Yeraltı çaylar niyə çağlamır?
Söhbət min illər yaşı olan kəhrizlərdən
gedir
Əlövsət Quliyev ixtisasca mühəndis-hidrotexnikdir.
Naxçıvan Dövlət Universiteti eklogiya və ümumi
texniki fənlər kafedrasının müdiri, kənd təsərrüfatı
elmləri doktorudur. Elmi işləri Azərbaycanın
yerüstü və yeraltı sularından səmərəli
istifadə olunmasına, qədim su sistemləri olan kəhrizlərin
tədqiq və bərpasına həsr olunmuşdur. Bir
sıra beynəlxaq və respublika simpozium və
konfranslarında çıxış etmişdir. Müsahibimizlə
söhbətin mövzusu əsrlər boyu Azərbaycanda,
xüsusən Naxçıvanda həyat mənbəyi
olmuş – ata-babalarımızı bol içməli və
suvarma suyu ilə təmin etmiş kəhrizlərin taleyidir.
— Əlövsət
müəllim, elmi-texniki inqilabın qurbanı olmuş tarixi sərvətlərdən
biri də “yeraltı çaylar” – kəhrizlərdir. Kəhrizlər
nadir meliorasiya sistemi olmaqdan əlavə, həm də iqtisadi
tariximizin bir səhifəsidir. Zaman göstərdi ki, bu sərvətin
də qədərini bilməmişik...
— Tamamilə doğrudur.
Kəhrizlər qədim tariximizin silinməz izlərini
yaşadır. Arxeoloji qazıntılar nəticəsində əldə
edilmiş məlumatlara əsasən demək olar ki, Azərbaycan
qədim suvarma əkinçiliyi mədəniyyətinə
malik bir ərazi olub Yaxın Şərq və Orta Asiya ölkələri
ilə bir səviyyədə durur. Tarixən, su
qıtlığı olduğundan regionda suvarma mənbəyi
kimi kəhrizlərdən geniş istifadə edilmişdir. Təkcə
Qarabağda 50 min desyatindən çox torpağın məhz
kəhrizlər vasitəsilə suvarılması yaxın
vaxtlara qədər davam etmişdir.
— Azərbaycanda hətta
Kəhrizli adlanan kənd də var.
— XIX əsrin 80-ci
illərində Qarabağ bəylərindən olan Əhməd
bəy Cavanşirin mülki olan Kəhrizli kəndində xeyli
kəhriz olduğundan əraziyə belə ad verilmişdi. Əhməd
bəyin özünün kəhrizinin suyu iki dəyirmanı
eyni zamanda, işlətməyə kifayət etmiş və
onun suyu ilə
1100 ha sahə suvarılmışdır. 1917-ci ilin məlumatlarına
görə, yalnız Yelizavetapol, Şuşa və Cəbrayıl
qəzalarında 1160 kəhriz olmuş və onların
suları ilə 39 min desyatin ərazi
suvarılmışdır. Bəzi kəhrizlərin su sərfi
həddindən çox olduğundan onların suyundan digər
məqsədlər – məsələn, dəyirmanların
işlədilməsi üçün istifadə edirdilər.
1938-ci ildə Gəncə şəhəri
yaxındığında, Şəmkir çayı vadisində
arxeoloji qazıntı aparmış İ.Y. Hümmel qədim
kəhriz qalıqları aşkar etmişdir. Bu
qalıqların eramızdan əvvəl birinci əsrə aid
olduğu təsdiq edilmişdir. Kəhrizlərin qazılma
işi çox illik təcrübəyə və ya nəsildən-nəslə
keçən sənətə aiddir. Ənənəyə
görə, kəhrizlər əsas etibarı ilə meyilli
dağətəyi ərazilərdə, sulu çay məcralarında
qazılardı.
— Ötən əsrin 50-60-cı illərinədək
kəhrizlər respublikamızda etibarlı su mənbələrindən
olmuşdur...
— Bəli, ötən əsrdə də,
ondan əvəllər də Azərbaycanın çay şəbəkəsi
zəif inkişaf etmiş yerlərində böyük ərazidə
münbit torpaqların suvarma suyu, əhalinin içməli su
ilə təmininatı kəhrizlər hesabına ödənilirdi.
XX əsrin 20-30-cu illərində əkinçilikdə kəhriz
suvarma şəbəkəsi mühüm rol
oynamışdır. Mənbələrə görə?
1938-ci ildə Azərbaycanda 885 kəhriz fəaliyyətdə
olmuşdur ki, onlahın su sərfi 13,354 kubsaniyə idi. Bu isə,
təxminən, il ərzində 420 milyon kubmetr su demək idi.
Bu gün isə Azərbaycanda kəhrizlərdən
götürülən suyun miqdarı 1938-ci ildəki həcmin
20-25 faizini təşkil edir. Deməli, Azərbaycanda vaxtı
ilə fəaliyyət göstərmiş kəhrizləri bərpa
etməklə daha 315 milyon kubmetr yeraltı su ehtiyatından
istifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan
Resublikasında kəhrizlərin potensial imkanları
böyükdür və onları bərpa etmək vaxtı gəlib
çatmışdır. Yeri gəlmişkən deyim ki, Azərbaycan
kəhrizlərinin 339-a qədəri düşmən
işğalı altındadır.
— Şəhərsalma mədəniyyəti
tarixi baxımından da kəhrizlərin əhəmiyyəti
böyük olub...
— XX əsrin əvvəllərinə qədər
Bakı, Gəncə, Bərdə, Ağdam, Naxçıvan,
Ordubad və s. kimi şəhərlərin və 200-dən
çox kənd yaşayış məntəqələrinin
su təchizatını kəhrizlər təmin etmişdir. Ona
görə şəhərlərin inkişafında,
onların genişlənməsində və
abadlaşdırılmasında kəhrizlərin rolunu
xüsusi qeyd etmək lazımdır.
Maraqlısı budur ki, 1970-ci illərdə
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Nazirliyində kəhrizlər şöbəsi fəaliyyətdə
olmuşdur. Sonrakı illərdə kəhrizlər tamamilə
unudulmuş, əvəzində subartezian quyularına
üstünlük verilmişdir. Beləliklə, kəhriz
sistemləmləri tamailə unudulmuş, onların quyuları
tullantı materialları ilə doldurulmuş, kəhrizlərdə
təmir-bərpa işləri tamamilə
dayandırılmışdır.
— Sizin təqdiqatlarınızda
Naxçıvanın kəhriz şəbəkəsinin
öyrənilməsi aparıcı yer tutur. Bir qədər də
bu barədə ...
— XVII əsrin əvvəllərində
Ordubadda cümə məscidi, mədrəsə, buzxana,
zorxana, hamam, karvansaralar tikilmiş, Aşağı və
Yuxarı Ambarəs məhəllələrində
örtülü bazar kompleksi salınmışdır. Mənbələrə görə, üstü
günbəzlərlə örtülmüş əsas su təchizatı
olan kəhriz sistemi də bu dövrdə
yaranmışdır. 71 kəhriz və məscidi ilə
tanınan Ordubad şəhərinin su təchizatı və
kanalizasiya sistemləri Şərq memarlıq və mədəniyyət
abidələridir.
Şəhərdə kəhrizlərin
və onların üzərində inşa olunan “40 pillə”lərin
yerləşdirilməsi məharətlə həyata
keçirilmişdir. Belə abidələr
Hacı Abutalib, Hacı Tağı, Hacı Fəttah, Hacı
Abbas, Dilbər çeşməsi, Mingis çeşməsi, Sərşəhər
çeşməsi, Hamam çeşməsi, Nəhər çeşməsi,
Əngəc çeşməsi və s. kəhrizlər üzərində
daha çoxdur.
Kəhrizlərdə həm qidalanma
zonası ətrafında, həm də suyun yer səthinə
çıxana qədərki yolu boyunca hər yerdə
sanitariya normalarına riayət olunmuşdur. Yəni kəhriz
quyuları elə etibarlı mühafizə olunmuşdur ki,
oraya heç bir yerüstü axınlar və
çöküntülər daxil ola bilməmişdir.
Ordubadda həyətlərdən
keçən kəhrizlərdən olduqca məharətlə
istifadə olnmuşdur. Kəhriz hesabına həytlərdə
həmişə əlverişli mikroiqlim yaranırdı. Bəzi
həyətlərdə kəhrizlərin yer səthinə
çıxışından sonra su arxla həyəti
dolanır, hovuzun doldurulmasını təmin edir və
qonşu həyətə ötürülürdü. Məhəllələrdə
qoyulmuş “40 pillə”lər yalnız su götürmək
üçün istifadə olunurdu.
Qədim zamanlarda düşmənə
arxadan zərbə vurmaq məqsədi ilə də kəhriz
quyuları və kürələrindən istifadə
etmişlər. Məlumatlara görə, Naxçıvan
şəhərində qədim “Köhnə qala» abidəsi
altından keçən kəhrizlərin kürələrindən
gizli yol kimi istifadə edərək, gecələr qalanı
mühasirə etmiş düşmənlərə arxadan zərbə
vurarmışlar.
— Yaşlı nəsillər kəhrizlərə
biganə münasibətlə heç cür barışa
bilmirdi, onun həmişə gərək olacağını
söyləyirdi.
— Müharibə və
blokada vəziyyəti, sistemin dəyişməsi, yaranan şərait
Azərbaycanın içməli su problemi olan bəzi bölgələrini,
xüsusən Naxçıvanı çox ağır vəziyyətə
saldığı bir dövrdə kəhrizlərin əhəmiyyəti
daha da artmışdır. Ata-babalarımız belə halları çox
görmüşdülər. Məlumdur ki, içməli su
probleminin həllində kəhriz suyu ən etibarlı və
strateji əhəmiyyətli bir mənbədir. Elektrik enerjisi,
mexaniki enerji, maşın və mexanizm tətbiq etmədən
yeraltı suyu yer səthinə çıxaran kəhrizlərin
qorunması və bərpası dövrümüzdə də
aktuallığını saxlayır.
Artıq Azərbaycanda
və eləcə onun ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikasında əhalinin suya olan tələbatını
ödəməkdə, meyvə və bostan sahələrinin
suvarılmasında kəhriz sularından istifadəyə etməyin
vacibliyi müvafiq dövlət strukturlarının diqqət mərkəzində
durur. 2004-cü
ildən Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı
Agentliyi nəzdində kəhrizlər idarəsinin yaradılması
təqdirəlayiq iş kimi əhali tərəfindən
alqışlanır. Lakin Azərbaycanın digər
rayonlarında da bu işə başlamağın vaxtı gəlib
çatmışdır. Bu işdə yeni texnologiyaların tətbiqi,
ağır əl əməyinin yüngülləşdirilməsi,
yeni materiallardan istifadə diqqət mərkəzində
olmalıdır.
— Siz mütəxəssis kimi nə təklif
edərdiniz?
— Bunun üçün hidrogeoloqlar,
hidrotexniklər, hidroloqlar, dağ mədən mütəxəssisləri
və peşəkar kankanların iştirakı ilə
müzakirələr aparmaq, yollar tapmaq olar. Kəhrizlərin
pasportlaşma işi mühəndis qrafikası əsasında
(kəhrizin planı, profili, saybəndli və saybəndsiz yerləri,
uçma təhlükəsi olan və ya öncədən qəzaya
uğramış yerləri) sənədləşdirilməlidir.
Belə sənədlər kəhrizin morfometrik
ölçülərini təyin etməyə və maliyyə
vəsatilərinin yerində istifadə edilməsinə şərait
yaradır, digər tərəfdən isə kəhrizi
meliorativ qurğu kimi mövcudluğunu təsdiq edir. Kəhrizdə
bərpa işlərinin aparılması müəyyən vəsait
tələb edir. Bu vəsait dövlət, bələdiyyə,
iş adamları və beynəlxalq təşkilatlar tərəfindən
kəhrizə yönəldilə bilər.
— Kəhrizlərə münasibət
dünyada necədir?
— XX əsrin ortalarından başlayaraq
kəhrizlərə həsr olunmuş ümumdünya konqresləri
də keçirilir. 2004-cü ildən İranın Yəzd
şəhərində YUNESKO-nun köməyi ilə “Su muzeyi”
və Taft şəhərində “Qanat” kolleci
yaradılmışdır. Naxçıvan MR-də
1999-cu ildən başlayaraq kəhrizlərin bərpası
işi ilə beynəlxalq təşkilatlar (Beynəlxalq
Miqrasiya Təşkilatı, (BMqT) məşğuldur.
Onlar Azərbaycanın Goranboy, Samux, Gəncə və s.
bölgələrində kəhriz bərpa işləri ilə
də məşğul olmuşlar. Lakin BMqT tərəfindən
aparılan işlərin əksəriyyəti “özfəaliyyət”
prinsipindən kənara çıxmadığına görə
görülən işlərin keyfiyyəti aşağı
olmuşdur.
Təəssüflə
deməliyik ki, kəhriz sahəsində mütəxəssislərin
olmaması və ya görülən işlərəin qəbulundakı
biganəlik, qədim irs abidələrimizin bu cür təşkilatlar
tərəfindən yarıtmaz hala salınması halları
bu gün də davam etməkdədir. Kəhriz sistemlərinin batması ərazilərdə
qrunt suları səviyyəsinin artmasına, sahələrdə
bataqlaşma və suffoziya kimi ekzogen proseslərin
inkişafı etməsinə şərait
yaratmışdır.
— Necə
düşünürsünüz, kəhrizləri xilas etmək
mümkündürmü?
— Kəhrizlər tariximizin bir
parçasıdır. Onları qorumaq, yaşatmaq da tarixi bir
işdir. Kəhriz sistemlərinin bərpası və
onların suyunun təmizliyinin qorunması, quyuların
ağzının örtülməsi, onlardan potensial su mənbəyi
kimi istifadə olunması üçün genişmiqyaslı
tədqiqatların yerinə yetirilməsi vacibdir. Müasir
texnologiyanın məhsulu olan subartezian quyular müəyyən
üstünlük təşkil etsə də, kəhrizlər
iqtisadi cəhətdən daha səmərəli bir hidrotexniki
qurğudur. Buna görə də bu sahəyə diqqətin
artırılması ilə mövcud kəhrizləri qorumaq və
yeni kəhrizlər qazmaq lazımdır.
Qaldırılan məsələnin
aktuallığını nəzərə alan
Naxçıvan MR Ali Məclisi 2004-cü ildə Meliorasiya və
Su Təsərrüfatı Agentliyi nəzdində kəhrizlər
idarəsi yaradılmasına dair sərəncam vermişdir.
Artıq 70-dən çox kəhriz bərpa olunaraq əhalinin
istifadəsinə verilmişdir.
Kəhriz sistemlərinin strateji əhəmiyyətli
abidələr kimi dövlət qeydiyyatına alınması və
mühafizəsinin təşkili olduqca zəruridir. Kəhrizlər və onların üzərində
inşa olunmuş abidələr qədim memarlıq abidələri
kimi qorunmalıdır. İnanıram ki, tarixi-mədəni irsə
böyük qayğı göstərən ölkə rəhbərliyi
bu məsələyə də diqqətlə yanaşacaq, kəhrizlərimiz
xilas olunacaq.
— Maraqlı söhbət
üçün sağ olun.
Söhbəti apardı: Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 4.