Qubadlı rayon məktəbləri yeni dərs ilinə hazırdır

 

Rayon təhsil işçilərnini yüksək işgüzarlıq şəraitində keçən konfransında geniş məruzə-təqdimatla çıxış edən rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva ilkin olaraq ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan danışdı. Qeyd etdi ki, son illər təhsil sahəsində, eləcə qaçqın məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair dövlət proqramları milli təhsilimizin inkişafında yeni dövrün əsasını qoymuşdur.

 

Ulu öndər Heydər Əliyevin başladığı təhsil islahatı artıq böyük uğurla həyata keçirilməkdədir. Cənab Prezidentimiz İlham Əliyev bu islahatları sürətlə həyata keçirmiş, ötən beş ildə 1600-ə yaxın yeni məktəb binası və mövcud məktəblərə əlavə korpuslar tikilmiş, təhsilin məzmunu yeniləşmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, onlar müasir tipli yeni avadanlıqlarla təmin olunmuş, kurrikulum islahatına başlanılmış, şagird biliyinin qiymətləndirmə konsepsiyası təsdiq olunmuşdur.

Afət xanım YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafındakı xidmətlərindən də bəhs etdi. Bildirdi ki, Heydər Əliyev Fondunun vəsaiti hesabına neçə-neçə məktəb tikilmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi “Dünyada savadlılığın dəstəklənməsi” mövzusunda Bakı şəhərində keçirilən YUNESKO-nun regional konfransı və İSESKO ilə birgə təşkil olunmuş İslam ölkələri ali təhsil və elm nümayəndələrinin 4-cü konfransı da Azərbaycanın qabaqcıl təhsil tendensiyalarını dəstəkləməklə, ölkə imicini daha da yüksəltmişdir.

Son illər təhsilə dövlət büdcəsindən daha çox vəsait ayrılmağa başlanmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlətimiz onun Prezidenti cənab İlham Əliyev təhsilə qayğını ildən-ilə artırır. Söz yox ki, bu qayğıdan Qubadlı təhsilinə pay düşüb.

Məruzəçi bildirdi ki, ötən dərs ilində Qubadlı rayonu üzrə 34 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Onların 31-i orta, 2-si əsas, 1-i isə ibtidai məktəbdir. Bu il həmin məktəblərdən 10-u yeni binada yerləşmişdir. Bunlar Çaytumas məktəb-liseyi, Qaralar, Mahruzlu, Çardaxlı, Xanlıq 3 saylı, Aşağı Mollu, Qəzyan, Saray orta məktəbləridir. 11 məktəb isə əsaslı təmir olunmuşdur.

Ötən dərs ilində bir sıra tədbirlər keçirilmişdir. Mənimsəmə, keyfiyət göstəriciləri müəllimlərin fəaliyyətini aşkarlayan monitorinqlərin keçirilməsi ardıcıl xarakter almışdır. Təcrübə göstərir ki, bu cür monitorinqlər müəllimin fəaliyyətinin konkret nəticəsini üzə çıxardığından böyük əhəmiyyətə malikdir.

Afət xanım monitorinqlərin nəticələrini ekranda əks olunan cədvəl vasitəsi ilə konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Həmçinin, konfransda qeyd olundu ki, ötən il 6638 nəfər şagird dərs ilini başa vurmuş, onlardan 6147 nəfəri sinifdən-sinifə keçirilmişdir. 462 nəfər imtahanları uğurla verərək orta təhsil haqqında attestat əldə etmişdirlər. 27 nəfər isə attestat ala bilməmişdir. 31 məktəbdən 15-i 100 faiz nəticə göstərmişdir. Bu, rayon üzrə 95 faiz nəticə deməkdir ki, o da respublika üzrə yüksək göstərici hesab olunur.

Ali məktəblərə qəbul sahəsində Qubadlı rayon məzunları müəyyən nəticələr əldə edə bilmişlər. Belə ki, onların 90,5 faizi, yəni 418 nəfəri ali məktəblərə qəbul üçün TQDK-ya sənəd vermiş, bunlardan 118 nəfəri tələbə adını qazanmışdır. Həmin abituriyentlərin 16 nəfəri 500-700 arası bal toplamışdırlar. Ən yüksək göstərici isə Fərcan Yuxarı Mollu kənd orta məktəblərinə aiddir. Ən yüksək balı Xələc kənd orta məktəbinin şagirdi Türkanə Həsənova toplamışdır (665). 3 məzun isə 600-dən yuxarı bal toplaya bilmişdir.

Afət xanım rayonda təhsilin problemlərindən danışdı. Qeyd edildi ki, bu ilən yaxşı müəllim”, “ən yaxşı məktəbmüsabiqələrində rayon təhsil müəssisələri müəllimlərinin adlarının olmaması təəssüf doğurur. Fənn olimpiadalarında da elə bir nəticə əldə olunmamışdır. Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri ilə əlaqədar 2009-cu ilin mayında Təhsil Nazirliyinin keçirdiyi təkrar seçim zamanı rayon məktəbləri 50 balı ötə bilməmişlər. Məruzəçi mövcud problemlərin bir hissəsinin əhalinin məcburi köçkünlüyü ilə əlaqədar olduğunu xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, bu problemlər ildən- ilə azalmaqdadır, yaxın gələcəkdə onlar tamamilə aradan qaldırılacaqdır.

Yeni dərs ilinə hazırlıqla bağlı məsələyə toxunan şöbə müdiri bildirdi ki, məktəblərdə təmir işləri başa çatmış, onlar xeyli yeni avadanlıqlarla təchiz olunmuşlar. Aztəminatlı, imkansız şəhid ailələrindən olan şagirdlərin məktəbli geyimləri ilə təmin olunması üçün tədbirlər görülmüşdür. Əlavə olaraq rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qaçqınkom tərəfindən 731 dəst məktəbli geyimi təhsil müəssisələrinə paylanmışdır.

Təhsil Nazirliyindən 23 adda 18905 nüsxə dərslik, eyni zamanda Milli Elmlər Akademiyası Heydər Əliyev Fondundan 34 adda 1674 nüsxə bədii ədəbiyyat, həmçinin tələb olunan məktəb ləvazimatların da məktəblərə çatdırılması konfransda diqqətə çatdırıldı.

Afət xanım qarşıda duran vəzifələrdən danışdı. Qeyd etdi ki, hər bir təhsil müəssisəsi öz fəaliyyətinin müasir tələblər nəzərə alınmaqla yenidən qurulmasına nail olmalıdır. Bu il müasir idarəetmə mexanizmlərinin tətbiqi, təhsilin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə sınaqdan çıxmış vasitələrdən səmərəli istifadə olunacağı, kurrikulumun tətbiqinə diqqətin artırılacağını xüsusi olaraq qeyd etdi. Sonra o, konfransın keçirildiyi Qubadlı 1 saylı yeni orta məktəbinin tikintisini rayon təhsilinə yüksək qayğı kimi qiymətləndirdi. O bildirdi ki, rayon icra hakimiyyətinin başçısı Malik İsakov, təhsil naziri Misir Mərdanov Qubadlı təhsilinin inkişafına yüksək qayğı ilə yanaşmış həmişə lazımi köməkliklər göstərmişlər.

Sonra çıxış edənlər məcburi köçkün həyatı yaşayan Qubadlı məktəblərinin nailiyyətlərindən problemlərindən danışdılar. Belə bir əminlik ifadə olundu ki, cənab Prezidentimizin apardığı siyasət tezliklə torpaqlarımızın azad olunmasını təmin edəcək Qubadlı məktəbləri yenidən doğma torpaqda öz fəaliyyətlərini bərpa edəcəklər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 15 sentyabr.- S. 4.