Dövlət qayğısı Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırır

 

Bu gün Azərbaycan cəmiyyəti özünün ən əziz bayramlarından birini qeyd edir. Sayı yüz minlərlə ölçülən öyrənənlər — məktəbəqədər tədris müəssisələrindən ali məktəblərin magistratura mərhələsinə qədər və sayı on minlərlə olan öyrədənlər — bağça tərbiyəçilərindən ali məktəblərin professor-müəllim heyətinə qədər — hər bir soydaşımız, vətəndaşımız “Bilik” Gününün həyəcanını növbəti dəfə yaşayır. Bu həyəcanı ilk dəfə yaşayan birincilər isə öz valideynlərinin çoxsaylı arzularının daha birini həyata keçirmiş olurlar. Ata-ana, baba-nənə birinci sinifə qədəm basan körpəni bir günlüyə uşaq kimi yox, ümid kimi görür, öz ümidlərinin əlindən tutub gələcəyə — məktəbə aparırlar. Tanrının xalqımıza bəxş etdiyi xoşbəxtlikdir ki, bu gün həmin GƏLƏCƏYİN — MƏKTƏBİN bütün problemlərini dövlət həll edir, məktəb də, şagird də, bütövlükdə təhsil prosesi başdan-başa dövlətin qayğısı ilə əhatələnib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1700-dən çox yeni məktəb binasının tikilməsi, mövcud məktəblərin böyük əksəriyyətinin əsaslı şəkildə təmir edilməsi, təhsil sistemi ilə bağlı 16 Dövlət Proqramının təsdiq edilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsi, bu fondun bütün birinciləri dərs ləvazimatı ilə təmin etməsi, yeni dərs ili ərəfəsində 15 ildən bəri gözlənilən Təhsil Haqqında Qanununu qəbul edilməsi... bütün bunlar müasir Azərbaycan həqiqətləridir. Bu həqiqətlər Azərbaycanda təhsilə dövlət qayğısının miqyası barədə təsəvvür yaratmaq üçün kifayət qədər yetərlidir. Ancaq böyük fəxr və məmnunluqla deyə bilərik ki, bütün bunların təməlində ümummilli liderimiz Heydər Əliyevin titanik siyasi kursunun mühüm tərkib hissəsi olan “Biz sabahı düşünərkən heç nəyi əsirgəməməliyik” — tezisi dayanır.

Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, ölkə daxilində təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üıçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Ancaq ulu öndərin daha çox maraq və diqqət ayırdığı məsələ azərbaycanlı gənclərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərilməsi idi. Fikrimizi konkret faktlarla əsaslandıraq. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Heydər Əliyev hər il həmin tələbələrin başqa şəhərlərə göndərilməsindən əvvəl onlarla görüşmək ənənəsi yaratmışdı. 1980-ci ildə təşkil edilmiş həmin görüşlərdən birində ulu öndər demişdi: “Siz həyatda pak olmalı, real gerçəkliyin həll edilməmiş problemlərinə ictimai həyat qanunlarını dərindən dərk etməklə yanaşmalısınız”. Biz və bizdən böyüklər o zaman sadəlövhcəsinə şərh vermişdik ki, Heydər Əliyev “həll edilməmiş problemlər” dedikdə o zamankı dövlətin daha da qüdrətləndirilməsini nəzərdə tutur. Ancaq zaman sübut etdi ki, ulu öndər həmin illərdə Azərbaycanın dövlət müstəqilliyinə hazırlaşırmış.

Ümummilli liderimiz Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi qazanmasından, ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra da (birinci dəfə onu SSRİ rəhbərliyi hakimiyyətə gətirmişdi, ikinci dəfə isə Azərbaycan xalqı gətirdi) ən böyük qayğı və diqqət ayırdığı sahə məhz təhsil sistemi idi. Diqqət yetirin, Heydər Əliyev 1993-cü ilin oktyabrında (prezident seçkisindən dərhal sonra — red.) tələbə gənclərlə, 1994-cü ilin avqustunda ali məktəb rektorları ilə, həmin ayın sonunda ümumtəhsil işçiləri ilə, sentyabrın ortalarında birinci kurs tələbələri ilə, 1995-cii ilin yazında təhsil işçilərinin nümayəndələri ilə görüşlər keçirmiş, onların problemlərini öyrənmişdi. 1993- 96-cı illərdə respublikanın iqtisadi və siyasi çətinliklərinə baxmayaraq 20 min 432 yerlik 45 məktəb binası tikilib istifadəyə verilmişdi. 1995-ci ildə “Təhsilin inkişaf fondu” yaradılmış, dövlət başçısının imzaladığı müvafiq sənədlə həmin fonda Prezidentin xüsusi hesabından 35 milyard manat (indiki hesabla o qədər də böyük məbləğ olmasa belə) əlavə vəsait ayrılmışdı. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında və yeni dərs ilinin başlanmasında ulu öndər şəxsən iştirak etmək ənənəsi yaratmışdı.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin yaratdığı həmin tendensiyanı uğurla davam etdirir. Prezident İlham Əliyev dövlət başçısı seçiləndə Azərbaycanda təhsilə ayrılan illik vəsait (2003-cü il nəzərdə tutulur — red.) 235 milyon manat idi. 2008-ci ildə bu göstərici 974 milyon manat oldu. 2009-cu ildə həmin məbləğ daha sürətlə artırıldı. Bu vəsait təkcə yeni məktəb binalarının, əlavə tədris korpuslarının tikilməsinə və ya təhsil işçilərinin sosial rifah halının yaxşılaşdırılmasına sərf edilmir. Həmin vəsait eyni zamanda yeni nəsil dərsliklərin hazırlanmasına (dərsliklərin hamısı şagirdlərə pulsuz verilir), tədris müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsinə xərclənir. Bu gün Azərbaycan məktəblərinin 90 faizdən çoxu kompyuter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 29 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.

Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin müəyyən qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.

Təhsil ictimaiyyətinin fikrincə son zamanlar cənab İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır. Birinci addım ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. Bu il sentyabrın 1-də növbəti müsabiqəyə yekun vuruldu və qaliblər mükafatlandırıldılar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliləşdirilməsi, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədiylə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir. Üçüncü addım isə yuxarıda qeyd etdiyimiz kimi, Təhsil Haqqında Qanunun qəbul edilməsidir. Bu tarixi hadisə barədə təhsil ictimaiyyətinin nümayəndələrinin ürək sözlərini eşitmək hamımızda məmnunluq hissləri yaradır.

Ölkəmiz bu gün “Bilik” bayramını qeyd edir. Heç bir statistikadan, heç bir konkret rəqəmdən istifadə etmədən, könül xoşluğu ilə yazırıq: bu gün öz övladını birinci sinfə göndərənlər də, övladının növbəti sinfə keçməsinə sevinənlər də, 11 il gözlədiyi günün — balasının tələbə kimi ilk dəfə evdən çıxmasının sevincini yaşayanlar da, daha çox isə təhsil ictimaiyyətinin nümayəndələri — məktəbə, şagirdə, tələbəyə, təhsilə daim qayğı göstərən dövlətə və dövlət başçısına minnətdarlıq edir, təşəkkürlərini bildirirlər. Fikirlərimizi isə ənənəvi olaraq Prezident İlham Əliyevin sözləri ilə tamamlayırıq: “Təhsil bizim...inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir”.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 15 sentyabr.- S. 5.