“Təhsil haqqında”
Qanun -inkişafımızı və xoşbəxt gələcəyimizi əks
etdirən sənəd
Bu günlərdə “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
mətbuatda dərc olunmuşdur. Qeyd etmək lazımdır
ki, çoxdan gözlənilən qanunun qüvvəyə minməsi
ölkə ictimaiyyəti tərəfindən böyük
maraq və razılıqla qarşılanmışdır. Təbii
ki, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin
pedaqoji kollektivləri yeni qanunun hər bir fəslini, hər
bir maddəsini, buradakı yenilikləri daha diqqətlə izləyir,
gələcək fəaliyyətlərində əsas tutmaq
üçün onları dərindən öyrənməyə
çalışırlar. Belə kollektivlərdən biri də
Azərbaycan Müəllimlər İnstitutu Gəncə
filialıdır. Müsahibimiz filialın direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan
Respublikasının əməkdar müəllimi Ramiz Məmmədovdur.
- Ramiz müəllim, “Təhsil
haqqında” Qanunun yeni dərs ili ərəfəsində
qüvvəyə minməsi, heç şübhəsiz, ilk
növbədə müəllimlərin və tələbələrin
hədsiz razılığına səbəb olub...
- Mən belə hesab
edirəm ki, yeni qanunun qüvvəyə minməsi
bütövlükdə ölkənin ictimai-siyasi həyatında
mühüm hadisədir. Çünki “Təhsil haqqında”
Qanunun digər qanunlardan fərqi ondadır ki, cəmiyyətdə
hamı istər-istəməz bu qanunla maraqlanır, onun
müddəalarını öyrənir. Elə ailə yoxdur
ki, onun üzvləri, xüsusilə övladları təhsillə
bağlı olmasın. Belə olan tərzdə bu qanunun necə
böyük əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə
hədsiz maraq yaratdığın görməmək
mümkün deyil. Təsadüfi deyil ki, ölkə
başçısı cənab İlham Əliyevin
imzaladığı “Təhsil haqqında” Qanunun giriş hissəsində
deyilir: “Azərbaycan Respublikasında təhsil dünyəvi və
fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin
və dövlətin maraqlarını əks etdirən strateji
əhəmiyyətli prioritet fəaliyyət sahəsidir”.
- Xahiş edirik, yeni
qanun haqqında oxuculara bir qədər ətraflı məlumat
verəsiniz.
- “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanunu 6 fəsildən və
47 maddədən ibarətdir. Birinci fəsildə ümumi
müddəalar verilir. Yəni əsas anlayışlar, təhsil
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri,
təhsilin əsas məqsədi, təhsil hüququna dövlət
təminatı, təhsil sahəsində dövlət
standartları, tədris dili haqqında çox aydın,
konkret maddələr var. İkinci fəsildə
respublikamızda təhsil sistemi haqqında maddələr
öz əksini tapıb. Bunlar təhsil sisteminin quruluşu,
onun keyfiyyət səviyyəsi, təhsilin formaları, təhsil
müəssisəsinin təsisçisi, təhsilin pillələri
və səviyyələri, həmçinin məktəbəqədər
təhsil, ümumtəhsil, orta ixtisas və ali təhsil,
doktorantura, əlavə təhsil və digər məsələlərdir.
Sonrakı fəsillərdə
təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin
hüquq və vəzifələri, sosial müdafiəsi, təhsilin
iqtisadiyyatı, təhsil sahəsində beynəlxalq əlaqələr
haqqında müddəalar öz əksini tapıb.
- Ramiz müəllim, yəqin
ki, sizi qanunun ali təhsillə bağlı 24-cü maddəsi
daha çox maraqlandırır. Çünki ali təhsil
müəssisəsində çalışırsınız,
Azərbaycan Müəllimlər İnstitutunun ən
böyük filiallarından birinə rəhbərlik edirsiniz.
- Xeyr, mən belə deməzdim.
Əvvəla nəzərə almaq lazımdır ki, biz
pedaqoji kadrlar, müəllimlər hazırlayırıq. Bu
peşə sahibləri isə təhsilin bütün pillələrində
təmsil olunur. Yəni məktəbəqədər təhsil
müəssisəsindən tutmuş ali təhsil müəssisələrində
çalışan kadrlara qədər hazırlanır. Ona
görə də “Təhsil haqqında” Qanunun demək olar ki, əksər
maddələri bilavasitə işimizlə, faliyyətimizlə
bağlıdır.
Ümumiyyətlə,
söhbətimizin əvvəlində qeyd etdim ki, təhsil cəmiyyətin
demək olar ki, bütün təbəqələrini əhatə
edir. Məsələn, qanunun ikinci fəslində, təhsil
sisteminin quruluşu ilə bağlı 8-ci maddəsində
deyilir ki, bütün təhsil müəssisələri, təlim-tərbiyə
prosesi ilə məşğul olan və təhsil xidmətləri
göstərən digər qurumlar, təhsil fəaliyyətini
və onun inkişafını təmin edən elmi-tədqiqat
institutları və informasiya mərkəzləri, layihə,
istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq
strukturları, idman, istirahət və sağlamlıq kompleksləri,
kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları,
kitabxanalar, yataqxanalar, düşərgələr və digər
infrastruktur obyektləri təhsil sisteminə daxildir. O ki
qaldı konkret ali təhsillə bağlı, burada çox dəyərli
bizim hər birimizin hədsiz marağına və
razılığına səbəb olan müddəalar qanunda
öz əksini tapıb. Əvvəla, ali və orta ixtisas məktəblərinə
tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki
təhsil pilləsində əldə etdikləri nailiyyətlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada nəzərə alınır. Qanunun 26-cı maddəsinin
5-ci bəndi bir sıra istedadlı məktəb məzunları
üçün geniş imtiyazlar verilməsini təsdiq edir. Burada
deyilir ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli
beynəlxalq müsabiqələrin və yarışların
qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar. Bu
olimpiadaların, beynəlxalq müsabiqələrin və
yarışların siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Peşəyönümü,
peşə sistemi ilə bağlı tez-tez orta ümumtəhsil
məktəblərində oluram. Bəzən elə
istedadlı, qabiliyyətli şagirdlərlə
rastlaşırıq ki, adam fəxr edir. Amma bir qədər
sonra eşidəndə ki, həmin yeniyetmə ali məktəbə
qəbul oluna bilməyib, çox təəssüf hissi
keçiririk. Amma indi bu cür uşaqlar müsabiqədənkənar
qəbul olunacaqlar.
- Yeni qanunda həm təhsil
alana, həm də təhsil verənə geniş hüquqlar
verilib, onların vəzifələri müəyyənləşdirilib.
Sizin rəhbərlik etdiyiniz tədris müəssisəsi
bütün bunlara hazırdırmı?
- Təhsil alanların
hüquq və vəzifələrindən bəhs edən 32-ci
maddədəki bəndlərin birində deyilir ki, təhsil
alan dövlət təhsil standartlarına uyğun keyfiyyətli
təhsil almaq hüququna malikdir. O, ali təhsil müəssisəsinin
tədris planlarına uyğun olaraq tədris fənlərini,
semestrlər üzrə kreditlərin miqdarını, təhsil
verənləri və tyutorları sərbəst seçə
bilər. Yaxud tələbənin hüququdur ki, o
sağlamlıq üçün təhlükəsiz və zərərsiz
təhsil şəraiti ilə təmin olunsun. Deməli, bizim məsuliyyətimiz
qat-qat artır. Elə şərait yaratmalıyıq ki, tələbənin
hüquqları pozulmasın. Təvazökarlıqdan uzaq olsa
da qeyd etməliyəm ki, biz tələbələrimiz
üçün istənilən şəraiti
yaratmışıq ki, onlar lazımi, keyfiyyətli təhsil
ala bilsinlər. Yarandığı ilk ildə cəmi 250 nəfər
tələbəsi olan filialın ixtiyarında yalnız
yararsız, uyğunlaşdırılmış binalar var idi. Çox
qısa vaxt ərzində biz yüksək təmir-tikinti,
abadlıq, yenidənqurma işləri hesabına filialın
korpuslarını müasir standartlara cavab verə biləcək
səviyyəyə çatdırdıq. Yüksək
zövqlə təmir olunmuş auditoriyalar, fənn kabinetləri,
laboratoriyalar, idman zalları, kitabxana və digər ocaqlar
yaratdıq, həyət-bacanı qaydaya saldıq,
yaşıllıq işləri apardıq. Bu işlərdə
Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər
İnstitutunun rəhbərliyi çox köməyimizə gəldi.
Şəhər icra hakimiyyəti və onun ayrı-ayrı
strukturları ilə əlaqəli işimiz vəziyyəti
tamamilə dəyişdirdi. Şəhər icra hakimiyyətinin
başçısı Eldar Əzizovun Gəncədə
böyük abadlıq-quruculuq işlərinə önəm
verməsi bizim də məsuliyyətimizi və həvəsimizi
artırdı. Hazırda təhsil üçün hər
cür şərait var. Tələbələrin sayı ilk
illə müqayisədə 3 dəfədən də çox
artıb. Elmi-pedaqoji kadrlar da həmçinin.
İndi cəsarətlə
deyirəm ki, “Təhsil haqqında” Qanunun hərtərəfli
həyata keçməsi üçün bizdə gözəl
zəmin yaranıb.
- Yeni qanunda təhsil verənlərin
də hüquq və vəzifələri genişdir...
- Təhsil verənlərin
hüquqlarından yox, vəzifələrindən
danışmaq istərdim. Çünki hüquqlarımız
qanunla təsbit olunur və onu bizim əlimizdən alan yoxdur. Amma
vəzifə... Bax, bu, çox məsuliyyətli bir işdir.
Yeni qanunun 33-cü maddəsinin bir bəndi diqqətimi
xüsusilə cəlb edir və açıq deyim ki, bir tədris
müəssisəsinin rəhbəri kimi məni həmişə
narahat edib, düşündürüb. Burada qeyd olunur ki, “təhsil
alanlarda fəal vətəndaş mövqeyi
formalaşdırmaq, onları vətənpərvərlik və
azərbaycançılıq” ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq bizim, yəni təhsil verənlərin vəzifəsidir.
Bundan başqa biz şəxsi nümunəmizlə təhsilal
anlarda Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə,
Azərbaycan xalqının tarixinə, mədəniyyətinə,
dilinə, adət və ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə, cəmiyyətə,
ətraf mühitə hörmət və qayğı hissləri
aşılamalıyıq. Bəli, bunlar artıq qanunda öz əksini
tapıb və bizim vəzifə borcumuzdur. Amma bir tərəfdən
də fərəh hissi keçirirəm ki, filialımızda
bu vacib məsələlərə daim böyük məsuliyyətlə
yanaşılıb və sadalanan həmin vəzifələrlə
bağlı az iş görülməyib. Filialın
korpuslarında tələbələr monumental işlərlə
hər gün, hər saat qarşılaşırlar. Bunlar
dilimizin qorunması ilə bağlı “Ana dili” heykəli,
soyqırım qurbanlarının xatirəsinə
ucaldılmış abidə, “oxutmuram, əl çəkin”
kompozisiyası, hündürlüyü 3 metr olan 30-dan
artıq müxtəlif tarixi şəxslərin, görkəmli
adamların portretləri, deyimləri, dəyərli sözləridir,
ən müxtəlif mövzularda keçirilən tədbirlərdir,
görüşlərdir, ədəbi-bədii gecələrdir,
ağsaqqal nəsihətləridir və sair.
Filialda ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən stendlər xüsusi maraq doğurur. Tədris
korpusumuza 4 kilometr məsafədən təmiz içməli
su çəkmişik. Tamaşaçı sayı 750 nəfər
olan gözəl akt zalımız var. Bunların
hamısını sadalamaq mümkün də deyil.
- Ramiz müəllim, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə 5 sentyabr 2009-cu il tarixli fərman imzalayıb. Artıq
yaxın aylarda qanunun tətbiqi ilə bağlı həyata
keçirilən işlərlə hamımız yaxından
tanış olacağıq. İnanırıq ki, ölkəmizdəki
təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunaraq
daha da inkişaf edəcək.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə
təhsilin inkişafı üçün olduqca qlobal işlər
görüb. İstər maddi-texniki bazanın möhkəmləndirilməsi,
istərsə də müəllim əməyinin qiymətləndirilməsi,
elmin inkişafı, müasir standartlara cavab verməsi
baxımından çox böyük tədbirlər həyata
keçirilib. Bu işlərin görülməsində Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
da xidmətləri əvəzsizdir. Təhsilimizin
inkişafı göz qabağındadır. Söz yoxdur ki, təhsil
haqqında yeni qanun daha vacib işlərin görülməsində
mühüm rol oynayacaq. Təbii ki, biz pedaqoji işçilər
həmin vəzifələrin həyata keçirilməsində
önəmli mövqe tutmalıyıq. Qanunun işləməsi,
onun səmərəliliyi bizim fəaliyyətimizdən də
asılıdır. Biz bu məsuliyyəti dərindən dərk
edirik. “Təhsil haqqında” Qanun inkişafımızı və
xoşbəxt gələcəyimizi əks etdirən
mühüm sənəddir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2009.- 11 sentyabr.- S. 3.