“Əsrin müqaviləsi”–15
Neft strategiyasının
uğurları ölkəmizin iqtisadi qüdrətini daha da
artırır
“Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı Azərbaycan iqtidarının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda “Əsrin müqaviləsi”nin imzalanması bir çoxlarına əfsanə kimi görünürdü.
Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq və qətiyyət tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli liderimiz Heydər Əliyev kənar maneələrə mətinliklə sinə gərərək Qərbin aparıcı şirkətlərini bu müqavilənin səmərəliliyinə inandıra bildi. Nəhayət, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi.
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni iş yerlərinin açılmasını təmin etmiş, ölkəyə xarici investisiya axınını sürətləndirmişdir. Xarici şirkətlərlə imzalanmış neft-qaz müqavilələri iqtisadiyyatın digər sahələrinin inkişafına əsaslı təkan vermiş, iqtisadi proseslərdə yüksək dinamizmin əldə oluması, əhalinin maddi-rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi paralel olaraq milli sahibkarlığın formalaşması prosesini də sürətləndirmişdir.
2006-cı il mayın 28-də “Əsrin müqaviləsi” çərçivəsində daha bir ciddi uğura imza atılmış, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə neft strategiyasının həyata keçirilməsində yeni mərhələ başlanmış, “üç dənizin əfsanəsi” reallığa çevrilmişdir. Bu hadisə Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləmişdir. Tarixi təcrübə göstərir ki, hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə səmərəli istifadə etmək uzaq hədəflərə hesablanmış, praqmatik siyasət yeridilməsini zərurətə çevirir. Əks halda, neftin zənginliyi dövlətlərə xoşbəxtlik deyil, yalnız arzuolunmaz problemlər gətirir. İnkarolunmaz reallıqdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Xəzər dənizində iqtisadi və strateji maraqlarını təmin etmək, təbii sərvətlərindən səmərəli şəkildə yararlanmaq baxımından ciddi problemlərlə qarşılaşmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və gerçəkləşdirilməsinə əsaslı zəmin formalaşdırmışdır. Ulu öndərimiz böyük strateq olaraq iqtisadi inkişafda yüksək dinamizmin əldə olunmasının ümdə şərti kimi məhz milli maraqlara söykənən yeni neft diplomatiyasına üstünlük vermişdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə edilməsini son dərəcə vacib saymış, ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin və bu təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən ulu öndərimiz Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. Bu, heç də asan məsələ deyildi – 1993-cü ilin əvvəllərində hazırlanan yarıtmaz layihə iqtisadi və siyasi baxımdan Azərbaycanın mənafeyinə heç də adekvat olmamışdır. Milli maraqları siyasi fəaliyyətində hər zaman uca tutan dahi şəxsiyyət Heydər Əliyev əvvəlki prinsiplərin yolverilməzliyini bəyan edərək Qərb şirkətləri ilə danışıqların yeni format və şərtlər əsasında aparılmasına nail olmuşdur.
Uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında o zaman ARDNŞ-in vitse-prezidenti vəzifəsini daşıyan cənab İlham Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Onun üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdür. “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı apardığı danışıqlarda cənab İlham Əliyev prinsipiallıq, qətiyyət və iradə nümayiş etdirmişdir. Təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması üçün Türkiyəyə, daha sonra isə yeni danışıqlara başlamaq məqsədilə ABŞ-ın Hyuston şəhərinə gedən İlham Əliyev burada diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirmiş, opponentlərində inam və etimad formalaşdırmağa nail olmuşdur.
“Əsrin müqaviləsi” azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni iş yerlərinin açılmasını təmin etmiş, ölkəyə investisiya axınını sürətləndirmişdir. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının əsasını qoymuş, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin yaratmışdır. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent formalaşmışdır. Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, müstəqil respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir...
“Əsrin müqaviləsi” imzalanandan sonra hasil olunacaq milyonlarla ton xam nefti Qərb bazarlarına çıxaracaq boru kəmərlərinin hansı ölkələrdən keçəcəyi də uzun müddət mübahisəli müzakirə mövzularından biri olmuşdur. İlk gündən bununla əlaqədar müxtəlif təklif və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təsir cəhdləri özünü qabarıq büruzə verirdi. Fəqət, ulu öndərimiz Heydər Əliyevin dəmir iradəsi, prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar ayında “Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir.
Geosiyasi amillərlə bağlı ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi alternativ layihələr üzərində də gərgin iş aparılmasını tələb edirdi. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı–Tbilisi–Supsa marşrutu ilə nəqli haqqında Azərbaycanla Gürcüstan hökumətləri arasında saziş imzalandı. 1999-cu ilin 17 aprelində müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə yaşandı. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 kilometr, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Bununla belə, həmin kəmərlər Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəmək iqtidarında deyildi. “Əsrin müqaviləsi” çərçivəsində neft yataqlarının mənimsənilməsinə başlanılması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını zərurətə çevirmişdi. Ulu öndərimiz Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ ötən əsrin 90-cı illərinin ortalarında vermiş, Bakı–Tbilisi–Ceyhan neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu kəmərin tərəfdarları az olduğundan, onun reallaşması da əfsanəyə bənzəyirdi. Buna baxmayaraq, Azərbaycan xalqının mənafelərini hər şeydən uca tutan dahi öndərimiz Heydər Əliyev böyük diplomatik ustalıqla bu kəmərin alternativsizliyini “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərə və onların təmsilçisi olan dövlətlərə qəbul etdirə bildi. İqtisadi cəhətdən nisbətən baha başa gəlməsinə rəğmən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin üzərində dayanan Heydər Əliyev bunun strateji və siyasi baxımdan ən optimal qərar olduğunu sübuta yetirdi.
1998-ci ilin 29 oktyabrında Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan, Türkiyə və Gürcüstan
prezidentlərinin BTC-nin tikintisi ilə bağlı “
Neft kapitalı insan kapitalına
çevrilir
Azərbaycanın iştirakçısı
və təşəbbüsçüsü olduğu layihələrin
uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi və
siyasi qüdrətini daha da artırır. Dünya
Bankının məlumatına görə, neft
satışından 2020-ci ilə qədər 200 milyard dollar vəsait
toplanacaq. Bu, Azərbaycanın iqtisadi potensialı barədə
aydın təsəvvür yaradır. Bu, eyni zamanda, Azərbaycanın
qeyri-neft sektorunun neft amili hesabına illər keçdikcə
gücləndirilməsi imkanının mövcudluğunu
göstərir. Burada bir faktı da xatırlatmaq yerinə
düşər: son üç ildə dövlət büdcəsinin
10 dəfə artması iqtisadi inkişafın hansı səviyyədə
olduğunu açıqlayır. Ötən ilin dövlət
büdcəsi 7,5 milyard manat idi. 2009-cu ilin icmal büdcəsi
isə 12 milyard manatdır.
Bəli, Azərbaycanın
bugünkü neft-qaz sənayesinin inkişafı, bu sahədə
əldə edilən müsbət göstəricilər
ölkəmizin gələcək tərəqqisi
üçün geniş imkanlar açır. Bu barədə
ölkə Prezidenti İlham Əliyev demişdir: “1994-cü
ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü
ilə başlanmış işlər bu gün artıq qitə
miqyası almışdır və söz yoxdur ki, gələcəkdə
regionun geosiyasi konfiqurasiyasında, siyasi proseslərin və
inteqrasiyanın inkişafında çox mühüm rol
oynayacaqdır”.
Bakı–Tbilisi–Ceyhan və
Bakı–Tbilisi–Ərzurum neft-qaz kəmərlərinin
reallaşdırılması ilə Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin təminatçısına
çevrilib. Ölkəmizin bugünkü iqtisadi
imkanlarını nəzərə alan dünya dövlətləri,
beynəlxalq təşkilatlar respublikamızın gələcəkdə
bu rolunu daha da möhkəmləndirəcəyinə əminliklərini
ifadə edirlər.
Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsində,
yeri və rolunun artmasında, mövqelərinin genişlənməsində
neft strategiyasının əhəmiyyətini xüsusi
vurğulayan Prezident İlham Əliyev “Azərbaycanın daha
qüdrətli dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir”
vədinə sadiqlik nümayiş etdirməklə ölkəmizin
hərtərəfli inkişafına nail olur.
“Neft bizim
üçün məqsəd yox, vasitə olmalıdır”
deyən Prezident İlham Əliyev bu gün ölkəmizin
iqtisadi və siyasi qüdrətinin artmasında, əsl söz
sahibinə çevrilməsində bu amilin rolunu xüsusi qeyd
edir. Azərbaycanın iştirakı olmadan bölgədə
hansısa bir iqtisadi və siyasi layihənin
reallaşmasından söhbət gedə bilmirsə, bu,
dövlətimizin düşünülmüş və məqsədyönlü
siyasətinin nəticəsidir.
Bəli, məhz
düşünülmüş siyasətin hesabına
sosial-iqtisadi sahələrdə dinamik inkişaf aydın nəzərə
çarpır. Belə ki, son beş ildə iqtisadiyyat 2,6 dəfə
artmışdır. Adambaşına düşən gəlir
5500 dollara çatmışdır. Sənayeləşmə
prosesi geniş vüsət almışdır. Bunu sənaye
istehsalının 2,5 dəfə artması da aydın göstərir.
Qeyri-neft sektorunun inkişafı sənaye müəssisələrinin
işə düşməsinə də öz müsbət təsirini
göstərmişdir. Elə buna görə də beş il ərzində
766 min yeni iş yeri açılıb ki, bunun da 547 mini
daimidir. Yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə
enmişdir.
İqtisadiyyatın inkişafı
sosial sahəyə də öz müsbət təsirini
göstərir. Ölkənin bütün regionlarında
sosial-mədəni infrastruktur yeniləşdirilir, insanların
həyat tərzi yaxşılaşır. Son beş ildə əhalinin
gəlirləri 4 dəfə, minimum əmək haqqı 8,3 dəfə,
minimum pensiya təxminən 4 dəfə artmışdır.
Neft amili hesabına
qeyri-neft sektorunu getdikcə canlandırmaq, insanların sosial-məişət
şəraitini yaxşılaşdırmaq Prezident İlham Əliyev
tərəfindən prioritet vəzifə sayılır. Bununla
bağlı dövlət başçımız demişdir:
“Biz çalışmalıyıq və
çalışırıq ki, bu gözəl imkanlardan gələcəkdə
də səmərəli istifadə edək, Azərbaycanı
hərtərəfli inkişaf etdirək. Bu gün Azərbaycanın
enerji potensialı ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərir. Biz neft
kapitalını insan kapitalına çeviririk. Bu gün neftdən
əldə olunan gəlirlər sosial məsələlərin
həllinə yönəldilib. Bu gün işğaldan əziyyət
çəkən soydaşlarımız yeni qəsəbələrə
köçürülür. Azərbaycanda bir dənə də
çadır şəhərciyi qalmayıb. Bu, məhz neft
siyasətinin sayəsində mümkün olub. Minlərlə
yeni məktəblər, yüzlərlə yeni xəstəxanalar,
yollar, elektrik stansiyaları bugünkü Azərbaycanın
reallıqlarıdır və bunun təməlində enerji
siyasəti dayanır”.
Neft gəlirləri səmərəli istifadə edilir
Neftdən əldə
olunan gəlirlərin səmərəli istifadəsi
mühüm sosial-iqtisadi layihələri reallaşdırmaq
üçün geniş imkanlar açır. Prezident
İlham Əliyev çıxışlarında daim neft gəlirlərindən
istifadəyə nəzarətin gücləndirilməsinin
vacibliyini bildirir. Neftdən əldə olunan gəlirlər
Dövlət Neft Fondunda toplanır. Ulu öndərimiz Heydər
Əliyevin təşəbbüsü ilə yaradılan
Dövlət Neft Fondunun fəaliyyəti şəffaflıq
prinsipi üzərində qurulub.
Bu ilin birinci
yarısında Dövlət Neft Fondu maliyyələşdirilən
layihələr üzrə işləri davam etdirmişdir. Bu
ilin yanvar-iyun ayları ərzində fondun büdcə gəlirləri
3156,3 milyon manat, büdcə xərcləri isə 2685,7 milyon
manat olmuşdur. Həmin dövr ərzində fondun neft
sazişlərinin həyata keçirilməsi ilə
bağlı gəlirləri 2989,3 milyon manat, o cümlədən
mənfəət neftinin və qazın satışından
2907,6 milyon manat, tranzit gəlirləri 5 milyon manat, Heydər Əliyev
adına BTC əsas ixrac boru kəməri layihəsi üzrə
dividentlərdən 75,5 milyon manat təşkil edib. Bu ilin
birinci yarısında Neft Fondunun vəsaitlərinin idarə
olunmasından əldə olunan gəlir 167 milyon manata bərabər
olub.
Hesabat dövrü ərzində
fondun 2009-cu il büdcəsinin icrası çərçivəsində
2530,0 milyon manat vəsait dövlət büdcəsinə
transfer edilib. Qaçqın və məcburi
köçkün ailələrinin məskunlaşdırılması
və sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması üçün tədbirlərin
icrasına 20,2 milyon manat, Samur–Abşeron suvarma sisteminin yenidən
qurulmasına və Oğuz–Qəbələ–Bakı su kəmərinin
çəkilişinə müvafiq olaraq 61,9 milyon manat və
68,5 milyon manat vəsait yönəldilmişdir. Bütün
bunlarla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin
və Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almalarının maliyyələşdirilməsinə
də fond tərəfindən vəsait
ayrılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 10 sentyabr.- S. 3.