Tariximizin canlı yaddaşı
Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var ki, onlar qorunaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Belə tarixi abidələrdən biri də tarixi yaddaşımızın canlı şahidi İçərişəhərdir. Onun tarixi barədə çox yazılıb, müxtəlif aspektlərdən tədqiqatlar aparılıb. Ona görə də biz bu şəhərin çağdaş dövrü ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik.
Bu gün İçərişəhər ictimaiyyətin diqqətini daha çox cəlb edir, onun qorunması problemi son illər müxtəlif səviyyələrdə müzakirə olunur. Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunmasına diqqət artırılmağa başlamışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrdə bu məsələyə xüsusi önəm verildi. O cümlədən, İçərişəhərin qorunması, bərpası ilə bağlı daha ciddi tədbirlər həyata keçirilməyə başlandı. Onu da deyək ki, İçərişəhərə ilk dəfə Tarix-Memarlıq Qoruğu statusu Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1977-ci ildə verilmişdir.
1988-ci ildən ölkə həyatında baş verən siyasi hadisələr bu tarix-memarlıq abidəsini unutdurmuşdu. Ancaq 2000-ci ildə bu abidənin YUNESKO-nun Dünya İrsi Siyahısına salınması ona diqqətin bir qədər artmasına səbəb oldu. Buna baxmayaraq, şəhər-muzeyin tarixi görkəminə xələl gətirən tikinti işləri davam etdirilirdi. Sözügedən mənfi halların qarşısının alınması məqsədilə ümummilli liderimiz 2003-cü il fevralın 17-də “Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda göstərilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpasına dair sənəd qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin”.
Ümummilli liderin ideyalarının davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev rəhbərliyə gəldiyi vaxtdan milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm dövlət səviyyəli proqramların həyata keçirilməsini nəzərdə tutan bir çox sənədləri imzalamışdır. O cümlədən İçərişəhərin qorunması və bərpası həmişə Prezidentimizin diqqət mərkəzində olmuşdur.
2005-ci il fevralın 10-da “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” Prezident İlham Əliyev tərəfindən sərəncam verildi. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edilib, İçərişəhərin qorunması, bərpa edilməsi prosesində yaxşılığa doğru dönüş yaratmağın yolları göstərilib. Elə həmin il fevralın 28-i və noyabrın 22-də müvafiq olaraq Qoruq və İdarənin əsasnamələrinin təsdiqi ilə bağlı sərəncamlar verilmişdir.
2006-cı il avqustun 18-də Prezidentimiz Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında yeni sərəncam imzaladı. Bu sərəncam İçərişəhərin də qorunması və bərpası ilə bağlı çox vacib məsələləri qarşıya qoymuşdur. Son illər bu istiqamətdə işlər uğurla davam etdirilmişdir.
Qeyd edim ki,
idarənin yeni əsasnaməsi hazırlanmış və
2007-ci ilin 16 may tarixində təsdiq olunmuşdur. Bu sərəncamda da idarənin
strukturu, işçilərin say həddi, idarənin tabeliyində
olan qurumların dövlət büdcəsi vəsaiti
hesabına, həmçinin özünümaliyyələşdirmə
prinsipləri əsasında fəaliyyət göstərməsi
öz əksini tapmışdır.
İçərişəhər
təkcə Azərbaycan üçün deyil, həm də bəşəri
dəyər kimi yüksək qiymətləndirilən tarixi
abidədir. Bunu YUNESKO-nun Dünya Maddi İrs Siyahısına
İçərişəhərin Qız qalası və
Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması
da təsdiq edir. Sual oluna bilər ki, onlar da bu şəhərin
strukturuna daxil ola-ola nə üçün
xatırladılmışdır. Bunun səbəbləri var.
Belə ki, həm Şirvanşahlar Saray Kompleksi, həm də
Qız qalası Azərbaycanın daxili qanunvericiliyi, eləcə
də YUNESKO tərəfindən dünya əhəmiyyətli
abidələr kimi tanınır. Fəxr etməli fakt ondan
ibarətdir ki, Azərbaycan memarlığının, Azərbaycan
tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət
irsinin qiymətli nümunəsi olan bu abidələr YUNESKO tərəfindən
ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın
dünya mədəni irsinə çox gözəl bir
töhfəsidir. İçərişəhər Azərbaycanda
birinci abidə olub ki, bu siyahıya salınıb. Bu
yaxınlarda siyahıya Qobustan Qoruğu da daxil edilmişdir.
İçərişəhər
2003-cü ildə 21 ölkənin nümayəndələrindən
ibarət Dünya İrsi Komitəsinin qərarı ilə məhv
olmaq təhlükəsi olan Ümumdünya İrsi
Siyahısına daxil edilmişdir. O vaxt bu qərarın qəbul
olunmasına 2000-ci il noyabrın 25-də Bakı şəhərində
baş vermiş güclü zəlzələnin törətdiyi
nəticələr, İçərişəhərdə
vahid idarəetmə sisteminin və lazımi nəzarətin
olmamasından irəli gələn və memarlıq abidələri
üçün təhlükə yaradan qeyri-qanuni tikinti
işləri, həmçinin İçərişəhərin
qorunması və inkişaf planının qeyri-mövcudluğu
səbəb olmuşdur. Bununla bağlı Komitə Azərbaycan
Hökumətinə görülməli olan tədbirlərə
dair öz tövsiyələrini təqdim etmişdir. İdarənin
fəaliyyəti müddətində ərazidə aparılan
bütün tikinti işləri dayandırılmış, nəqliyyatın
hərəkətinin tənzimlənməsi ilə
bağlı müvafiq işlər görülməyə
başlanmış, abidə və tarixi binaların
inventarizasiyası aparılmışdır. Ölkə
başçısının tapşırığı ilə
İçərişəhərin ərazisində yüksək
peşəkarlıqla və gözəl memarlıq
üslubunda aparılan təmir-bərpa və abadlıq
işləri təbii və insan faktorların təsiri nəticəsində
acınacaqlı vəziyyətə düşmüş bina və
abidələrə ikinci həyat bəxş etmiş,
İçərişəhərin tarixi mənzərəsinin
bərpasına öz töhfəsini vermişdir.
İçərişəhərlə
bağlı həyata keçirilən bu tədbirlərin nəticəsində
22-30 iyun 2009-cu il tarixində YUNESKO-nun İspaniyanın Sevilya
şəhərində keçirilən Ümumdünya
İrs Komitəsinin konfransında yekdilliklə belə bir qərar
qəbul olundu ki, İçərişəhərin
qorunmasına və onun dəyərinin saxlanılmasına hər
hansı bir təhlükə mövcud deyil. Bununla yanaşı,
beynəlxalq ekspertlər tövsiyə etmişlər ki, Azərbaycan
hökumətinin İçərişəhərin
qorunması və bərpası ilə bağlı
atdığı addımlar, həyata keçirdiyi tədbirlər
digər dövlətlər, xüsusən, tarixi şəhərlər
tərəfindən də öyrənilməli və nümunə
kimi qəbul olunmalıdır. Azərbaycanın bu təcrübəsinin
böyük əhəmiyyət kəsb etməsi YUNESKO tərəfindən
də təqdir olunmuşdur. Qeyd olunmuşdur ki, bu təcrübə
ümumdünya irsinin öyrənilməsi nöqteyi-nəzərindən
də çox əhəmiyyətlidir.
Ekspertlər tövsiyə etdilər
ki, 2010-cu ildə İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
Bakıda YUNESKO-nun Ümumdünya İrsi Siyahısına
daxil olan obyektlərin rəhbərləri üçün
beynəlxalq seminar keçirilsin və bu seminarda Azərbaycan
hökuməti nümayəndələri öz təcrübələrini
onlarla bölüşsünlər. Nəyə görə bu
bizi sevindirir? Biz adət etmişik ki, kiminsə təcrübəsini
öyrənək. Amma bu sahədə ölkə Prezidentinin
imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin
icrası öz müsbət nəticəsini vermişdir.
Söz yox ki, bizim üçün bu böyük fəxrdir.
İçərişəhər
artıq YUNESKO-nun təhlükədə olan abidələr
siyahısından çıxarılmışdır. Bu
gün isə qarşımızda duran başlıca vəzifələr
İçərişəhərin dünya miqyasında
tanıdılması, onun tarixi memarlığının,
etnoqrafiyasının milli xüsusiyyətləri
saxlanılmaqla bərpa edilməsi, dünyaşöhrətli
bir məkana çevrilməsi və onu Azərbaycan
xalqının zəngin tarixinin ən gözəl və
canlı bir sübutu kimi həm regionda, həm də
dünyada tanıdılmasıdır. Bu istiqamətdə
atılan ilk addımlardan biri iyul ayından başlayaraq
İçərişəhərin Qoşa Qala Qapısı
meydanında hər bazar günləri “Meydan Bazarı” adlı
mədəni-kütləvi tədbirinin keçirilməsidir.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan
xalqının qədim sənətkarlıq ənənələrinin
təbliği ilə yanaşı, Bakı sakinlərinin və
paytaxt qonaqlarının öz istirahət gününün
İçərişəhərdə keçirilməsinin
stimullaşdırılmasıdır.
Eyni zamanda, İçərişəhərdə
olan abidələrin qorunub saxlanılması, burada yaşayan
insanların sosial vəziyyətinin
yaxşılaşdırılması, turizm infrastrukturunun –
otellərin, restoranların, muzeylərin, qalereyaların, digər
elmi, mədəni mərkəzlərin fəaliyyətini ən
yüksək səviyyədə təşkil etməkdir. Təbii
olaraq bunlar asan vəzifələr deyil. Bu bizdən, ilk
növbədə, ən yeni dünya standartlarının
öyrənilməsini və tətbiq edilməsini tələb
edir.
Sirr deyil ki, burada bir sıra
problemlər mövcuddur və bunlar turizm gidlərinin
hazırlanmasından tutmuş, İçərişəhərlə
bağlı reklam və digər çap materiallarının
istədiyimiz sayda və çeşiddə olmaması kimi məsələlərə
qədər geniş spektri əhatə edir. Biz bu mərhələdə
bütün istiqamətlərdə prioritetləri, inkişaf
konsepsiyasını müəyyənləşdirir,
ardıcıl olaraq qarşıda duran vəzifələrin həllinə
nail olmaq istəyirik.
2009-cu ilin mart ayından idarənin
yeni strukturu təsdiq olunub, 70-dən artıq işçi qəbul
edilib, yeni şöbələr yaradılıb.
Bu gün biz Prezident İlham Əliyevin
sərəncamlarını və
tapşırıqlarını yerinə yetirmək
üçün ciddi tədbirlər həyata keçiririk.
Nazirlər Kabinetinin qərarına əsasən, İçərişəhərin
bufer zonasının xüsusi hüquqi rejimi barədə sənəd
hazırlanmışdır. Bu, İçərişəhərin
yaxın ətrafını əhatə edən zonadır.
Bufer zonasının müəyyənləşdirilməsinin əsas
məqsədi orada aparılan tikinti-təmir və
abadlaşdırma işlərinin İçərişəhərə
təsirini nəzərə alıb, idarə ilə
razılaşdırılmasını vacib şərt kimi qəbul
edilməsindən ibarətdir.
İçərişəhərin
unikallığı, dünyadakı digər bu cür abidələrdən
fərqi ondadır ki, İçərişəhər səhər
açılıb axşam bağlanan muzey deyil, bu canlı bir
şəhərdir. Belə bir abidənin qorunmasının
öz çətinlikləri var.
Aydındır ki, hər bir
canlı şəhər hər zaman inkişaf edir, dəyişir.
Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar.
Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda
yaşayırlar və hər gün də XII, XV, XVII əsrin
abidələri ilə ünsiyyətdə olurlar.
Biz artıq qala divarlarının
qismən bərpasına başlamışıq və bu
işlərin Dövlət İnvestisiya Proqramı çərçivəsində
gələcəkdə davam etdirilməsini nəzərdə
tuturuq. Ümumiyyətlə, bərpa işi bizim
üçün ən önəmli prioritetlərdən
biridir. Tək yerli mütəxəssislərin deyil,
aparıcı Avropa və dünya bərpaçılarının
təcrübəsindən bəhrələnmək istəyirik.
Hazırda Polşanın Dövlət Bərpa Agentliyi ilə
anlaşma memorandumu imzalamışıq. Belə ki, İkinci
Dünya müharibəsi dövründə tamamilə
dağıdılmış Varşavanın bərpasında
Polşa mütəxəssisləri böyük təcrübə
qazanmışlar. Avstriya, Almaniya dövlətləri və mütəxəssisləri
ilə əməkdaşlıq qurmuşuq. Belə əməkdaşlıqda
bizim üçün seçim meyarlarından biri də xarici
mütəxəssis və memarların İslam və Şərq
memarlığı ilə tanışlığı və
bilgiləridir. Qərbi Avropa memarlığı ənənəvi
Şərq memarlığından, o cümlədən, Azərbaycan
memarlığından kifayət qədər fərqlənir.
Bərpa prosesi zamanı biz çalışırıq ki,
tarixi irsimiz, milli memarlıq xüsusiyyətlərimiz
saxlanılsın.
İdarəmizdə tədqiqat
işləri aparmaq üçün Elmi-mədəni mərkəz
də fəaliyyət göstərir. Bu mərkəz
İçərişəhərin öyrənilməsi və
təbliği ilə məşğuldur. Bu o demək deyil ki,
biz ölkənin digər elmi mərkəzləri ilə əlaqə
saxlamırıq. Biz İçərişəhərə
ümumxalq irsi kimi baxırıq. Ən aparıcı mütəxəssislər
bu sahəyə cəlb olunmalıdır. 2009-cu ildə
apardığımız tədqiqatlar nəticəsində
Kiçik Qala küçəsində köhnə kəhriz
aşkar etdik. Mütəxəssislər ona baxış
keçirdilər. Rəylərini bildirdilər ki, onlar orta əsrlərə
aid kəhrizlərdir. Biz bu kəhrizləri tarixi abidə kimi
saxlamaq barədə qərar qəbul etmişik. Əlbəttə,
deyiləsi faktlar çoxdur.
Bu yazını Prezident İlham Əliyevin
İçərişəhərlə bağlı Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında dediyi və bizim üçün Proqram xarakteri
daşıyan bu sözlərilə yekunlaşdırmaq istəyirəm:
“Bizim tarixi yerlərimiz – İçərişəhər bu
gün öz tarixi simasını özünə qaytarır.
Görülən tədbirlər nəticəsində
İçərişəhər YUNESKO-nun qara
siyahısından çıxarılmışdır.
İçərişəhər öz tarixi simasını
qorumalıdır. Eyni zamanda, orada təmir-bərpa işləri
ancaq tarixi irsimizi nəzərə almaqla
aparılmalıdır. İçərişəhər, eyni
zamanda, turistlər üçün də rahat yer
olmalıdır və turizmi inkişaf etdirmək
üçün orada əlavə infrastrukturun
yaradılması da nəzərdə tutulur.”.
Mikayıl CABBAROV
Xalq qəzeti.- 2009.- 9 sentyabr.- S. 6.