Ölkədə həyata keçirilən infrastruktur layihələri
turizmin inkişafını sürətləndirir
Azərbaycan iqtisadiyyatının, xüsusilə
qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərini təşkil edir. Son illər
ölkə əhalisinin rifah halının yüksəldilməsi
istiqamətində həyata keçirilən iqtisadi islahatlar və
elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində
əksər sahələrdə dinamik inkişaf təmin
edilmiş və qısa müddət ərzində çox
böyük nailiyyətlər əldə edilmişdir. İşsizliyin
aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin
yüksəldilməsi, regional inkişaf haqqında Dövlət
Proqramının qəbul edilməsi və s. kimi mühüm
vəzifələr qeyd olunan irəliləyişlərin bariz
nümunəsidir.
Xalqımız
regionların inkişafına nail olmaq üçün kənd
təsərrüfatı məhsulları istehsalının
artırılması, qeyri-neft sektorunun, o cümlədən
emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin
yaradılması, turizmin inkişafının təmin edilməsi,
məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin
güzəranının
yaxşılaşdırılması, bölgələrdə
müasir tipli elektrik stansiyalarının tikilməsi,
yolların və kommunikasiya xətlərinin qurulması,
sahibkarlığın inkişafı istiqamətində
kompleks tədbirlərin görülməsi, bu sahəyə
maliyyə yardımlarının artırılması,
regionlarda təhsil və səhiyyənin inkişafının
təmin edilməsi kimi vəzifələrin öhdəsindən
layiqincə gəlir.
Azərbaycan Respublikasının
təbii şəraiti, olduqca zəngin və rəngarəng
rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin
istirahətinin təşkili üçün hər cür
şəraitə malikdir. Respublikamızın əlverişli
iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla
örtülü olan ecazkar quruluşu, cəlbedici
landşaftı, çoxsaylı dağ çayları və
şirinsulu gölləri, insanı heyrətə gətirən
şəlalələr, yüzlərlə mineral və
müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri,
palçıq vulkanları, tarixi-mədəni və dini abidələr
və s. ölkədə daxili və xarici turizmin inkişaf
etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii
ki, bu imkandan səmərəli formada yararlanmaq
üçün bir sıra digər tədbirlərin də həyata
keçirilməsi zəruridir.
Araşdırmalardan aydın olur
ki, son illərə qədər Azərbaycanda turizmin,
xüsusilə kənd turizminin inkişaf etdirilməsinə
müxtəlif subyektiv və obyektiv amillər mane olmuşdur.
Bu amillərə əsasən insanların maddi-rifah
halının yaxşı olmaması, kənd yerlərində
infrastruktur sahələrin müasir tələblərə
cavab verməməsi, nəqliyyat əlaqələrinin zəifliyi,
sosial xidmətlərin zəif təşkili, turistlərin
müvəqqəti yaşaması üçün yerlərin
seçilməsində mövcud olan çətinliklər, kənd
yerlərində kommunal xidmətlərin zəif olması və
s. daxildir.
Məlumdur ki, son illər sürətlə
dəyişən Azərbaycan Respublikasında yuxarıda qeyd
edilən problemlərin həlli, o cümlədən
infrastruktur sahələrin inkişafı istiqamətində
irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata
keçirilməkdədir. Bu layihələr müxtəlif
istehsal və xidmət sahələrini əhatə etməklə
ölkənin sosial-iqtisadi inkişafında mühüm rol
oynamaqdadır. Həyata keçirilən layihələrin
prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin
təkmilləşdirilməsi və müasir tələbata
uyğunlaşdırılmasıdır. Bu da təbiidir,
çünki köhnə, müasir standartlara cavab verməyən
infrastruktur sahələrlə hər hansı inkişafa nail
olmaq qeyri-mümkündür.
Bu gün infrastruktur layihələrinə
dövlət büdcəsindən ayırmaların ilbəil
yüksək templə artması dövlətin bu məsələyə
necə böyük həssaslıqla
yanaşdığını göstərir. Əgər
2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin
maliyyələşdirilməsinə 600 milyon manat
ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5
milyard manat təşkil etmişdir. 2008-ci ildə isə
infrastruktur layihələrin həyata keçirilməsinə
3 milyard manatın ayrılması Azərbaycan hökumətinin
bu sahədə yeniləşməyə xüsusi diqqət
yetirdiyini sübut edir.
İnfrastruktur dedikdə kompleks
sahələrin istehsala xidməti (köməyi) nəzərdə
tutulur. Bu mənada ümumilikdə milli iqtisadiyyatın
inkişafına xidmət edən sənaye, kənd təsərrüfatı,
nəqliyyat və s. sahələri ölkənin infrastruktur
sahələri kimi qəbul etmək olar. Eyni zamanda, konkret
olaraq istər sənaye və kənd təsərrüfatının,
istərsə də nəqliyyat sektorunun birbaşa özünə
aid olan infrastruktur sahələri mövcuddur. Məsələn,
yollar, limanlar, yükləmə-boşaltma məntəqələri,
yol evləri, yanacaq doldurma məntəqələri və s. nəqliyyat
infrastrukturlarına aiddir. Bu məqalədə də məhz nəqliyyat
sektorunun, eləcə də onun infrastruktur sahələrinin
inkişafı istiqamətində son illər həyata
keçirilən layihələr nəzərdən
keçiriləcək, təhlil olunacaq və bütün
bunların Azərbaycanda turizmin, xüsusilə kənd
turizminin inkişafına təsir istiqamətləri
araşdırılacaqdır.
Nəqliyyat sistemində həyata
keçirilən layihələrin ölkədə turizmin
inkişafına təsirinin araşdırılması
heç də təsadüfi seçilməmişdir. Tədqiqatın
məhz bu istiqamətdə aparılması son dövrlər
Azərbaycanın nəqliyyat sistemində baş verən ciddi
müsbət dəyişikliklərlə, eyni zamanda, ölkəmizin
nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi
ilə əlaqədardır. Onu da qeyd edək ki, nəqliyyat
növləri arasında daxili daşımaların yerinə
yetirilməsində, eləcə də turizm bazalarına
daşımaların icrasında aparıcı mövqe
avtomobil nəqliyyatına məxsus olduğu üçün,
həm də avtomobil nəqliyyatı tamamlayıcı bir
funksiyaya malik olduğu üçün məhz avtomobil nəqliyyatı
və onun infrastruktur sahələrinin ölkədə turizmin
inkişafına təsirlərinin araşdırılması nəzərdə
tutulmuşdur.
Müşahidə və təhlillərdən
aydın olur ki, Azərbaycan Respublikasında son 5 ildə
sürətlə inkişaf edən sahələrdən biri də
nəqliyyat sektoru, xüsusən avtomobil nəqliyyatıdır.
Başqa sözlə desək, avtomobil nəqliyyatının,
yolların və yol ötürücülərinin sürətlə
inkişaf etməsi ölkədə nəqliyyat xidmətlərinin
kəmiyyət və keyfiyyət yüksəlişinə nail
olmağa imkan verir. Eyni zamanda, nəqliyyat xidmətlərinin,
yolların və s. inkişafı isə sahibkarlıq, turizm və
s. sahələrin dirçəlişinə təkan verir. O
cümlədən, bu gün Azərbaycan Respublikasının ən
ucqar kəndlərinədək rahat yolların çəkilməsi,
ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri
beynəlxalq nəqliyyat dəhlizlərinin
qovşağında yerləşməsi turizm sektorunun da
inkişafına ciddi təsir göstərməkdədir. Belə
ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli
yolların yenidən qurulması, yeni yolların çəkilişi
ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat
qovşağı kimi əhəmiyyətini daha da yüksəldir.
Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə
ərazisindən tranzit kimi istifadə edən xarici
daşıyıcıların sayı da çoxalır. Bu da
turizmin inkişafında mühüm rol oynayır. Təbii ki,
hər bir daşıyıcı turist olmasa da, ən
azından onlar getdikləri ölkələrdə Azərbaycanın
təbiəti, turizm bazaları, iqlimi, flora və faunası və
s. barədə məlumat verirlər ki, bu da son nəticədə
ölkəyə turist axınını gücləndirir.
Bunun üçün beynəlxalq nəqliyyat dəhlizləri
boyunca Azərbaycan Respublikası haqqında zəngin təəssürat
formalaşdıran reklamların, bukletlərin, məlumat
lövhələrinin və s. olması, eləcə də bu
məlumatların bir neçə beynəlxalq dildə verilməsi
vacib və məqsədəuyğundur. Eyni zamanda, bu məlumatların
tərkibində turizm bazalarında, müalicə-sanatorıiya
komplekslərində göstərilən xidmətlər, xidmət
tarifləri və s. barədə də müəyyən qeydlərin
olması xarıci vətəndaşların daha dolğun məlumatlandırılmasını,
beləliklə də gəlmələrin seçim etməsini
asanlaşdırardı.
Məlumdur ki, turizmin
inkişafında daxili turistlər də xüsusi rol
oynayır. Xüsusən ölkəmizdə kənd turizminin
inkişafı demək olar ki, tamamilə daxili turistlərdən
asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ
turizmi, idman turizmi və s. müxtəlif növləri
içərisində kənd turizmi daha geniş
yayılmışdır. Eyni zamanda, Azərbaycanda da kənd
turizminin inkişaf etdirilməsi üçün çox
geniş potensıal imkanlar mövcuddur.
Ümumiyyətlə, kənd
turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən
başlayaraq inkişaf edən ekoturizmlə bağlı
olmuşdur. Kənd turizmi insanların ətraf mühitlə
bağlılığına aid olduğuna görə
müasir dövrdə ekoturizmin tərkib hissəsi kımi
çıxış edir. Ancaq bununla yanaşı, kənd
turizmi ekoturizmdən fərqli olaraq təkcə təbii turizm
ehtiyatlarına deyil, eyni zamanda, antropogen turizm ehtiyatlarında
ifadə olunur. Kənd turizminin kütləviliyi, onun digər
turizm növlərindən daha ucuz başa gəlməsi, kənd
təsərrüfatı ilə bağlı olan istehsalın
istifadə olunması və s. onu ekoturizmdən xeyli fərqləndirir
və kənd turizminin ayrılıqda bir növ kimi tədqiq
edilməsinə zəmin yaradır. Hər bir ölkədə,
xüsusilə də əhalisinin təqribən yarısı
kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə
kənd turizminin inkişafı çox vacibdir. Çünki
kənd turizmi şəhər mühitinin kənd mühiti ilə
əvəz olunması ilə yanaşı, kənd yerlərində
kiçik sahibkarlığın inkişafının, kənd
təsərrüfatı məhsullarının
istehlakçılara birbaşa
çatdırılmasının təmin edilməsində,
bölgələrin mövcud potensialından səmərəli
istifadə olunmasında xüsusi əhəmiyyətə
malikdir. Araşdırmalardan aydın olur ki, kənd turizmi
ümumilikdə, milli park və təbiət ərazilərindən
istifadəyə, insanların istirahət tələbatında
ətraf mühitlə bağlılığa, mədəni və
milli irs nümunələrindən, eləcə də tarixi
memarlıq abidələrindən istifadəyə, yüksək
keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq
sularına daimi tələbatın olmasına əsaslanır
.
Azərbaycan Respublikasında kənd
turizminin sürətli inkişafı XX əsrin 80-ci illərinə
təsadüf edir. Belə ki, tədricən iqlim dəyişmələrinin
kəskinləşdiyi, ölkə ərazisində isti
günlərin sayının və temperaturun yüksəlməsi
Bakı və Aran rayonlarında yaşayan insanların yay
aylarında təbiət qoynunda olmağa, kənd yerlərində
müvəqqəti yaşayış yerləri kirayələyərək
orada istirahət etməyə məcbur edirdi. Təbii ki,
kütləvi axında əsas hissəni əhalinin orta və
aztəminatlı təbəqəsi təşkil edirdi. Son illər
ölkədə siyasi və iqtisadi stabilliyin təmin
olunması, əldə edilmiş iqtisadi uğurlar nəticəsində
əhalinin həyat səviyyəsinin yüksəlməsi və
yaşayış şəraitinin yaxşılaşması
insanların asudə vaxtlarının daha səmərəli
istifadə etməsinə, eləcə də istirahət
maraqlarının artmasına səbəb olmuşdur.
Bütün bunlar isə təbii ki, son nəticədə
turizmin inkişafına təkan verir. Ümumilikdə
aparılan araşdırmalardan bu nəticəyə gəlinir
ki, Azərbaycan Respublikasında kənd turizminin
inkişafını şərtləndirən əsas amillər
aşağıdakılardır:
-kənd turizminin digər turizm
növlərindən daha ucuz başa gəlməsi;
-kəndlərin əsas hissəsinin
dağlıq ərazilərdə yerləşməsi və təbii
ekzotik landşaftla əhatə olunması;
-əksər kəndlərdə
milli adət-ənənələrin qorunub saxlanması və
kənd həyatının özünəməxsusluğu;
-kənd əhalisi arasında
mehribançılıq və qonaqpərvərliyin yüksək
olması;
-qədim kənd
yaşayış məntəqələrində milli irs
nümunələrinin mövcudluğu;
-kəndlərin ekoloji baxımdan
təmiz atmosferi və keyfiyyətli içməli suyu və
s.
Son illər ölkədə həyata
keçirilən genişmiqyaslı islahatlar, əksər
regionlara və sahələrə dair dövlət
proqramlarının qəbulu, onların uğurla icra edilməsi
və s. nəticəsində bir çox problemlər tədricən
öz həllini tapmış, ölkədə kənd
turizminin inkişafı üçün münbit şərait
formalaşdırılmışdır. Bu sahədə isə
nəqliyyat əlaqələrinin genişlənməsi, ən
ucqar yaşayış məntəqələrinədək
abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin
keyfiyyətinin yüksəlməsi və s. xüsusilə əhəmiyyətli
olmuşdur. Avtomobil yollarının yenidənqurulması və
təkmilləşdirilməsi nəinki kənd turizminin,
ümumilikdə ölkə turizminin inkişafında
mühüm rol oynayır.
Aydındır ki, kənd turizm mərkəzləri
əsasən dağlıq rayonlarda – Quba, Qusar, Xaçmaz,
Masallı, Şamaxı, Qəbələ, Şəki və
s. rayonların ərazisində yerləşir. Digər tərəfdən,
məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb
coğrafi şəraitə və dağlıq relyefə malik
ərazilərlə nəqliyyat əlaqələri
yaradılmışdır. Ən yüksək zirvədə
yerləşən, rəngarəng təbiəti və gözəl
mənzərələri olan Xınalıq kəndinə yol
çəkilişi buna sübutdur. Təbii ki, Xınalıq
və bu kimi digər ərzilərdə keyfiyyətli turizm
xidmətlərinin təşkili ilə yolların çəkilişinə
sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə
qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən
birinə çevirmək olar. Bütün bunlarla
yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran
və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının
tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax,
Xınalıq-İspik yollarının yenidən qurulması,
Yardımlı, Daşkəsən, Quba, Ucar, Kürdəmir və
s. rayonlarda yeni yol çəkilişləri regional inkişafa
verilən ən gözəl töhfədir. Təbii ki,
regionların abadlaşdırılması, yeni yolların
çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin
də inkişafına güclü təkan verəcəkdir.
Burada ölkə başçısı cənab İlham Əliyevin
bir fikrini xatırlatmaq yerinə düşərdi: “Harada ki,
müasir yol var, o bölgədə mütləq və
mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o
bölgə inkişaf edə bilməz. Orada istənilən təbii
sərvətlər, istənilən infrastruktur, gözəl
binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad
vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir”.
Təbii ki, yol olmadıqda və
ya yararsız halda olduqda nəqliyyat vasitələri, normal nəqliyyat
vasitələri olmadıqda isə yollar əhəmiyyətsiz
olur. Eyni zamanda, tələbata uyğun nəqliyyat xidmətləri
olmadan hər hansı sahədə istənilən inkişafa
nail olmaq qeyri-mümkündür. Deməli, turizmin, o cümlədən
kənd turizminin inkişafı nəqliyyat və onun
infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ
gətirir. Bütün bunlar isə ölkədə həyata
keçirilən infrastruktur layihələrin turizmin
inkişafında, konkret olaraq regionlarda aparılan quruculuq
işləri, yeni yol çəkilişlərinin isə kənd
turizminin inkişafında xüsusi əhəmiyyəti
olduğunu bir daha sübut edir.
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 20 sentyabr.- S. 3.