Yeni regional Dövlət Proqramında iş yerlərinin
yaradılması prioritet məsələdir
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu, eyni zamanda, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda infrastruktur təminatının yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir. Regional Dövlət Proqramı iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Regional Dövlət Proqramının icrası, həmçinin ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi nəticəsində istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilmiş, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin açılmasına şərait yaratmışdır. Bu ilin birinci yarısında 2977 yeni yaradılmış müəssisədən 13,3 faizi Aran iqtisadi rayonunda, 5,7 faizi Abşeron iqtisadi rayonunda, 5,2 faizi Gəncə-Qazax, 3,8 faizi Şəki-Zaqatala, 3,3 faizi Lənkəran və digər iqtisadi rayonlarda fəaliyyətə başlamışdır. Hesabat dövründə ölkənin vergi orqanlarında qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 281 mindən çox fiziki şəxsin 64,7 faizi regionların payına düşmüşdür.
Dövlət Statistika Komitəsi tərəfindən fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlardan, eləcə də fərdi sahibkarlardan toplanmış məlumatlara əsasən 2009-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 36565 yeni, o cümlədən 27887 daimi iş yeri açılmışdır.
Ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 13,3 faizi yeni yaradılmış, 15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 94 faizi qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorlarında yaradılmış daimi iş yerlərinin 5,6 faizi tikinti, 4,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 3,8 faizi emal sənayesi, 1,8 faizi kənd təsərrüfatı, 1,7 faizi nəqliyyat və digər sahələr üzrə açılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin altı ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə baxmayaraq milli iqtisadiyyat tarazlığını qorumuşdur.
Bu ilin
birinci yarısında ÜDM 3,6 faiz artmış, qeyri-neft
sektorunda artım 4,1 faiz təşkil etmişdir. Altı ayda
19 faiz təşkil edən əhalinin pul gəlirləri ilə
müqayisədə inflyasiyanın 3,7 faiz təşkil etməsi
müsbət göstəricidir. Cari ilin birinci yarısında
orta əmək haqqı 15 faiz artmış, ölkə
miqyasında 25 mini daimi olmaqla 35 min iş yeri
açılmşdır. Sənaye
və kənd təsərrüfatı məhsulları
istehsalında artımlar müşahidə olunur. Ölkə əhalisinin
ərzaq təhlükəsizliyinin təminatı
üçün qəbul olunmuş yeni Dövlət
Proqramına uyğun həyata keçirilmiş dövlət
siyasəti əhali tərəfindən rəğbətlə
qarşılanır. Bu il 3 milyon ton taxıl istehsal
olunması, ölkəyə gətirilən ərzaq məhsullarının
ixrac səviyyəsinin aşağı salınması
iqtisadiyyatın ümumi inkişafı barədə aydın təsəvvür
yaradır.
“Azərbaycan dövləti
bütün sosial məsələlərin həlli
üçün səmərəli işləyir və
insanların həyat səviyyəsinin
yaxşılaşdırılması, dünyada hökm
sürən böhrandan maksimum dərəcədə
müdafiə üçün hər şeyi edir”. Prezident
İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir
ki, 2009-2013-cü illəri əhatə edən Dövlət
Proqramında da sosial yönümlü islahatlar
üstünlük təşkil edir. Artıq hər bir vətəndaş
yeni Dövlət Proqramının real nəticələrini
gündəlik həyatında hiss edir. İqtisadiyyatın
ümumi inkişafının dinamik xarakter almasının,
maliyyə imkanlarının güclənməsinin nəticəsidir
ki, sosial tədbirlərin reallaşdırılmasına
mühüm əhəmiyyət verilir. Məhz elə buna
görədir ki, 2009-cu ilin dövlət büdcəsində
sosial yönümlü xərclərin xüsusi çəkisi
33 faiz və ya 4,024 milyon manat nəzərdə tutulur ki, bu da
ötən illə müqayisədə 790,4 milyon manat
çoxdur.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin yarım ilin sosial-iqtisadi yekunlarına həsr olunan
iclasında yeni Dövlət Proqramı ilə bağlı bir
məqamı da xüsusi vurğulamışdır: “Regional
inkişaf proqramının ikinci mərhələsi
başlanmışdır. Bu, böyük və çox
konkret proqramdır. Şübhə etmirəm ki, proqramın
icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın
regionlarında mövcud olan bütün proqramlar öz həllini
tapmalıdır”.
Göründüyü kimi, yeni
iş yerlərinin, müəssisələrin açılmasında
nəzərə çarpan dinamika Azərbaycan Prezidenti
İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin, dövlət
başçısının imzaladığı yeni regional
proqramın uğurlu icrasının nəticəsidir. Bu barədə
ölkə Prezidenti iyulun 13-də Londonda məşhur siyasətçilərin,
diplomatların, Avropanın tanınmış publisistləri və
ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq
Münasibətlər İnstitutunda keçirdiyi
görüşdə demişdir: “Ölkədə əsas
diqqət məhz iqtisadi islahatlara, iqtisadi inkişafa, enerji
siyasətinə yönəlmişdir... Bu səylərin nəticələri
nailiyyətlərimiz barədə bəzi rəqəmlərdə
görünə bilər.
Son beş ildə
iqtisadiyyatımız 2,6 dəfə artmışdır.
Üç il ərzində isə Azərbaycan dünyada
inkişaf edən iqtisadiyyat hesab edilmişdir. Sənaye
istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə
artmışdır. Yoxsulluğun səviyyəsi 4 dəfə
azalmışdır. Son beş il ərzində təhsil və
səhiyyə sahəsində böyük işlər
görülmüşdür. Azərbaycanda 1600 məktəb
tikilmişdir. İqtisadi inkişaf nəinki paytaxtı,
rayonlarımızı da inkişaf etdirməyə imkan
yaradır. Azərbaycanın rayonlarında sürətli
inkişaf gedir”.
Əvvəlki illərdə
olduğu kimi, növbəti beş ildə də ölkədə
sosial siyasətin başlıca məqsədi əhalinin, o
cümlədən regionlarda yaşayan vətəndaşların
həyat şəraitinin daha da
yaxşılaşdırılmasını təmin etməkdən
ibarət olacaqdır. Əhalinin sosial müdafiəsi sahəsində
aparılan tədbirlərin əsas istiqamətlərindən
biri aztəminatlı əhali qrupları üzrə sosial
müavinətlərin artırılması, sosial müdafiəyə
ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat
şəraitinin yaxşılaşdırılması və ümumilikdə
ölkədə yoxsulluq səviyyəsinin
azaldılmasından ibarət olacaqdır. Vətəndaşların
sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
təmin olunması məqsədilə pensiya təminatı
sistemini təkmilləşdirmək, eyni zamanda onun səmərəliliyini
artırmaq sahəsində tədbirlərin davam etdirilməsi
nəzərdə tutulmuşdur.
Regionlarda yeni iş yerlərinin
yaradılmasında köhnə müəssisələrin
yenidən qurulmasının mühüm əhəmiyyəti
var. Ümumiyyətlə, ölkənin uzunmüddətli
iqtisadi və sosial inkişafını təmin etmək
üçün investisiya siyasəti mühüm adətlərdən
biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın
bütün sahələrinə investisiya qoyuluşu
imkanlarının genişləndirilməsi və daha əlverişli
investisiya mühitinin təminatı məqsədilə
bütün investorlar üçün azad rəqabət
mühitinin yaradılmasından və sahədə mövcud
normativ-hüquqi bazanın təkmilləşdirilməsindən
ibarət olacaqdır.
Qarşıdakı illərdə
özəlləşdirməyə açılmış
müəssisələrdə şəffaf və səmərəli
özəlləşdirmə prosesinin həyata keçirilməsi
davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin
investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində
məqsədyönlü işlər həyata keçiriləcək,
müasir istehsal avadanlıqlarının idxalı təşviq
ediləcəkdir.
Dövlət investisiya siyasəti
regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur
obyektlərinin etibarlı istismarının təmin edilməsinə,
insan kapitalının inkişafı və vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin
həyata keçirilməsinə yönəldiləcəkdir.
Məşğulluq siyasətinin
mühüm istiqamətlərindən biri yeni iş yerlərinin
yaradılmasını məhdudlaşdıran amillərin
aradan qaldırılması və məşğulluq səviyyəsinin
artırılmasını stimullaşdıran şəraitin
yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən,
kiçik və orta sahibkarlığın inkişafına
yönəlmiş tədbirlər xüsusi əhəmiyyət
kəsb edir. Qarşıdakı illərdə məşğulluq
siyasətində əsas məqsəd əmək
ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin
səmərəli məşğulluğunun təmin edilməsindən
ibarət olacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti .- 2009.- 9 sentyabr.- S. 1.