Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr təhsil sahəsində əsaslı dönüş yaradıb

 

Təhsil millətin, dövlətin və bəşəriyyətin gələcəyidir. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, “Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq” deməklə bu sahəni beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirdi. Böyük dövlət xadimi və uzaqgörən lider olan ulu öndər təhsil sahəsində çox mütərəqqi ənənələr formalaşdırmışdır. Bu gün müstəqil dövlətimizin təhsildə qazandığı nailiyyətlər həmin ənənələrin davamlı özülü üzərində qurulmuşdur.

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında ümummilli lider Heydər Əliyevin mütərəqqi ənənələrinə əsaslanan və bu ənənələrə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondunun, həmçinin fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək zəruridir. Çünki Heydər Əliyev Fondunun təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirməsi Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırmışdır. Mən ömrümü elmə, təhsilə həsr etdiyimə görə fondun bu sahənin inkişafındakı fəaliyyətindən söhbət açmaq istərdim.

Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirmişdir. Bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyəti, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri fond uğurla gerçəkləşdirmişdir.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məramı ümummilli liderimiz Heydər Əliyevin ali ideyalarını özündə ehtiva edir. Fondun əsas prioritetləri sırasında elm və təhsilin inkişafına xüsusi yer ayrılması heç də təsadüfi deyildir. Bu sahənin dinamik inkişafı yetişən gənc nəslin təlim-tərbiyəsinin müasir tələblər səviyyəsində qurulması, bu günün uşaqlarının gələcəyin layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsindən, həqiqi vətənpərvərlikdən irəli gəlir.

Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafına xüsusi diqqət və qayğısı onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, xalqına olan sonsuz məhəbbətinin, hamıya nümunə ola biləcək vətənpərvərliyinin, millətsevərliyinin bariz nümunəsidir. Azərbaycanın birinci xanımı bu nəcib təşəbbüsü və xeyirxahlığı ilə qüdrətli şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz layiqli töhfəsini verir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin mədəni və humanitar həyatında bir-birinin ardınca çox böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələr həyata keçirir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verildi. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılmışdır.

Bir faktı qeyd etməyi vacib hesab edirəm. Təkcə 2005-ci ildə 100, 200 və 240 şagird yerlik 132 məktəb tikilərək şagirdlərin ixtiyarına verildi. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər ən müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunub. Elə həmin il fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı surətdə bərpa olunmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə bağlı ictimaiyyətə ünvanladığı əməkdaşlıq çağırışı böyük rəğbətlə qarşılandı və qısa zamanda geniş əks-səda doğurdu. Azərbaycanın bölgələrində – dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi geniş vüsət aldı. Azərbaycanın birinci xanımı çıxışlarının birində bu layihənin geniş əks-səda doğurmasına münasibət bildirərkən demişdir: “Ölkəmizdə çox böyük əks-səda doğuran “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər”. Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə gənc nəslin hərtərəfli yetişməsi, savadlanması, həmçinin Azərbaycanın dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindəndir.

Azərbaycanda təhsilin inkişafını beynəlxalq səviyyəyə yüksəltmək üçün bütün imkanlardan yetərincə istifadə edən Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində bütün vasitələrdən səmərəli istifadə edib. Bu baxımdan şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Əldə olunmuş razılaşmaya əsasən həmin ilin avqust ayında “YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda növbəti konfrans təşkil olunmuşdur. Bu nüfuzlu və mötəbər tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxış etmişdir. Onun əhatəli və dərin məzmunlu nitqi böyük maraqla qarşılanmışdır. Azərbaycanda təhsilin inkişafından və qarşıya çıxan problemlərdən söhbət açan fondun prezidenti, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təhsil sahəsində də ciddi çətinliklər, problemlər yaratdığını YUNESKO-nun baş direktorunun və tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdir: “Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişik və onlar düşərgədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir və mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər”.

Bundan sonra YUNESKO ilə Azərbaycan arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuş, bu da təhsilimizin inkişafına, yeni layihələrin həyata keçirilməsinə öz müsbət təsirini göstərmişdir. Biz bu inkişafın təzahürlərini “Təhsil hamı üçün” proqramının yerinə yetirilməsində, “Assosiativ məktəblər”, texniki peşə sahəsində əməkdaşlıq, bəzi ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələrdə müşahidə edirik. Təhsilin məzmunca yeniləşdirilməsi, orta ümumtəhsil məktəblərində informasiya texnologiyalarının geniş tətbiqi və digər layihələr bu nüfuzlu beynəlxalq təşkilatla ikitərəfli əməkdaşlığın, isti münasibətlərin nəticəsi kimi dəyərləndirilir.

Təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində BMT-nin İnkişaf Proqramı ilə fond arasında imzalanmış saziş də təhsilin inkişafına böyük töhfə vermişdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Onu da qeyd edək ki, Azərbaycanda yaşayan 320 min əlilin 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Bu kövrək insanların cəmiyyətə qovuşması, onların informasiya kommunikasiyaları vasitəsilə bilik və məlumat almaları üçün imkanlar xeyli genişləndirilmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz düşəndə internat məktəblərinin və uşaq evlərinin maddi-texniki bazasının gücləndirilməsini, kimsəsiz uşaqlara mənəvi dayaq olmasını qeyd etməmək olmaz. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən tədbirlər uşaq evi və internat məktəblərində mövcud olan problemləri aradan qaldırmış, uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, texniki vasitələrlə təmin olunmuşdur.

2006-cı ildə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının 2-ci mərhələsinə start veriləndən sonra bu mərhələyə Bakıətrafı qəsəbələrdə yerləşən məktəblər də daxil edildi. Təhsilin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu bir daha müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığını bildirirdi. Məhz bunun nəticəsi olaraq 2008-2009-cu tədris ilində fondun təşəbbüsü və dəstəyi ilə ölkədə tikilən yeni məktəb binalarının sayı 237-yə çatdırıldı. Bir sıra məktəblərin açılışında Mehriban xanımın özü şəxsən iştirak edib. Onu da qeyd edək ki, yeni tikilən məktəblər bütün infrastruktura malikdir və ən yeni texniki avadanlıqlarla, kompyuterlə təchiz olunub. Təsəvvür edin ki, uzaq dağ kəndlərində 50-70 il uçuq-sökük binada yerləşən məktəbin yerində yaraşıqlı, zövq oxşayan, kompyuterlə təchiz olunmuş məktəb binası tikilib. Təbii ki, belə diqqət və qayğının nəticəsində burada həm təhsilin keyfiyyətindən, həm də şagirdlərin dərsə davamiyyətindən danışmaq olar. Sözsüz ki, belə məktəblərdə müəllimlər də böyük həvəslə işləyər, yetişən gənc nəslin təlim-tərbiyəsi ilə böyük ruh yüksəkliyi ilə məşğul olarlar. Bu deyilənlər artıq reallığa çevrilib. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın yorulmaz fəaliyyətinin nəticəsində. Eyni zamanda, birbaşa tədrisin keyfiyyətinə təsir göstərən layihənin həyata keçirilməsi də uğurların qazanılmasında böyük rol oynayıb.

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr sırasında “Təhsilə dəstək” layihəsi də diqqəti cəlb edir. Qeyd etdiyim kimi, birbaşa tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş bu proqram məktəblərin əyani vəsaitlə və şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. Hər il keçirilən silsilə aksiyalar təhsil sahəsində qarşıya çıxan bəzi problemlərin aradan qaldırılmasında öz müsbət təsirini göstərib. 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrinin ilk dəfə məktəbə qədəm qoyan uşaqlarına məktəbli çantaları və dərs ləvazimatı fondun dəstəyi ilə hədiyyə olunub. 2008-2009-cu tədris ilində isə Heydər Əliyev Fondu tərəfindən ölkədə 130 min birinci sinif şagirdinə 16 adda məktəbli ləvazimatı ilə təmin olunmuş çanta paylanılmışdır. Bu uşaqlar ilk dəfə sinif otaqlarına daxil olanda partaların üzərində təzə çanta və dərs ləvazimatları görmüşlər. Bu, fondun körpə balalara – birinci sinif şagirdlərinə hədiyyəsi idi. “Təhsilə dəstək” layihəsində milli azlıqların təhsilinin inkişafına da diqqət nəzərdə tutulub. Bu layihə çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin birinci və ikinci sinif şagirdlərinə gürcü dilində nəşr olunan yeni dərsliklər və məktəb ləvazimatı təqdim edilib. Uşaq tərbiyə müəssisələrinin müasir tələblər səviyyəsində yenidən qurulması da “Təhsilə dəstək” layihəsində öz əksini tapıb.

Heydər Əliyev Fondunun təhsilin inkişafına qayğısının coğrafiyası son vaxtlar daha da genişlənib. Artıq fondun xeyriyyəçiliyi ölkə hüdudlarını da aşıb. Qeyd etdiyim kimi, Heydər Əliyev Fondu həm də böyük xeyriyyəçidir. Bu xeyriyyəçilik təhsilin inkişafında da özünü göstərib. Bunu faktlarla əsaslandırmaq istərdim. Əvvəlcə Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il fond tərəfindən böyük yardım göstərilməsini diqqətə çatdırmaq istərdim. Moskvada fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərdiyi qayğı heç vaxt unudulmayıb. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. 2007-ci ildə Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi fondun dəstəyindən yetərincə faydalanıb. Bu məktəbə də kompyuter dəsti ilə yanaşı, dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb Heydər Əliyev Fondunun köməkliyi ilə yenidən tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin bütün avadanlıqları fond tərəfindən hədiyyə olunmuşdur. Belə faktları sadalamaqla qurtaran deyil.

Ulu öndərimizin adını daşıyan fond irimiqyaslı proqram və layihələr həyata keçirməklə təhsilin inkişafını beynəlxalq səviyyəyə çatdırıb. Fondun təhsillə bağlı həyata keçirdiyi bü müdrik missiya əslində möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil sahəsində görülən işlərin məntiqi nəticəsidir. Dövlət başçısı özü də Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunmasında təhsilin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub və bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Artıq Azərbaycanda təhsil sistemi beynəlxalq aləmə çox uğurla inteqrasiya olunur. Bunu ölkəmizə rəsmi səfərə gələn görkəmli elm xadimləri də xüsusi vurğulayırlar.

Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların zaman-zaman reallaşması böyük müəllimlər ordusu olan Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşduracaq. Təhsilə göstərilən yüksək səviyyəli diqqət və qayğı müstəqil dövlətimizin xoşbəxt gələcəyinə böyük zəmin yaradır və Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.

 

 

Sona MƏMMƏDBƏYOVA

 

Xalq qəzeti.- 2009.- 9 sentyabr.- S. 3.