Dahi Heydər Əliyevin müəllifi olduğu neft-qaz
müqavilələrinin dünyanın enerji təhlükəsizliyində
müstəsna rolu olmuşdur
15 il əvvəl — 1994-cü il sentyabrın 20-də
dünyanın ən iri və nüfuzlu neft-qaz şirkətlərinin
iştirakı ilə Xəzər akvatoriyasının “Azəri-Çıraq-Günəşli”
yataqlarından neftin hasilatı ilə bağlı “Əsrin
müqaviləsi” adlanan beynəlxalq neft sazişi
imzalanmışdır
Qədim Odlar yurdunu
zaman-zaman ağır sınaqlarla imtahana çəkmiş ulu
tarix ötən əsrin əvvəllərində, nəhayət,
Azərbaycana nicat yolu tapacaq, onu ağır bəlalardan xilas
edə biləcək böyük və qüdrətli bir
düha sahibi — Heydər Əliyevi xalqımıza böyük
bir xilaskar kimi bəxş etdi.
Bu, danılmaz bir həqiqətdir
ki, düz 40 il əvvəl Azərbaycan hakimiyyətinə gəlmiş
Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətinin
elə ilk günlərindən başlayaraq, bütün səy
və qüvvəsini, geniş və dərin zəkasını
özünün başlıca amalına — ölkəmizin
bütün sahələrdə hərtərəfli və
sürətli inkişafına, doğma xalqının həyat
səviyyəsinin durmadan yüksəlməsinə sərf
etmişdi.
Onun müdrik rəhbərliyi,
fövqəladə təşkilatçılıq
bacarığı, gərgin və yorulmaz əməyi ilə,
ilk öncə isə — bütün bunları doğuran
böyük Azərbaycan sevgisi, sonsuz Vətən məhəbbəti,
xalq məhəbbəti ilə respublikamız çox qısa
bir zamanda geniş, dinamik inkişaf yoluna qədəm qoydu. Məhz
Heydər Əliyevin o zaman Azərbaycanı düçar
olduğu iqtisadi çətinliklərdən, geriliklərdən
tezliklə qurtarmaq əzmi ilə həyata keçirdiyi
geniş miqyaslı tədbirlər və keçmiş sovet
sistemi üçün qeyri-adi görünən, standart
“çərçivələrə” sığmayan vətənpərvər
təşəbbüsləri sayəsində ölkəmiz
inamla irəli getməyə, tərəqqi etməyə
başladı.
1970-80-ci illərdə sənayenin
və kənd təsərrüfatının bütün sahələri
sürətlə inkişaf edir, elm və mədəniyyətdə
yeni nailiyyətlər əldə olunur, respublikanın
ictimai-siyasi ab-havası durulub-saflaşır, xalqın
yaşayış tərzi, həyat səviyyəsi ildən-ilə
yaxşılaşırdı. Bütün bunlara isə Heydər
Əliyev ilk növbədə əmək adamına,
tutduğu mövqedən asılı olmayaraq hər bir həmvətəninə
göstərdiyi diqqət və qayğı sayəsində
nail olurdu. Çünki o, xalqının əsl rəhbəri
kimi insan amilini ön plana çəkərək, hər
şeyin insana xidmət etməli olduğunu başlıca məqsəd,
başlıca məram hesab edirdi. Şəhər və kəndlərin
yeni, müasir tikintilərlə, yüksək memarlıq və
heykəltəraşlıq nümunələri ilə öz ənənəvi,
bəsit, baxımsız görkəmini dəyişərək
göz oxşaması, geniş və rahat yollarla
abadlaşdırılması,
taxılçılığın, meyvəçiliyin,
üzümçülüyün və
pambıqçılığın inkişafı ilə
yanaşı, o dövrün müasir elm və
texnologiyalarına əsaslanan yeni sənaye müəssisələrinin,
texnoloji qurğuların yaradılması və s. Heydər Əliyev
tərəfindən yalnız bir məqsədə — xalqın
rifahının daha da yaxşılaşmasına,
respublikanın iqtisadi gücünün artırılmasına
yönəldilmişdi.
On illərlə yox, bəlkə
də yüz illərlə susuz qalmış çöllərin
canlandırılması, yeni pambıq və üzüm
plantasiyalarının salınması, digər əkin sahələrinin
genişləndirilməsi və onların daimi
suvarılması üçün yeni, iri su
anbarlarının, dəryaçaların yaradılması,
dağ rayonlarının ən ucqar kəndlərinə belə
qaz və rabitə xətlərinin, abad yolların çəkilişi
və s. məhz ulu öndərin bu ali məqsədinə xidmət
edirdi. Lakin bugünümüzdən bir daha o uzaq dirçəliş,
yüksəliş illərinə nəzər salarkən tam
aydınlığı ilə dərk etmək olur ki, o zamanlar
həm kənd təsərrüfatının yüksək
sürətlə inkişaf etdirilməsi, həm də sənayenin
ən müxtəlif sahələri üzrə yeni, ən
müasir tələblərə cavab verən nəhəng
obyektlərin, müəssisələrin və unikal
qurğuların - Bakı Neftayırma zavodunda “ELOU-AVT-6”,
katalitik krekinq, katalitik riforminq qurğularının,
böyük maneələr və çətinliklər
bahasına başa gəlmiş Bakı Dərin Özüllər
Zavodunun, Sumqayıtda unikal “EP-300” və “Polimir-120”
qurğularının, respublikanın böyük sənaye
şəhərlərində iri evtikmə
kombinatlarının yaradılması və s. kimi
genişmiqyaslı işlər ulu öndər tərəfindən
yalnız həmin dövr üçün yox, Azərbaycanın
uzun illərə hesablanmış gələcəyi
üçün nəzərdə tutulmuşdu.
Bu gün bütün
dünyanın ağır iqtisadi və enerji böhranı ilə
üzləşdiyi bir dövrdə bir daha bütün
aydınlığı ilə dərk etməli oluruq ki, Heydər
Əliyev dünyanın qüdrətli bir dövlət xadimi,
görkəmli siyasətçi kimi həqiqətən
böyük uzaqgörənlik göstərərək, hələ
30-35 il əvvəl sanki dünyanın bugünkü iqtisadi və
maliyyə, həmçinin enerji böhranı ilə üzləşəcəyini
qabaqcadan görərək, Azərbaycanın enerji təhlükəsizliyini
təmin etmək üçün respublikamızın müxtəlif
bölgələrində fəaliyyət göstərən
kiçik su elektrik stansiyalarının yenidən qurularaq
gücünün artırılması, Şimal DRES-in yenidən
qurulması və respublikamızla bərabər qonşu
regionları da elektrik enerjisi ilə təmin etməyə qadir
olan Azərbaycan DRES-in sürətli tikintisi ilə
respublikanın gələcəkdə müstəqillik əldə
edəcəyini əsl dahi, peyğəmbər fəhmi ilə
duyaraq, sanki yalnız müasiri olduğu dövr
üçün yox, gələcək bütün zamanlar
üçün Azərbaycanın enerji təhlükəsizliyini
təmin etməyi qarşıya məqsəd qoymuşdu.
Məhz 1969-1983-cü
illərdə görülmüş işlərin sonralar daha
böyük və geniş miqyasda davam etdirilməsi, müstəqillik
əldə etmiş ölkəmizin iqtisadi cəhətdən
daha qüdrətli bir ölkəyə çevrilməsi,
xalqımızın yaşayış səviyyəsinin daha da
yüksəldilməsi üçün Heydər Əliyev
90-cı illərin əvvəllərində Azərbaycan rəhbərliyinə
yenidən qayıtdıqdan cəmi bir il sonra — 1994-cü il
sentyabrın 20-də ötən əsrin ən nəhəng və
irimiqyaslı beynəlxalq neft sazişinin — Azərbaycana
xoşbəxt gələcək vəd edən “Əsrin müqaviləsi”nin
imzalanmasına nail oldu. Ulu öndərin beynəlxalq aləmdə
yaranmış mürəkkəb siyasi situasiyadan çox
böyük məharətlə və uzaqgörənliklə
lazımi nəticə çıxararaq, son dərəcə
prinsipiallıq və qətiyyət göstərməklə
yeganə düzgün yol seçməsi, “Əsrin müqaviləsi”nin
ləngidilmədən, məhz həmin ərəfədə
qəbul olunaraq, dünyanın 14 dövlətinin ən iri və
nüfuzlu neft şirkətləri tərəfindən
imzalanması müdrik Heydər Əliyev siyasətinin, onun
dühasının böyük təntənəsi idi. Bu həmin
dövr idi ki, dünyanın bir çox yerlərində, həmçinin
MDB ölkələrində, xüsusilə də hərbi
qarşıdurmaların gücləndiyi Qafqaz regionunda hərbi-siyasi
sabitlik uzun illər idi ki, pozulmuşdu və Dağlıq
Qarabağ uğrunda gedən döyüşlər ara vermirdi.
Heç şübhəsiz ki, belə bir vəziyyətdə
— müharibə gedən bir ölkədə heç bir xarici
şirkət nəinki uzunmüddətli, hətta
qısamüddətli bir iş belə qurmaq istəməzdi. Məhz
bütün bunları nəzərə alan, hər şeyi
qabaqcadan götür-qoy edərək, bütün
aydınlığı və dəqiqliyi ilə görməyi
bacaran ulu öndər çox yaxşı bilirdi ki, Qarabağda
gedən döyüşlərin, Ermənistanın
torpaqlarımıza təcavüzünün davam etdiyi bir
vaxtda qoyulacaq investisiyanın itirilməyəcəyinə tam
arxayın olmadan Azərbaycanla heç bir xarici şirkət
hansısa bir sazişə, müqaviləyə qol qoymazdı.
Məhz bu səbəbdən Heydər Əliyev hakimiyyətə
yenidən qayıtdıqdan cəmi bir neçə ay sonra
özünün müdrik siyasəti sayəsində Ermənistanı
müharibəni dayandırmağa, atəşkəs elan
olunmasına nail oldu. Yalnız bundan, bütün cəbhə
boyu döyüşlər dayandırıldıqdan sonra Azərbaycanın
gələcək inkişafı üçün
özünün artıq çox illər əvvəl
hazırladığı konsepsiyaya uyğun olaraq Xəzər
dənizinin karbohidrogenlərlə zəngin olan ən dərin
yataqlarından neftin çıxarılması ilə
bağlı beynəlxalq konsorsium yaradılması üzərində
ciddi iş aparılmağa başlanıldı. Beynəlxalq
neft kontraktının tezliklə ərsəyə gətirilərək,
imzalanması üçün Heydər Əliyev bütün
qüvvələri bu sahəyə cəlb etməklə
müvafiq tədbirlərin həyata keçirilməsinə
nail olmuşdu.
Bəli, məhz Heydər
Əliyevin müdrik xarici siyasəti və Xəzərdən
neftin çıxarılması ilə bağlı yeganə
düzgün yol seçməsi nəticəsində artıq
böyük tarixə dönmüş 20 sentyabr 1994-cü ildə
Xəzərin “Azəri”, “Çıraq” və ”Günəşli”
yataqlarının istismarı ilə əlaqədar “Əsrin
müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı.
Burada onu da xüsusi qeyd
etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin ərsəyə
gəlməsində o zaman — 1994-cü ilin mayından etibarən
ARDNŞ-in birinci vitse-prezidenti təyin edilmiş İlham Əliyevin
müstəsna xidmətləri olmuşdu. Məsələ
onda idi ki, həmin dövrdə Azərbaycanın çox
ağır iqtisadi-siyasi böhran içərisində
çırpınmasından özlərinin mənafeyi
üçün sui-istifadə etmək istəyən ölkələr
neftin pay bölgüsündə üstünlük əldə
etmək, bundan daha çox bəhrələnmək arzusunda
idilər. Məhz həmin dövrdə müqavilənin layihəsi
üzərində Azərbaycan tərəfindən aparılan
işlərə bilavasitə rəhbərlik edən İlham Əliyev
Amerikaya işgüzar səfərə gedərək,
oranın nüfuzlu neft və qaz şirkətlərinin rəhbərləri
ilə çoxsaylı görüşlər
keçirmiş, danışıqlar aparmışdı. Heydər
Əliyevin layiqli davamçısı kimi iqtisadiyyatı və
siyasəti gözəl bilən, eyni zamanda, dünyada neftlə
bağlı gedən çarpışmalardan yaxşı xəbərdar
olan İlham Əliyev dialoqda iştirak edən tərəflərin
iddiasını yaxşı başa düşdüyündən
Azərbaycan dövləti adından və yeni neft
strategiyasının prinsiplərindən qətiyyətlə
çıxış edərək, amerikalı həmkarları
qarşısında çox tutarlı, təkzibedilməz
arqumentlər, faktlar qoyurdu ki, bu da qarşı tərəfi Azərbaycanın
mövqeyi ilə razılaşmağa məcbur edirdi. İlham
Əliyevin apardığı danışıqlar onun gələcək
bir dövlət xadimi və strateq kimi yetkin olduğunu
sübut edirdi. Doğrudan da, əgər İlham Əliyevin zəngin
elmi biliyi və dərin erudisiyası ilə yanaşı o
zamankı qətiyyəti və prinsipiallığı,
müzakirə olunan məsələyə tam və dərindən
bələdliyi olmasaydı, çox ehtimal ki, “Əsrin
müqaviləsi”nin imzalanması xeyli yubanmalı olacaqdı. Belə
ki, danışıqların son mərhələsində
konsorsiuma daxil olmaq istəyində olan şirkətlər neft
müqaviləsinə yalnız Xəzər dənizinin statusu
müəyyən edildikdən sonra baxılacağına,
saziş üzrə bütün işlərin bundan sonra başlanılacağına
dair müddəa salmışdılar ki, bu da o dövr
üçün tezliklə həll olunacaq məsələ
deyildi (indi bunu o zamandan bəri ötən dövr və hadisələr
də tam təsdiq edir). Gərgin keçən həmin
danışıqlar və müzakirələr zamanı daim
öz üzərində ulu öndər Heydər Əliyevin və
gələcək taleyində mühüm rol oynamalı
olduğu böyük bir xalqın nəzərlərini hiss edən,
uzaq Amerikada vətənpərvərlik hisslərinin daha
güclü şəkildə baş qaldırdığı
İlham Əliyev öz mövqeyindən əl çəkməyərək,
Xəzərin statusu ilə bağlı müddəanın
müqavilənin layihəsindən
çıxarılmasını qətiyyətlə tələb
etmiş və çox çətinliklə də olsa, buna
nail ola bilmişdi. Bu, həqiqətən böyük bir
nailiyyət, Heydər Əliyev iqtisadi-siyasi
strategiyasının və bu strategiyanın
reallaşmasında mühüm rolu olan İlham Əliyevin böyük
qələbəsi idi!
Lakin, təəssüf ki, beynəlxalq
neft sazişinin imzalanması yolunda bu və sonrakı qələbələr
ölkəmizə, onun rəhbərinə heç də
asanlıqla başa gəlmirdi. Belə ki, hətta
“Əsrin müqaviləsi” imzalandıqdan sonra belə onun həyata
keçirilməsinə mane olmaq istəyən daxili və
xarici qüvvələrin Azərbaycanda iğtişaşlar
yaratmaq, hətta dövlət çevrilişi etmək cəhdləri
ara vermirdi. Qafqaz regionunda özünün
iqtisadi və siyasi nüfuzunu bərqərar etməyə
çalışan bir sıra hegemon dövlətlər hər
vasitə ilə XX əsrin bu möhtəşəm layihəsinin
reallaşmasının qarşısını almağa
çalışırdı. Nəinki Azərbaycanda və hətta
dünyanın ən müxtəlif yerlərində
nələrin və nəyin uğrunda baş verdiyini öz
müdrik fəhmi ilə çox gözəl və aydın dərk
edən ulu öndər həmişə olduğu kimi, yenə
də Azərbaycana yönəlmiş bütün
hücumların və təzyiqlərin
qarşısını qətiyyətlə ala
bilmişdi. Təsadüfi deyil ki, ABŞ-ın
keçmiş dövlət katibi, dünyanın ən
görkəmli siyasi xadimi kimi tanınan Henri Kissincer bir vaxtlar
Heydər Əliyevin məhz bu cür böyük iradə
sahibi olduğunu, onun siyasi dühasını, zəkasını
və müdrikliyini çox yüksək qiymətləndirir
və Azərbaycanın bir dövlət kimi
qorunub-saxlanmasında və inkişafında onun rolunu yüksək
dəyərləndirirdi: “Mən görkəmli dövlət
xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və
bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz
müstəqilliyini daha da möhkəmləndirəcək və
əbədi edəcəkdir.”
Bu, həqiqətən də belədir.
Məhz Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi və güclü siyasi iradəsi nəticəsində
onun neft strategiyasının əsası olan “Əsrin
müqaviləsi” üzrə nəzərdə tutulmuş
bütün layihələr uğurla həyata
keçirilmişdir: “Azəri-Çıraq-Günəşli”
yataqlarının istismarı məqsədilə bu illər ərzində
Heydər Əliyevin neft strategiyasının möhtəşəm
abidəsi olan “Əsrin müqaviləsi” üzrə həm iqtisadi,
həm də siyasi baxımdan böyük əhəmiyyət
daşıyan “Bakı-Supsa” neft kəmərinin, daha sonra isə
”Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft və
“Bakı-Tbilisi-Ərzurum” qaz kəməri layihələrinin
reallaşdırılması, müəyyən səbəblərdən
bir vaxtlar istismarı dayandırılmış
Bakı-Novorossiysk neft kəmərinin bərpa olunaraq yenidən
istifadəyə verilməsi ilə Azərbaycan nəinki
iqtisadi baxımdan böyük yüksəlişə
nail olmuş, həm də ölkəmizin siyasi nüfuzu
bütün dünyada daha da artmışdır.
Xəyalən
1980-ci illərin əvvəllərinə nəzər salarkən
ulu öndər Heydər Əliyevin o zamanlar dahi uzaqgörənliklə
həyata keçirdiyi tədbirlərin Azərbaycanın
bugünkü neft strategiyasının reallaşması
üçün nə qədər mühüm əhəmiyyətə
malik olduğuna və bu möhtəşəm layihə üçün onun tərəfindən
xeyli qabaqcadan — hələ 25-30 il əvvəl bu cür ciddi
hazırlıq görüldüyünə heyran olursan. Məsələ ondadır ki, dahi rəhbər məhz
o uzaq 80-ci illərdə Azərbaycanın neft sənayesinin
daha da inkişaf etdirilməsi, dənizdə
neftçıxarma işlərinin genişləndirilməsi və
səmərəliliyinin artırılması, aparılan əməliyyatlar
zamanı dünyanın ən mütərəqqi texnika və texnologiyalarının tətbiq
olunması məqsədilə “Xəzər”, ”Xəzərdənizneft”,
“Şelf” kimi müasir dəniz-qazma qurğularının
alınmasına, Xəzər Dəniz Neft Donanmasının
yeni neft tankerləri və müxtəlif qurğularla gücləndirilməsinə
və ən başlıcası — hazır
olması ilə xarici neft şirkətlərinin “Əsrin
kontraktı”na qoşulmasında mühüm əhəmiyyət
kəsb etmiş, Xəzərin yeni kəşf olunmuş
yataqlarından neft-qaz hasilatı işlərində xüsusilə
vacib olan Bakı Dərin Özüllər Zavodunun tikintisinə
nail olmuşdu. Yeni beynəlxalq neft
sazişi imzalandıqdan sonra da Heydər Əliyev dənizdən
neftçıxarma işlərini daha mükəmməl,
dünya standartlarına cavab verən yeni texnika ilə aparmaq məqsədilə
“İstiqlal”, ”Dədə Qorqud” və “Qurtuluş” kimi ən
müasir dəniz-qazma qurğularının alınaraq istifadəyə
verilməsini təmin etmişdi.
Bu gün geosiyasi
baxımdan xüsusi əhəmiyyət daşıyan, Avropa
ölkələrinin enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayan Azərbaycan həm
qonşu ölkələrin, həm də Qərb ölkələrinin
diqqət mərkəzindədir. 1994-cü ilin sentyabrında “Əsrin
müqaviləsi” imzalanarkən dünyanın bir sıra
ölkələrində bəzi pessimist fikirlər, bu möhtəşəm
müqavilənin reallaşacağına ümidsizlik
notları səslənsə də, ulu öndər Heydər Əliyevin
neft strategiyası bütün bu şübhələri nəinki
alt-üst etdi, hətta ölkəmizin dünyada
görünməmiş bir iqtisadi sıçrayışla irəli
getməsinə, təkcə neft sektorunda deyil, həm də
qeyri-neft sektorunda yüksək nailiyyətlər əldə
olunmasına gətirib çıxardı.
Məhz Heydər Əliyevin
yüksək vətənpərvərlik ideyalarının nəticəsidir
ki, respublikamızda əldə olunmuş neft gəlirlərinin
ilk dəfə olaraq cəmləşdiyi Azərbaycan Dövlət
Neft Fondu yaradılmışdır ki, həmin fondun dəstəyi
ilə respublikanın bütün bölgələrində iqtisadiyyat, o
cümlədən sənaye və kənd təsərrüfatı
yüksək sürətlə inkişaf edir. Bu
gün məhz Xəzərin “Azəri-Çıraq-Günəşli”
yataqlarından əldə olunan gəlirlər hesabına
tikinti-abadlıq işlərinin böyük vüsət
aldığı şəhərlərimizlə yanaşı
kənd rayonlarımız da öz simasını tamamilə dəyişir,
kəndlərimizdə də şəhər mədəniyyəti
və şəhər məişəti öz geniş əksini
tapır.
Hələ ulu
öndərin prezidentliyi dövründə tikintiləri
başlanılmış əzəmətli, memarlıq
üslubu baxımından orijinal və bir-birindən
yaraşıqlı olimpiya kompleksləri indi Azərbaycan
Prezidenti İlham Əliyevin böyük diqqət və
qayğısı sayəsində respublikamızın
bütün bölgələrində ucalmaqda, inşa edilməkdədir.
Dövlət
başçımızın bilavasitə təşəbbüsü
ilə son illərdə Azərbaycanın enerji təhlükəsizliyi
məsələlərinə diqqət daha da
artırılmışdır. Xaçmazda,
Qubada, Şəkidə və digər rayonlarımızda
müasir tipli, yüksək enerji istehsalına malik modul
elektrik stansiyaları istifadəyə verilmişdir,
Sumqayıtda Almaniya mütəxəssisləri tərəfindən
inşa olunan yeni istilik-elektrik stansiyasının tikintisi
başa çatmaq üzrədir. Xüsusilə
fərəhli haldır ki, hələ bir neçə il əvvəl
enerji baxımından blokadada qalaraq İran və Türkiyədən
elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikasında son illərdə
inşa edilmiş yeni elektrik stansiyalarının sayəsində
indi bu diyar artıq özü qonşu ölkələrə
elektrik enerjisi ixrac edir. Bütün bunlar isə küll
halında ulu öndərin Azərbaycanın hələ uzun
illər sonralar üçün hesablanmış iqtisadi-siyasi
inkişaf konsepsiyasının, neft strategiyasının bəhrəsidir.
Məhz Heydər Əliyevin
siyasi qüdrətinin və müdrikliyinin nəticəsidir
ki, hələ 1993-cü ildə az qala vətəndaş
müharibəsi, həm də siyasi arenadan yox olmaq təhlükəsi
ilə üzləşmiş Azərbaycan çox qısa bir
tarixi zamanda — cəmi 10-15 il ərzində özünün
iqtisadi inkişaf
tempinə görə hətta dünyanın bir çox
qabaqcıl ölkələrini belə geridə qoymuşdur.
Vaxtilə Heydər
Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün
— bütün qaçqın şəhərcik və
düşərgələrinin ləğv olunaraq 1 milyona
yaxın didərgin həmvətənlərimizin rahat və hər
cür şəraiti olan mənzillərlə təmin edilməsi,
onlar
üçün respublikamızın ayrı-ayrı bölgələrində
yeni və abad şəhərciklərin salınması da yeni
neft strategiyasının reallaşması nəticəsində
mümkün olmuşdur.
Heç
şübhəsiz ki, Heydər Əliyevin qüdrətli bir
şəxsiyyət, siyasi lider kimi bütün lazım olan
yüksək keyfiyyətlərə malik olduğunu
açıq-aydın görən dünyanın görkəmli
və zəngin təcrübəyə, böyük nüfuza
malik olmuş diplomatı, uzun illər Sovetlər
İttifaqının xarici siyasət rəhbərlərindən
olan Andrey Qromıko Heydər Əliyev siyasi
dühasını, onun dövlət rəhbəri kimi xalq
arasında böyük nüfuz qazanmasını, əsl lider
iradəsinə və qətiyyətinə xas olan xarakterini
yüksək qiymətləndirərək demişdi:
“Çox zaman ona diqqət yetirərək fikirləşirdim
ki, Sovet İttifaqını idarə etmək üçün
məhz belə cavan və enerjili rəhbər gərəkdir.
SSRİ-yə rəhbərlik etmək üçün
lazım olan bütün siyasi və lider keyfiyyətləri
Heydər Əliyevdə vardır və çox yüksəkdir.”
Bu gün biz — Azərbaycan
kimyaçıları ölkəmizə 34 il ərzində
Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik
etməsindən böyük qürur hissi duyur və onun
respublika iqtisadiyyatının müxtəlif sahələrinə
olduğu kimi, ölkəmizin neft-kimya və kimya sənayesinin
inkişafına da göstərdiyi daimi diqqət və qayğını
böyük minnətdarlıq hissi ilə
xatırlayırıq. “Azərikimya” Dövlət
Şirkəti müəssisələrinin son illərdə əldə
etdiyi böyük istehsalat nailiyyətləri ilk növbədə
ulu öndərin adı ilə bağlıdır.
Çünki son illərin yüksək əmək
uğurlarına kimyaçılarımız onun bizlər
üçün sanki əzəmətli istehsalat
yadigarları kimi qoyub getdiyi, məhz onun təşəbbüsü
və bilavasitə köməyi ilə hələ 20-25 il əvvəl
valyuta ilə xaricdən alınmış nəhəng
“EP-300", “Polimir-120” komplekslərinin, digər texnoloji
qurğuların və 2001-ci ildə Yaponiyadan gətirilərək
inşa edilmiş unikal buxar-generator qurğusunun sayəsində
nail olurlar. Doğma Azərbaycanımızın
gələcək böyük inkişafını təmin etməyə
xidmət edən Heydər Əliyev ideyalarının, onun yeni
neft strategiyasının ən böyük bəhrələrindən
olan “Əsrin müqaviləsi”nin reallaşması nəticəsində
bu gün ölkəmizin neft-kimya və kimya müəssisələri
xammal kimi istifadə olunan neft məhsulları ilə daha
etibarlı və dolğun şəkildə təmin olunur.
Hazırda
dünyanın 30-dan artıq ölkəsinə məhsul ixrac
edən “Azərikimya” Dövlət Şirkəti Heydər Əliyev
ideyalarının layiqli davamçısı olan Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı
sayəsində özünün yeni inkişaf dövrü ərəfəsindədir. Yaxın gələcəkdə
reallaşması gözlənilən yeni neft-kimya kompleksinin
yaradılması ilə Azərbaycanın kimya və neft-kimya
sənayesi dünya bazarına daha geniş çeşiddə
və daha böyük həcmdə, həm də bütün
beynəlxalq standartlara cavab verə biləcək məhsullar
çıxaracaqdır. Bu isə o deməkdir ki,
kimyaçılarımız ölkəmizin iqtisadi qüdrətinin
artırılmasına daha böyük və səmərəli
töhfələr verəcəklər.
Bəli, ulu öndər
Heydər Əliyevin bütöv bir qərinə boyu - 34 il ərzində
bütün varlığı ilə sevdiyi Vətənimiz Azərbaycanın
tərəqqisi, xoş gələcəyi naminə
gördüyü genişmiqyaslı işlər, təşəbbüskarı
və baş icraçısı olduğu tədbirlər,
respublikanın
bütün bölgələrində yaratdığı nəhəng
müəssisələr, istehsalat qurğuları, elektrik
stansiyaları və s. bu gün də və hələ gələcəkdə
də xalqımıza xidmət edir və edəcəkdir. Heydər
Əliyevin qurub-yaratdığı, həmçinin “Əsrin
müqaviləsi” Azərbaycanı hələ uzun illər
yaşadacaq və xalqımızın daha firavan həyatını
təmin edəcəkdir. Bu gün çox
haqlı olaraq ulu öndərin ölməz adı onun
qurub-yaratdıqları nəhəng sənaye obyektlərində,
möhtəşəm memarlıq nümunəsi olan mədəniyyət
obyektlərində, dövlət təşkilatları
strukturlarında yaşayır və yaşayacaqdır. Təsadüfi deyil ki, ölkəmizdə onun
adını əbədiləşdirən çox nüfuzlu
bir qurum — Heydər Əliyev Fondu fəaliyyət göstərir
ki, həmin fondun yaradılması da bilavasitə Heydər Əliyevin
neft strategiyasının ən möhtəşəm və
layiqli töhfələrindən biridir. Olduqca
təqdirəlayiqdir ki, Azərbaycan Milli Məclisinin
deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın prezidenti olduğu həmin fond
yarandığı gündən Azərbaycanın bir çox
şəhərlərində və ucqar rayonlarında yüzlərlə
mədəni-sosial obyektlərin, o cümlədən məktəblərin,
uşaq bağçalarının və körpələr
evlərinin, tibb ocaqlarının tikintisinin təşəbbüskarı
və yardımçısı olmuşdur. Bu
gün həmin fond təkcə Azərbaycanda deyil,
dünyanın bir sıra inkişaf etməkdə olan ölkələrinin
mədəni-sosial həyatında da əhəmiyyətli rol
oynayaraq ulu öndərin müqəddəs adının
bütün dünyada yaradıcı, qurucu bir görkəmli
şəxsiyyət, dahi siyasətçi kimi
yaddaşlarda daim yaşamasına, əbədi qalmasına xidmət
edir.
Məcid KƏRİMOV,
“Azərikimya” Dövlət
Şirkətinin prezidenti,
Milli Məclisin deputatı, Azərbaycan
Respublikasının əməkdar
elm xadimi, professor
Xalq qəzeti.- 2009.- 15 sentyabr.- S. 3.