Səbail məktəblilərinin bayram şənliyi

 

“Bilik günü” Səbail rayonunun məktəblərində də təntənəli qeyd olunmuşdur. Məktəb rəhbərləri, valideynlər və şagirdlər bilik bayramının yeni dərs ilinə uğurlu başlanğıc olmasına, xüsusən, bu il məktəbə gələn birincilər üçün unudulmaz hadisəyə çevrilməsinə çalışmışlar.

 

6 saylı “İntellekt” məktəb-liseyində bu il fənn kabinetləri, sinif otaqları tam təmir olunaraq hər cür ləvazimatlarla təchiz olunmuşdur. Məktəbin yaxınlığındakı yaraşıqlı parkda keçirilən Bilik bayramında direktor Ceyran Quliyeva ötən il ən yaxşı ümumtəhsil məktəbi respublika müsabiqəsinin qaliblərindən olmuş doğma kollektivin qazandığı uğurlardan öyünclə söz açdı. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri arasında bu məktəb-liseyin tarix müəllimi Elmin İmanov da vardır. Bu il liseyi bitirmiş 45 məzun ali məktəblərə, o cümlədən 10 nəfər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Məzunlardan 13-ü 500-dən, 3-ü isə 650-dən çox bal toplamışdır. Məktəbin məzunu, rayon üzrə 690 bal toplamış 2 nəfərdən biri olan Məhəmməd Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.

Şənlikdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ölkə başçısı İlham Əliyevin təhsilə böyük diqqət və qayğısının nəticəsidir ki, 40 il ərazisində heç bir məktəb və uşaq bağçası tikilməmiş Səbail rayonunun təhsil və tərbiyə müəssisələrində son illərdə əsaslı dəyişikliklər baş vermişdir. 18 orta təhsil ocağının əksəriyyəti əsaslı təmir olunmuş, lazımi şərait yaradılmışdır. Bu təhsil ilində rayonun 18 ümumtəhsil məktəbində 21000 şagird təhsil alacaq ki, onlardan 1720 nəfəri bu gün I sinfə gedir. Başçı məktəb kolektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, kollektivə Prezident İlham Əliyevin vaxtilə təhsil aldığı bu məktəbin adını daha da ucaltmaqda, şagirdlərə təhsildə uğurlar arzuladı.

Badamdardakı 239 saylı orta məktəbdə bu tədris ilində 1200 şagird təhsil alacaq. Qəsəbənin günbəgün genişlənməsi və əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 840 şagird yerlik – yeni tədris korpusu tikilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana – yeni məktəb” layihəsi əsasında məktəbin köhnə tədris korpusu əsaslı təmir olunmuşdur. Süni örtüklü mini futbol stadionu istifadəyə verilmiş, məktəb yeni avadanlıqla təmin olunmuşdur. Bu məktəb də “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasındadır. Bilik gününə həsr olunmuş tədbirdə kollektivin qazandığı uğurlardan danışan məktəb direktoru əməkdar müəllim Sədaqət Əzimova bildirdi ki, keçən tədris ilində məktəbi bitirmiş məzunların 57-si ali məktəblərə qəbul olmuş, 15 nəfəri 500-dən, 5 nəfər 600-dən çox bal toplamışdır. Keçən tədris ilində məktəbin bir neçə şagirdi respublika, fənn olimpiadalarında qaliblər arasında olmuş, rayon icra hakimiyyətinin aylıq təqaüdlərinə layiq görülmüşdür.

Rayonun qocaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb bu il özünün 64-cü dərs ilinə başlayır. Məktəbdə 1300-dən çox şagird təhsil alacaq. Bilik gününə həsr olunmuş tədbirdə məktəb direktoru əməkdar müəllim Afət Bakıxanova dedi ki, 43 məzun ali məktəblərə qəbul olmuş, onlardan 6-sı 500-dən, 2-si isə 600-dən çox bal toplamışdır. Təhsil ocağı “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olmuş, ibtidai sinif müəlliməsi Aygün Həşimova isə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Bu il məktəb təmir olunmuş, 2 yeni kabinet tərtib olunmuşdur. İncəsənət kabineti məktəb üçün yenilikdir.

Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən məktəb direktoru Svetlana Zülfüqarova bildirdi ki, keçən təhsil ilində məktəbi 93 şagird bitirmiş, onlardan 52-si ali məktəblərə, o cümlədən 1 məzun Moskva Dövlət Universitetinə qəbul olmuşdur. 11 məzun 500-dən, 3 məzun isə 600-dən çox bal toplamışdır. Tədris ili ərəfəsində məktəbdə təmir işləri aparılmışdır. Yeni qazanxana bu il həm məktəbin, həm də yaxınlıqdakı uşaq bağçası və uşaq musiqi məktəbinin istilik təminatını tam şəkildə ödəyəcək.

Rayonun bütün məktəblərində keçirilən şənliklərdən sonra yeni dərs ilinin başlanmasını bildirən zəng sədaları altında “11-cilər” birinciləri sinif otaqlarına apardılar.

 

 

R. TAHİR

 

Xalq qəzeti.- 2009.- 16 sentyabr.- S. 7.