Tatami ustalarımız Ermənistanı əzəmətli Azərbaycan himninin sədaları altında tərk etdilər

 

Yerevanda gənclər arasında cüdo üzrə Avropa çempionatının sonuncu günü Elmar Qasımovun fantastik qələbəsi həmvətənlərimizin bu çox məsul yarışda parlaq çıxışlarının bəzəyinə çevrildi. Tatami üzərində rəqiblərinə aman verməyən istedadlı cüdoçumuz onların hamısı üzərində vaxtından əvvəl qələbə qazanaraq, fəxri kürsünün zirvəsində dayanmağa layiq olduğunu inamla sübuta yetirdi və 100 kq çəki dərəcəsində onun çempionluğu şərəfinə idman sarayında milli bayrağımız ən yüksəkdə dalğalandı, Azərbaycan himninin əzəmətli melodiyaları səsləndi.

 

Bu qələbə adi bir uğur deyil, əsl qəhrəmanlıq nümunəsidir. Azərbaycan idmançısı bütün ölkəmizin üç gün ərzində həyəcanla xoş xəbərlər gözlədiyi Avropa çempionatında yüksək ustalığına, yenilməz qələbə əzminə və mərdliyinə heç kimdə şəkk-şübhə qoymayıb Vətənini hər birimizin qəlbini riqqətə gətirən tarixi qələbə ilə sevindirdi. Onun qitə çempionatında qazandığı qızıl medal fransız Klement Derven, avstriyalı Qabor Geyeri, belaruslu Anton Matseleviç, polyak Tomaş Domanski üzərində qələbələrinə, finalda isə bir göz qırpımında məğlubiyyətə uğratdığı çexiyalı Lukaş Krpalek ilə görüşdə müvəffəqiyyətinə görə əvəzsiz mükafatdır. Belə qələbələr heç vaxt unudulmur, ölkənin idman tarixində əbədi yaşayır və xalq tərəfindən daim böyük qürur hissi ilə, minnətdarlıqla xatırlanır.

Qələbəsini Qarabağ uğrunda döyüşlərdə həlak olmuş mərd vətən övladlarının əziz xatirəsinə həsr etmiş Elmar Qasımovun bu müvəffəqiyyəti bir də ona görə ikiqat fərəhlidir ki, gənc cüdoçu ölkəmizin ən perspektivli tatami ustalarından biridir və onu irəlidə yeni-yeni uğurlar gözləyir. Əgər Elmarın Avropa çempionatından bir qədər əvvəl Hollandiyanın Potterdam şəhərində böyüklər arasında dünya çempionatında da özünü ən yaxşı cəhətdən göstərib çıxışlarını fəxri kürsünün bir addımlığında — beşinci yerdə başa vurduğunu xatırlasaq, əmin ola bilərik ki, o, ölkəmizi hələ çox sevindirəcək, 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb dünya idmançılarının ən ali məclisində Azərbaycan idmanını layiqincə təmsil edəcək.

Beş nəfərə beş medal! Bu nəticəyə hətta dünya cüdosunda lider olan dövlətlər də qibtə edə bilərlər. Elmar Qasımov və onun dostları — Yerevandan gümüş mükafatla qayıdan İlqar Muşkiyev (55 kq), bürünc medalların sahibləri Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) böyük hünər göstərmişlər. Onların qələbələri şərəfinə üç gün Azərbaycan bayrağı yüksəyə qaldırıldı, çempionatın finişində isə dövlət himnimiz səsləndirildi. Əlbəttə, unudulası hadisə deyil, ölkəmizin həyatın bütün sahələrində gündən-günə artan nüfuzunu təsdiq edən nailiyyətdir.

Komanda hesabında bir çox ölkəni, o cümlədən meydan sahibi rolunda çıxış edən Ermənistanı arxada qoyan Azərbaycanın bu qələbələrinin arxasında dövlətimizin, şəxsən ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmanımızın inkişafına göstərdiyi daimi qayğı və diqqət, MOK-un, Gənclər və İdman Nazirliyinin bütün idman təşkilatlarımızla birgə səmərəli fəaliyyəti, onların Azərbaycanın əsl idman ölkəsi kimi dünyada öz mövqeyini daha da möhkəmləndirməsi üçün müntəzəm surətdə həyata keçirdikləri məqsədyönlü tədbirlər durur.

Dünən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan cüdoçularının təntənəli qarşılanma mərasimi olmuşdur. Ölkə idman içtimaiyyətinin, federasiyaların, idman klublarının nümayəndələri, vətəndaşlar idmançılarımızı alqışlar, gül-çiçək və musiqi ilə qarşılamışlar.

Həmin gün Azərbaycan yığması Heydər Əliyev Sarayının önündəki parkda olmuş, ümummilli liderin abidəsi önünə əklil və güllər qoymuşdur.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 15 sentyabr.- S. 5.