“Əsrin müqaviləsi” - 15

 

Azərbaycanın neft-qaz sənayesi dünya səviyyəli infrastruktura malikdir

 

Azərbaycanın sürətli iqtisadi inkişafının məhək daşı sayılan, ölkəmizin siyasi müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 15-ci ili tamam olur. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən geniş miqyaslı layihələr, ölkəmizə yönəldilən iri həcmli xarici investisiyalar Azərbaycanın neft sənayesinin tamamilə yeniləşməsinə, texniki və texnoloji cəhətdən inkişaf etməsinə möhkəm zəmin yaratmışdır.

 

Neft və qaz hasilatının artması nəticəsində ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin edilmişdir. İndi qətiyyətlə demək olar ki, Azərbaycan inamla dünya enerji bazarına daxil olmuş, burada özünü etibarlı tərəfdaş kimi göstərmişdir.

“Əsrin müqaviləsi”nin reallaşmasında xarici şirkətlərlə əsas tərəfdaşlardan biri kimi səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ötən müddətdə neft-qaz sənayesinin müasirləşdirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Hazırda şirkət Xəzərin Azərbaycan sektorunda çətin mənimsənilən strukturlarda müstəqil çalışmaq üçün müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. Şirkətdə həm quru, həm də dənizdəki neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrları çalışır. Heç şübhəsiz, şirkətin müasirləşməsi və yenilənməsi istiqamətində həyata keçirilən işlərin əsas məqsədi və son hədəfi xalqımızın həyat səviyyəsini durmadan yüksəltmək, dövlətimizin siyasi və iqtisadi qüdrətini möhkəmləndirməkdən ibarətdir.

Ötən 15 il ərzində Azərbaycan neftçilərinin xarici tərəfdaşlarla birgə səmərəli fəaliyyəti ölkəmizə böyük uğurlar gətirmişdir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı, Azərbaycanın yeni neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması birgə fəaliyyətin genişləndirilməsinə, nəzərdə tutulmuş layihələrin vaxtında icra olunmasına təkan vermişdir. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, neft sənayesinin geniş imkanları da öz növbəsində ARDNŞ-lə tərəfdaşlıqda işləyən xarici neft şirkətlərinin ölkəmizə inamını xeyli artırmışdır. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi zamanı lazımi qurğu və avadanlıqların əksər hissəsi xaricdən gətirilirdisə, sonrakı mərhələdə ARDNŞ-ə məxsus infrastruktur və kommunikasiyalardan istifadə olunmasına üstünlük verilmişdir. Xəzər dənizinin böyük dərinliklərdə yerləşən sahələrində kəşfiyyat quyularının qazılmasını təmin etmək məqsədilə əvvəllər ARDNŞ-in balansında olan “Dədə Qorqud” və “İstiqlal” yarımdalma üzən qazma qurğuları əsaslı təmir edilərək modernləşdirilmiş, “Qurtuluş” və “Lider” adları verilmiş analoji qurğular inşa olunmuşdur.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə mərhələsi çərçivəsində nəzərdə tutulmuş nəhəng tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün Bakı Dərin Özüllər Zavodunun tikinti meydançası, eləcə də Bibiheybət tikinti sahəsi dünya standartları səviyyəsində yenidən qurulmuş, bununla da Xəzər dənizində müasir, nəhəng platformaların inşası üçün hərtərəfli şərait yaradılmışdır. Xüsusən də ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı Dərin Özüllər Zavodu “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş layihələrin reallaşdırılmasında müstəsna rol oynamışdır. Bütövlükdə isə Azərbaycanda hasil olunan neftin böyük bir hissəsinin çıxarıldığı “Çıraq”, “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli” platformaları və onların üst modulları məhz bu zavodda inşa olunmuşdur.

Zavod bu gün də istər AÇG yataqlar bokunda, istər xarici tərəfdaşlarla birlikdə həyata keçirilən digər layihələr çərçivəsində, istərsə də ARDNŞ-in müxtəlif proqramlarının icrası məqsədilə müasir qurğu və obyektlərin tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma işləri aparılan nəhəng stasionar özüllərin və onların dayaq bloklarının inşası kimi mühüm missiyanı şərəflə yerinə yetirir. Son dövrdə “Günəşli” yatağı üçün inşa edilən və hündürlüyü 92 metr olan dəniz özülünün, “28 May” NQÇİ-nin qaz-lift sisteminin cəmlənəcəyi ikibloklu texnoloji platformanın, “Darvin bankəsi” yatağında quraşdırılacaq 660 nömrəli platformanın 9 blokunun inşası da burada həyata keçirilib. Artıq tikintisi başa çatdırılan həmin obyektlər istismara hazırdır. Bundan əlavə, “Abşeronneft” NQÇİ-də quraşdırılması nəzərdə tutulan 660, 620, 190 və 1100 saylı özüllərin inşası davam etdirilir. Eyni zamanda, “Əsrin müqaviləsi” çərçivəsində yeni layihələndirilən Qərbi Çıraq platforması üçün qazma modulunun tikintisi də ilk dəfə olaraq Azərbaycanda - Dərin Özüllər Zavodunda həyata keçiriləcəkdir.

Dövlət Neft Şirkəti tərəfindən infrastrukturun təkmilləşdirilməsi, yenilərinin yaradılması təkcə əlavə iş yerləri və maliyyə gəlirləri baxımından deyil, istehsalat potensialının inkişafı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və mənimsənilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox əhəmiyyətlidir. Məhz qazanılmış təcrübələrə və inkişaf etdirilmiş infrastrukturlara arxalanaraq, ARDNŞ yeni perspektivli yataqların öz gücü ilə işlənilməsi istiqamətində əməli fəaliyyətə başlamışdır. Bu il şirkət 20 illik fasilədən sonra ilk dəfə olaraq daxili imkanları hesabına “Ümid” perspektiv strukturunda geoloji işlərə başlamışdır. Bu məqsədlə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmiş “Ümid-1" platforması və onun üst modulları layihə yerində quraşdırılmış, buradan ilk kəşfiyyat quyusunun qazılmasına start verilmişdir.

“Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş bir sıra işlərin yerinə yetirilməsində ARDNŞ-in balansında olan nadir kəşfiyyat, kran, təchizat və yedək gəmilərinin xidmətindən də geniş istifadə edilmişdir. Xarici şirkətlərin sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirən Neft Donanması illər keçdikcə yeni texnika və texnologiyalarla təkmilləşdirilmiş, kadrların peşəkarlığı artırılmışdır. Məhz bunun nəticəsidir ki, donanmanın gəmiləri indi ARDNŞ-in idarə və müəssisələrinin sifarişlərini yerinə yetirməklə yanaşı, Xəzər hövzəsində çalışan bir çox xarici şirkətlərin də diqqətini özünə daha çox cəlb edir. Təkcə onu demək kifayətdir ki, Xəzər Dəniz Neft Donanmasının gəmiləri ötən müddətdə ABƏŞ-in sifarişlərinə əsasən, sualtı boru kəmərlərinin çəkilişini təmin etmiş, Xəzərin Azərbaycan sektoru üçün tikilmiş platformaların, dayaq bloklarının hasilat nöqtələrinə nəqli, dəniz obyektlərinin quraşdırılması, onların təhlükəsizliyinin təmin edilməsi, dalğıc işlərinin görülməsi kimi yüzlərlə mürəkkəb əməliyyatları uğurla həyata keçirmişdir. Donanmanın gəmiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı buxtasının ekoloji cəhətdən təmizlənməsi işlərində də fəallıq göstərirlər. SOCAR ASM MMC tərəfindən Bakı buxtasında və Neft Daşlarında dənizin dibinin metal konstruksiyalardan və batmış gəmilərdən təmizlənməsi ilə bağlı görülmüş işləri buna misal göstərmək olar. Donanmanın balansındakı nəqliyyat vasitələrinin və digər avadanlıqların modernləşdirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, iri tutumlu barjlar, üzən kranlar, yüksək sürətli katerlər, sərnişin teploxodları mütəmadi olaraq yoxlama və müayinədən keçirilir, cari və əsaslı təmir olunur. Hazırda Xəzər Dəniz Neft Donanmasının balansında 263 gəmi, o cümlədən 7 ədəd üzən emalatxana və tərsanə var. Bu il onlardan 49-u təmir edilərək istismara verilmişdir. Bundan əlavə, ARDNŞ Xəzər hövzəsində ən müasir avadanlıqlarla təchiz olunmuş yeni gəmilərin alınmasına da diqqət yetirir. ARDNŞ-in Xəzər Dəniz Neft Donanması ilə Böyük Britaniyanın “BYUİ” şirkətinin yaratdığı “Byui-Caspian” gəmi menecmenti alyansı tərəfindən hazırda Xəzərin Azərbaycan sektorunda 14 gəmi istismar olunur. Bunlardan 11-i yeni tikilərək və ya alınaraq Bakıya gətirilmişdir.

Son illər Dövlət Neft Şirkətində uzun müddət istismarda olan sənaye infrastrukturlarının yenidən qurulmasına da xüsusi diqqət yetirilir. Belə ki, şirkət rəhbərliyinin qərarı ilə böyük xərclər hesabına yeni özüllər tikmək əvəzinə mövcud özüllərdən yüksək hasilatlı quyuların qazılmasına daha böyük üstünlük verilir, yataqların işlənməsinin və neftçıxarmanın optimallaşdırılması məqsədilə mövcud platformalarda yenidənqurma və genişləndirmə işləri aparılır. “Günəşli”, “8 Mart”, “Bulla-dəniz” və “Bahar” yataqlarındakı istismarda olan bir sıra platformalarda son zamanlar aparılan bu işlər əlavə quyuların qazılmasına imkan yaradacaq.

Azərbaycanda və bütün dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu əfsanəvi “Neft Daşları”nın inkişafı proqramı da uğurla həyata keçirilir, yataqda bir sıra təxirəsalınmaz tədbirlər görülür. Ötən il burada beynəlxalq standartlara cavab verən yeni rezervuar parkı inşa edilib. Bu il estakadaların və digər hidrotexniki qurğuların təmirinə 10 milyon manatdan çox, sualtı boru kəmərlərinin təmirinə isə 1,4 milyon manat vəsait ayrılıb. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Neft Daşları”nda hasilatı 1,5 dəfə artıraraq illik 812 min tondan 1,2 milyon tona çatdırmaq tapşırığı qoymuşdur. Artıq bir neçə ildir ki, ARDNŞ-in bu istiqamətdə göstərdiyi məqsədyönlü fəaliyyət nəticəsində “Neftqazelmitədqiqatlayihə” institutunun, “Neftqaztikinti” trestinin, geoloqların, qazmaçıların, dənizçilərin səyləri bu vəzifənin həyata keşirilməsinə yönəldilmişdir. Son üç ildə “Neft Daşları” üçün 60 quyuluq 3 yeni platforma inşa edilərək istismara verilmişdir. Hasilat həcmlərini sabitləşdirmək və artırmaq məqsədilə 2010-cu ilədək burada daha 78 yeni quyunun qazılması planlaşdırılır. Bunun üçün isə bir neçə yeni platforma inşa olunmalıdır. Artıq bu istiqamətdə konkret işlərə başlanılmış, 2415 nömrəli platforma dənizin 23 metr dərinliyində quraşdırılmışdır. 2521 və 2512 nömrəli platformalar isə inşa və montaj prosesindədir. 2009-cu ildə “Neft Daşları”nda hasilata başlanılmasının 60 illiyi tamam olur. Yubiley ilində qazmadan 21 quyu alınacaq ki, bunun da nəticəsində 1 milyon 20 min ton neft hasil edilməsi planlaşdırılır. Bundan əlavə, “Neft Daşları”nda 2521 və 2585 saylı dəniz özüllərinin yenidən qurulması işləri davam etdirilir.

Ötən illər yeni informasiya texnologiyalarına yiyələnmək baxımından xeyli iş görülmüşdür. ARDNŞ-in bütün idarə və müəssisələrində, hətta dənizdə, sahildən ən uzaq məsafələrdə yerləşən özüllərdə də kompyuterləşdirmə prosesi tam başa çatdırılmışdır. Artıq şirkətin informasiya və telekommunikasiya şəbəkəsi beynəlxalq standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 11 sentyabr.- S. 3.