Azərbaycan Dövlət Musiqili Komediya Teatrı -100

 

Yeni mövsümün “Arşın mal alan”ı

 

Sentyabr ayı musiqi və teatr aləmi üçün yeni mövsüm, təbii ki, yeni sənət sevinclərinin başlanğıcı, tamaşaçılar və incəsənət işçiləri üçünsə unudulmaz bayramlar mövsümüdür. Musiqili Komediya Teatrı isə bu mövsümü ikiqat sevinc hissi ilə açacaq. Həm teatr özünün bir əsrlik yubileyini qeyd edəcək, həm də yeni-yeni tamaşalara imza atacaq. Ayın 18-i və 19-u teatr yeni mövsümünü dahi Ü.Hacıbəyovun “Arşın mal alan” musuqili komediyası ilə açmağa hazırlaşan kollektiv böyük sevinc içərisindədir.

 

Məşqlərinə hələ ötən mövsümdə başlanılan bu əsərin quruluşçu rejissoru Elvin Mirzəyev, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədova, geyim rəssamı Gülnarə Xəlilovadır. Üzeyir bəy dühasının nurundan yaranan, illər keçdikcə öz səhnə təravətini qoruyub saxlayan, bir sıra aktyor, rejissor, rəssam nəsillərinin taleyində mühüm rol oynayan, səhnəyə yeni istedadlar gətirən bu əsərə təkrar müraciət etmək ideyasının müəllifi əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevdir. İllər öncə Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir neçə əsərə quruluş verən rejissor Ə. Lalayev “Arşın mal alan”ın dəyərini və mənəvi qiymətini çox gözəl duyduğundan belə düşünüb ki, bu gün rəhbərlik etdiyi kollektiv həmişə dəbdə olan, hər sözü, hər kəlməsi xalqın dilinin əzbərinə çevrilən bu məşhur əsəri müasir tamaşaçılara müasir çalarlarla çatdırmağa qadirdir. Bunun belə olacağına heç kəsin şübhəsi yoxdur. Çünki əvvəlki illərdən fərqli olaraq, 100-cü mövsümdə tamaşaya qoyulan operettanın araya-ərsəyə gəlməsində əsasən yaradıcı gənclərin qüvvəsindən istifadə olunub. Həm rus, həm də Azərbaycan bölməsində oynanılacaq əsərdə baş rolları əsasən gənclər ifa edəcək. Bu da onlara yaratdıqları obrazların daxili aləmini dərindən duymağa, qəhrəmanlarının yaşantılarını daha inandırıcı boyalarla təqdim etməyə, gənclik çılğınlığı və gənclik ehtirası ilə əsl sevgi macərası yaşamağa imkan verəcək. Elə əsərin quruluşçu heyəti, yəni rejissoru, dirijoru, rəssamı, xormeysteri, baletmeysteri də əsasən gənclərdən ibarətdir.

Tamaşaçılar səhnədə Fərid Əliyevi və Anar Şuşalını (Əsgər bəy), İnarə Babayevanı və Nərgiz Kərimovanı (Gülçöhrə), Əkbər Əlizadəni və Vüqar Hacıyevi (Süleyman), Mehriban Zalıyeva və Ülkər Əliyevanı (Asya), Ülviyyə Əliyevanı (Telli), Səmədzadə Xasıyevi və Elxan İsmayılovu (Vəli) görəcəklər. Artıq zəngin səhnə təcrübəsi olan aktyorlar Xanım Qafarova və Nahidə Orucova (Cahan xala), Əzizağa Əzizov və Ələkbər Əliyev (Soltan bəy) də yenidən öz istedadları və gözəl oyunları ilə tamaşaçılara böyük bir sevinc yaşadacaqlar.

Teatrın rus bölməsində isə tamaşaçıları yeni sürprizlər gözləyir. Respublikanın xalq artisti Elxan Əhədzadə, Boris Qrafkin və Svetlana Bulax Soltan bəylə Cahan xalanın yaşantılarına güzgü tutacaqlar. Yuliya Heydərova Gülçöhrə, Fərid Əliyev və Bəxtiyar Bağırov isə Əsgər bəyin duyğularını yaşayacaqlar. Nərgiz Kərimova ilə Ülkər Əliyeva rus bölməsində də Asyadan ayrılmayıblar. Bizə elə gəlir ki, həm rus, həm də Azərbaycan bölməsində oynanılacaq “Arşın mal alan” yubiley mövsümünün ən yaddaqalan tamaşalarından biri olacaq.

Ümümiyyətlə, teatr yubiley mövsümündə sənətsevərlərə bir sıra yeni tamaşalar təqdim edəcək. Məşqlərini mərhum rejissor Faiq Zöhrabovun başladığı, amma təssüf ki, sona çatdırmadığı “İddialı qaraçı” (İmre Kalman) əsərini xalq artisti, rejissor Cənnət Səlimova tamamlayacaq. Həmkarları bu tamaşanı uzun illər Musiqili Komediya Teatrının səhnəsində neçə-neçə əsərə həyat vermiş rejissorun unudulmaz xatirəsinə həsr ediblər. Tamaşanın quruluşçu dirijoru Yalçın Adıgözəlovdur. Bu dirijorun teatrdakı ilk işidir.

Cənnət xanım həm rejissoru, həm də səhnə tərtibatçısı olduğu digər bir əsər üzərində də yaradıcılıq axtarışlarını davam etdirir. Bu, Aleksandr Valodinin “Sevdiklərinizdən ayrılmayın” tamaşasıdır.

Yeni mövsümün yeni əsərləri arasında rejissor Nicat Kazımovun quruluş verəcəyi “Biri vardı, biri yoxdu” simfonik nağılı (Sergey Prokofyev) da var.

Bir sözlə, teatr yeni mövsümü yeni ruh yüksəkliyi ilə, yeni əsərlərlə qarşılayır və əgər siz böyük teatr bayramında iştirak etmək istəyirsinizsə, sentyabrın 18-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının qarşısında təşkil olunacaq böyük və təntənəli bal-maskaradda, 100-cü mövsümün qeyri-adi açılış mərasimində iştirak etməyi unutmayın.

 

 

Telli PƏNAHQIZI

 

Xalq qəzeti.- 2009.- 12 sentyabr.- S. 6.