“Əsrin müqaviləsi”—15

 

Yeni neft strategiyası emal kompleksinin inkişafına təkan verdi

 

İqtisadiyyatımızın prioritet sahəsi sayılan neft sahəsi uzun illərdir ki, Azərbaycanın tərəqqisinə, xalqımızın firavanlığının təminatına xidmət göstərir. Bu mühüm sahənin son 40 ili xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın neft sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz 1993-cü ildə xalqımızın istəyi ilə yenidən respublika rəhbərliyinə qayıtdığı andan daxili sabitliyin təmin edilməsi ilə yanaşı, Azərbaycanın yeni neft strategiyasının işlənməsinə də şəxsən rəhbərlik etmiş, Xəzərin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan mükəmməl bir konsepsiyanın ərsəyə gəlməsinə nail olmuşdur. Bununla da, Xəzərin Azərbaycan sektorundakı dərin sahələrdə yerləşən neft-qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması üçün möhkəm zəmin yaradılmışdır. Ulu öndər Azərbaycanda neft-qaz hasilatının artırılması ilə yanaşı, neft emalı sənayesinin inkişafına da böyük diqqət və qayğı göstərmiş, ölkədə dayanıqlı neft emalı sisteminin formalaşmasına nail olmuşdur.

 

Müstəqilliyimizin ilk illərində ölkədə neft emalının həcmi 27 faiz azalmış, yüksək məhsuldarlığa malik təkrar emal qurğularının istismar göstəriciləri 61 faiz aşağı düşmüş, emal kompleksinin bəzi qurğuları tam gücü ilə işləmirdi. Bütün bunları nəzərə alan ulu öndər 1994-cü il sentyabr ayının 17-də “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda olmuş, neft emalı sahəsində çalışan mühəndis texniki kadrlar qarşısında çox ciddi vəzifələr qoymuş, öz tapşırıq və göstərişlərini vermişdir. Bunun da nəticəsində ölkənin neft emalı kompleksinin texniki-iqtisadi göstəricilərinin optimallaşdırılması, mövcud potensialdan səmərəli istifadə edilməsi istiqamətində daha ciddi iş aparılmağa başlanmış, emala iri həcmlərin cəlb olunma ehtimalı nəzərə alınaraq bu sahədə yenidənqurma və modernləşdirmə işlərinə start verilmişdir. İlk növbədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda respublika iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyan və tikintisinə ötən əsrin 80-ci illərinin ikinci yarısında başlanmış, lakin sonradan yarımçıq qalmış Q-43/107 katalitik krekinq qurğusunda işlərin başa çatdırılmasına nail olunmuş və qurğu müvəffəqiyyətlə istismara buraxılmışdır. Bununla da istismarı xeyli əlavə xammal-material resursları tələb edən köhnə katalitik krekinq qurğusunun işi tamamilə dayandırıldı. Beləliklə, zavodun katalitik krekinq prosesində yüksək oktanlı avtomobil benzini komponentinin çıxımı 8 faiz artdı, katalizatorun sərfi hər ton üçün 1,5 kiloqram, məhsulun əmək tutumu 0,05 adam/saat, yanacaq və enerji tutumu isə hər ton üçün şərti yanacaq sərfi 5 kiloqram azaldı. Bütün bunların nəticəsində qurğuda istehsal olunmuş benzin komponentinin maya dəyəri 19,5 faiz aşağı salındı. Həmin dövrdə zavodda istismar edilən ED-AVT-6 qurğusunun tam istehsal gücü ilə işləməsini təmin etmək məqsədilə İtaliyanın “Qlitc” və Rusiyanın “NPT Corp. LTD” firmaları ilə bağlanmış müqavilələrə əsasən, qurğunun əsas avadanlıqları yeniləşdirildi və onun vakuum yaratma sistemi müasirləşdirildi. Bu tədbirin də nəticəsində adı çəkilən qurğuda açıq rəngli məhsulların çıxımı 3,5 faiz, bu tipli qurğular üçün əvəzsiz xammal sayılan vakuum qazoyl komponentinin çıxım faizi isə iki dəfədən çox artırıldı. Modernləşdirmə işləri ED-AVT-6 qurğusunda istehsal olunmuş açıq rəngli məhsulların maya dəyərinin 8,2 faiz azalmasına və yenidənqurma işlərinə sərf edilmiş xərclərin iki ay müddətində tamamilə ödənilməsinə imkan yaratdı.

Zavodda istehsal edilən dizel distillatlarının təmizlənməsi işi uzun illər 4-5 kilometr kənarda, keçmiş Qarayev adına emal zavodunun ərazisində yerləşən və 40 ildən artıq istismar olunan fiziki və mənəvi cəhətdən köhnəlməyə məruz qalmış qurğularda aparılması da müəssisə üçün ekoloji və iqtisadi çətinliklər yaradırdı. Bunu nəzərə alaraq dizel yanacağı, kerosin və birbaşa qovulmuş benzinlərin təmizlənməsi və bunun nəticəsində alınmış qələvi tullantılarının təkrar emalı yolu ilə naften turşularının istehsalı üçün ABŞ-ın “Merikem” firmasının texnoloji qurğuları müvəffəqiyyətlə istehsala tətbiq olundu. Bu texnologiyanın tətbiqi isə öz növbəsində kerosin və dizel yanacaqlarının təmizlənməsi zamanı əmələ gələn itkilərin azaldılmasına və istehsal olunmuş məhsulların maya dəyərinin aşağı salınmasına imkan yaratdı. Bununla yanaşı, əvvəllər dənizə axıdılaraq ekoloji problemlər əmələ gətirən qələvi tullantılarının təkrar emalı nəticəsində zavodda ilk dəfə distillə edilməmiş naften turşuları istehsal olunmağa başlandı. Zavodun mütəxəssisləri enerji resurslarından səmərəli istifadə etmək məqsədilə texnoloji qurğularda quraşdırılmış tüstü qazlarının utilləşdirilməsinə də diqqəti artırdılar. Bu istiqamətdə görülən tədbirlər nəticəsində Bakı Neft Emalı Zavodunda istilik enerjisinin sərfiyyatı xeyli azaldı. Artıq zavod 4-5 ildir ki, kənardan istilik enerjisi almır. Yüksək məhsuldarlığa malik katalitik krekinq qurğusunun xammalla təminatını yaxşılaşdırmaq məqsədilə 2003-cü ildən etibarən, ARDNŞ-in digər emal müəssisəsi olan “Azərneftyağ” Neft Emalı Zavodunda istehsal olunmuş ilkin emal mazutunun müəyyən hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkrar emal qurğularında emal edilməyə başlandı. Bu proses hazırda da müvəffəqiyyətlə davam etdirilir. 2003-2008-ci illərdə əvvəllər soba yanacağı kimi aşağı qiymətə satılan 2900 min ton ilkin emal mazutundan 1840 min ton soba mazutu ilə yanaşı, 634 min ton yüksək oktanlı benzin, 159 min ton maye qaz və 100 min tondan artıq dizel yanacağı istehsal olunmuşdur.

Bakı Neft Emalı Zavodunda həmçinin istehsal olunmuş dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılması və resursunun artırılması istiqamətində ardıcıl iş aparilmış, 10 ildən artıq obyektiv səbəblər üzündən istifadəsiz qalmış vakuum qazoyl məhsullarının təmizlənməsi istiqamətində görülən tədbirlər müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu da böyük iqtisadi səmərə vermişdir. Təkcə onu demək kifayətdir ki, ötən il bu yanacaq növünün istehsalı 2003-cü ilə nisbətən 37 faiz artmışdır. Bunun da 18,3 faizi məhz təmizləmə metodunun modernləşdirilməsi ilə bağlı olmuşdur. Ötən müddət ərzində Dövlət Neft Şirkətinin “Azərneftyağ” Neft Emalı Zavodunda da neft məhsullarının istehsalının artırılması və sürtgü yağlarının istehsalını keyfiyyətli yağ distillatlarla təmin edilməsi məqsədilə məqsədyönlü işlər həyata keçirilmişdir. Ötən əsrin 30-cu illərinin birinci yarısında istismara buraxılmış bu nəhəng emal müəssisəsində fiziki və mənəvi köhnəlməyə məruz qalmış ilkin emal qurğuları əvəzinə hər birinin məhsuldarlığı iki milyon ton olan 2 AVT-2 qurğusu tikilib müvəffəqiyyətlə işə salınmışdır. Bununla da istehsal olunmuş yağ distillatlarının keyfiyyət göstəriciləri yaxşılaşdırılmış, açıq rəngli məhsulların çıxımı 3-4 faiz artmış, zavodda neftin emalına sərf edilən yanacaq-enerji resursları və texnoloji itkilər xeyli azalmışdır. Bundan əlavə, 2000-ci ildə zavodda illik məhsuldarlığı 250 min ton olan yeni bitum istehsalı qurğusu işə salınmışdır. Hazırda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də neft məhsullarını ixrac edən bir ölkə kimi dünyadakı mövqelərini getdikcə möhkəmləndirir. Azərbaycan istehsalı olan neft məhsullarına Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Malta, Türkiyə, Ukrayna, İran, İraq, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə tələbat böyükdür.Ötən il şirkətin emal kompleksində 7 milyon 348 min tona yaxın neft emal olunmuş, 1 milyon 587,4 min ton benzin, o cümlədən 1 milyon 307,8 min ton avtomobil benzini, 783,1 min ton kerosin, 2 milyon 423 min ton dizel yanacağı, 1 milyon 113 min ton soba mazutu, 181,1 min ton maye qazlar, 442,3 min ton koks, bitum və müxtəlif yağlar istehsal edilmişdir. İstehsal olunmuş bütün neft məhsullarının 54,8 faizi daxili bazara yönəldilmiş, qalan 45,2 faizi isə ixrac edilmişdir. Yeri gəlmişkən, 2009-cu ilin yanvar-iyul ayı ərzində şirkətin neft emalı müəssisələrində 3,5 milyon ton xam neft emal edilmiş, Azərbaycandan xaricə 140 min 227 ton avtomobil benzini, 859 min 88 ton dizel yanacağı, 212 min 282 ton təyyarə yanacağı ixrac edilmişdir.

Şirkətdə qarşıda duran mühüm vəzifələrdən biri emal kompleksində kəmiyyət göstəriciləri ilə yanaşı, istehsal olunmuş məhsulların Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir. Artıq bu istiqamətdə ardıcıl tədbirlər yerinə yetirilir. Emal müəssisələrində aparılan yenidənqurma və təmir-bərpa işləri neft məhsullarının keyfiyyətinin yüksəlməsinə və istehsalının artmasına şərait yaradır. Ötən müddətdə təkrar emal qurğularının istismarında tətbiq edilən yenıliklər neftin emal dərinliyi göstəricisini xeyli yaxşılaşdırmışdır.

“Əsrin müqaviləsi” imzalandıqdan ötən dövr ərzində neft emalı kompleksində yerinə yetirilmiş tədbirlər nəticəsində formalaşmış emal potensialı 2008-ci ildə istehsal olunmuş neft məhsulları istehsalı üçün tələb edilən xam neftin həcmini 4,45 milyon ton azaltmışdır. Bununla belə, çoxdan işə salınmış emal müəssisələrimizdə ciddi modernləşdirilməyə müəyyən ehtiyac duyulur. Məhz buna görə də hazırda Dövlət Neft Şirkəti “Azərbaycan Respublikasının Yanacaq-Energetika Kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində benzinin istehsal texnologiyasının yenilənməsi imkanlarını araşdırır. Yaxın illərdə istehsal edilən benzinin keyfiyyətinin Avropa bazarına uyğun “AVRO-4" və ”AVRO-5" standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dünyada analoqu olmayan, maye qazdan yüksək oktanlı benzin komponentləri almağa imkan verəcək nəhəng “Alkilen OksiPro” texnoloji kompleksinin və digər yeni istehsal güclərinin tikintisi, eləcə də burada neftin ilkin emalı və katalitik krekinq qurğularının köklü surətdə yenidən qurulması nəzərdə tutulur. Bütün bu tədbirlər isə zavodun istehsal göstəricilərini daha da artırmağa, həmçinin ölkəmizin ixrac potensialını genişləndirməyə imkan yaradacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 12 sentyabr.- S. 3.