Təhsilə qayğı millətin gələcəyinə
xidmət edir
Ölkəmizin həyatında əlamətdar hadisəyə – yeni dərs ilinin başlanmasına cəmi bir neçə gün qalır. Əksər evlərdə, ailələrdə ciddi hazırlıq görülən, səbirsizliklə gözlənilən 15 Sentyabr Bilik Cünü respublikamızda ümumxalq bayramı kimi qeyd olunacaq. Xalqımız hamılıqla yeni dərs ilində balalarımıza və onların müəllimlərinə uğurlar diləyəcək.
Builki dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Təhsil haqqında” Qanunun təsdiq olunması, dövlət başçısının sərəncamı ilə keçirilən ölkənin ən yaxşı məkitəbləri və ən yaxşı müəllimləri müsabiqəsi qaliblərinin elan olunması pedaqoji kollektivlərə əsl bayram əhval-ruhiyyəsi gətirmişdir.
Bu günlərdə şəhər və rayonlarda keçirilən ənənəvi təhsil müşavirələrində ötən dərs ilinin nəticələri nəzərdən keçirilir, növbəti tədris ilinin başlıca vəzifələri müəyyənləşdirilir. Məktəblərdə sentyabrın 15-nə xüsusi hazırlıq işləri aparılır. Olduğumuz bölgələrdə, baş çəkdiyimiz məktəblərdə təmir-abadlıq tədbirlərindən sonra yaradılmış əlverişli şəraitin, ürəkaçan mənzərənin şahidi olduq. Bir sözlə, məktəblərimiz və müəllimlərimiz uzunmüddətli yay tətilindən sonra şagirdləri gözləyirlər.
Bərdə
Rəhilə İSMAYILOVA, Bərdə
Rayon Təhsil Şöbəsinin müdiri:
— Respublikamızda son illər dövlətimizin, xüsusən, ölkə rəhbəri İlham Əliyevin ən çox diqqət yetirdiyi, qayğı göstərdiyi sahələrdən biri də təhsil sisteminin hərtərəfli inkişafıdır. Məktəblərin maddi-texniki bazasının yeniləşdirilməsi, gücləndirilməsi, tədris prosesinin modernləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər bəhrəsini verməkdədir. Orta məktəb məzunlarının ümumi bilik səviyyəsi, ali məktəbləri bitirənlərin ixtisas qabiliyyəti ildən-ilə yüksəlməkdədir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil müəssisələrində aparılan genişmiqyaslı işlər də balalarımız üçün dünya standartları səviyyəsində tərbiyə və bilik ocaqları yaradılmasına ciddi töhfələr vermişdir. Builki dərs ilinə yeni təhsil qanununun prinsip və tələbləri ilə başlamağımız tarixi bir hadisədir. Pedaqoji kollektivlərin illərdən bəri gözlədiyi bu ciddi dövlət sənədi milli təhsilimizin qarşısında böyük inkişaf, yeniləşmə perspektivi açacaq.
Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi, Bərdədə də yeni dərs ilinə hazırlıq ümumrayon qayğısına çevrilmişdir. Rayon rəhbərliyinin bilavasitə köməyi ilə təhsil müəssisələrində aparılan təmir-tikinti və abadlıq işləri artıq başa çatdırılmışdır. Məktəblərin pedaqoji şuraları və rayon təhsil şöbəsi dərs ilinin əsas hədəflərini müəyyənləşdirmişdir. Başlıca məqsəd ölkəmizin gələcəyi üçün tərbiyəli, çevik, yüksək bilik və bacarıqlı nəsil yetişdirməkdir. Bütün imkan və vasitələr bu müqəddəs vəzifənin uğurla həyata keçirilməsinə səfərbər edilmişdir.
Rayonumuzda
75 ümumtəhsil məktəbi, o cümlədən 59 orta,
11 əsas, 5 ibtidai məktəb fəaliyyət göstərir.
Dövlətimizin təhsilə qayğısının nəticəsi
olaraq, son 3 ildə rayonumuzda da yeni məktəblər və əlavə
sinif otaqları tikilmişdir. Məktəblərin maddi-texniki
və tədris bazası xeyli
yaxşılaşdırılmışdır. Bərdə
şəhərində 880 yerlik, Gülgəzli kəndində
360 yerlik yeni məktəb binaları tikilmişdir. İnternat məktəbdə 260 yerlik
12 sinif otağı, Göyüşlü kəndində 160
yerlik 8 sinif otağı, Cümalar kəndində 160 yerlik 8
sinif otağı şagirdlərin istifadəsinə
verilmişdir. Kətəlparaq kəndində 640 yerlik,
Qaradırnaq kəndində isə 480 yerlik yeni tipli məktəb
binasında son tamamlama işləri başa
çatmaqdadır. Bu dərs ilində həmin məktəblər
istifadəyə veriləcək.
Ötən 3 ildə rayonun 16 orta
məktəbi əsaslı təmir olunmuşdur. Bərdə
şəhər 1, 3, 5 saylı, Lənbəran,
Mustafaağalı, Xəsili, Qarağacı, Mehdili,
Kürdborakı kənd orta, Piyadalar kənd əsas və s. məktəblərdə
tədris prosesi üçün əlverişli şərait
yaradılmışdır. Mehdixanlı, Şirvanlı, Əliyanlı,
Çələbilər, Dəymədağlı kənd orta,
Böyük Qəcər, Qullar kənd əsas məktəbləri
də dövlət vəsaiti hesabına cari təmir
edilmişdir. Ümumiyyətlə, bu il rayonun bütün
ümumtəhsil məktəblərində daxili imkanlar
hesabına cari təmir işləri
aparılmışdır.
Son 3 ildə rayonun məktəblərinə
3000-dən çox şagird stol-stulu, yazı taxtası,
şkaf, texniki təlim vasitələri və əyani vəsaitlər
verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin
İKT-nin tətbiqi ilə əlaqədar sərəncamına
uyğun olaraq, bütün məktəblər kompyuter texnikası
ilə təchiz olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin
sərəncamı ilə keçirilən “İlin ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində
keçən il rayonun akademik Zərifə Əliyeva adına
orta məktəbi, bu tədris ilində isə Bərdə
şəhər 2 saylı orta məktəb qalib olmuşdur.
Cari dərs ilində “İlin ən yaxşı müəllimi”
müsabiqəsində akademik Zərifə Əliyeva adına
orta məktəbin müəllimləri Rəna Həsənova
və Könül Kazımova, Bərdə şəhər 5
saylı orta məktəbin müəllimi Minayə Nəbbaqi
qalib olmuşlar. Son dövrdə rayonun 2 təhsil
işçisinə respublikanın əməkdar müəllimi
fəxri adı verilmiş, 2 müəllim “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
Təhsilin
humanitarlaşdırılması, demokratikləşdirilməsi
və yeni təhsil konsepsiyasının maddələrinə
uyğun olaraq, məktəblərimizdə keçən dərs
ilində də ardıcıl işlər
görülmüşdür. Yeni təlim texnologiyaları tətbiq
edilməklə, akademik Zərifə Əliyeva adına və
Bərdə şəhər 2, 3, 4, 5, 8 saylı, Kələntərli,
Şirvanlı, Yeni Daşkənd kənd orta məktəblərində
müəllimlərin açıq dərsləri dinlənilmiş,
dəyirmi masalar keçirilmişdir. Müasir təlim
üsullarının tətbiq olunması ilə uğurlu nəticələr
qazanılmışdır. “İlin ən yaxşı müəllimi”
müsabiqəsində hər il müəllimlərimiz
uğurla iştirak edərək layiqli nəticələr əldə
edirlər. Olimpiadaların respublika turunda rayon məktəblilərinin
iştirakı təmin edilir, şagirdlərimiz qaliblər
sırasında olurlar.
Məzunların ali məktəblərə
qəbulunda da sevindirici nəticələr əldə
olunmuşdur. 2007-ci ildə ali məktəblərə 235 məzunumuz,
2008-ci ildə 271 yetirməmiz, bu il isə 246 nəfər daxil
olmuşdur. Ali məktəblərə qəbul
imtahanlarında 500-dən çox bal toplayanların sayı da
ilbəil artmışdır. İnanırıq ki, növbəti
dərs ili də pedaqoji kollektivlərimiz və şagirdlərimiz
üçün uğurlu olacaq. Qarşıdan gələn
bilik günü münasibətilə müəllimlərimizi,
məktəbliləri və onların valideynlərini təbrik
edir, xalqımıza xoh müjdəli günlər
arzulayıram.
Beyləqan
Tofiq SADIQOV, Beyləqan Rayon Təhsil
Şöbəsinin müdiri:
— Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də məqsədyönlü islahatlar aparılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu islahatları Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayan dövlət başçısının diqqət və qayğısı sayəsində problemlər ardıcıl həllini tapır, genişmiqyaslı layihələr həyata keçirilir. Məhz bu qayğının nəticəsidir ki, son illərdə təhsilin inkişafına ayrılan büdcə və investisiya xərcləri bir neçə dəfə artmışdır.
Rayonumuzda da yeni məktəb binaları, əlavə tədris korpusları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, maddi-tədris bazası yaxşılaşdırılır. İnformasiya və kommunikasiya texnologiyaları və yeni dərsliklərlə təminat yüksək səviyyədədir. Bu dərs ilinə hazırlıq dövründə əksər məktəblərdə cari təmir işləri aparılıb. Beyləqan şəhər 4 saylı, Yuxarı Aran, Şahsevən kənd 2 saylı məktəbləri əsaslı təmir edilib.
Bu il rayon məktəblərini
1074 şagird qurtarıb. Onlardan
764 nəfər attestat alıb. Bu, buraxılış
imtahanı verənlərin 71 faizi deməkdir. 420 məzunumuz
ali və orta ixtisas məktəblərinə sənəd
vermişdi. 128 nəfər beyləqanlı gənc ali məktəblərə,
46 nəfər isə texnikumlara qəbul olunub. Qəbul
imtahanlarında 10 nəfər 500-dən yuxarı, 1 nəfər
isə 619 bal toplayıb. Yeri gəlmişkən deyim ki,
keçən il 500-dən yuxarı bal toplayan məzunumuz 5 nəfər
idi. Bu il 3 nəfər yetirməmiz Ali Hərbi Akademiyaya qəbul
olunub. Ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü
islahatların nəticəsidir ki, bu il ali məktəblərə
qəbul imtahanlarında məzunlarımızın göstəriciləri
xeyli yüksəlmişdir.
Keçən dərs ilində
rayonun bir növbədə işləyən 24 məktəbində
beşgünlük iş həftəsinə, digər məktəblərin
I-VI siniflərində isə yeni iş rejiminə
keçirilmişdir. İki növbədə işləyən
məktəblərin VII sinifləri də beşgünlük
iş həftəsi ilə fəaliyyət göstərir.
Ötən il I siniflərdə yeni kurrikulum uğurla tətbiq
olundu. Rayon üzrə 29 şagirdə 1 kompyuter olmaqla, 322
kompyuterdən istifadə olunur.
Hazırda rayonda 54 ümumtəhsil
məktəbi fəaliyyət göstərir. 16 minə
yaxın şagirdin təlim-tərbiyəsi ilə 2 minədək
müəllim məşğul olur. Şagirdlərin qabiliyyətlərinin
inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli
təşkili üçün 3 məktəbdənkənar
müəssisəyə – şahmat və idman məktəblərinə,
yaradıcılıq mərkəzinə 5 minədək
uşaq cəlb edilmişdir.
Təhsil şöbəsi icbari
ümumi orta təhsilin həyata keçirilməsinin təmin
edilməsi, bu prosesin respublika qanunvericiliyinin tələblərinə
uyğun təşkil edilməsi üçün Təhsil
Nazirliyinin tərtib etdiyi plana uyğun olaraq, geniş tədbirlər
planı hazırlamış, hər bir məktəbin və məktəbəqədər
tərbiyə müəssisəsinin vəzifələri
müəyyənləşdirilmişdir. Ərazi nümayəndəlikləri
üzrə məktəbyaşlıların siyahıları dəqiqləşdirilmiş,
bütün uşaqlar təhsilə cəlb edilmişdir.
Təhsil müəssisələrinin
kadr təminatı üzrə proqrama uyğun olaraq, gənc
mütəxəssislər müəllim ehtiyacı olan ucqar kənd
məktəblərinə göndərilmişdir. Onlara
dövlət proqramı əsasında güzəştli əmək
haqqı, həmçinin kommunal xərclər ödənilir.
Rayonun bəzi kənd məktəblərində müəllim
çatışmazlığı bu gün də hiss olunur.
Fizika, riyaziyyat, tarix və fiziki tərbiyə müəllimlərinə
ehtiyac var. Bir neçə məktəbdə isə xarici dil
müəllimi yoxdur. Ucqar kənd məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi və
onların tədris avadanlıqları ilə təmin
olunması diqqət mərkəzində saxlanılır.
Rayonun təhsil müəssisələrində
uğurlarla yanaşı, problemlər də qalmaqdadır.
Onların aradan qaldırılması üçün yeni dərs
ilində təlim-tərbiyə müəssisələrində
həllivacib vəzifələr və fəaliyyətin əsas
istiqamətləri müəyyənləşdirilmişdir. Təhsil
işçilərinin builki toplantısında irəli
sürülən təklif və tənqidi qeydlər nəzərə
alınmaqla, yol verilmiş nöqsanların aradan
qaldırılması rayon təhsil şöbəsi
işçilərinin, pedaqoji kollektivlərin bütün
imkanları səfərbərliyə alınacaq. Rayonun təlim-tərbiyə
müəssisələri tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində gələcəkdə də ardıcıl
və məqsədyönlü iş aparacaq.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 9 sentyabr.- S. 4.