55 il idmanda
Özünün dediyi kimi, Səməd Şahniyarov
ömrünün təxminən 55 ilini idmana həsr
etmişdir. Bir vaxtlar yarış meydanlarında
çıxışını izləyənlər indi onu həm
də məşqçi və hakim kimi tanıyırlar. Gəncədə
sambo və cüdonun inkişafında böyük xidmətləri
olmuş Səməd müəllim uzun illərdi ki, şəhər
Cüdo Federasiyasına başçılıq edir. Səmərəli
fəaliyyətinə görə müxtəlif illərdə
respublikanın əməkdar məşqçisi, fəxri bədən
tərbiyəsi və idman işçisi, beynəlxalq dərəcəli
hakim adlarına layiq görülmüş, həmçinin
idman ustası adını daşıyır.
S.Şahniyarov istər
yunan-Roma güləşi və sərbəst güləş,
istərsə də sambo üzrə yarışlarda fərqlənmiş,
məşqçi və hakim kimi də özünü
göstərə bilmişdir. Doğma şəhərdə
güləşin hər iki növünün daha da
inkişafına yönəldilmiş bir sıra tədbirlərin
təşəbbüsçüsü olmuşdur. Bir çox
il əvvəl belə tədbirlərdən birində
moskvalı qonaqlar - SSRİ-nin sərbəst güləş
üzrə yığma komandasının baş məşqçisi
P.Preobrejenski, yunan-Roma güləşi üzrə dünya
çempionu V.Yurkeviç və bir sıra başqa məşhur
mütəxəssislər iştirak etmişlər.
Səməd müəllim
Daxili İşlər Nazirliyinin Gəncə şəhər
idman cəmiyyətinə rəhbərlik edərkən burada
güləşin inkişafını diqqət mərkəzində
saxlamış və onunla məşğul olanlar
üçün zəruri şərait yaradılmasına
qayğı ilə yanaşmışdır. Məhz belə şərait
sayəsində Gəncə güləş, sambo və
cüdo məktəbinin yetirmələrindən bir çoxu
mötəbər yarışlarda respublikamızın şərəfini
layiqincə qorumuşdur. O, SSRİ, Avropa və dünya
çempionatlarında mükafatçılar sırasında
yer tutmuş Eldar Məmmədov, Namiq Əliyev, Qriqori
Kleşov, Ziyabil Abbasov, Şahmuraz Qasımov, Mövlud Mirəliyev,
Ramil Qasımov və başqalarının adlarını fəxrlə
çəkir.
Artıq bildiyiniz kimi,
Mirəliyev bir il əvvəl Pekində keçirilən XXIX
Yay Olimpiya Oyunlarında da yüksək ustalıq
nümayiş etdirərək cüdo yarışlarında
bürünc mükafat qazanmaqla ölkəmizin idman ictimaiyyətinə,
bütün xalqımıza böyük sevinc bəxş
etmişdir. Həmin Olimpiadanın iştirakçıları
arasında Ramil Qasımov da olmuşdur. Səməd müəllimin
fikrincə, bu perspektivli cüdoçu 2012-ci ildə Londonda təşkil
ediləcək növbəti Olimpiya oyunlarına da lisenziya
qazanıb İngiltərə paytaxtında Olimpiadanın
medalları uğrunda mübarizənin ən fəal
iştirakçılarından biri ola bilər.
Bir vaxtlar
S.Şahniyarovun rəhbərliyi altında məşğul
olan idmançılardan dörd nəfərinin əməkdar
məşqçi adına layiq görüldüyünü də
qeyd etmək olar. Onun yetirmələrindən bir çoxu bu
gün həyatın müxtəlif sahələrində
yüksək fəallıq və işgüzarlıq göstərir.
Səməd müəllimin özü isə Xocalının
işğalından sonra Hacıkənddə xocalılar
üçün dörd məktəbin yaradılmasına
yaxından köməklik göstərmiş, gənclər
arasında hərbi-vətənpərvərlik işini fəal
surətdə təbliğ edir. O, Gəncə Şəhər
Təhsil İdarəsində, Kəpəz Rayon Təhsil
Şöbəsində çalışarkən də bir
sıra təklifləri maraqla qarşılanmışdır.
Səməd müəllim
bizimlə söhbət zamanı həmçinin bildirdi ki,
onun yetirməsi, Gəncə şəhər 34 saylı orta məktəbi
bitirmiş sambo və cüdo üzrə idman ustası Qriqori
Kleşov o zaman Ümumittifaq yarışlarından birində
Sankt-Peterburq şəhəri komandasının baş məşqçisi
Aleksandr Çernicinin diqqətini cəlb etmiş və o, həmyerlimizi
öz komandasına dəvət etmişdir.
S.Şahniyarov bir
faktı da xüsusi qeyd etdi ki, ötən ilin oktyabrında
Bakıda keçirilmiş cüdo üzrə beynəlxalq
turnirdə Rusiya nümayəndə heyətinə
başçılıq etmiş Anatoli Raxlin hazırda bu
ölkənin Baş naziri, sambo və cüdo üzrə idman
ustası Vladimir Vladimiroviç Putinin məşqçisi
olmuşdur. Rusiya Güdo Federasiyası tərəfindən
onlara həsr edilmiş xüsusi jurnal da
buraxılmışdır.
Şəkildə (soldan
sağa): əməkdar məşqçi Firdovsi
Tağıyev, Anatoli Raxlin və Səməd Şahniyarov.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 5.