“Əsrin müqaviləsi” –
davamlı iqtisadi inkişafa aparan yol
“Əsrin müqaviləsi”
ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradır və inanıram
ki, XXI əsr müstəqil Azərbaycan dövləti
üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və
çağırışı ilə 1993-cü ildə
hakimiyyətə qayıdışı Azərbaycanın
siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin
başlanğıcını qoydu. Azərbaycan
dövlətini və ölkə iqtisadiyyatını labüd
fəlakətdən, hərc-mərclikdən xilas edən dahi
rəhbər ölkənin iqtisadi yüksəlişi
üçün də təcili tədbirlər görməyə
başladı. İttifaq səviyyəsində mövcud olan
iqtisadi əlaqələr dağıldıqdan sonra milli
iqtisadiyyatın dirçəldilməsi üçün
ölkənin təbii resurslarından istifadə edilməsi və
yerli məhsulların xarici bazarlara
çıxışının təmin edilməsi
mühüm əhəmiyyət kəsb edirdi.
Məhz belə bir
dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının
mövcudluğunu nəzərə alan ümummilli lider Heydər
Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə
ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi
də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev
yeni neft strategiyasının hazırlanmasının və
uğurla həyata keçirilməsinin ən fəal
iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin
mərkəzində özünün dəfələrlə
vurğuladığı bir ideya dururdu: “Bizim məqsədimiz
təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait
əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz
neftdən gələn bütün mənfəətləri həm
siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir”.
Bütün bu işlərin
əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə
düşmüş Azərbaycan iqtisadiyyatını
dirçəltmək, dünya iqtisadiyyatına daha geniş
inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin
nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini
dünyəvi bir dövlətə çevirməkdən ibarət
idi. Təbii ki, burada ölkənin sosial-iqtisadi
inkişafı, xarici əlaqələrin genişləndirilməsi,
istehsal sferasının fəaliyyətinin bərpası və
genişləndirilməsi, insanların maddi rifah halının
yaxşılaşdırılması, ölkədə həyat
səviyyəsinin yüksəldilməsi və s.
qarşıda duran mühüm vəzifələrdən idi. Ümummilli
lider Heydər Əliyevin sözləri ilə desək: “Biz
ölkəmizi iqtisadi cəhətdən inkişaf edən
ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına
firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət
kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə
neft sahəsində deyil, Azərbaycanın
iqtisadiyyatının, həyatının bütün başqa
sahələrində də gördüyümüz işlər
məhz bu məqsədi daşıyır”.
20 sentyabr 2009-cu ildə
Azərbaycan Respublikasının özünü təsdiq
etdiyi, müstəqil dövlət kimi öz yeraltı və
yerüstü sərvətlərinin şəriksiz sahibi
olduğunun rəmzi sayılan “Əsrin müqaviləsi”nin
imzalanmasının on beşinci ili tamam olur. Bu müqavilənin
imzalanmasından ötən 15 il ərzində yaranan siyasi və
iqtisadi vəziyyət nəinki Azərbaycanda, həm də
Qafqaz regionunda, eləcə də müqavilənin
iştirakçısı olan digər dövlətlərdə
ciddi və mütərəqqi dəyişikliklərə səbəb
olmuşdur. “Əsrin müqaviləsi”ndən keçən
müddəti xronoloji təhlil etdikdə və bu müddət
ərzində ölkənin iqtisadi göstəricilərinə
nəzər saldıqda, müqavilənin əhəmiyyətliliyi
bir daha aydın olur.
Hamımıza məlumdur
ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində
Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən
“Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının birgə istismarı ilə bağlı neft
hasilatı üzrə ixtisaslaşmış, yüksək
nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti
arasında beynəlxalq müqavilə imzalanmışdır
ki, bununla da “Yeni neft strategiyası” uğurla həyata
keçirilməyə başlandı. Bu müqavilələr
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
təsdiq edildi və 12 dekabr 1994-cü il tarixdə qüvvəyə
mindi. Ölkəmizin iqtisadi
inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin
müqaviləsi” adlandırılan bu iri layihə üzrə
ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə
başlandı. Təqribən, 730 milyon ton neft və 200 milyard
kubmetrə yaxın təbii qaz – kondensat ehtiyatına malik olan
yataqlarda görüləcək işlərə 12-14
milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə
tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə
etmiş Azərbaycan Respublikası üçün çox
vacib idi.
Eyni zamanda, “Əsrin
müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və
təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə
işlərə başlandı. Bu saziş sonradan
dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26
sazişin də imzalanmasına şərait yaratdı. İmzalanmış
neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin
inkişafı üçün nəzərdə tutulmuş
64 milyard ABŞ dolları vəsait qoyuluşunun 57,6 milyard
dolları dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda kəşfiyyat-axtarış
işlərinin aparılmasına yönəldilmişdir.
Ümumilikdə isə “Əsrin müqaviləsi”nin həyata
keçirilməsilə Azərbaycan iqtisadiyyatında
dönüş yarandı, böyük işlərə və
iri layihələrə start verildi.
Görülən
operativ tədbirlər nəticəsində artıq 1999-cu ilin
dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker
dünya bazarına çıxarıldı. Yuxarıda qeyd
edildiyi kimi, başlıca məqsədi milli iqtisadiyyatın
dirçəldilməsi olan neft strategiyasının
reallaşmasından əldə edilən valyuta isə ümummilli lider Heydər Əliyev
tərəfindən yaradılmış Dövlət Neft
Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin
həllinə və sosial problemlərin aradan
qaldırılmasına yönəldilirdi.
Araşdırmalardan
aydın olur ki, “Əsrin müqaviləsi” üzrə hasil edilən
Azərbaycan neftinin dünya bazarlarına ixracı
üçün ilkin dövrlərdə buraxıcılıq
qabiliyyətləri o qədər də çox olmayan
Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən
istifadə edilmişdir. Lakin yaxın illərdə müqaviləyə
daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona
çatdırılacağını nəzərə alan
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə daha böyük nəqletmə imkanına malik ixrac
marşrutları araşdırıldı və optimal variant
kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
seçildi. Məhz buna görə də layihənin
həyata keçirilməsində fenomen siyasətçi Heydər
Əliyevin əvəzsiz xidmətlərini nəzərə
alan layihə iştirakçıları 2004-cü ildə BTC
əsas ixrac boru kəmərinə Heydər Əliyevin
adının verilməsi barədə qərar qəbul etdilər.
Artıq Bakı-Tbilisi-Ceyhan layihəsi
üzrə ümumi işlər, demək olar ki,
tamamlanmış və kəmər tam gücü ilə
istifadəyə verilmişdir. Təbii ki, gələcəkdə
daha böyük və geniş imkanlı terminalların
yaradılması istiqamətində də işlər davam
etdirilir. Onu da qeyd edək ki, hələ 2005-ci ilin mayında
Bakıda BTC-yə ilk neft vurulmuş və bu neft 2006-cı
ilin I rübündə Ceyhan limanına
çatmışdır.
Bütün bunlarla yanaşı,
hər zaman olduğu kimi, balanslaşdırılmış
siyasət yürüdən Azərbaycan Respublikasında BTC ilə
paralel olaraq, digər istiqamətlərdə də işlər
davam etdirilmişdir. Belə ki, bu dövrdə Şimal istiqamətində
uzunluğu 231 km olan neft kəməri bərpa və inşa
edilmiş, Azərbaycan nefti Novorossiysk limanına (Rusiya
Federasiyasına) nəql olunmuşdur. Paralel olaraq Qərb
istiqamətində uzunluğu 837 km olan Bakı-Supsa boru kəməri
inşa edilərək, 17 aprel 1999-cu ildə istismara verilmişdir.
Statistik araşdırmalardan aydın olur ki, 1 yanvar 2005-ci ilə
kimi qeyd edilən kəmərlər üzrə 48,7 milyon ton
neft dünya bazarlarına çıxarılmışdır.
Eyni zamanda, 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton
olduğu halda, 2003-cü ildə bu göstərici 15,3 milyon
tona bərabər olmuşdur. Təbii ki, ölkədə neft
hasilatının ilbəil artımı yeni ixrac boru kəmərinin
çəkilişini bir zərurətə
çevirmişdir. Bu istiqamətdə müxtəlif
variantları nəzərdən keçirən dahi rəhbər
Heydər Əliyev bütün iştirakçılar
üçün səmərəli olan, ilk növbədə
isə Azərbaycan dövlətinin və xalqının
maraqlarına uyğun olan bir təşəbbüs irəli
sürdü. 1999-cu ilin noyabrında
Türkiyənin İstanbul şəhərində, ATƏT
Sammiti çərçivəsində keçirilən
görüşdə ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri
tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac
Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası
müqavilə imzalandı. 2002-ci il sentyabrın
18-də isə Bakıda, Səngəçal terminalında
ümummilli lider Heydər Əliyevin, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl
daşı qoyuldu və tikintisinə başlanıldı,
2004-cü ilin oktyabrında isə BTC-nin Azərbaycan hissəsi
Gürcüstan hissəsi ilə birləşdirildi.
Hazırda ulu
öndər Heydər Əliyevin adını daşıyan bu
kəmər Azərbaycan neftinin dünya bazarlarına
çıxarılmasına imkan verməklə yanaşı,
həm də “İpək yolu”nun və türkdilli ölkələrin
əsas magistral kəməri statusunu qazanmışdır.
Ümummilli liderin kristal siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan
neft kəmərləri sisteminə dünya “arteriya”sı kimi
daxil olmuşdur. Onu da qeyd edək ki, minbir əziyyətlə
başa gələn bu əsas ixrac neft kəmərinin
texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi
rolu da danılmazdır. Belə ki, bu neft kəməri
dünya dövlətləri ilə Azərbaycanın yeni
münasibətlərinin yaranmasına, dünya xalqları ilə
əlaqələrinin yenidən qurulmasına təkan verərək,
xarici siyasətin güclənməsinə, beynəlxalq aləmdə
nüfuzun artmasına, eləcə də ölkənin
siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb
olmuşdur. Eyni zamanda, BTC təkcə Azərbaycan
üçün deyil, ümumilikdə beynəlxalq aləmdə
enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində
ölkəmizlə uğurlu tərəfdaşlıq edən
bütün dövlətlər üçün müstəsna
əhəmiyyət kəsb edən bir layihədir.
15 il öncə
çoxlarının qeyri-real, xəyal kimi qəbul etdiyi bu
layihə artıq əzəmətli bir gerçəklikdir. Burada “Əsrin müqaviləsi”nin 10-cu
ildönümündə ölkə başçısı cənab
İlham Əliyevin səsləndirdiyi bir fikri yada salmaq yerinə
düşərdi: “Əsrin müqaviləsi” imzalanarkən bəziləri
bunun uğuruna inanmırdı və hesab edirdilər ki,
müqavilə elə kağız üzərində qalacaq.
Çünki onun həyata keçirilməsi
üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və
geosiyasi məsələlər öz həllini tapmalı idi.
Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev
diplomatiyası bunların həllini təmin etdi”.
Zaman keçdikcə Heydər Əliyevin
neft strategiyasının davamlı uğurları Azərbaycan
dövlətinin dinamik iqtisadi tərəqqisinə
çevrildi. Başqa sözlə desək, neft
strategiyası əsas məqsədinə nail olmağa
başladı. Çünki həyata keçirilən neft
siyasətinin də əsasını, məhz ölkənin
proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli,
vətəndaş azadlığının və digər
demokratik dəyərlərin təmin olunması təşkil
edirdi. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan
iqtisadiyyatı öz inkişafının çox
mühüm mərhələsinə qədəm qoyub.
Ölkə
Prezidenti İlham Əliyev tərəfindən həyata
keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və
sərəncamlar, qəbul edilən qərarlar, reallaşan
dövlət proqramları sayəsində Azərbaycan iqtisadi
artım göstəriciləri ilə dünyanın lider
dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki
Qafqazda, həm də bütün bölgədə söz
sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə
qlobal layihələrin həyata keçirilməsi
qeyri-mümkündür. Azərbaycan Respublikasının
coğrafi mövqeyindən irəli gələn bu imkanları
ölkədə həyata keçirilən uğurlu iqtisadi
islahatlar daha da artırır. Aparılan islahatlar nəticəsində
son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan
sürətlə artmışdır.
Yeni neft strategiyası bir daha Azərbaycanın
dünya üçün, dünya iqtisadiyyatı
üçün açıq ölkə olduğunu bəyan
etdi. Son dövrlər isə BTC-nin tam gücü ilə fəaliyyətə
başlaması ölkəmizin inkişafında daha önəmli
rol oynamışdır. BTC-nin ölkə
iqtisadiyyatındakı rolundan, ümumilikdə Azərbaycana təsirlərindən
danışan İlham Əliyev demişdir: “2007-ci ilin
bırinci rübündə Bakı-Tbilisi-Ceyhan neft kəməri
artıq tam gücü ilə işləməyə
başlamışdır. Biz görürük ki, kəmər
istismara veriləndən sonra qısa müddət ərzində
tam gücü ilə işləyir. Bu böyük nailiyyətdir,
bizim böyük uğurumuzdur və bu kəmərin fəaliyyətinə
şübhə ilə yanaşanlara gözəl
cavabımızdır”.
Bəli, Azərbaycan
iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin
yaratdığı təməl üzərində hərtərəfli
və dinamik inkişaf edir. Bu gün ölkədə
mühüm qlobal proqramlar, irimiqyaslı layihələr,
müxtəlif sahələri əhatə edən
çoxsaylı dövlət proqramları həyata
keçirilməkdədir ki, bütün bunlar da ən ümdə
məqsədə – Azərbaycan dövlətinin iqtisadi
qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə
ədalətli mövqeyinin təmin olunmasına və ən
başlıcası, ölkədə həyat səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir
ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə
liderliyini inamla davam etdirir.
Ölkə
iqtisadiyyatındakı dinamik proseslər daha da güclənir,
güclü sənaye potensialı yaranır, sosial problemlərin
həlli istiqamətində görülən tədbirlər
öz bəhrəsini verir. Dövlətimizin BTC
və digər iri layihələrdəki iştirakdan əldə
etdiyi uğurları artıq hər bir vətəndaş hiss
etməkdədir. Ölkə başçısı İlham Əliyevin
sözləri ilə desək, biz Azərbaycanı
güclü dövlətə çevirməliyik. Bu vəzifə
bir müddət əvvəl qarşıya qoyulmuşdur və
biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda
aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir.
Biz son dörd il ərzində iqtisadi inkişaf
baxımından dünyada ən sürətlə inkişaf
edən ölkəyik.
Bu gün inamla həyata
keçirilən Heydər Əliyev strategiyasının nəticəsi
olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi,
ölkədə tarazlı inkişafın təmin edilməsi
istiqamətində atdığı addımlar və analoqu
olmayan iqtisadi uğurları ilə beynəlxalq aləmdə
nüfuzlu söz
sahibinə çevrilmişdir. Artıq dünya
birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan
Respublikasında bütün proseslər xalqımızın
milli mentalitetinə və dövlətçilik prinsiplərinə
uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların
rəyləri nəzərə alınmaqla qloballaşma
dövrünün tələbləri səviyyəsində
qurulmaqdadır. Ölkə başçısı İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
reallaşan iri yerli və regional layihələr nəticəsində
Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə
dünyanın aparıcı dövlətləri ilə bir
sırada dayanır.
Artıq Azərbaycan
inkişafın keyfiyyətcə yeni mərhələsinə
keçmişdir. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında
ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat
olmaqla yanaşı, ümumi daxili məhsulun artım tempinə
görə dünyada birinci yerdədir. Bu
gün iqtisadi inkişaf göstəriciləri ilə artıq
nəinki regionda və ya MDB-də, hətta dünyada lider
dövlətlər sırasına qoşulan Azərbaycan
Respublikasında əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində
çoxşaxəli islahatlar həyata keçirilməkdədir.
Son dövrlər ölkəmizin sosial-iqtisadi, mədəni və
digər sahələrdə əldə etdiyi uğurlar da məhz
düşünülmüş fəaliyyətin nəticəsidir.
Həyata keçirilən
uğurlu islahatlar nəticəsində Azərbaycan dövlətinin
əldə etdiyi inkişaf artıq
qarşısıalınmaz bir prosesə çevrilmişdir. Nəzərə alsaq ki, dünyanın iri dövlətləri
kainatı bürüyən maliyyə böhranından
sarsılırsa və bu böhran Azərbaycan
iqtisadiyyatına, xalqın sosial həyatına elə bir ciddi
təsir göstərə bilmirsə, onda əminliklə deyə
bilərik ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən Azərbaycanın uzaq və
parlaq gələcəyinə hesablanmış inkişaf
strategiyası müasir dünya reallığından doğan
tələblərə cavab verən bir formada uğurla davam
etdirilir, eləcə də müstəqil dövlətimizin və
xalqımızın maraqlarına tam cavab verir.
Qazanılan uğurları, əldə edilən nailiyyətləri
daha aydın təsəvvür etmək üçün
İlham Əliyevin birinci prezidentlik dövrünün son ili
olan 2008-ci ilin statistik məlumatlarına nəzər salaq.
Qeyd edildiyi kimi, 2008-ci il dünya
tarixinə maliyyə və iqtisadi böhran ili kimi düşsə
də, Azərbaycan Respublikası üçün növbəti
uğurlu il olmuşdur. Belə ki, yola
saldığımız il ərzində ölkə
iqtisadiyyatının inkişafını xarakterizə edən
makroiqtisadi göstərici olan ÜDM istehsalı 3,7 milyard
manata yaxın artaraq 34,7 milyard manata çatmışdır.
İl ərzində yaradılan əlavə dəyər məhsul
istehsalı sahələrində 73 faiz, xidmət sahələrində
19,5 faiz, məhsula və idxala xalis vergilər üzrə
7,5 faiz artmışdır. Eyni zamanda, ÜDM-in
60,3 faizi sənaye sahələrinin, 7,3 faizi tikintinin, 5,4 faizi
aqrar sahə, ovçuluq və meşə təsərrüfatının,
5,5 faizi nəqliyyatın, 5,8 faizi ticarət və pullu xidmət
sahələrinin, 1,6 faizi rabitənin, 6,6 faizi isə digər
sahələrin hesabına əldə edilmişdir.
İl ərzində adambaşına düşən ÜDM
4051,5 manat və ya 4922,3 ABŞ dolları təşkil
etmişdir ki, bu da 2007-ci ilin müvafiq göstəricisindən
10,3 faiz çoxdur.
Məlumdur ki, hər bir ölkənin
inkişaf səviyyəsini xarakterizə edən göstəricilərdən
biri də sənaye istehsalının həcmidir. Azərbaycan
Respublikasında da ümumi daxili məhsulun
formalaşmasında aparıcı rol oynayan sənaye sahələrində
məhsul istehsalı keçən illə müqayisədə
6,8 faiz artmışdır. O cümlədən,
statistik məlumatlara əsasən, 2008-ci ildə sənaye məhsulunun
77,5 faizi və ya 20,7 milyard manatı mədənçıxarma
bölməsində, 18,1 faizi və ya 4,8 milyard manatı emal
bölməsində, 4,4 faizi və ya 1,2 milyard manatı
elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsində
istehsal olunmuşdur. Bu isə mədənçıxarma
bölməsində məhsul istehsalının 6,2 faiz
artımı deməkdir ki, burada da müvafiq olaraq neft
hasilatı 5,5 faiz, qaz hasilatı 52,1 faiz, digər faydalı
qazıntılar hasilatı 22,8 faiz artmış və il ərzində
40,9 milyon ton neft, 14,6 milyard kubmetr əmtəəlik qaz hasil
olunmuşdur.
Analoji olaraq emal
bölməsində məhsul istehsalı 8 faiz, o cümlədən
qida məhsulları istehsalı 0,6 faiz, neft məhsulları
istehsalı 8,4 faiz, dəri məmulatları və ayaqqabı
istehsalı 32,5 faiz, sellüloz-kağız istehsalı, nəşriyyat
işi 3,2 faiz, kimya sənayesi istehsalı 37,4 faiz, rezin və
plastik kütlə məmulatları istehsalı 16,2 faiz, metallurgiya sənayesi
və hazır metal məmulatları istehsalı 27,9 faiz,
maşın və avadanlıqlar istehsalı 10,1 faiz
artmışdır.
İlin əvvəlindən
ölkənin elektrik stansiyalarında 18,1 milyard kv.saat elektrik
enerjisi istehsal olunmuşdur ki, bu da 8,8 faiz artım deməkdir.
Göründüyü kimi, 2008-ci il sənaye sektoru
üçün uğurlu olmuş və əvvəlki illərdə
əldə edilmiş nailiyyətlər ötən ildə də
davam etdirilmişdir.
Dünya təcrübəsi
sübut edir ki, bütün tarixi dövrlərdə
dünyanı, eləcə də ayrı-ayrı dövlətləri
narahat edən ciddi problemlərdən biri də ərzaq
çatışmazlığıdır. Eyni
zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə
edilmiş inkişafı davamlı iqtisadi inkişafa
çevirmək məqsədi ilə vaxtaşırı olaraq
geniş əhatəli tədbirlər planı qəbul edən
və həyata keçirən Azərbaycan Respublikasında əsas
məsələlərdən biri də əhalinin ərzaq məhsulları
ilə təminatını yaxşılaşdırmaq, istehsal
edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək,
bir sözlə, ölkənin ərzaq təhlükəsizliyini
təmin etməkdən ibarətdir. Bu
baxımdan ölkə başçısının 25 avqust
2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nda cəmiyyəti narahat edən
aktual problemlərin həlli nəzərdə tutulmuşdur və
proqram davamlı inkişafın təmin edilməsində
xüsusi əhəmiyyətə malikdir.
Proqramda ölkədəki
makroiqtisadi göstəricilərin mövcud vəziyyəti və
artım dinamikası, torpaq, su və s. kimi təbii resurslardan
istifadənin müasir vəziyyəti, bitkiçilik və
heyvandarlıq məhsullarının istehsal və emal edilməsi
imkanları, aqrar sektor üçün kadr
hazırlığı və bu sahədə fəaliyyət göstərən elmi
müəssisələrin mövcud vəziyyəti, ərzaq məhsulları
istehsalının infrastruktur təminatı və s. məsələlər
ətraflı təhlil edilmişdir. Təhlilin nəticələri
belə qənaətə gəlməyə əsas verir ki, bu
sahədə mövcud potensialdan tam və səmərəli
istifadəyə hələ nail olunmamışdır.
Başqa sözlə desək, inkişaf üçün
potensial tükənməmişdir, sadəcə, bu sahədə
müəyyən təkmilləşdirici tədbirlər həyata
keçirməklə mövcud potensialı hərəkətə
gətirmək lazımdır.
Qəbul edilən
proqramdan da göründüyü kimi, ərzaq təhlükəsizliyini
təmin etməyin başlıca yolu kənd təsərrüfatını
inkişaf etdirməkdən ibarətdir. 2008-ci ilin statistik
göstəriciləri Azərbaycanda aqrar sektorun da dinamik
inkişaf etdiyini təsdiq edir. Belə ki, statistik məlumatlara
görə, aqrar bölmədə dekabrın 1-nə kimi
qarğıdalı da daxil olmaqla 2497,9 min ton taxıl, 1076,9 min
ton kartof, 1203 min ton tərəvəz, 52,7 min ton pambıq,
698,1 min ton meyvə və giləmeyvə, 407,6 min ton bostan məhsulları,
108,9 min ton üzüm, 166,4 min ton şəkər
çuğunduru, 2,5 min ton tütün, 307,4 ton yaşıl
çay yarpağı toplanmışdır. Diri çəkidə
277,5 min ton ət, 1268,8 min ton süd, 906,1 milyon ədəd
yumurta və 14,3 min ton yun istehsal olunmuşdur. Tərəvəz,
bostan məhsulları, pambıq, tütün və
yaşıl çay yarpağı istisna olmaqla qalan
bitkiçilik və heyvandarlıq məhsullarının
istehsalı keçən illə müqayisədə
artmışdır. Dəyər ifadəsində
bitkiçilik məhsulları istehsalı 7,5 faiz,
heyvandarlıq məhsulları istehsalı 3,9 faiz və kənd
təsərrüfatının ümumi məhsulu 6,2 faiz
artmışdır. 2009-cu ilin məhsulu üçün 1
milyon hektardan çox şum qaldırılmış, təxminən
1 milyon hektar sahəyə buğda və arpa səpilmişdir.
Təbii ki, istənilən sahənin
inkişaf etdirilməsi müəyyən maliyyə təminatı
tələb edir. Başqa sözlə desək,
həyata keçirilən layihələrin və tədbirlərin
maliyyə təminatı nə qədər güclü olarsa,
əldə edilən nəticə də bir o qədər
uğurlu olar. 2008-ci il ərzində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard manat həcmində
investisiya yönəldilmiş, 4,9 milyard manatlıq
tikinti-quraşdırma işləri
görülmüşdür. 2007-ci illə müqayisədə
istifadə olunmuş investisiyanın məbləği 38,8
faiz, tikinti-quraşdırma işlərinin həcmi 56,2 faiz
artmışdır. Əsaslı vəsaitin 74,3 faizini və ya 5,9 milyard manatını daxili
investisiyalar təşkil etmişdir ki, bu da 74,6 faiz artım
deməkdir. İstehsal təyinatlı obyektlərin
inşasının aparılmasına investisiyanın 74,3 faizi,
yaxud 5,9 milyard manat sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş
sərmayənin 47 faizini müəssisə və təşkilatların
vəsaitləri, 40 faizini büdcə vəsaitləri təşkil
etmişdir.
Əvvəlki illərdə
olduğu kimi, 2008-ci il də genişmiqyaslı tikinti-quruculuq
işləri ilə yadda qalmışdır. Bu il də milli
iqtisadiyyatın müxtəlif sahələrində infrastruktur
sahələrin yenidən qurulması istiqamətində
geniş əhatəli tədbirlər həyata
keçirilmişdir. Belə ki, ilin əvvəlindən
ümumi sahəsi 1259,9 min kvadratmetrə bərabər
yaşayış evləri, 60575 şagird yerlik ümumtəhsil
məktəbləri, 237 çarpayılıq xəstəxana,
növbədə 628 nəfərə xidmət etməyə
imkan verən ambulator-poliklinika müəssisəsi, 3835 yerlik məktəbəqədər uşaq müəssisəsi, 840 yerlik klub, Ağdam,
Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar
rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhərində
məişət soyuducuları zavodu, pambıq emalı fabriki,
metronun “Nəsimi” stansiyası, Zaqatala və Lənkəranda
hava limanları, Şamaxı şəhərində məişət
soyuducuları zavodu , Bərdə rayonunda
asfalt-beton, Qazax rayonunda bentonit gili, Sabirabad rayonunda sement,
Kürdəmir rayonunda konserv, Qəbələ, Lənkəran
və Biləsuvar rayonlarında süd emalı, Saatlı
rayonunda biyan emalı, Balakən rayonunda yem istehsalı
zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki
rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri,
Lənkəran rayonunda uşaq sağlamlıq
və “Qafqaz” turist istirahət mərkəzləri, Gəncə,
Qazax, Qəbələ və Zaqatalada müalicə-diaqnostika mərkəzləri,
Balakən rayonunda avtovağzal binası və s. istismara
verilmişdir ki, bütün bunlar da il ərzində
aparılan tikinti işlərinin bir qismidir.
Son illər Azərbaycan
Respublikasında nəqliyyat sektorunun müasir səviyyədə
qurulması, infrastruktur sahələrin təkmilləşdirilməsi,
yeni yolların və yol ötürücülərinin
tikintisi istiqamətində də iri beynəlxalq, regional və
yerli layihələr həyata keçirilməkdədir. Respublıkamızda
magistral avtomobil yollarının beynəlxalq standartlara
uyğun yenidən qurulması, qədim İpək Yolunun bərpası,
regionlarda beynəlxalq səviyyəli hava limanlarının
inşası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin çəkilişi,
Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisınə
başlanılması, paytaxtımızda bir-birindən
yaraşıqlı, möhtəşəm körpülərin
və digər yol ötürücülərinin istifadəyə
verilməsi nəqliyyat sektorunun imkanlarını xeyli
genişləndirmişdir.
Bu gün
infrastruktur layihələrinə dövlət büdcəsindən
ayırmaların ilbəil yüksək templə artması
Heydər Əliyev iqtisadi strategiyasının uğurla davam
etdirilməsini və dövlət başçısı
İlham Əliyevin bu məsələyə necə
böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2007-ci
ilin dövlət büdcəsində investisiya layihələrinin
maliyyələşdirilməsinə 1,5 milyard manat
ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 3,5
milyard manata yaxındır.
“Bölgələrin
inkişafı Azərbaycan dövlətinin
inkişafıdır” – deyən dövlət
başçısı ölkəmizin ən ucqar
rayonlarından tutmuş, ən uzaq kənd və qəsəbələrində
aparılan quruculuq işlərinin keyfiyyətlə yerinə
yetirilməsini diqqətdə saxlayır. Ölkə
Prezidentinin 2008-ci il sentyabr ayının 26-da Gəncə şəhərinə
və Kürdəmir rayonuna səfəri zamanı Kürdəmir
dairəvi avtomobil yolunun açılışı avtomobil
yollarının yenidən qurulmasına dair aparılan genişəhatəli
işlərin bir nümunəsi idi.
Ölkənin iqtisadi, həm də
sosial həyatında sürətlə inkişaf edən sahələrdən
biri də rabitədir. Sahənin əməkçiləri ilin
əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara
8284 milyon manatlıq, yaxud keçən ilin müvafiq
dövründə olduğundan 29,7 faiz çox rabitə xidməti
göstərmişlər. Xidmətlərin 75,8
faizi və ya 617,9 milyon manatı əhaliyə göstərilmiş
və 31,9 faiz artmışdır. İl ərzində 12,6
milyard manat məbləğində istehlak malları
satılmış və pullu xidmət göstərilmişdir.
İstehlakçılara ticarət şəbəkəsindən
2007-ci ildəkindən 15,6 faiz çox və ya 9,6 milyard manat
həcmində əmtəə satılmış və 29,6
faiz çox, yaxud 3 milyard manatlıq pullu xidmət göstərilmişdir.
İstehlak bazarında satılmış malların 6,2 milyard
manatını və ya 64,5 faizini ərzaq məhsulları, 3,4
milyard manatını qeyri-ərzaq malları təşkil
etmişdir.
Aparılan statistik
təhlillərdən aydın olur ki, ölkəmizin iqtisadi
uğurları 2008-ci ildə də davam etmiş və gələcəkdə
daha da sürətli inkişaf üçün zəngin
potensial formalaşdırılmışdır. Ölkə
başçısı İlham Əliyevin qeyd etdiyi kimi:
“2008-ci ilin yekunları, eyni zamanda, son beş il ərzində görülən işlərə
vurulan yekundur. Azərbaycan xalqı bu işlərə mənim
üçün ən vacib olan münasibətini keçən
ilin oktyabr ayında prezident seçkilərində bildirmişdir.
Bu, bizim üçün ən böyük göstəricidir.
Bizim işlərimizin düzgün aparılmasına ən
böyük işarədir, ən böyük sübutdur. Elə etməliyik ki, növbəti illərdə
xalqın etimadını doğruldaq, Azərbaycanın
qarşısında duran bütün məsələləri
uğurla həll edək, Azərbaycanı daha da gücləndirək,
bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək,
iqtisadi sahədə daha ciddi nailiyyətlərə
çataq, bütün sosial məsələləri həll
edək və beləliklə, ölkəmizi uğurla irəliyə
aparaq”.
Təbii ki, milli
iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu
nəticələrin əldə edilməsinə, ilk növbədə,
düzgün daxili siyasətin həyata keçirilməsi,
ölkədə demokratik mühitin
formalaşdırılması və iş adamları
üçün münbit şəraitin yaradılması əsasında
nail olunmuşdur. İş adamları ilə mütəmadi
görüşlərin keçirilməsi, xüsusi
razılıq tələb edilən fəaliyyət növlərınin
sayının azaldılması, sahibkarlığın
inkişafına xidmət edən dövlət
proqramlarının qəbulu, qeydiyyat-uçot məsələlərinin
sadələşdirilməsi, ölkədə
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
genişləndirilməsi, iş adamlarına güzəştli
kreditlərin verilməsi, “bir pəncərə” sisteminin
yaradılması və s. dövlət başçısı
cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatının, xüsusilə özəl sektorun
inkişafı və demokratik prinsiplərin
reallaşdırılması istiqamətində atılan
addımların çox az bir qismidir.
Beləliklə, “Əsrin
müqaviləsi” müstəqil Azərbaycan
Respublikasının mövcudluğu barədə dünyaya
verdiyi ilk praktik, əməli işə dayanan bəyanatı
idi. Biz bu müqaviləni imzalamaqla Azərbaycanın
tam müstəqil dövlət olduğunu,
xalqımızın öz sərvətlərinə sahib
olduğunu dünyaya bir daha nümayiş etdirdik, – deyən
ümummilli liderin bu sözləri 1994-cü ilin 20
sentyabrından sonra dəfələrlə təsdiqini
tapdı. Təbii ki, həmin vaxtdan bu günədək,
“Əsrin müqaviləsi”ndən ötən illər Azərbaycanın
müstəqillik və dövlətçilik tarixinin əsas
taleyüklü hissəsidir. Eyni zamanda, hər bir azərbaycanlıya
məlumdur ki, bu illər heç də rəvan
olmamışdır. Azərbaycanın müstəqillik
yolunda saysız-hesabsız maneələr olub, dövlətçiliyimizə
zərbə vurmağı qarşısına məqsəd
qoyan mənfur düşmənlərlə mübarizə,
müstəqilliyimizi hədəfə alan təxribatlar, qiyam və
çevriliş cəhdləri həyata keçirilib. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti
və xalqı özünün dahi oğlu, yenilməz Heydər
Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində
bu əngəlləri birər-birər aşaraq sabitlik,
inkişaf və rifah yoluna çıxdı. Eyni zamanda, Heydər
Əliyevin neft strategiyası da zamanın bütün
sınaqlarından uğurla çıxaraq bu inkişaf və
rifahın baş təminatçısına çevrildi.
Yekunda ümummilli lider
Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının “Əsrin müqaviləsi”ndən
başlanan inkişaf yolunda qarşıda duran vəzifələri
və başlıca məqsədi yığcam ifadə edən
bir fikrini yada salmaq daha məqsədəuyğun olardı:
“1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir”.
İSA ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru,
iqtisad elmləri doktoru, professor
AQİL ƏSƏDOV, AMEA
İqtisadiyyat
İnstitutunun aparıcı elmi
işçisi, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 1; 3.