Yüzilliyə qapı açan yeni məktəb
Lerik rayonunun ucqar kəndlərindən olan Çayrud
çoxdan belə bayram sevinci yaşamamışdı. Çayrud
günləri və Çayrud kənd orta məktəbinin 90
illiyi artıq sentyabrın ikinci ongünlüyündən,
müxtəlif səpkili el şənlikləri, idman yarışları,
disputlar və ziyalılarla görüşlərdən start
götürmüşdü.
Ümummilli lider Heydər
Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini
özünə leytmotiv seçən “Çayrud günləri”nin
təşkilat komitəsinin Bakı qrupunu əsasən bu kənd
orta məktəbinin məzunları, hazırda respublikanın
müxtəlif elm, təhsil, iqtisadiyyat, dövlət
strukturlarından çalışan ziyalılar təşkil
edirdi. Elə tədbirlərin əsas hissəsi də
sentyabrın 14-də onların kəndə gəlişi və
Şəhidlər, Böyük Vətən müharibəsi
abidələrinin ziyarəti ilə başlandı. Sonra bu
ziyalılardan seçilən münsiflər heyətinin rəhbərliyi
ilə əsil bilik yarışı başladı. Qaliblər
müəyyənləşdirilib,
mükafatlandırıldıqdan sonra qonaqlar
çayrudluların bilik bayramına və 90 illik yubileyə
Azərbaycan dövlətinin böyük hədiyyəsi –
yaraşıqlı, ikimərtəbəli, böyük idman
zalı olan, ən müasir avadanlıq və kompyuterlərlə
təmin olunmuş yeni tikilmiş məktəb binasının
rəsmi açılışa hazırlıq işləri ilə
tanış oldular.
Açığı
doğma kəndimdə belə bir məktəbin tikintisinə
nə mən, nə də digər qonaqlar heyrətimizi gizlədə
bildik. Doğrudur, son 5 ildə istər dövlət səviyyəsində,
istərsə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində
yüzlərlə yaraşıqlı, müasir standartlara
cavab verən məktəblər tikilib istifadəyə
verilmişdir. Ancaq ucqar bir rayonun, sərt iqlimə və relyefə
malik bir dağ kəndində belə məktəbin yüksək
səviyyədə tikilməsi tamam fərqli bir təsir
bağışlayır və ölkənin bütün
regionlarının, guşələrinin Azərbaycan dövlətinin
diqqətindən yayınmadığını nümayiş
etdirirdi. Bu fikirlər ertəsi gün, yəni sentyabrın
15-də məktəb binasının və “Çayrud məktəbi-90”
yubiley tədbirinin rəsmi açılışında bir
neçə natiqin çıxışında da səsləndi.
Məktəbin rəsmi açılışını bildirən
qırmızı lent rayon icra hakimiyyətinin
başçısı Rövşən Bağırov tərəfindən
kəsiləndən sonra qonaqlar əvvəlcə yeni məktəbin
foyesində, ümummilli lider Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda təhsil
müəssisələrinin açılışlarında,
bilik günlərində iştiraklarını əks etdirən
fotoşəkillərlə tanış oldular. Məktəbin
fənn kabinələrinə, idman zalına baxış
keçirildikdən sonra birincilərin ilk dərs
gününü təbrik edən qonaqlar fidan balalara hədiyyələr
təqdim etdilər.
Məktəbin
açılışı, “Çayrud günləri” və
Çayrud kənd orta məktəbinin 90 illik yubiley mərasimini
Lerik rayon təhsil şöbəsinin müdiri Hüseynbala Əliyev
açdı. Natiq məktəbin tarixi, 90 ildə əldə
etdiyi uğurlar və məktəbin məzunlarının elmdə
qazandığı nailiyyətlərdən danışdı
və yeni məktəbin tikintisində Təhsil Nazirliyinin diqqət
və qayğısını xüsusi qeyd etdi.
Mərasimdə
iştirak edən ziyalılar, elm adamları Çayrud kənd
orta məktəbi və burada zəhməti olan müəllimlər
haqqında xoş xatirələrini söylədilər. Lerik
Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov isə
çıxışını çayrudluları bu əlamətdar
bayram münasibəti ilə təbrikdən başladı. O
qeyd etdi ki, belə əlamətdar bir gündə məktəbin
açılışı hamımız üçün
ikiqat bayramdır. Son beş ildə təkcə Lerikdə
deyil, bütün respublikada məktəb tikintisi böyük
sürətlə aparılır və bu da onu göstərir
ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev təhsilin
strateji sahə olduğunu və inkişafımızın məhz
bu sahədən asılı olduğunu aydın görür. Ona
görədir ki, bu müddətdə müxtəlif
regionlarda,şəhər, qəsəbə və kəndlərdə
3 mindən yuxarı müasir tipli məktəb tikilib istifadəyə
verilmişdir.
Natiq
çıxışında təhsilə yaradılan bu şəraitin
yerlərdə qiymətləndirilməsinin və bunun
cavabı olaraq tədrisin keyfiyyətinin
qaldırılmasının mühüm əhəmiyyət
daşıdığını diqqətə
çatdırdı.
Tədbir davam edərkən
Elşən Səfərov adına Çayrud kənd orta məktəbinin
məzunu, Bakıda yaşayan iş adamı, “Çayrud
günləri” təşkilat komitəsinin rəhbəri
Övsət Həmidovun təəssüratlarını da
öyrəndik. O, dedi:
– Mənim sevincimin həddi-hüdudu
yoxdur. Çünki özüm respublikada məktəb
tikintisi aparan şirkətin rəhbərlərindən biriyəm.
Bir neçə ildir ölkəmizin bütün
regionlarında bir-birindən gözəl məktəblər
tikirik. Çoxdan arzulayırdım ki, doğma kəndimizdə
də belə bir məktəb tikilsin. Bu gün
arzularımın ünvanına gəlmişəm. Mən bir
ziyalı kimi, kəndimizin bütün sakinləri adından
möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ən
xoş arzularımızı, minnətdarlığımızı
bildirirəm. Bu gün bütün çayrudlular bir daha əmin
oldular ki, dövlət başçısı İlham Əliyev
həqiqətən 2003-cü il prezident seçkisində
söylədiyi kimi, bütün Azərbaycanlıların
prezidentidir.
Məktəbin məzunu,
Azərbaycan Respublikası Ağsaqqallar Şurası hüquq
komissiyasının sədri, “Polisə dəstək”
İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polis polkovniki
Cabir Kazımovun da sevinci yerə-göyə sığmır.
İşinin çox olmasına baxmayaraq,
doğmalarının sevincindən o da pay almağa gəlib. Söhbət
zamanı dedi:
– Bu gün
dünyasını dəyişən müqəddəs müəllilərimizin
ruhu bu məkanda, bu şadyanalığın seyrinə gəlib.
Həyatımızın, taleyimizin istiqamətini müəyyənləşdirən,
bizim xatirələrimizdə əbədiləşən
Gülağa Rüstəmov, Baxışəli Seyfullayev,
Qardaş Səfərov, Volodya müəllim kimi insanların
da bu gün bayramıdır. 5 elmlər doktoru, 30-dan çox
elmlər namizədi, neçə-neçə həkim,
müəllim, polis işçisi, mühəndis, aqronom,
jurnalist məhz bu böyük müəllimlərin, bu məktəbdə
həyata vəsiqə verdiyi insanlardır. Mən
çıxışımda bu gündən belə
yaraşıqlı, rahat məktəbdə dərs keçən
müəllimlərə o günləri xatırlatdım. Onda,
50-60- il bundan qabaq belə məktəbi yuxuda görmək də
bizə nəsib olmamışdı. Amma, çox sağ olsun
möhtrəm prezidentimiz belə ucqar bir kənddə bu əzəmətdə
bir məktəbi bizim elimizə, obamıza ərməğan
edib. Qoy indi müəllimlərimiz bunun qədrini bilsinlər.
Buranın daimi
qonağı olan duman dağ aşırımlarında
yatıb qalmışdı. Sanki, bu
çal-çağıra mane olmağa, sevinc içində
olan insanların kefini pozmağa cürət etmirdi. Saat
14-ü keçənə qədər tədbir davam etdi. Kimi
xatirələrini bölüşdü, kimi də Allahdan
dövlətimizə əmin-amanlıq, onun
başçısına isə uzun ömür,
cansağlığı arzuladı. Beləcə 90 illik tarixi
olan Çayrud kənd orta məktəbi öz
ömrünün yeni onilliyinə yeni məktəbdə qədəm
qoydu. Qədəmləri mübarək olsun!
İlqar ÇAYRUDLU
Xalq qəzeti.- 2009.- 18 sentyabr.- S. 6.