İnsanı əməlləri yaşadır
Tovuz! Azərbaycanın çox füsunkar bu rayonu
haqqında çox yazılıb, çox deyilib. Amma ulu
öndər Heydər Əliyevin əvəzsiz qiyməti bu
rayon haqqında deyilənlərin və yazılanların
sırasında həmişə birinci olacaq: “Tovuzun gözəl
təbiəti, qiymətli sərvəti vardır. Onun ən
qiymətli sərvəti adamlarıdır. “1990-cı ilin
payızında Naxçıvan Muxtar Respublikasının Nehrəm
kəndində camaatla görüşdən sonra
Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Afiyəddin
Cəlilov məni ümummilli liderə təqdim etdi: “AzərTac”ın
(o vaxt “Azərinforum”) müxbiridir, Tovuzdandır. Ulu öndərin
nurlu sifəti bir az da işıqlandı, “Tovuzun qiymətli sərvəti
adamlarıdır” kəlamını xatırlatdı və
aramla Əli Süleymanovu, Firudin Bağırovu soruşdu. Mən
bu barədə yazmışam. Əli dayıya da, onun
övladlarına da danışmışam. Amma 19 il sonra o müqəddəs
görüşü bir də xatırladım və bu dəfə
Əli dayı həyatda olmayanda bu qənaətə gəldim
ki, ulu öndərin o vaxt soruşduğu Əli Süleymanov
bu sərvətlərdən təkcə biri yox, elə
birincisi imiş!
Hələ orta məktəb illərində
onun haqqında çox eşitmişdim. Elinin-obasının
qeydinə qalan, onun hər bir probleminin həllində fəallıq
edən Əli kişi dövrünün əsl milli rəhbərlərindən
idi. Məhz onun sayəsində Qovlar kəndi
böyümüş, gözəlləşmiş, Tovuzun
sayılıb-seçilən şəhərtipli qəsəbələrindən
olmuşdu. Hələ o vaxtlar atam deyərdi ki, Qovlar ona
görə Qovlar oldu ki, onun Əli Süleymanov kimi oğlu və
rəhbəri var. Bu kişi təkcə yollar çəkib,parklar
salmadı, hər bir qovlarlının ağrı-acısı
ilə maraqlandı, onlara ev tikməkdə, yurd-yuva salmaqda
kömək etdi. Bu kişi qəsəbənin köhnə qəbirsanlığına
belə əl gəzdirdi, oranı abadlaşdırdı. Su,
yol çəkdirdi, qəbirsanlığı əsl parka
çevirdi.
Atam dediyi bir söhbət də
yaxşı yadımdadı: Əli Süleymanovdan xəbərsiz
bir milisin belə ev tikdirənin, hasar çəkdirənin
qapısını döyməyə cürəti olmazdı! O
dövrdə bu işləri görmək əsl qəhramanlıq
idi.
Kim idi Əli Süleymanov? Bu suala hər
bir tovuzlunun təbii ki, öz cavabı var. Böyük
Vətən Müharibəsindən sonra 41 il Qovlar kəndinə
rəhbərlik edən Əli kişinin 90 illik
ömrünün bəzi səhifələrini vərəqlədikcə,
bu sadə və ali insanın böyük həyat yolu ilə
üz-üzə dayanırıq. 1919-cu ildə Tovuz
rayonunun Qovlar kəndində anadan olmuşdur. 1938-ci ildə Gəncə
Pedaqoji Texnikumunu bitirmiş və həmin ili Tovuz rayonunun
Şamlıx kəndindəki məktəbə direktor təyin
edilmişdir.
1939-cu ildə hərbi xidmətə
çağırılmış, Sovet–Finlandiya müharibəsində,
eyni zamanda, İkinci Dünya müharibəsində alman
faşizminə qarşı döyüşlərdə də
iştirak etmişdir. Dörd dəfə
yaralanmış və ordudan tərxis olunmuşdur. 1943-cü
ildə orden və medallarla yanaşı, “Qırmızı
Ulduz” ordeni ilə də təltif olunmuşdur. 1943-cü ildən
1947-ci ilə kimi Tovuz Rayon Hərbi Komissarlığında
2-ci bölmənin rəisi və rayon maliyyə şöbəsi
müdirinin müavini vəzifəsində işləmişdir.
1947-ci ildə Tovuz rayonunun Qovlar kəndində kolxoz sədri vəzifəsinə
seçilmiş və 1988-ci ilə kimi həmin kənddə
kolxoz sədri və sovxoz direktoru vəzifəsində
çalışmışdır. Təsərrüfatda
yaxşı fəaliyyətinə görə rayon partiya komitəsinin
38 il mütəmadi olaraq büro üzvü olmuşdur.
Rəhbəri olduğu təsərrüfat
daim qabaqcıl olmuş, keçici bayraqlarla və
mükafatlara layiq görülmüş, özü isə 14-ə
yaxın orden və medal almışdır. 5 il Azərbaycan
Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Amma bu bir vərəqlik tərcümeyi-hal
hər şeyi deyə bilmir. Onun
gördüyü işlərin çəkisi – sanbalı o qədər
böyük olub ki, sayıb-sadalamaqla qurtaran deyil. İşlədiyi
kənddə təsərrüfatı irəliyə aparmaqla
yanaşı, tikinti-abadlıq işlərinə də
xüsusi qayğı göstərmiş və geridə
qalmış kənd öz simasını başdan-başa dəyişmiş,
1967-ci ildə Qovlar kəndinə şəhərtipli qəsəbə
adı verilmişdir. SSRİ dövründə ən
yaxşı qəsəbələrin müsabiqəsində
Qovlar 2 gümüş və 5 bürünc medala layiq
görülmüşdür.
Qovlarda təsərrüfat
rəhbəri olduğu dövrdə 15 min ton üzüm emal
edən şərab zavodu, içki süzmə kombinatı,
beton dayaqlar istehsal edən zavod, dörd yeni orta məktəb,
bir internat məktəbi, musiqi məktəbi, kitabxana, texniki
peşə məktəbi, mədəniyyət evi, yay kinoteatrı,
100 çarpayılıq xəstəxana, 40
çarpayılıq Naftalan müalicə korpusu, uşaq
bağçaları, körpələr evi, sovxozun nəzdində
fəaliyyət göstərən texnikum üçün təddris
korpusu, yataqxana və digər binalar tikilib istifadəyə
vermişdir. Bütün bunlardan əlavə, 3
böyük park saldırmış, 30-dan çox artezian
quyuları qazdırmışdır. Qəsəbəyə 29
km içməli su kəməri çəkilmiş,
Böyük Vətən Müharibəsində həlak
olanların xatirəsinə abidə kompleksi
ucaldılmışdır. Bu böyük siyahı onun
qurub-yaratdığı işlərin hələ bir hissəsidir.
1988-90-cı illərdə azğın
ermənilərin təcavüzünə tuş gələn
Tovuz bir qarış torpağını belə düşmənə
vermədi. Tovuz rayon prokuroru işləmiş Adil
Mikayılovdan eşitdiyim bir söz yerinə düşür:
“O vaxtlar düşmən mərmiləri Tovuz şəhərinə
düşürdü. Adamlar gecə-gündüz səksəkə
içərisində idi. O zaman başsız ölkədə
Tovuz başsız deyildi: onun mərd oğulları, Əli
Süleymanov kimi ağsaqqalları var idi.”
Bəli, Adil müəllim deyən kimi
70 yaşlı bu ağsaqqal özünü, gücünü
səfərbər etdi. Ön cəbhədə oldu.
Torpaqların müdafiə olunmasında gəncləri səfərbər
edərək onlara öz döyüş təcrübəsini
öyrətdi.
2008-ci ilin dekabrında Tovuzda ezamiyyətdə
olanda RİH başçısı Tofiq Zeynalovun məsləhəti
ilə Əli dayı ilə evlərində
görüşdüm. Tofiq müəllim dedi ki, xəstələnib,
əməliyyatdan çıxıb, amma xəstə olsa belə
səninlə görüşəcək. Zəng edib
razılıq aldı.
Evin qapısını özü
açdı. Olduqca təmkinli və qürurlu idi. Xəstəliyi
haqqında heç bir söz-söhbət açmadı,
sanki, heç nə olmayıb. Mən hələ 1990-cı
ildə Naxçıvanda işləyərkən ümummilli
lider Heydər Əliyevin onu soruşduğunu söyləyəndə
fikrə getdi və dedi:
– Heydər Əliyev tovuzluların
böyük dostu idi. Heydər Əliyev yoldaş Moskvaya gedənlən
sonra da, Naxçıvanda olanda da Tovuzla daim maraqlanıb.
Naxçıvanda Ali Məclisin sədri seçiləndə
təbrik teleqramı vurmuşam. Heydər Əliyevin
ölüm xəbərini eşidəndə elə bildim ki, ən
yaxın adamımı itirmişəm. Ən yaxın qohumum,
qardaşım kimi ona yas saxladım, ehsan verdim. Bakıya gedib
məzarını ziyarət etdim. Heydər Əliyev
böyük şəxsiyyət idi, müsəlman-türk
dünyasının əvəssiz lideri idi. Allah ona rəhmət
eləsin. Şükürlər olsun ki, bu gün onun yerində
İlham Əliyev kimi varisi var. Bu gün biz hamımız, Heydər
Əliyevin xatirəsini əziz tutan hər bir Azərbaycan vətəndaşı
İlham Əliyevə dayaq olmalıyıq.
– Ulu öndərlə görüşlərimizi
xatırlayırsınızmı? – deyə soruşdum.
– Anbaan, günbəgün
hər bir görüş yadımdadır, qocalıq çox
şeyi unutdursa da bu cür işıqlı, nurlu bir insanla, Azərbaycanı
tikib-quran, onu müstəqil dövlət kimi dünyaya
tanıtdıran bir insanla görüşləri unutmaq
olarmı?!
1969-cu ildə Heydər Əliyev Azərbaycan
KP MK-nın I katibi seçiləndə mən Tovuz
rayonundakı Mir Bəşir Qasımov adına kolxozun sədri
idim. O zaman Azərbaycan kəndlərində vəziyyət
ürək açan deyildi. Evlər çiy kərpicdən
tikilirdi, texnika yox idi. İnsanlar ən ağır işləri
də öz əlləri ilə yerinə yetirdilər. Heydər
Əliyevin gəlişi ilə hər şey əsaslı surətdə
kökündən dəyişdi. Azərbaycan həm sənaye,
həm də kənd təsərrüfatı sahəsində
misli görünməmiş bir inkişafa başladı. Təsəvvür
edin ki, Heydər Əliyev Bakını yenidən tikdirdi.
Qısa müddət ərzində Azərbaycanda pambıq
istehsalı 200 min tondan 1 milyon tona yüksəldi.
Qovlarda yeni şərab zavodunun
tikintisini təzəcə qurtarmışdıq. Tikinti
çox yüksək keyfiyyətlə
aparılmışdı. Hər tərəfə parket
döşənmişdi. Adamın şəkili divarlara
düşürdü. Heydər Əliyev özü şəxsən
zavodun açılışına gəlmişdi.Çox razı
qaldı. Həmin ili var qüvvəmizlə işlədik, hər
hektardan 150 sentner üzüm götürdük.
Heydər Əliyevin Qovlara ikinci gəlişi
də yadımdan çıxmır. Qovlar parkında
Böyük Vətən müharibəsində həlak
olanlara abidə qoymuşduq. Ukraynadan mütəxəssislər
gətirmişdik. Müharibədə həlak olan 350 nəfər
həmyerlimizin hamısının adlarını abidəyə
yazdırmışdıq. Heydər Əliyev bu abidəni ziyarət
etməyə gəldi. Mənimlə
yaşıllaşdırma haqqında xeyli söhbət etdi.
Dedi ki, yaşıllaşdırmanı davam etdirin. Mən onun
sözlərindən sonra Qovlarda beş böyük park
saldırdım.
Heydər Əliyevlə
üçüncü görüşümüz Tovuz şəhərində
oldu, müşavirə keçirilirdi. Mən rəyasət
heyətində Heydər Əliyevin yanında oturmuşdum. Mənə
söz veriləndə dedim ki, yoldaş Əliyev, kəndlərdə
institutların filiallarını açmaq vaxtıdır. Tez əlini
sifətinə qoydu. Soruşdu ki, bu nə deməkdir? Dedim ki,
üzümçülük ixtisası alan mütəxəssis
fəhlənin yanında üzümçülüyü bilmədiyinə
görə utanır. Dedi:
– Tikə bilərsənmi?
Dedim:
– Verdiyiniz vaxtdan da qabaq tikərəm.
Heydər Əliyevin üzündə
bir təbəssüm yarandı. Yanundakı adamlardan birinə
göstəriş verdi ki, Əli kişiyə bir texnikum yaz!
Müşavirədən sonra Heydər Əliyev
Bakıya qayıtmaq üçün qatara Şəmkirdə
minməli idi. Gözlənilmədən dedilər ki, o qatara
Qovlarda minəcək. Qovlarda camaatla Heydər Əliyevin
maraqlı görüşü oldu. Həmin il 15 min ton əvəzinə
15 min 500 ton üzüm verdik. Biz belə işləyirdik. Heydər
Əliyevin hər gəlişi, onunla olan hər
görüşümüz, hər söhbətimiz yüksəliş,
inkişaf idi. Onun dedikləri bizə qol-qanad verdi. Az müddətdə
biz sovxoz – texnikumun korpuslarını genişləndirdik. Səadət
sarayını, bir sıra başqa obyektləri tikib istifadəyə
verdik. Məktəb binaları öz qapılarını
uşaqların üzünə açdı. O illərdə
görülən işlər haqqında qəsəbə
sakinləri daha çox danışa bilərlər. Qovlarda
müəssisələrin sayı əlliyə
çatmışdı. Camaatın işləməsi və
yaxşı yaşaması üçün kifayət qədər
iş yerləri vardı.
İndi həmin görüşlərdən yadigar qalmış çoxlu fotoşəkil var. Onlara baxanda qürur hissi keçirirəm. Xoşbəxtəm ki, tarix səhnəsində silinməz yeri olan ümummilli liderimizlə – Heydər Əliyevlə dəfələrlə görüşüb, onun tövsiyyələrini dinləmişəm. Bu, mənim üçün çox böyük xoşbəxtlikdir.
Heydər Əliyevin gördüyü işlər haqqında nə qədər deyilib, yazılıbsa da çox azdır. Onun atdığı hər bir addım, dediyi hər bir söz Azərbaycan xalqı üçün qiymətli bir xəzinədir. Bunu ulu öndərimiz özü daha dolğun ifadə etmişdir: “Necə ki Azərbaycan var, mən də varam”.
Əli dayı danışırdı və danışdıqca hiss edirdim ki, o günlərin xatirəsi onu ruhlandırır və sanki, yenidən 30-40 il əvvələ qaytarırdı. 2 saatdan çox görüşümüzün necə sürətlə keçdiyini bilmədim. Saata baxıb özü təəccüblə dedi ki, doğurdanmı, biz 2 saatdı söhbət edirik. Onu yorduğum üçün üzr istədim. Etiraz etdi, əksinə, “sən məni gənclik illərimə qaytardın” – söylədi və çox qəribə bir əda ilə ayağa qalxdı:
— Mən jurnalisti, qonağı heç vaxt çayla yola sala bilmərəm, – dedi və kiməsə zəng etmək istədi. Təkidli etirazımdan sonra Heydər Əliyevlə bağlı söhbətə yenidən qayıtdı:
— Yaxşı yadımdadır. O, zaman Ermənistan KP MK-nın I katibi Dəmirçiyan Heydər Əliyevə zəng vuraraq demişdi ki, biz üzümçülük sahəsində Azərbaycanla Ermənistan arasında sosializm yarışına dair müqavilə bağlamaq istəyirik. Heydər Əliyev ona özünəməxsus olan bir yumorla cavab vermişdi:
— Siz belə bir müqaviləni Cəlilabad rayonu ilə bağlasanız daha yaxşı olar. Ermənistan cəmisi 200 min ton üzüm istehsal edir. Bizim Cəlilabad rayonunda isə 250 min ton üzüm dərirlər.
İndi 10 ay əvvəl olan bu görüş mənim üçün də xatirədir. Bu yazı isə 40 gün əvvəl də yazıla bilərdi. O özü haqqında yazılan yüzlərlə yazı oxumuşdu. Bu yazını isə ...
Amma təsəlli dolu həqiqət odur ki, Əli Süleymanovun Azərbaycan xəritəsinə həkk etdirdiyi çox abad və müasir Qovlar adında bir şəhər var. Bu Əli kişinin hələ sağlığında özünə qoyduğu heykəl deyilmi?! İşıqlı, asfalt küçələri ilə, yaşıl parkları ilə, tarixi abidələri və neçə-neçə tikililəri ilə qonağı-qaranı Əli kişi kimi qarşılayan Qovlar.
Əli kişi həmişə deyərdi ki, məni bu torpaq ucaldıb.İndi onun ucaldığı və ucaltdığı torpaqda, eləcə də bütün Tovuzda misli görünməyən quruculuq işləri vüsət alıb. Ölkə Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı imzaladığı dövlət proqramları bu gün Tovuzda da çox böyük uğurla həyata keçirilir. Kəndlər, qəsəbələr abadlaşır, yeni-yeni məktəblər, xəstəxana və idarə binaları, körpülər, parlar, idman kompleksləri tikilir, əhalinin sosial vəziyyəti yaxşılaşır.
Əbəs deyilməyib ki, hər bir insanı sağlığında gördüyü işlər və əməllər yaşadır. Ruhun şad olsun, Əli dayı! Sənin əməllərini təkcə Qovların yox, bütün Tovuzun yaradıb-quran oğulları yaşadır.
Namiq ƏHMƏDOV
Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 5.