Ağdam rayonunun məktəbləri və müəllimləri yeni dərs ilinə hazırdır

 

Cəbhə bölgəsində, respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlərin yığcam yerləşdikləri ərazilərdə fəaliyyətlərini uğurla davam etdirən Ağdam rayonunun təhsil işçiləri ötən dərs ilini də nailiyyətlərlə başa vurmuş, növbəti tədris ilini hərtərəfli hazırlıq və yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Rayon müəllimlərinin yeni dərs ili qarşısında keçirilən ənənəvi konfransında bu barədə geniş söhbət və müzakirə aparıldı.

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov rayonun pedaqoji kollektivlərini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Başçı bildirdi ki, qazanılmış uğurları daha da artırmaqda, mövcud problemləri həll etməkdə rayon rəhbərliyi təhsil işçilərinə zəruri köməyini bundan sonra da davam etdirəcəkdir.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova hesabat məruzəsində son illər ölkəmizdə təhsilin inkişafı üçün yaradılmış əlverişli şəraitdən, əldə olunmuş uğurlardan, qarşıda duran məsul vəzifələrdən söz açdı. Natiq bildirdi ki, bu gün ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasını, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi mütərəqqi yeniliklərlə müşayiət olunan yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblər tikilməsi, məktəblərin əsaslı təmir edilməsi, müəllimlərin əmək haqqının vaxtaşırı artırılması, onların fəxri adlarla təltif edilməsi və s. təhsil işçilərinə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

19 iyun 2009-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında “Təhsil haqqında” Qanunun təsdiq edilməsi, qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün 23 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı, bununla əlaqədar rayon ərazisində qəza vəziyyətində olan məktəblərin qeydiyyata götürülməsi, ötən il 2 nəfərin “əməkdar müəllim” fəxri adına layiq görülməsi rayon təhsil işçilərini həvəsləndirmiş, daha böyük qüvvə ilə işləməyə ruhlandırmışdır.

Rayon əhalisinin köçkünlük şəraitində yaşamasına baxmayaraq, təhsil şöbəsinin işçiləri, təlim-tərbiyə müəssisələrinin rəhbərləri müxtəlif bölgələrdə məskunlaşan məktəbyaşlı uşaqların təhsildən kənarda qalmaması üçün əməli işlər aparmış, ümumi icbari təhsilin həyata keçirilməsində səylərini əsirgəməmişlər.Təhsil şöbəsi üzrə məktəblərin sayı 149, siniflər 1815, şagirdlərin sayı 2140 nəfər olmuşdur. Onların təlim-tərbiyəsi ilə 4123 nəfər müəllim məşğul olmuşdur. Məktəbəqədər müəssisələrin sayı 32, buradakı uşaqların sayı 1520 nəfər, məktəbdənkənar müəssisələrin sayı isə 5 olmuşdur.

Ötən dərs ili ərzində milli təhsilimizin inkişaf proqramları rayonda müvəffəqiyyətlə həyata keçirilmişdir. Müvafiq dövlət proqramının yerinə yetirilməsi ilə bağlı 2003-cü ildən başlayaraq 29 məktəb yenidən tikilmişdir. 2 məktəbimiz əsaslı təmir edilmiş, 16 məktəb üçün 81 sinif olmaqla, 1886 yerlik otaqları tikilib şagirdlərin istifadəsinə verilmişdir. İşğal olunmamış ərazidə fəaliyyət göstərən 28 ümumtəhsil məktəbinin 24-ü əsaslı təmir edilmiş, yenidən tikilərək müasir tələblərə cavab verən vəziyyətə salınmışdır. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qasqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” üzrə Dövlət Proqramına əlavələrdə 3 məktəbimizin – Həsənxanlı kənd orta, I Baharlı kənd əsas, I Yüzbaşılı kənd orta məktəblərinin yenidən tikilməsi və Hacıməmmədli kənd orta məktəbinin əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur.

E.Şükürova bildirdi ki, rayonda məktəbəqədər tərbiyə müəssisələrinin bina şəraitinin yararsız olduğu, bəzilərinin ordu hissələri və köçkün ailələri tərəfindən tutulduğu nəzərə alınaraq, daxili işlər naziri general-polkovnik Ramil Usubovun köməkliyi nəticəsində Quzanlı qəsəbəsində 120 yerlik, Xındırıstan kəndində isə 100 yerlik olmaqla 2 uşaq bağçası tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramının (2005—2009-cu illər) həyata keçirilməsi ilə əlaqədar son 3 il ərzində 366 ədəd parta, 780 ədəd stul, 20 ədəd stol, 95 ədəd şkaf alınıb bölgü əsasında zəruri ehtiyacı olan məktəblərə verilmişdir. Təhsil Nazirliyinin ayırdığı dərsliklər, Prezident Administrasiyasının verdiyi latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat bölgü əsasında məktəblərə verilmişdir. Məktəb kitabxanaları zənginləşdirilmişdir. Bu günə kimi rayon ümumtəhsil məktəblərinin I–XI sinif şagirdləri üçün 170 adda 178090 ədəd dərslik, latın qrafikası ilə çap olunmuş 216 adda 76045 ədəd bədii ədəbiyyat, 18 ədəd uşaq ensiklopediyası, 50 ədəd Azərbaycan Milli Ensiklopediyası bölgü əsasında ümumtəhsil məktəblərinə verilmişdir.

2005-ci ildən başlayaraq qeyri-hökumət təşkilatlarından 13 ədəd, 2007-ci ildə isə Təhsil Nazirliyi xətti ilə 253 ədəd kompyuter dəsti alınıb məktəblərə verilmişdir. Rayon üzrə 68 məktəbdə hər 33 şagirdə 1 kompyuter düşür. Hazırda rayon ümumtəhsil məktəblərində kompyuterlərin sayı 366-a çatmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, proqramın yerinə yetirilməsi ilə bağlı 51 məktəbimizə kompyuter verilməmişdir.

Artıq 4 ildir ki, istedadlı uşaqlarla aparılan işləri daha da yaxşılaşdırmaq məqsədi ilə müxtəlif bölgələrdə olimpiadalara hazırlıq mərkəzləri yaradılmışdır. Bu mərkəzlərə ən qabaqcıl, öz işinin bilicisi olan, səriştəli müəllimlər dəvət edilmişdir. Nəticədə şagirdlərimiz fənn olimpiadalarının respublika turunda fərqləndirici yerlər tuta bilmişlər. 2009-cu ildə 5 saylı orta məktəbin XI sinif şagirdi İmdad Məmmədov riyaziyyat fənni üzrə fənn olimpiadalarının respublika mərhələsində III yeri tutmuşdur. O, qəbul imtahanı zamanı da öz biliyini nümayiş etdirərək Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuşdur.

2009-cu ildə respublika səviyyəsində keçirilən bir sıra müsabiqələr də səmərəli təşkil edilmiş, uğurlu nəticələr əldə edilmişdir. Prezident İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatının təsis edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar rayonun 2 müəllimi – 32 saylı orta məktəbin fizika müəllimi Leyla Bağırova və 35 saylı orta məktəbin ingilis dili müəllimi Hüzurə Ağayeva müsabiqədə iştirak etmiş, 100 nəfər müəllimin içərisində 1-ci on nəfərin siyahısına düşmüşlər.

Hər ay 3-4 müəllimlərimiz xüsusi istedadlı uşaqlarla işləmək istiqamətində yeniliklər öyrənmək üçün Bakı şəhərinə ixtisasartırma kurslarından keçmişdir. Rayonun işğal olunmamış ərazisində, Bərdə, Tərtər, Ağcabədi rayonlarında fəaliyyət göstərən məktəblərin I sinfində dərs deyəcək 206 nəfər sinif, informatika və xarici dil müəllimləri 4 qrupda 5 günlük təlim kurslarından keçmişdir. Ümumilikdə, təhsil şöbəsinin tabeçiliyində olan 149 ümumtəhsil məktəbindən 271 nəfər I sinifdə dərs deyəcək müəllim kursdan keçmiş, onlara müvafiq sertifikatlar verilmişdir.

Bütün məktəblərimizdə, hər bir sinifdə “Qarabağın qan yaddaşı” kitabçası hazırlanmış, orada hər bir bölgəmizin işğal tarixi, ərazisi, tarixi abidələri və s. haqqında məlumatlar toplanmışdır. Hər il olduğu kimi, 2009-cu ilin “Yeni il” və Novruz bayramları ərəfəsində də məktəblərimizin rayon ərazisində olan hərbi hissələrin əsgərləri ilə görüşü keçirilmişdir. Tədris ili ərzində gənclərin fiziki tərbiyə və vətənpərvərlik tərbiyəsi təhsil şöbəsi, məktəb rəhbərləri, ümumilikdə təhsil işçilərinin birlikdə apardıqları işlərin mərkəzində dayanmışdır. Bütün məktəblərdə fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsini yüksəşltmək üçün nəzəri və praktiki məşğələlərin keyfiyyəti artırılmışdır.

Tədris ili ərzində məktəbdənkənar tərbiyə müəssisələrinin də fəaliyyətinə nəzarət artırılmış, keçirilən dərnəklərdə şagirdlərin yaradıcılıq qabiliyyəti kifayət qədər yaxşılaşdırılmışdır. Uşaq gənclər idman məktəbinin fəaliyyəti Olimpiya İdman Kompleksində bərpa edilmişdir. Uşaq gənclər şahmat məktəlbinin şagirdləri də ötən dərs ilində bir sıra respublika birinciliklərində iştirak edərək öz qüvvələrini sınamış, bu yarışlarda müvəffəqiyyətlər əldə etmişlər.

Natiq daha sonra dedi ki, 8 iyun 2009-cu il tarixdə Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə XI siniflərdə mərkəzləşmiş qaydada buraxılış imtahanları keçirilmişdir. Rayonun 117 orta ümumtəhsil məktəbində XI sinifi bitirən 1521 nəfərdən 1483 nəfər imtahanlara buraxılmışdı. 1193 nəfər şagirdimiz buraxılış imtahanı aparılan 8 fəndən müvəffəq qiymət almışdır. Buraxılış imtahanlarının nəticəsinə görə imtahana buraxılmış şagirdlərin 80 faizinə orta məktəbi bitirmək haqqında attestat verilmişdir.

Məktəbli formasının tətbiqi ilə əlaqədar bütün məktəblərdə iclaslar keçirilmiş, valideynlər arasında mühüm təbliğat işləri aparılmışdır. Bu işlər nəticəsində rayonun bütün təhsil ocaqları məktəbli formasına keçmişdir.

Məzunlarımızın ali məktəblərə qəbulu vəziyyəti təhsil şöbəsində yaradılmış işçi qrupu tərəfindən dəqiqləşdirilərək hər bir məktəbin fəaliyyətinə qiymət verilmişdir. 2009-cu ildə rayonun 117 orta ümumtəhsil məktəbini bitirən 1193 nəfər məzundan 600 nəfəri Tələbə Qəbulu Komissaiyasına sənəd vermişdi. Bunlardan 195 nəfəri I turda ali məktəblərə qəbul olmuşdur. Müsabiqəni keçə bilməyən 110 nəfərə yaxın məzunumuz II tura sənəd vermiş, bunlardan 13 nəfəri ali məktəblərə, 76 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Beləliklə, ali məktəblərə qəbul olunanların sayı 208 nəfər olmuşdur ki, bu da sənəd verənlərin 35 faizi deməkdir. 2009-cu ilin məzunlarından 20 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox hal toplamışdır. Rayon məktəbləri üzrə ən yaxşı balı 33 saylı məktəbin məzunu Nigar Əhmədzadə toplamışdır. O, 655 balla Tibb Universitetinə qəbul olmuşdur. Daha bir şagirdimiz 88 saylı orta məktəbin məzunu Qərənfil Allahverdiyeva 630 balla Tibb Universitetinə qəbul olmuşdur.

Məruzəçi sonda bildirdi ki, rayonun təhsil işçilərii ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyərək, təhsilimizin inkişafında, gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsində bundan sonra da bilik və bacarığını əsircəməyəcəkdir.

Məruzə ətrafında çıxış edən məktəb direktorlarından Səlim Əzimov, Tünzadə Vəliməmmədova, Allahyar Ələkbərov rayonun təhsil müəssisələrinin son 1 ildə artan uğurlarından iftixarla söz açdılar, nailiyyətləri çoxaltmaq yollarını vurğuladılar. Respulikanın 100 qabaqcıl müəllimi müsabiqəsinin qalibi fizika müəllimi Leyla Bağırova, ali məktəbə yüksək balla daxil olmuş Nəzrin Nazirli ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısına, qazandıqları uğur üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Konfransda belə bir əminlik ifadə olundu ki, Ağdam rayonunun məktəbləri və müəllimləri öz ənənəsinə sadiq qalaraq, Azərbaycanımız üçün yüksək bilik və bacarıq aşılanmış gənclər yetişdirəcək.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 4.