Şərəflə yaşanan ömür yolu
Azərbaycanın dilbər güşələrindən
olan Lerik rayonu həm də özünün
tanınmış şəxsiyyətləri, görkəmli
maarifçiləri ilə tanınır. Torpağa
bağlılıq, ölkənin çətin günlərində
hər cür əzab-əziyyətə qatlaşaraq
mübarizə aparmaq bu diyarda boya-başa çatmış vətənpərvər
ziyalıların ən xarakterik cəhətlərindəndir. Bu
yazıda isə yaşadığı şərəfli
ömür yolu ilə təkcə Lerikdə deyil, həm də
ondan çox-çox uzaqlarda belə insanların rəğbətini
qazanmış, onların ürəklərində dərin iz
buraxmış Şıxəliyev Həmzə Mirələm
oğlu haqqında söz açacayıq.
O, 1915-ci ildə dünyaya göz
açmışdır. Zuvand mahalının (indiki Lerik
rayonu–müəllif) Kələxan kəndi hələ o
dövrdə savadlı insanları ilə məşhur idi və
mahalın ən inkişaf etmiş kəndlərindən
sayılırdı. Burada yaşayan insanlar özlərinin
uzaqgörənliyi və dünyaya baxışları ilə
fərqlənirdilər. Həmzənin atası Mirələm
kişi isə mahalda böyük nüfuz sahibi idi. Çar
Rusiyası dövründə Kələxanda kəndxuda təyin
olunmuş Mirələm kasıb-kusublara həmişə əl
tutmuş, ən mürəkkəb məqamlarda belə
çıxış yolu tapmağı bacaran ağsaqqal kimi
tanınmışdı.
Bütün bunlar balaca Həmzənin
mənəvi cəhətdən formalaşmasına ciddi təsir
göstərirdi. Uşaqlıqdan qeyri-adi bacarığı,
müsbət keyfiyyətləri ilə yaşıdlarından
fərqlənən Həmzənin həm də öyrənməyə
böyük həvəsi vardı. 1920-ci ildə Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra ölkədə bir çox məktəblər
açıldı. Belə məktəblərin
sırasında Kələxan kənd 7 illik məktəbi də
var idi. Həmin məktəbin ilk məzunlarından olan Həmzə
ucqar əyalətdə savadlı insanlara necə böyük
ehtiyacın olduğunu dərk edirdi. Eyni zamanda, o, başa
düşürdü ki, geriliyə, cəhalətə
yalnız savadla qalib gəlib, inkişafa çatmaq
mümkündür. Bütün bunlar onu Cangəmiran kənd
fəhlə-gənclər məktəbinə gətirdi. Fəallığı,
baş verənlərə ayıq münasibəti ilə bu məktəbdə
məşhur olan Həmzə təhsilini Lənkəran şəhər
3 nömrəli orta məktəbdə başa vurdu.
O, 1934-cü ildə Ləman kənd
məktəbində müəllim kimi əmək fəaliyyətinə
başlayır. Bu illər Azərbaycan tarixinin ən
qatma-qarışıq dövrü idi. Ölkə Stalin
repressiyasının ağrılarını
yaşayırdı. Belə vaxtda müəllim işləmək
çox çətin və məsuliyyətli idi.
Çünki üzdə olan adamlara, xüsusilə də
ziyalılara böyük təzyiqlər vardı. Onların hər
bir hərəkətinə, hər bir sözünə ciddi nəzarət
edilirdi. Ehtiyatsız bir söz bir ailənin və ona yaxın
olanların fəlakətlərinə səbəb ola bilərdi.
Müəllim təkcə özünə görə deyil,
eyni zamanda savad verdiyi insanlara görə də məsuliyyət
daşıyırdı. Gecə-gündüz yorulmadan
çalışan Həmzə qısa vaxt ərzində
rayonda böyük hörmət qazanır. Çox keçmədən
o, Lerik qəsəbə sovetinə katib göndərilir. Həddindən
artıq məsuliyyətli olması, işini sevməsi onun
daha da irəli çəkilməsi ilə nəticələnir.
1938-ci ildə Həmzə Şıxəliyev Lerik qəsəbə
sovetinin sədri təyin olunur... Beləliklə, xalqına
lazımlı olduğunu sübuta yetirmək üçün
onun qarşısında daha geniş meydan açılır.
Lakin amansız müharibə hər
şeyi yarımçıq qoyur. Faşist Almaniyasının
SSRİ-yə hücum xəbəri bütün Azərbaycan
xalqı kimi Həmzəni də bərk sarsıdır. Onun
arxa cəbhədə qalması üçün xüsusi icazə
alınsa da, bu onu qane etmir. Həmişə öndə
olmağa çalışan vətənpərvər gənc
arxa cəbhədə qalmağı,
çalışmağı özünə
sığışdırmır. Dəfələrlə etdiyi
xahişlərdən sonra, nəhayət ki, cəbhəyə
getmək haqqında göstəriş alır. Qətiyyətliliyi,
liderlik keyfiyyətləri ilə həmişə ətrafdakıların
diqqətini cəlb edən Həmzə əvvəlcə
Tiflisdəki komandirlər məktəbinə göndərilir.
Buranı bitirərək leytenant rütbəsi alır. Azərbaycanlılardan
ibarət 416-cı Taqanroq diviziyasının tərkibində
Qafqaz döyüşlərində şücaətlə
vuruşur. 1943-cü ildə təhsilini davam etdirmək
üçün “Magiya ali piyadalar” məktəbinə göndərilir.
Burada göstərdiyi əla nəticələrə görə
5-ci zərbə ordusuna təyinat alır. Həmzə bu
ordunun 248-ci diviziyasına rota komandiri təyin olunur. Ön cəbhədə,
seçmə orduda rota komandiri – bu, böyük məsuliyyət
idi.
Vətənini ürəkdən
sevən Həmzə Nikolayev, Minsk və Odessa uğrunda gedən
döyüşlərdə xüsusi qəhrəmanlıqlarına
görə “1 dərəcəli Vətən müharibəsi”;
“Qırmızı ulduz”, “İgidliyə görə” orden və
medalları ilə təltif olunur. Müharibənin sonuna
yaxın marşal Jukovun komandanlığı altında, 1
Belarus cəbhəsinin tərkibində Varşava uğrunda gedən
döyüşlərdə iştirak edir. Berlinə ilk bayraq
sancanlardan biri də Şıxəliyevin rotası olur. Bu rota
Berlinin mərkəzi hissəsi və Reyxin dəftərxanası
uğrunda gedən amansız döyüşlərdə də
xüsusi fərqlənir. Rota komandiri bu xidmətlərinə
görə Sovet İttifaqının ən yüksək ordeni
sayılan Lenin ordeninə layiq görülür. Şıxəliyevə
göstərilən etimad eyni zamanda onun Berlinə sahə
komendantı təyin olunması ilə nəticələnir.
Beləliklə, daha iki il almanların başı
üstündə gərgin işləmək lazım gəlir.
O, gərginliyin içində
doğma rayonunu bir an belə unutmurdu. Doğma Lerikin müharibədən
sonra ağır vəziyyətdə
yaşadığını Həmzə ürək
ağrısı ilə dərk edirdi. İndi arxa cəbhədə
Həmzə kimi oğullara böyük ehtiyac duyulurdu.
Müharibədən çoxları
qayıtmamışdı. Uzun sürən ağır
müharibə illəri qadınları və uşaqları
taqətdən salmışdı. Bəli, indi
döyüş meydanı arxa cəbhə idi. O, öz
xahişi ilə 1947-ci ildə ordudan tərxis olunur.
Lerik qəhrəman oğlunun
şücaətlərindən xəbərdar idi. O
bütün rayonun əziz və qəhrəman, igid oğluna
çevrilmişdi. Həmzəyə yenidən etimad göstərilərək
qəsəbə sovetinə sədr təyin edirlər. Ucqar
dağ rayonu müharibədən sonraki ilk illərin çətinliklərini
daha çox hiss edirdi. İstehsal dayanmışdı.
İşçi qüvvəsi çatışmırdı.
Hər yerdə əsl fədakarlıq tələb olunurdu. Bu
illərdə Həmzə özünü tamamilə işə
həsr etmişdi. O, gəzib dolaşdığı
bütün yerlərdə adi insanlarla çiyin-çiyinə
çalışır və hər yerdə onlara dayaq olurdu,
bunu özünün vəzifə və vətəndaşlıq
borcu sayırdı.
1948–52-ci illərdə SSRİ Tədarük
Nazirliyinin Lerik rayonu üzrə tədarük müvəkkili
təyin olunan Şıxəliyev 1952-ci ildə Rayon Kənd Təsərrüfatı
Şöbəsinə müdir göndərilir.
Amma Həmzə rahat oturub işləməyə
öyrəşməmişdi. O, həmişə ən
ağır yükü öz boynuna çəkməyə adət
etmişdi. Buna görə də o, geri qalmış təsərrüfatları
dirçəltmək üçün 1955-ci ildə yaranan ”30
minçilər" hərəkatına könüllü
olaraq qoşulur və Siov kəndinə – Stalin adına sovxoza
sədr vəzifəsinə işləməyə gedir.
Qısa bir müddət ərzində o, təsərrüfatda
böyük dəyişiklik etməyə nail olur. Stalin
adına sovxoz qabaqcıl təsərrüfata çevrilir.
1959-cu ildə yeni
yaradılmış “XX partiya qurultayı” sovxozuna direktor təyin
edilən Şıxəliyev burada böyük işlər
görməyə müvəffəq olur. Daima öncüllər
sırasında adı çəkilən sovxoz və onun rəhbəri
dəfələrlə fəxri fərman və keçici
bayraqlar alır. Həmzə Şıxəliyev həm də
Lerik rayonunun ictimai-siyasi həyatında yaxından iştirak
edir. Uzun illər rayon partiya komitəsinin büro üzvü
olan H.Şıxəliyev doğma Lerikin inkişafı
üçün əlindən gələni əsirgəmir.
Bütün varlığıyla vətəninə
bağlı olan bu böyük vətənpərvər
yaşadığı ləyaqətli ömür yolu ilə həmişə
başqalarına nümunə olmuşdur.
Artıq haqq dünyasına
qovuşan bu böyük insanın adı hər yerdə
hörmətlə, məhəbbətlə xatırlanır,
leriklilər onu minnətdarlıqla daim yad edirlər.
BAHAR
Xalq qəzeti.- 2009.- 19 sentyabr.- S. 11.