Dövlət İdarəçilik Akademiyası yüksəliş yollarında

 

Bu il ali təhsil ocağının yaradılmasının 10 ili tamam olur

 

Azərbaycan Respublikası bu gün öz müstəqil dövlətçilik tarixinin şərəfli, böyük dəyişikliklər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Cəmiyyət həyatının bütün sahələrində geniş islahatlar aparılır. Beynəlxalq aləmdə də yüksək qiymətləndirilən bu islahatlar yeni-yeni nailiyyətlər qazandırmaqla yanaşı, müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.

 

Tarix sübut edib ki, cəmiyyət həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərin başlıca səbəblərindən biri də güclü və işgüzar dövlətin olmasıdır. Belə bir dövlətin yaradılması və inkişaf etdirilməsi üçün professionallıq səviyyəsi, zəngin biliyə və təcrübəyə malik, işgüzarlığı yüksək olan idarəçilik sisteminin də olması zəruri şərtlərdən biridir. Doğrudur, dövlət hakimiyyəti qərarlar qəbul etmək və onları həyata keçirməyə qadir istiqamətverici və təşkilatçı bir qüvvədir. Lakin, bununla belə hakimiyyətçiliklə idarəçiliyi də eyniləşdirmək olmaz. Belə ki, əgər təkmilləşmiş idarəçilik sistemi olmasa, təkcə güclü dövlətçiliyin olması ilə iş keçməz. Çünki belə olduğu təqdirdə bir çox müəyyən olunmuş iqtisadi və siyasi vəzifələr yerinə yetirilməmiş qala bilər. Odur ki, güclü dövlətin olması ilə bərabər səmərəli idarəçiliyin olması da çox vacibdir. Dövləti idarə etmək üçün dövlətçilik işini yaxşı bilmək, öz fəaliyyətində dövlətçi kimi, əsl dövlət adamı kimi hərəkət etmək, yüksək vətənpərvərlik, eləcə də pak, mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq gərəkdir.

İndiki dövrdə cəmiyyətin demokratik prinsiplər əsasında idarə olunması üçün müasir təfəkkürlü kadrlara böyük ehtiyac var. Bu gün müxtəlif sahələr üzrə yeni üslubda işləməyi bacaran kadrlara tələbat yaranıb. Odur ki, ilk növbədə keçmişdən qalmış kadr potensialı və onlardan səmərəli istifadə formaları müəyyənləşdirilməli və bununla yanaşı, yeni idarəçi mütəxəssislərin hazırlanması üçün müvafiq proqramların olması zəruridir. Bunun üçün sabit inkişaf modeli son dərəcə zəruridir. Məhz buna görə də belə bir modelin Azərbaycan üçün zəruri olduğunu vurğulayan ulu öndər Heydər Əliyev deyirdi: “Bizim borcumuz Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə çevirməkdir. Azərbaycan vətəndaşlarını bu hürriyyət yolu, azadlıq yolu ilə, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq və bu yolla da gedəcəyik”.

Müasir mütəxəssis hər hansı sahədə olursa-olsun, ilk növbədə yüksək peşəkarlıq qabiliyyətinə, istehsal və idarəetmə mədəniyyətinə yiyələnməli, təşəbbüskar, iti təfəkkürlü, yeni düşüncə qabiliyyətinə malik olmalıdır. Bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycanın bütün sahələr üzrə mütəxəssisləri, peşəkar kadrları var və onlar özlərini öz işləri ilə doğruldurlar. Lakin bununla belə, bu gün dövlət strukturlarında mövcud olan kadr potensialı dərindən təhlil olunmalıdır. Bundan sonra bütün sahələr üçün idarəçi kadrların yetişməsinə yönəldilmiş məqsədli, dəqiq ünvanlı proqramlar işlənib hazırlanmışdır. Dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında 3 yanvar 1999-cu il tarixli fərmanı məhz bu baxımdan böyük əhəmiyyət kəsb edir. Artıq on yaşı tamam olmuş bu sərəncam dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinə qüdrətli şəxsiyyətin əvəzolunmaz qayğısı idi. Bu gün respublikamızda rəhbər kadrların hazırlanması və professionallıq səviyyəsinin yüksəldilməsi işi ilə aparıcı elmi tədris-metodiki və analitik-informasiya mərkəzi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası məşğul olur. Ötən illər ərzində akademiya böyük inkişaf yolu keçmiş, inzibati idarəetmə, dövlət və yerli bələdiyyə idarəçiliyi sahəsində Azərbaycan Respublikasının əsas elm və təhsil ocağına çevrilmişdir.

Dövlət idarəçiliyi üçün mütəxəssislərin hazırlanması sahəsində aparıcı mərkəz kimi o, dövlət vəzifələrində olan qulluqçuların yenidən hazırlanması və ixtisaslarının artırılması; dövlət idarəçiliyi, o cümlədən dövlət qulluğu kadrlarının yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində beynəlxalq proqram və layihələrin elmi cəhətdən əsaslandırılması; dövlət idarəçiliyinin təkmilləşdirilməsi və onun hüquqi təminatına dair təkliflərin işlənib hazırlanması; elmi-tədqiqatlar aparılması; dövlət orqanlarının müvafiq sahələr üzrə analitik-informasiya təminatına kömək etmək kimi funksiyaları yerinə yetirir. Akademiyada dövlət qulluğunda çalışanlar üçün yenidən ixtisaslaşma üzrə 2 illik əyani, 3 illik qiyabi təhsil həyata keçirilir. Bu bölmələrə mərkəzi icra hakimiyyəti orqanlarının təqdimatı ilə dövlət qulluğunda çalışan və müvafiq iş stajı olan şəxslər göndərilir. Bundan əlavə, Dövlət İdarəçilik Akademiyasında bu gün dövlət qulluğunda rəhbər vəzifələrdə çalışanlar üçün 8 istiqamət üzrə – “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar”, “Dövlət qulluğunun təşkilati əsasları və kadr siyasəti”, “Azərbaycan Respublikasının xarici siyasəti”, “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və maliyyə-kredit siyasəti”, “Dövlətin sosial siyasəti; mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri”, “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi”, “Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları”, “Azərbaycan Respublikasında gənclər siyasəti” bir və iki həftəlik qısamüddətli ixtisasartırma kursları fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, hazırda Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyinin müxtəlif sahələri üçün kadr ehtiyatı hazırlığı məqsədilə ümumdövlət təhsil standartlarına əsasən “İnzibati idarəetmə”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Menecment”, “Hüquqşünaslıq”, “Politologiya” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə bakalavr, “Dövlət hüququ”, “Diplomatiya”, “Beynəlxalq siyasət”, “Milli təhlükəsizlik və siyasi strategiya”, “Azərbaycanda siyasi proseslər”, “Konfliktologiya”, “Dünya siyasi prosesləri və beynəlxalq münasibətlər nəzəriyyəsi” ixtisasları üzrə magistr hazırlığı da aparılır. Bu ali təhsil müəssisəsinə qəbul olunan tələbələr arasında yüksək bal toplamış abituriyentlər böyük çoxluğa malikdir. Hazırda akademiyada 76 nəfər Prezident təqaüdçüsü təhsil alır. Akademiyada müxtəlif fakültələr, kafedralar, elmi mərkəzlər, problem laboratoriyası və getdikcə nadir kitablarla zənginləşən elmi kitabxana mövcuddur. Bu ali tədris ocağının həyatında baş verən dəyişikliklər birbaşa kitabxananın strukturuna, fəaliyyət növlərinə və xidmət səviyyəsinə təsir etmiş və etməkdədir. Elmi kitabxananın fəaliyyətinin başlıca istiqamətləri kitablar və digər çap məhsulları üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə vermək, təlim-tədris prosesində yaxından iştirak etməkdən ibarətdir.

Akademiya respublikada və xaricdə çap olunan, xüsusilə idarəçiliklə bağlı önəmli dərslik və dərs vəsaitləri ilə təmin olunur. Kitabxanada “Dövlətçilik”, “Dövlət idarəçiliyi”, “Dövlət qulluğu” adlı kartotekalar, ehtiyat və arxiv, dissertasiya, avtoreferat fondları təşkil edilmişdir. Abunə yolu ilə alınan jurnal və qəzetlərin bir hissəsi də Moskvada nəşr olunan qəzet və jurnallardır. Oxucuya lazım olan informasiyanı almaq üçün kitabxanada ənənəvi informasiya daşıyıcılarından istifadə qaydaları təkmilləşmişdir. 2001-2002-ci tədris ilindən başlayaraq kitabların abonomentdən birbaşa götürülməsi (sifariş etmədən, gözləmədən), kitabxananın fasiləsiz xidmət göstərməsi, oxu zalı fondunun yaradılması və inkişafı üçün tədbirlər həyata keçirilmişdir. Kitabxanada gün ərzində 150-200 oxucuya xidmət göstərilir. Respublikamızda ilk dəfə olaraq UOT təsnifatının yeni nəşri (2001-2002) məhz bizim kitabxanada tətbiq olunmuşdur. Bu iş kitabxananın beynəlxalq standartlara uyğunlaşmasında və elektron kataloqun yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Kitabxanamıza Heydər Əliyev Fondunun xətti ilə mütəmadi olaraq təmənnasız zəruri elmi ədəbiyyat, dərslik və dərs vəsaitləri daxil olur. Fakt üçün qeyd edim ki, 2007-ci ildə “Dövlət idarəçiliyi məsələləri üzrə beynəlxalq bilik standartlarının tətbiqi – ppkn.net” Kanada (JİDA) — Azərbaycan (DİA) birgə layihəsi çərçivəsində 361 adda 838 nüsxə qiymətli elmi ədəbiyyat kitabxana fonduna hədiyyə edilmişdir. Elmi kitabxana Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara dəvətlər alır. Burada akademiyanın müdavimləri və məzunları ilə geniş iş aparılır, onlar qəzet və jurnallarda müxtəlif mövzularda çıxış etmək üçün materiallarla müntəzəm təmin edilirlər.

Dövlət qulluğu kadrlarının hazırlanması, ixtisasartırma və yenidən ixtisaslaşması sahəsində Dövlət İdarəçilik Akademiyasının həyata keçirdiyi tədris və tədqiqat işlərində “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının mühüm rolu vardır. Bu kafedrada dövlət qulluğunun müxtəlif sahə və səviyyələrində uğurlu fəaliyyət göstərmək üçün zəruri peşə bilikləri verən “Dövlət qulluğu və kadr siyasəti”, “Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi”, “Dövlət qulluğunun beynəlxalq təcrübəsi”, “Dövlət qulluğu”, “Heyətin idarə edilməsi”, “İnzibati etiket və dövlət məmurunun xidməti nüfuzu”, “Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr”, “İnformasiya prosesləri və informasiya siyasəti”, “Dövlət idarəçiliyində nəzarət mexanizmləri” və s. kimi fənlər tədris olunur ki, bunlar da Azərbaycanın təhsil sistemi üçün tamamilə yeni fənlərdir. Bu kafedraya yaranan gündən ümummilli lider Heydər Əliyev siyasi komandasının ən peşəkar və sadiq üzvlərindən olan tanınmış dövlət xadimi, görkəmli tədqiqatçı-alim, akademik Ramiz Mehdiyev rəhbərlik edir.

Akademiya yaranan vaxtdan bu günədək qısamüddətli ixtisasartırma kurslarından 4 min nəfərə yaxın dövlət qulluqçusu keçmiş və sertifikat almışlar. 700 nəfərə yaxın dövlət qulluqçusu “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə yeni ixtisas almışdır. Bu illər ərzində 3 min nəfərə yaxın tələbə bakalavr, minə qədər isə magistr pilləsini müvəffəqiyyətlə başa vurmuş və hazırda cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən dövlət qulluğunda çalışmaqdadır. Bütün bunlar deməyə əsas verir ki, on il ərzində Dövlət İdarəçilik Akademiyası dövlətin kadr siyasətinin həyata keçirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələri üçün müasir idarəetmə metodlarını mənimsəmiş və müasir idarəetmə təfəkkürünə malik kadrlar hazırlamaqla, idarəetmə mədəniyyətinin, dövlətçilik əxlaqının formalaşmasına kömək etməklə respublikamızda dövlət qulluğu prosesində fəal iştirak edir.

Ulu öndər Heydər Əliyevin strateji inkişaf kursunu uğurla həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin üzərimizə qoyduğu əsas vəzifə dövlət xidməti sisteminə istedadlı, bacarıqlı, zəkalı, əxlaq və mənəviyyatca təmiz olan gənclərin cəlb edilməsi, bunun üçün onlara yüksək səviyyəli müasir təhsilin verilməsi, dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək kadrların hazırlanması, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir. İdarəçilik Akademiyasının professor-müəllim kollektivi üzərinə düşən bu vəzifəni layiqincə həyata keçirmək yolunda əzmlə çalışır, dövlətimizin möhkəmlənməsi üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

Ötən illər ərzində Dövlət İdarəçilik Akademiyası beynəlxalq əlaqələrini xeyli möhkəmləndirmişdir. Böyük siyasi xadim Heydər Əliyevin idarəçilik sahəsindəki zəngin təcrübəsini əldə rəhbər tutaraq beynəlxalq əlaqələrin daim genişlənməsi məsələlərinə xüsusi diqqət yetirir. Bunun nəticəsi olaraq Paris, Belarus, Ukrayna, Türkiyə, Kanada, Litva, Cenevrə və digər inkişaf etmiş ölkə və şəhərlərin ali tədris ocaqları ilə qarşılıqlı əməkdaşlıq barəsində protokollar imzalanmışdır. Bununla yanaşı, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar təcrübəsi ilə tanış olmaq məqsədi ilə xarici ölkələrdə keçirilən tədbirlərdə akademiyamızın əməkdaşları da yaxından iştirak etmişlər. “Dövlət İdarəçilik Akademiyasının inkişafına dəstək” layihəsinə əsasən akademiyamızın müəllimlərinin Paris Milli Ali İdarəçilik Məktəbində təcrübə keçməsi və lazımi biliklərə yiyələnməsi də xüsusi qeyd olunmalıdır. Mənim, birinci prorektor professor Ə.Abdullayevin, beynəlxalq əlaqələr şöbəsinin müdiri L.Əhmədovanın və dillər kafedrasının fransız dili müəllimi Ş.Ağalarovanın Paris, Strasburq və Mets şəhərlərində fəaliyyət göstərən ali idarəçilik məktəblərində işgüzar səfərdə olmamız da akademiyanın beynəlxalq əlaqələrinin geniş və əhatəli olmasından xəbər verir. Belə faktlardan çox sadalamaq olar. Ümumiyyətlə, son illər ərzində akademiyamızın beynəlxalq əlaqələri çox zəngin olmuşdur. Bu da təsadüfi deyildir. Çünki son illər Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdəki nüfuzu xeyli artmış, əlaqələri daha da möhkəmlənmişdir. Azərbaycan böyük müvəffəqiyyətlə Avropaya və dünya birliyinə inteqrasiya olunur. Belə bir şəraitdə yetişən kadrlar da hərtərəfli biliyə malik olmalı, beynəlxalq aləmdə baş verən hadisələri düzgün qiymətləndirməyi bacarmalıdırlar. Ulu öndərin yadigarı olan Dövlət İdarəçilik Akademiyası bu şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.

Bu gün Azərbaycandakı iqtisadi və siyasi sabitlik idarəçilik işinin səmərəliliyi ilə bilavasitə əlaqədardır. İdarəçilik işinin səmərəliliyinin müntəzəm olaraq artırılması təkcə idarəçilik – təşkilatçılıq vəzifəsi yox, həm də qarşıda duran çox mühüm siyasi vəzifədir. Məhz buna görə də bu gün dövlət idarəçiliyinin bütün səviyyələrində yüksək hazırlıqlı ehtiyat kadrların hazırlanması işinə xüsusi diqqət yetirilir. Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesindəki kadr siyasətində bir çox maraqlı məqamlar diqqəti cəlb edir. Cənab Prezidentin kadr siyasətində hər bir vəzifə sahibinin peşəkarlığını, öz işinə məsuliyyətini göstərən meyarlar dəqiq müəyyənləşdirilmişdir. Dövlət başçımız bu barədə mövqeyini qəti olaraq bildirərək demişdir: “Tutduğu vəzifədən asılı olmayaraq, hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə onların gördükləri işə, xalqın onlara olan münasibətinə görə qiymət verirəm”.

Qeyd edim ki, biz – akademiyanın kollektivi artıq dövlət başçımızdan belə bir layiqli qiyməti aldıq. Möhtərəm Prezidentimizin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Dövlət İdarəçilik Akademiyasının bir sıra əməkdaşına fəxri adlar, “Tərəqqi” medalı verilmişdir. Bu, kollektivimizin əməyinə verilən çox yüksək qiymətdir. Biz də çalışacağıq ki, bundan sonra, ümummilli lider Heydər Əliyevin böyük ideallarına daim sadiq qalaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın beynəlxalq aləmdə daha da şöhrətlənməsində gördüyü işlərdə ona arxa-dayaq olaq, Vətənə cənab Prezident İlham Əliyev kimi xidmət etməyi gənclərə öyrədək.

 

 

Seyfəddin QƏNDİLOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,

tarix elmləri doktoru, professor, əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2009.- 18 sentyabr.- S. 5.