonra tükənəcəyi gözlənilir. Regenerativ enerjilər isə daim bərpa olunduqlarından onların tükənməsi mümkün deyildir. Regenerativ enerji mənbələri kimi Günəşin, küləyin, axar suların, yeraltı termal (isti) mənbələrin, dəniz və okeanlarda baş verən qabarma-çəkilmələrin, dalğaların, biokütlələrin, yanacaq elementlərinin enerjilərindən istifadə etmək olar.

BMT-nin Baş Assambleyasının 33/148 saylı qətnaməsinə əsasən bərpa olunan qeyri-ənənəvi enerji mənbələrinə həmçinin, torf və biokütlə (kommunal-məişət, sənaye, meşə təsərrüfatı, kənd təsərrüfatı tullantıları və müxtəlif ağac, kol və otlar) də daxil edilmişdir. Bunlardan miqdarca ən böyüyü və ümumiyyətlə, hamısının mənbəyi - Günəş enerjisidir.

Həm atmosferin çirklənərək qlobal istiləşmə təhlükəsi yaratması, həm də üzvi yanacaqların gec-tez tükənəcəyi baxımından alternativ enerji mənbələri kimi ekoloji təmiz regenerativ enerji mənbələrindən istifadə edilməsi məsələləri bütün dünyada aktual olaraq qalır. Bu sahədə dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, ABŞ-da, Almaniyada, Yaponiyada, Çində, Avstriyada, İsraildə, Yunanıstanda geniş miqyaslı işlər görülür. Günəş və külək enerjilərindən ən çox istifadə edən ölkələrə uyğun olaraq Çini və Almaniyanı misal göstərmək olar.

Təsadüfi deyildir ki, alternativ regenerativ enerjilərin istifadəsi üzrə Azərbaycanda da mühüm işlər görülür. Bu prosesi sürətləndirmək, onlara dövlət qayğısını artırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqramın əsas məqsədi və vəzifələrinə elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək, respublikada ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin daha da yüksəldilməsi aiddir.

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan yerləşdiyi coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi inkişaf infrastrukturuna görə Günəş və külək enerjilərindən istifadə üçün böyük imkanlara malikdir. Hesablamalar göstərir ki, Azərbaycan Respublikası hazırkı infrastrukturuna görə 800 MVt gücündə külək və bundan da çox günəş enerjisi potensialına malikdir. Bu enerji növlərindən istifadə etməklə milyon tonlarla şərti üzvi yanacağa qənaət etmək və havaya atılan karbon qazının miqdarını azaltmaqla ekoloji mühitin sağlamlaşdırılmasına nail olmaq olar. Misal üçün, Abşeron yarımadasında küləyin uzunmüddətli sürəti saniyədə 6 m-dən çoxdur ki, bu da küləyin enerjisindən istifadə etmək üçün əlverişli şəraitin olduğunu göstərir. Qobustan ərazisi də yüksək külək enerjisi potensialına malikdir. Bundan səmərəli istifadə etməkdən ötrü Qobustanda gücü 20 MVt olan külək elektrik stansiyasının tikilməsi nəzərdə tutulmuşdur.

Günəş enerjisi potensialına görə də Azərbaycan gözəl təbii şəraitə malikdir. Burada günəşli saatların illik miqdarı 2400-3200 saat olduğu halda bu göstərici ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saatdır. Azərbaycanda bir il ərzində 1 kvadrat metr sahəyə düşən Günəş enerjisinin miqdarı 1500-2000 kVt.saat təşkil edir. Belə əlverişli təbii şəraitin olması Azərbaycanda həm külək, həm də günəş enerjilərindən istifadəni səmərəli edir.

Günəş enerjisindən istifadənin müxtəlif üsulları mövcuddur. Bu enerjini bilavasitə və ya dolayısı yolla elektrik enerjisinə çevirmək mümkündür. Ən sadə və nisbətən ucuz olanı isə Günəş enerjisini bilavasitə istilik enerjisinə çevirməkdir. Alınan istilik enerjisini qışda binaların isidilməsi və isti su təchizatı üçün, yayda isə isti su təchizatı və çimərlik hovuzlarındakı suyun isidilməsi üçün istifadə etmək olar. Bu məqsədlə dünyanın bir sıra qabaqcıl firmaları tərəfindən müasir tələbatlara cavab verən müxtəlif tipli avadanlıqlar istehsal edilir. Bunlardan Viessmann firması dünyada aparıcı yerlərdən birini tutur. Bu firmanın istehsal etdiyi avadanlıqlar öz keyfiyyətinə və texniki göstəricilərinə görə dünyada çox yüksək qiymətləndirilir və onlardan istifadə edərək Günəş şüalarının enerjisini yüksək səmərəliliklə istilik enerjisinə çevirmək mümkündür.

Bu məqsədlə Viessmannın Azərbaycandakı rəsmi distribütoru kimi “Buxar” Kollektiv müəssisəsi regenerativ enerjilərdən istifadə üzrə geniş miqyaslı işlər görülməsini planlaşdırır. Buraya Günəş enerjisindən isti su təchizatı, çimərlik hovuzlarındakı suyu qızdırmaq üçün, qışda isə eyni zamanda binaların isidilməsi üçün istifadə edilməsi məsələləri aiddir.

Artıq “Buxar” kollektiv müəssisəsində Viessmannın Günəş kollektorlarından istifadə edilməklə isti suyun qızdırılması qurğusunun işi müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. Həmin qurğu tamamilə avtomatik rejimdə işləyərək Günəş şüalarının enerjisini qəbul edib səkkiz üzvü olan ailənin gündəlik isti suya olan tələbatını ödəyir və artıq qalan istiliyi isə çimərlik hovuzundakı suyun qızmasına yönəldir. Bu qurğunun işləməsi nəticəsində adı çəkilən məqsədlər üçün qaz yanacağından tamamilə istifadə edilmir, cüzi miqdarda elektrik enerjisi isə yalnız kiçik güclü nasosların və avtomatik tənzimlənmənin işləməsi üçün işlədilir. Bu qurğunun işlətdiyi elektrik enerjisinin miqdarı evlərdə istifadə edilən kiçik bir elektrik lampasının işlətdiyi elektrik enerjisinə bərabər olur. Ekoloji cəhətdən təmiz olan bu qurğunun işinə heç bir nəzarət tələb olunmur. İsti suyun lazım olan temperaturu və digər parametrlər qurğuya əvvəlcədən daxil edilir və onun tərəfindən avtomatik rejimdə saxlanılır. Az günəşli günlərdə və gecə zamanında gündüz vaxtı akkumulyasiya edilmiş istilikdən istifadə edilir. Bu məqsədlə istilik akkumulyatoru quraşdırılır. Bu akkumulyatorda istilik enerjisi günlərlə saxlanıla bilər.

“Buxar” kollektiv müəssisəsi hazırda 2 ədəd 3 mərtəbəli 30 mənzilli binanın isti su təchizatının, Günəş enerjisindən istifadə edilməklə, ödənilməsi üçün Viessmann firmasının avadanlıqları ilə layihələndirməni bitirmiş və quraşdırma işlərini tamamlamaq üzrədir. Həmin qurğu da tam avtomatik rejimdə işləyərək iki binada yerləşən isti su işlədicilərini isti su ilə təmin edəcəkdir.

Eyni zamanda çimərlik suyunun günəş enerjisi ilə qızdırılması qurğusunun hesabı və layihələndirilməsi üzərində işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki, “Buxar” kollektiv müəssisəsi alternativ regenerativ enerjilərin istifadəsi məsələsinə həmişə xüsusi diqqət göstərir. Heç də təsadüfi deyildir ki, bu firmanın sponsorluğu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasında “Alternativ regenerativ enerji sistemləri” adlı dərslik yazılmış və nəşr edilmişdir. Bu dərsliyin yazılmasında əsas məqsəd AzMİU-da, Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Azərbaycan Texniki Universiteti və Hollandiyanın Zuyd Universiteti ilə birlikdə həyata keçirilmiş TEMPUS layihəsi çərçivəsində magistr təhsili pilləsində açılmış “Enerji menecmenti (binalarda)” ixtisaslaşmasında nəzərdə tutulan “Alternativ regenerativ enerjilər” adlı fənni yüksək səviyyədə tədris etməkdir. Bu dərsliyin yazılmasında müəllifin Almaniyada keçdiyi ixtisasartırma kursunun böyük təsiri olmuşdur. Dərslikdə regenerativ enerji növləri və mənbələri, onlardan istifadə edilmə yolları, bu məqsədlə tətbiq edilən texnologiyalar və avadanlıqlar, onların hesablanması üsulları, regenerativ enerjilərin istifadəçiləri və dünyadakı mövcud müasir regenerativ enerji sistemləri haqqında geniş məlumat verilmişdir. Dərslikdən həmçinin aspirantlar, elmi tədqiqat və regenerativ enerji sistemləri ilə məşğul olan digər mütəxəssislər də istifadə edə bilərlər.

Ümumiyyətlə, “Buxar” kollektiv müəssisəsi elm və təhsilə xüsusi önəm verir və yardım göstərir. Bu müəssisə AzMİU ilə bağladığı əməkdaşlıq müqaviləsinə əsasən “İstilik qaz təchizatı və ventilyasiya” ixtisası üzrə mütəxəssislər hazırlayan qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər və istilik təchizatı və istilik texnikası kafedralarına hərtərəfli yardım göstərərək tələbələrin öz obyektlərində təcrübə keçmələrinə və müasir texnika, texnologiya və avadanlıqlarla tanış olmalarına şərait yaradır, təhsildə müvəffəqiyyət qazananları isə işlə təmin edir. Təcrübə zamanı fərqlənən tələbələr hətta həvəsləndirici pul mükafatına da layiq görülürlər. Bundan əlavə, müəssisə adı çəkilən kafedraların professor-müəllim heyəti ilə də yaxından əməkdaşlıq edir. Bu qarşılıqlı elmi-texniki əlaqənin müsbət nəticəsidir ki, “Buxar” kollektiv müəssisəsi ən yeni və mütərəqqi texnologiyaların və avadanlıqların Azərbaycana gətirilməsi və tətbiqi məsələlərində heç vaxt çətinliklərlə üzləşmir və respublikada aparıcı yerlərdən birini tutur. Elm və istehsalatın göstərilən vəhdəti həm elmin inkişafına, həm də istehsalatın müasirləşməsinə gözəl imkan yaradır.

Qeyd etmək lazımdır ki, “Buxar” kollektiv müəssisəsinin tətbiq etdiyi Günəş enerjisindən istifadə qurğuları öz xərcini qısa müddətdə çıxarmaqla yanaşı üzvi yanacağa sərf edilən xərci kəskin azaltmağa və ekoloji mühiti sağlamlaşdırmağa xidmət edir. Bu qurğuların köməyilə mehmanxanalarda, idman komplekslərində, xəstəxanalarda, şəxsi evlərdə və digər yerlərdə ekoloji mühitə heç bir ziyan vurmadan istilik enerjisi hasil edilə bilər. Müəssisə maraqlanan tərəflərə kömək etməyə həmişə hazırdır.

“Buxar” kollektiv müəssisəsi təkcə alternativ regenerativ enerjilər üzrə ixtisaslaşmamışdır. Müəssisə həmçinin istilik və soyuducu sistemlərinin layihələndirilməsi, quraşdırılması, sazlanması və servisi işlərini də müvəffəqiyyətlə həyata keçirir. Burada isitmə sistemlərinin qurulmasında Viessmann firmasının istehsal etdiyi istilik qazanlarından da istifadə edilir ki, bunlar yüksək səmərəliliyinə görə analoqlarından fərqlənirlər. Kondensasiyalı səthli qaz ilə işləyən bu tip qazanlarda atılan yanma məhsullarının tərkibindəki su buxarının istiliyindən istifadə etmək üçün o, çıxış səthlərində kondensatlaşdırılır. Çıxış səthlərini korroziyadan qorumaq üçün onlar paslanmayan poladdan hazırlanır. Beləliklə, qazanın faydalı iş əmsalının qiyməti 100 faizə yaxınlaşır.

Bu müəssisənin bacarıqlı və işgüzar kollektivi daim yeniliklər axtarışında olub Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə çalışır.

 

 

Bahadur ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 8 sentyabr.- S. 7.