Xatırlama
Bütün yaradıcı ömrünü
milli kinomuzun inkişafına həsr etdi
Kinorejissor, xalq artisti, Dövlət mükafatı
laureatı Muxtar Baba oğlu Dadaşov 1913-cü ilin sentyabr
ayında dünyaya göz açmışdı. 1
yaşında ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində
çıxış edən balaca Muxtarın arzusu
böyük sənətə gəlmək, görkəmli sənət
ustaları ilə bir yerdə çalışmaq idi.
1929-cü ildə artıq Gənc Tamaşaçılar
Teatrında işləyirdi. Kiçik rollar oynayır, rejissor
assistenti kimi fəaliyyət göstərirdi. 1931-ci ildən isə
artıq kinoda operator assistenti vəzifəsində işləyirdi.
Bir sıra sənədli
filmlərdə çalışan Muxtar Dadaşov ali operator təhsili
almaq üçün 1933-cü ildə Moskvaya gedir. Və
üç il ərzində operator kimi təkmilləşir,
Moskvada bir sıra filmlərin çəkilişlərində
iştirak edir, hətta görkəmli rus
kinematoqrafçısı M. Vernerin “Canlı Allah” bədii
filmində aktyor M. Ştauxila birgə baş rolda çəkilir.
Tezliklə vətənə
dönən operator istəyirdi ki, Azərbaycan kinosunun
yaranmasında və formalaşmasında öz xidmətlərini
göstərsin, qiymətli filmlər çəksin. Beləliklə,
o, bir müddət Azərbaycan kinosunda operator kimi sənədli
filmlər çəkməklə məşğul olur.
Onun yaratdığı
filmlər həmişə öz aktuallığı ilə
seçilmiş, dövrün çox mühüm
ictimai-siyasi hadisələri bu filmlərin əsas mövzsunu təşkil
etmişdi. “Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana
yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”,
“Respublika haqqında həqiqət” və s. filmlərində
rejissor doğma torpağa məhəbbət hisslərini, Azərbaycanın
əsrarəngiz təbiətini, tarixi şəxsiyyətlərimiz
haqqında həqiqətləri ecazkar kinonun dili ilə tərənnüm
edir.
1939-cu ildə M.
Dadaşov rejissor-operator kimi “Samur-Dəvəçi kanalı”
kinooçerkini çəkir.
Muxtar müəllim Azərbaycanın
məşhur ziyalıları ilə həmişə yaxın
dostluq edərdi. O, Mirzə İbrahimov, Süleyman Rəhimov,
İmran Qasımov, Ənvər Məmmədxanlı, Tofiq
Quliyev və başqaları ilə tez-tez görüşər,
yaradıcı söhbətlər aparardı. Muxtar müəllim
deyirdi: “Kino həyatın aynasıdır. Bu ayna böyük
Sabir demişkən: “düzü-düz, əyrini-əyri” əks
etdirməyə qadir olan möcüzədir. O, təmiz, ləkəsiz,
pak duyğularla canını sənətə fəda edən
istedadlı, namuslu, bacarıqlı, professional şəxslərin
əlində olmalıdır”.
O, kinoya həqiqətən
bütün qəlbi ilə bağlanmışdı, ona
görə də yaratdığı filmlərdə qəribə
bir özünəməxsusluq var idi. 1953-cü ildə lentə
aldığı “Arazın o tayında” filmində
qaldırdığı problem bütöv Azərbaycan
ideyasından güc alırdı. Muxtar müəllim həmişə
bu problem ətrafında düşünər, filmlərində,
kiçik epizodda olsa belə, bu mövzuya toxunardı.
Muxtar Dadaşov operator və rejissor kimi bədii filmlərdə də çalışmışdır. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmində o operator köməkçisi olmuşdu. Leyla xanım Bədirbəyli filmin çəkilişlərini xatırlayaraq deyirdi: “Muxtarla ilk işim ”Arşın mal alan" filmində olub. Filmin çəkilişləri zamanı rejissor Rza Təhmasib tez-tez soruşardı: “Nəyə görə istəyirsən ki, sənin planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə mən bu sirri açdım. Dedim düzdür, Əlisəttar Atakişiyev təcrübəli operatordur. Ondan fərqli olaraq Muxtar aktyorun daxili aləminə nüfuz edir. Mənim bu sözlərim Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya qayıtmadı".
Quruluşçu rejissor kimi ilk bədii filmi “Qanun naminə” kinoəsəri oldu. Bu filmi Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkmişdi. Filmdə əsərdən fərqli cəhətlər çoxdur. Amma ideya bütövlükdə saxlanılmış və çox uğurlu bir film yaranmışdır. Muxtar Dadaşov çəkiliş üçün dağ rayonlarından birini seçmiş, baş rola isə Orta Asiya respublikalarından aktyor dəvət etmişdi. Filmin digər aktyor ansamblı da maraqlıdır. Adil İsgəndərov, Mustafa Mərdanov, Rza Təhmasib, Nəsibə Zeynalova, Əliağa Ağayev, Nəcibə Məlikova və başqalarının yaratdığı rollar filmin səviyyəsinə öz təsirini göstərmişdi.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi Böyük Vətən müharibəsi mövzusunda çəkilmiş çox dəyərli filmlərimizdəndir. Kinorejissor müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S. Vurğunu, Üzeyir bəyi, kimyaçı alim Y. Məmmədəliyevi, eləcə də neftçilərdən G.Əliyevi, A. Nematullanı, R. Rüstəmovu və başqalarını bu filmə daxil etmişdi. Bu tarixi kadrlar milli kinomuzun nadir epizodları kimi çox əhəmiyyətlidir. Sonradan bu filmi daha da genişləndirərək “Bakı-42" adlı çox gözəl film yaradan rejissor, nəhayət, 1974-cü ildə ”Bakıda küləklər əsir" bədii filmini yaratdı. Filmdə istedadlı rejissor xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman çekistlərimizin ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirmişdi.
Muxtar Dadaşov operator kimi də bədii filmlərdə işləmişdi. “Rəqs edən tısbağalar”, “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” filmləri məhz onun operator kamerası vasitəsilə həyata vəsiqə almışdır.
Muxtar müəllim tədqiqatçı rejissor idi. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayır, alimlərlə məsləhətləşir, sonra onları lentə alırdı. Elə “Nəriman Nərimanov” filminin çəkilişi zamanı da belə olmuşdu. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, filmə gətirmişdi.
Muxtar Dadaşov ömrünün son illərinə qədər böyük həvəslə filmlər çəkir, filmlərdə məsləhətçi kimi iştirak edirdi. O, öz məktəbini yaratmışdı. Bu böyük sənətkar Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün tədbirlərində iştirak edir, milli kinomuzun problemlərinin həlli yollarını göstərirdi. O, həmişə Rusiyanın məşhur kino xadimləri ilə əlaqə saxlayırdı. Romen Karmen, Esfir Şub, Qriqori Aleksandrov, Nikolay Renkov və başqaları tez-tez Muxtar müəllimi yad edir, onun filmlərinə münasibətlərini məktub və teleqramla bildirirdilər.
Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Onun əsərləri dünyanın bir sıra ölkələrində göstərilmiş, böyük maraqla qarşılanmışdır. Rejissorun gərgin, yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdür. Muxtar müəllim, həm də Dövlət mükafatı laureatıdır.
Muxtar Dadaşov Azərbaycan kino tarixinin çox görkəmli nümayəndələrindən idi. Neçə-neçə operator, rejissor kadrların yetişməsində onun xidmətləri olmuşdur. Bu böyük sənətkar bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir, onun filmləri xalqımızın milli-mənəvi dəyəri kimi qorunub saxlanılır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 12 sentyabr.- S. 6.