Dövlət müstəqilliyinin yetirməsi olan ali təhsil
ocağı
Bu il Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının yaradılmasının 10 ili tamam olur.
Ümummilli lider Heydər Əliyevin yadigarı olan akademiya bu
gün Azərbaycanın dövlətçilik tarixində
müasir təfəkkürlü, hərtərəfli biliyə
malik kadrların yetişdirilməsində ən yüksək
reytinq qazanmış ali təhsil müəssisəsidir. Məhz
buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin
5 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Dövlət
İdarəçilik Akademiyasının bir qrup əməkdaşı
fəxri adlar və “Tərəqqi” medalı ilə təltif
olunmuşdur.
Sentyabrın 18-də
Dövlət İdarəçilik Akademiyasında bu ali təhsil
ocağının yaradılmasının 10 illiyi ilə əlaqədar
təntənəli mərasim keçirildi. Tədbiri giriş
sözü ilə akademiyanın rektoru, əməkdar elm
xadimi, professor Seyfəddin Qəndilov açdı. Sonra Azərbaycanın
dövlət himni səsləndirildi.
Təntənəli mərasimdə
çıxış edən təhsil naziri Misir Mərdanov
akademiyanın professor-müəllim heyətini təbrik etdikdən
sonra bir qrup müəllimin fəxr fərman və “Qabaqcıl
təhsil işçisi” döş nişanı ilə təltif
olunması münasibətilə qərarı elan etdi. Sonra
rektor S.Qəndilov Dövlət İdarəçilik
Akademiyasının fəaliyyəti barədə ətraflı
məlumat verərək dedi:
— Əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş, bu böyük şəxsiyyətin diqqət və
qayğısı ilə ərsəyə gəlmiş Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının on ili tamam olur. Respublikamızda dövlət
idarəçiliyi sahəsində ilk yeganə təhsil
ocağı olan akademiya bu illər ərzində dövlətimiz
üçün müasir təfəkkürlü gənclərdən
ibarət, dövlət strukturlarını dövrün,
zamanın tələbləri səviyyəsində idarə edə
biləcək mütəxəssis kadrlar hazırlamaq,
mövcud kadrlar və dövlət məmurlarının
ixtisaslarının artırılması istiqamətində səmərəli
fəaliyyət göstərmiş, mühüm müvəffəqiyyətlər
qazanmaqla, beynəlxalq aləmdə tanınmaq istiqamətində
də xeyli irəliləyişə nail olmuşdur.
Xalqımızın
ümummilli lideri Heydər Əliyev milli dövlət idarəçiliyinin
təkcə bu gününü deyil, həm də onun gələcəyini
də düşünürdü. O, dövlət idarəçiliyi
sahəsində beynəlxalq təcrübəni öyrənməyimizlə
yanaşı, Azərbaycanın yerli şəraitinin, milli
xüsusiyyətlərinin də nəzərə
alınmasını zəruri sayırdı. Heydər Əliyev
tərəfindən dövlət idarəçiliyinə aid qəbul
edilən qərarlar, tövsiyələr, verdiyi fərmanlar təkcə
bu gün üçün yox, Azərbaycan dövlətçiliyinin
gələcəyi üçün də çox əhəmiyyətlidir.
Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
yaradılması böyük öndərin bu istiqamətdə
həyata keçirdiyi tədbirlər sırasında
xüsusi əhəmiyyətə malik idi. Bu müasir elm və
təhsil müəssisəsinin yaradılması Heydər Əliyevin
dövlət orqanlarına rəhbərlik sahəsində
peşəkarlığın, səriştəliliyin
artırılması, dövlət xidməti işinə daha
istedadlı, bacarıqlı, yüksək mənəviyyatlı
yeni gənc kadrların cəlb olunması məqsədinə
hesablanmışdır.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasını adi elm-tədris
mərkəzi kimi yox, məhz dövlət quruculuğu prosesində,
dövlətçiliyin möhkəmlənməsində
çox gərəkli bir elm-tədris müəssisəsi
kimi, müstəqil Azərbaycana layiqli kadrlar yetişdirəcək
çox mühüm struktur kimi
formalaşdırmışdı. Akademiyanın yaranmasından
artıq 10 il keçmişdir. Bu illər ərzində
böyük öndərin qarşımıza qoyduğu vəzifələri
yerinə yetirmək üçün akademiyanın kollektivi
böyük səylə çalışmışdır.
Bu illər ərzində
Dövlət İdarəçilik Akademiyası mükəmməl
inkişaf yolu keçərək “İnzibati idarəetmə”,
“Dövlət və bələdiyyə idarəçiliyi” sahəsində
Azərbaycanın əsas elm və təhsil ocağına
çevrilmiş, ölkə üçün idarəçi
kadrların hazırlanması sahəsində təşəbbüsü
öz üzərinə götürmüşdür.
Akademiyada dövlət idarəçiliyinin müxtəlif sahələri
üçün inzibati idarəetmə, dövlət və bələdiyyə
idarəetməsi, menecment, hüquqşünaslıq,
politologiya və beynəlxalq münasibətlər üzrə
bakalavr, dövlət və bələdiyyə idarəetməsi,
iqtisadiyyatın hüquqi tənzimlənməsi, dövlət
hüququ, diplomatiya, beynəlxalq siyasət, milli təhlükəsizlik
və siyasi strategiya, Azərbaycanda siyasi proseslər, konfliktologiya,
dünya siyasi proseslər və beynəlxalq münasibətlər
nəzəriyyəsi ixtisasları üzrə magistr
hazırlığı aparılır. Bu təhsil
ocağında Böyük Elmi Şura,
ixtisaslaşdırılmış müdafiə və
elmi-metodik şuralar, kafedralar, fakültələr, şöbələr,
həmçinin “Heydər Əliyev Dövlət İdarəçilik
Universiteti”, Sorğu Mərkəzi, zəngin elmi kitabxana,
kompyuter mərkəzi, geostrateji araşdırmalar mərkəzi,
insan hüquqları, sülh və demokratiya problemləri mərkəzi
fəaliyyət göstərir.
Kafedralarda
çalışan professor-müəllim heyətindən bir
çoxları həm təcrübəyə, həm də nəzəri
professionallıqlarına görə müasir Azərbaycan
elminin aparıcı simalarındandırlar. Burada təhsil alan
tələbələrin valideynləri övladları
üçün yaradılmış şəraitdən
razılıq edərək onların yüksək təhsil
almalarından, imtahan zamanı müəllimlər tərəfindən
mehribanlıq və qayğı ilə
qarşılandıqlarından, mükəmməl biliklərə
yiyələndiklərindən öz
razılıqlarını bildirirlər. Sevindirici haldır ki,
ötən il respublika üzrə Prezident təqaüdünə
layiq görülmüş 100 nəfər gəncdən 25 nəfəri
akademiyanın tələbəsidir. Bü fakt
özlüyündə Dövlət İdarəçilik
Akademiyasının gənclərin böyük maraqları
olduğunu göstərir. Hazırda Akademiyada 80 nəfərə
yaxın Prezident təqaüdçüsü təhsil
alır. Akademiyada ümummilli liderimiz Heydər Əliyevin
siyasi irsi və idarəçilik təcrübəsinin öyrənilməsinə
də ciddi fikir verilir.
Rəhbər
kadrların ixtisasartırması və İnzibati idarəetmə
fakültələrində “Heydər Əliyevin dövlət
idarəçiliyi təcrübəsi” xüsusi fənn kimi tədris
olunur. Akademiyanın müəllimləri respublikada və xarici
ölkələrdə keçirilən konfranslarda və digər
görüşlərdə iştirak edir .
10 il ərzində
akademiyanın strukturu müasir tələblərə
uyğun şəkildə qurulmuş, yeni tədris planları
tərtib edilmiş, işin səmərəliliyini artırmaq
üçün müxtəlif səpgidə təşəbbüslər
göstərilmişdir. Bu müddətdə Azərbaycanda, eləcə
də dünyada gedən mühüm proseslərin elmi-nəzəri
tədqiqata cəlb edilməsi sahəsində də nəzərə
çarpacaq işlər görülmüş, həmin
proseslərlə bağlı elmi polemikaların təşkili
məqsədilə ən müxtəlif mövzular ətrafında
konfranslar, seminarlar, debat və diskussiyalar təşkil
edilmişdir. Elmi araşdırmaların
ardıcıllığının, intevsivliyinin təminatı
məqsədilə akademiyada müxtəlif elmi mərkəzlər,
laboratoriyalar təşkil edilmişdir. Aparılmış elmi
araşdırmaların yekunları akademiyanın “Dövlət
idarəçiliyi: nəzəriyyə və təcrübə”
jurnalında və digər elmi nəşrlərdə
geniş oxucu kütləsinə təqdim olunur.
2003-cü ildən
Dövlət İdarəçilik Akademiyasında “Dövlət
idarəçiliyi: nəzəriyyə və təcrübə”
adlı elmi jurnal buraxılır. Jurnalda Prezidentin gündəlik
fəaliyyətinin qısa xronikası, rəsmi qəbulları,
səfərləri haqqında məlumat və şərh
verilir, tanınmış dövlət xadimlərinin, nazirlərin,
icra başçılarının, görkəmli alimlərin,
dövlət quruculuğuna, idarəçiliyə, eləcə
də dövlət və özünüidarəetmənin nəzəri-metodoloji
əsaslarına, dövlət qulluğu, sosial, siyasi-hüquqi
problemlərə, Heydər Əliyevin dövlətçilik,
dövlət idarəçiliyi sahəsində zəngin nəzəri
irsinin, dövlət idarəçiliyi sahəsində
qabaqcıl təcrübəsinin təhlili, ümumiləşdirilməsi
və təbliğinə dair məqalələr çap
olunur.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının kadrların ixtisasartırması və
yenidən ixtisaslaşdırılması fakültəsində
müxtəlif istiqamətlər üzrə ali təhsilli
mütəxəssislərlə yanaşı, aspirantura və
doktorantura xətti ilə elmi kadrlar hazırlanması, təcrübəli
professor-müəllim heyətinin formalaşması işinə
də ciddi fikir verilir. Hazırda akademiyada böyük elmi
potensial cəmləşmişdir. Əvəzçiliklə
çalışanlara birlikdə bunlardan da 1 nəfər AMEA-
nın müxbir üzvü, 38 nəfər elmlər doktoru,
professor, 79 nəfər elmlər namizədi və dosentlərdir.
Akademiyada siyasi elmlər, beynəlxalq münasibətlər və
tarix üzrə müdafiə şurası fəaliyyət
göstərir. Burada respublikanın müxtəlif ali məktəbləri,
yaxın və uzaq xaricdən olan mütəxəssislər
qeyd olunan ixtisaslar üzrə namizədlik və doktorluq
dissertasiyaları müdafiə edirlər.
S.Qəndilov daha sonra
dedi ki, elmin, təhsilin böyük himayədarı olan
Prezident İlham Əliyevin həyatımızın
bütün sahələri kimi, elmimizə, təhsilimizə göstərdiyi
böyük qayğı təbiidir ki, Dövlət İdarəçilik
Akademiyasının tələbə və müəllim heyyətini
də ruhlandırır, onları daha səmərəli fəaliyyətə
səfərbər edir. Rektor dedi ki, fürsətdən istifadə
edərək bu əlamətdar gündə Akademiyamıza
yüksək diqqət yetirdiyinə, böyük qayğı
göstərdiyinə, aldığımız yüksək təltiflərə
görə bütün kollektivimiz adından və şəxsən
öz adımdan böyük razılığımızı
bildirir, eyni zamanda təhsilimizin böyük himayədarı
olan çox hörmətli xanım Mehriban Əliyevaya,
xalqımızın rifahı, respublikamızın
inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi
yolunda Prezident İlham Əliyevə göstərdikləri
birgə fəaliyyətlərində yeni uğurlar arzu edirəm.
Qoy Azərbaycanın siyasi səmasındakı bu qoşa
qanadın kölgəsi Azərbaycanımızın
başı üstündən heç bir zaman əskik
olmasın.
Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan
İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil
komitəsinin sədri, professor Şəmsəddin Hacıyev,
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə
Naxçıvanlı, Milli Məclisin sədr müavini Bahar
Muradova və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov
akademiyanın professor-müəllim heyətin təbrik etdilər.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyevə Dövlət İdarəçilik
Akademiyasının kollektivi adından göndərilmiş təbrik
məktubu oxundu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 19 sentyabr.- S. 7.