Azərbaycan bayrağı Yerevanda
Avropa çempionatında
dördüncü dəfə
dalğalandı!
Yerevanda keçirilən gənclər arasında
cüdo üzrə Avropa çempionatında dünən,
yarışların ikinci günü Azərbaycan təmsilçilərindən
Ramin Qurbanov tatami üzərinə çıxmış və
həmvətənimizin 81 kq çəki dərəcəsində
qazandığı bürünc medalın şərəfinə
idman sarayında ölkəmizin milli bayrağı bir daha
dalğalanmışdır.
Çempionatın
açılışı günü fəxri kürsüyə
yüksələn komanda yoldaşları – gümüş
mükafatçı İlqar Muşkiyevin (55 kq), bürünc
medalçılar Rasim Əsədullayev (60 kq) və Fəqan
Eminoğlunun (66 kq) uğurlarından ruhlanıb
dostlarının müvəffəqiyyətini bir qədər
də inkişaf etdirən Qurbanov mübarizəyə səkkizdəbir
finaldan başlayaraq bu mərhələdə Qreyq Stüarta
(Böyük Britaniya) qalib gəlmişdir. Dörddəbir
finalda Ramin gürcüstanlı Avtandil Tsirikaşviliyə
uduzsa da, bürünc medal uğrunda mübarizə aparmaq
imkanını itirməmişdi. Fəxri kürsüdə təbrikləri
qəbul etmək üçün idmançımız iki təsəlliverici
görüşdən qalib ayrılmalı idi.
Bu görüşlərdən
birincisində Azərbaycan cüdoçusunun rəqibi
polşalı Yakob Kubinets olmuşdur. Qurbanov ona inamla qalib gəlmişdir.
Sonra isə Ramin ukraynalı Aleksandr Derkaçı məğlubiyyətə
uğradaraq bürünc mükafat qazanmış və Avropa
çempionatında Azərbaycanın medallarının
sayını dördə çatdırmışdır.
İndi
cüdoçularımızın hesabında 1
gümüş və 3 bürünc mükafat vardır. Komandamızın
sonuncu üzvü - Elmar Qasımov (100 kq) isə bu gün
yarış meydanına dəvət olunacaqdır.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2009.- 13 sentyabr.- S. 3.