Yeni dərs
ili başlandı...
Qarşıda çox mühüm
vəzifələr durur
Səhər saat 8-dir. Ulu öndər Heydər Əliyevin
adını daşıyan liseyin qarşısına
toplaşanlar yeni dərs ilinin başlandığını
bildirən ilk zəngin çalınacağı anı səbirsizliklə
gözləyirlər. Onlar arasında bu il birinci sinfə gələnlər
də var, bu tədris ilində məktəblə
vidalaşacaq şagirdlər də. Amma ən çox
nigarançılıq çəkənlər birincilərin
valideynləridir. Çünki bu körpə fidanların ilk
dərs gününü necə qarşılayacaqları
onları çox narahat edir. Əllərində gül dəstəsi
tutmuş bu körpələr bir azdan sinif otaqlarına
keçəcək və ilk dəfə orta məktəb
müəllimləri ilə qarşı-qarşıya oturub
şagird adı qazanacaqlar. Yeni dərs ilinin başlanması
münasibətilə liseydə təşkil olunmuş tədbiri
məktəbin iki şagirdi açır.
Əvvəlcə məktəbin
rəqs qrupu çıxış edir. Sonra valideynlər,
müəllimlər, 11-ci və 1-ci sinif şagirdləri
çıxış edirlər. Budur, söz məktəbin
direktoru, əməkdar müəllim Fikrət Xəlilova
verilir.
Fikrət müəllim
ilkin olaraq liseyin adını şərəflə
daşıdığı ulu öndər Heydər Əliyevin
təhsilə qayğısından danışır. “Azərbaycan
təhsilinin bugünkü nailiyyətləri ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır” – deyir. Bu
böyük tarixi şəxsiyyətin məktəbə,
müəllim adına neçə böyük məhəbbət
bəslədiyini vurğulayan direktor bildirir ki, ulu öndərin
başladığı təhsil islahatı bu gün ölkəmizin
Prezidenti, ümummilli liderin siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir.
Son illər Azərbaycan
təhsilində, həqiqətən, yeni bir dövr
başlanmışdır. Təhsillə bağlı 16
Dövlət Proqramı məhz cənab İlham Əliyevin
Prezidentliyi dövründə qəbul olunmuşdur. 1600-dən
çox yeni məktəb və mövcud məktəblərə
əlavə korpuslar tikilmişdir. Məktəblərimiz
informasiya texnologiyaları ilə təmin olunmuşdur. Müəllim
kadrlarının hazırlanmasında, istedadlı
uşaqların üzə çıxarılmasında, təhsilin
məzununun yeniləşməsində dövlət
proqramıları əsaslı stimul yaratmışdır.
“Ən yaxşı ümumtəhsil
məktəbi”, “Ən
yaxşı müəllim”
müsabiqələrinin keçirilməsi
ilə bağlı sərəncamı da möhtərəm Prezidentimiz
imzalamışdır. Bu gün
fəxrlə deyə bilərəm ki, iki ildir keçirilən
bu müsabiqələrdə
ötən il məktəbimiz “Ən yaxşı ümumtəhsil
məktəbi”, bu il isə 4 nəfər
müəllimimiz “Ən
yaxşı müəllim”
nominasiyasında qalib olmuşdur. Müəllimlərimizdən
Rafiq Süleymanlı,
Akif Hüseynli, Ayna Sadıqova, Hökumə Əliyeva bu müsabiqədən qalib çıxmışlar.
Bu müəllimlər
məktəbimizin şərəfini
ucaltmışlar. Mən
onları səmimi qəlbdən təbrik edirəm.
Ötən il milli təhsilimiz üçün çox əlamətdar olmuşdur.
Bizim məktəbin nailiyyətləri də çocxdur. Hazırda liseydə 59 sinifdə 1830
şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 105 nəfər müəllim və pedaqoji işçi məşğul olur. Liseyin müəllimlərindən
7 nəfər elmlər
namizədi, 5 nəfər
respublikanın əməkdar
müəllimidir.
Məktəbimizdə geniş və işıqlı sinif otaqları, ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları
olan fizika, kimya və biologiya
kabinetləri, kompyuter
zalı, linqofon kabineti, kino qurğusu olan akt zalı, iki idman zalı
vardır.
Liseyin həyətində
futbol meydançası,
voleybol və basketbol meydançaları
inşa edilmişdir ki, bu da
şagirdlərimizin yaxşı
təhsil almaqla yanaşı sağlam böyümələri üçün
də şərait yaradır.
Liseyə şagird
və pedaqoji kadrların qəbulu test sorğusu əsasında müsabiqə
qaydası ilə aparılmış, ən
qabiliyyətli şagirdlər
seçilmiş, onların
təlim-tərbiyəsinə
rayonumuzun və Bakı şəhərinin
məktəblərindən elmi, metodiki və pedaqoji hazırlığı ilə
fərqlənən müasir
interaktiv təlim metodları ilə işləməyi
bacaran fənn müəllimləri cəlb
edilmişdir.
İl ərzində
şagirdlərimiz ayrı-ayrı fənlər üzrə nəzarətli
yoxlamalar yazmış,
test sorğusundan keçirilmişlər.
2008-2009-cu dərs
ilində məktəblilərin
fənn olimpiadasında
şagirdlərimiz fəal
iştirak etmişlər.
Fənn olimpiadalarının
məktəb turunda lisey üzrə 246 nəfər şagird iştirak etmiş, bunlardan 46 nəfər müxtəlif fənlər
üzrə olimpiadanın
rayon turunun I mərhələsində iştirak
etmək hüququ qazanmışlar. Həmin
şagirdlərin 8 nəfəri
olimpiadanın rayon turunun II mərhələsində
(şəhər mərhələsi)
iştirak etmiş, onlardan 2 nəfəri isə fərqlənərək
respublika turunda iştirak etmək hüququ qazanmışlar.
Ötən il
ARDNŞ, Fövqəladə Hallar Nazirliyi və Çağ Öyrətim İşlətmələri
Şirkəti ilə birlikdə 04-07 aprel 2009-cu
il tarixdə Bakı şəhərində
Heydər Əliyev adına Əl Oyunları Sarayında
İNEPO EUROASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası təşkil
olunmuşdur.
Məktəbimiz həmin
olimpiadada böyük
uğur qazandı. Bunun əsas səbəbi şagirdlərimizin
zəngin maddi-texniki bazaya malik olan
və müasir avadanlıqlarla təchiz olunmuş müasir tipli məktəbdə təhsil almaları ilə yanaşı, həm də ixtisas müəllimlərinin
yüksək elmi-pedaqoji
hazırlığa malik
olmalarıdır.
2008-2009-cu dərs
ilində müəllimlərin
interaktiv üsulla keçirilən dərslərlə
daha dərindən tanışlıqları üçün
kurslar təşkil edilmişdir. Həmin kursları liseyin ibtidai sinif müəllimi
respublikanın əməkdar
müəllimi bu sahədə Təhsil Nazirliyinin xüsusi sertifikatını almış
Əliyeva Hökumə
Nizami qızı aparmışdır.
2009-cu il tələbə qəbulunun
nəticələri liseyin
uğurlu fəaliyyətinin
daha bir əyani sübutudur. Belə ki, liseyimizi bitirən 115 nəfər məzundan 13 nəfəri
fərqlənmə attestatı
almışdır. 115 nəfərin
hamısı ali məktəblərə daxil
olmaq üçün
sənəd vermiş,
bunlardan qəbulun I mərhələsində 88 nəfəri
respublikamızın müxtəlif
ali və orta ixtisas
məktəblərinə qəbul
olmuşlar. Məzunlardan
35 nəfəri 500-650 bal
arası , 5 nəfəri
650-dən yuxarı bal toplamışlar.
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının elmi-statistik
təhlilinə görə
Təhsil Nazirliyinə
tabe olan və özəl liseylər arasında respublika üzrə ən yaxşı nəticə göstərən
təhsil müəssisələri
arasında Heydər Əliyev adına lisey də vardır. Liseylər üzrə abituriyentlərin
qəbul imtahanlarında
topladıqları orta
bal 339,342-yə bərabərdir. Bu respublika üzrə orta göstəricidən
50,4 faiz yuxarıdır.
Heydər Əliyev adına lisey üzrə abituriyentlərin
qəbul imtahanlarında
topladıqları orta
bal 446,521-dir. Bu, liseylər üzrə orta baldan 107,179 bal yüksəkdir.
Bu nailiyyətlər
bizi arxayınlaşdırmır.
Yeni dərs ilində qarşımızda
çox mühüm vəzifələr durur. Biz möhtərəm Prezidentimizin təhsilə
belə yüksək qayğısına əməli
işimizlə cavab vermək üçün
bütün səylərimizi
birləşdirməliyik.
Fikrət müəllim
bir daha yeni dərs ili başlanması münasibətilə şagirdləri,
müəllimləri və
valideynləri təbrik
etdi.
Sonra 11-cilərin başları üzərinə qaldırdıqları 1-ci sinif şagirdləri ilk zəngi çaldılar. Hər bir on birinci sinif şagirdi bir birinci sinif şagirdini özü ilə içəri apardı. Beləliklə, yeni dərs ili başlandı.
Məlumat üçün bildirmək istəyirik ki, 2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 427910 şagird təhsil alacaq.
Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119600 şagird qəbul olunub.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 16 sentyabr.- S. 7.