Silahlı Qüvvələrimiz
etimadı doğruldur
Ordumuz üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirir
Azərbaycan Respublikasının siyasi və iqtisadi sahələrdə
əldə etdiyi uğurlar bu gün özünü hər
şeydən çox ordu quruculuğunda qabarıq göstərməkdədir.
Silahlı qüvvələrimizin, xüsusilə, beynəlxalq
aləmdə qazandığı nüfuz ötən illərlə
müqayisədə xeyli yüksəlmişdir. İlk növbədə
onu demək lazımdır ki, ordumuzun nümayəndələri
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı
çərçivəsində keçirilən bütün
tədbirlərdə uğurla iştirak edirlər.
Azərbaycanın
müvafiq proqram çərçivəsində həyata
keçirdiyi siyasət respublikanın müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi yolunda NATO dövlətləri və
digər tərəfdaş ölkələrin silahlı
qüvvələri ilə müxtəlif sahələrdə
beynəlxalq əlaqə və əməkdaşlığın
genişləndirilməsinə böyük imkan
yaratmışdır. Azərbaycan Respublikası ilə HATO
arasında əməkdaşlığın hər iki tərəfin
ali rəhbərliyi səviyyəsində uğurla davam etdirilməsi
xüsusilə qeyd olunmalıdır.
Silahlı Qüvvələrimiz
beynəlxalq sülhyaratma əməliyyatlarında da ölkəmizi
layiqincə təmsil edir. 1997-ci ildə PARP Proqramı çərçivəsində
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
sülhməramlı bölüyü yaradılmış,
sonradan bu bölük böyüdülərək tabor
statusunu qazanmışdır. Sülhməramlılarımız
1999-cu ilin sentyabrından Kosovoda, 2002-ci ilin noyabrından Əfqanıstanda,
2003-cü ilin avqustundan isə İraqda sülhməramlı
missiyanı uğurla yerinə yetirməyə
başlamışdır. Bu mənada NATO-nun Baş Katibi Yaap
do Hoop Sxefferin Azərbaycanı bu gün artıq dünyada təhlükəsizliyin
ixracatçısı sayılan bir dövlət kimi xarakterizə
etməsi, sülhməramlılarımız haqqında
yüksək fikirlər söyləməsi, Azərbaycanın
Alyansla mövcud əməkdaşlığından məmnun
qaldığını bildirməsi təsadüfi xarakter
daşımır. Sülhməramlılarımızın
ondan çox əsgər və zabitinin xidmətdə
qazandığı uğurlara görə orden və medallarla
təltif olunması dediklərimizə əyani sübutdur. Bu
təltiflərin arasında “ABŞ Hərbi Dəniz Qüvvələri
və Dəniz Piyadalarının Hailiyyət medalı”
xüsusi yer tutur. Ümumiyyətlə, indiyədək
Müdafiə Nazirliyinin ünvanına sulhməramlılarımızın
fəaliyyəti ilə əlaqədar daxil olan təşəkkür
məktublarında bir qayda olaraq Azərbaycan hərbçilərinin
yüksək nizam-intizamından, peşəkarlığından
və cəsurluğundan söhbət açılır.
Azərbaycan NATO və tərəfdaş
ölkələrlə hərbi sahədə ikitərəfli əlaqələr
qurmuş, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Rumıniya,
Bolqarıstan, Böyük Britaniya və s. ilə müxtəlif
sənədlər imzalamışdır. Ölkə
Prezidentinin müvafiq fərmanları ilə bir sıra
dövlətlərdə hərbi attaşeliklərimiz, Avstriya
və NATO-dakı missiyamızda isə hərbi nümayəndəliyimiz
təsis edilmişdir. Təsadüfi deyil ki, NATO Baş
Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə
xüsusi nümayəndəsi Robert Simmons vaxtilə Bakıda
olarkən bir daha vurğulamışdır ki, Azərbaycan
NATO ilə əməkdaşlıq sahəsində üzərinə
götürdüyü öhdəlikləri tam yerinə
yetirir. 2006-cı ildən Azərbaycan hökumətinin NATO ilə
Hərbi Əməkdaşlıq Proqramı çərçivəsində
qəbul etdiyi öhdəliklərlə bağlı tədbirlərin
davamı olaraq ordumuzdakı birləşmə və hərbi
hissələrin təşkilat-ştat strukturu NATO
standartlarına uyğunlaşdırılmışdır.
Buna müvafiq olaraq Çavuş Hazırlığı Məktəbi,
Sülh Naminə Tərəfdaşlıq Mərkəzi,
Simulyasiya Mərkəzi, kompyuterləşdirilmiş və
lazer sistemli poliqonlar yaradılmışdır. Hərbi Dəniz
Qüvvələrinə məxsus gəmilərin və hərbi
aerodromların müasir standartlara
uyğunlaşdırılması işi uğurla davam
etdirilir. NATO qüvvələri ilə
uyarlığını təmin edilməsi məqsədilə
Silahlı Qüvvələrimizin tərkibində bir mobil tabor
və bir bölük yaradılmışdır.
Hazırda ölkəmiz
dünyanın 50-yə yaxın dövləti ilə hərbi
sahədə əlaqələr yaradıb. Təqribən 20
ölkə ilə, o cümlədən 9 NATO dövləti ilə
ikitərəfli yüzədək müqavilə, saziş,
memorondum və protokol imzalamışdır. Silahlı Qüvvələrimizin
hər il iki minədək nümayəndəsi xaricdə və
Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə
uğurla iştirak edir. Bununla yanaşı, NATO qərargahında
da zabitlərimiz Azərbaycanı layiqincə təmsil edirlər.
Ordu quruculuğu sahəsində
aparılan islahatların müasir tələblərə cavab
verməsini təmin etmək məqsədilə son bir
neçə ildə hərbi qulluqçularımıza
geniş yaşayış sahəsinə malik yüzlərlə
mənzillərin orderləri paylanmış, onların
aylıq vəzifə maaşları dəfələrlə
artırılmışdır. 2006-cı ildə Mərkəzi
Hərbi Klinik Hospitalın cərrahiyyə korpusunun təntənəli
açılış mərasimi ordumuzun həyatında əlamətdar
bir hadisə kimi qalmışdır. MDB məkanında analoqu
olmayan bu 300 çarpayılıq cərrahiyyə korpusu
altı mərtəbədən, 26 bölmədən və
çoxsaylı yardımçı otaqlardan ibarətdir.
Korpusun 11 cərrahiyyə otağında 14 izləyici kamera
quraşdırılıb. Müəssisənin hər cür
tibbi avadanlıqla təchiz olunmuş 7 böyük, 4
kiçik tutumlu universal təcili yardım maşını
vardır.
Ordu quruculuğu sahəsinə
ciddi diqqət yetirilməsi, ümumiyyətlə, bu sahənin
prioritet elan olunması Qarabağ probleminin həllində
dövlət rəhbərliyinin tutduğu prinsipial mövqeyə
söykənir. Müqaisə üçün təkcə onu
demək kifayətdir ki, əgər 2003-cü ildə Azərbaycanda
hərbi xərclərə 135 milyon dollar
ayrılırdısa, 2007-ci ildə bu məbləğ bir
milyard dollara çatıb. Bu isə orduya aid xərclərin təxminən
8 dəfə artırılması deməkdir. Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham
Əliyev mütəmadi olaraq cəbhə bölgələrinə
səfər edir, səngərdə Vətənin keşiyində
duran əsgər və zabitlərlə maraqlanır,
onların hərbi xidmət şəraiti ilə yerindəcə
tanış olur, xidmətdə fərqlənən hərbi
qulluqçuları orden və medallarla, o cümlədən
qiymətli hədiyyələrlə şəxsən
mükafatlandırır. Bu isə ilk növbədə
dövlət rəhbərinin ordumuza inam və
etimadının təcəssümüdür. Elə ona
görə də Silahlı Qüvvələrimizin hər bir
üzvü üzərinə düşən vəzifənin
məsuliyyətini dərindən dərk edir, Ali Baş
Komandanın bütün tələb və tövsiyyələrini
yüksək səviyyədə yerinə yetirməyə
çalışır. Şübhə yoxdur ki, əsgər
və zabitlərimiz göstərilən diqqət və
qayğıya bundan sonra da layiqincə cavab verəcək,
yüksək döyüş hazırlığına yiyələnəcək
və ölkəmizin ərazi bütövlüyünün bərpası
yolunda son nəfəsinədək inamla mübarizə aparacaq.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2009. - 16 sentyabr.- S. 6.