Təhsil işçiləri ölkənin ümumi inkişafına özünəməxsus töhfələr verirlər

 

Balakən məktəblərinin bu istiqamətdəki uğurları ürəkaçandır

 

Müstəqil Azərbaycan dövlətinin son illər əldə etdiyi çoxsaylı nailiyyətlər, xüsusən, sosial-iqtisadi inkişafın artım tempinə görə beynəlxalq aləmdə tutduğumuz mövqe ölkə rəhbərliyinin yeritdiyi siyasətin uğurundan xəbər verir. 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin 15-ci ildbönümünə həsr edilmiş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin uğurlarını bu şəkildə qiymətləndirmişdir: “Bu gün Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son 5 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıbdır.

 

2003–2008-ci illərdə Azərbaycanda iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir. Son beş ildə Azərbaycanda 800 minə qədər yeni iş yeri açılmışdır ki, onların tam əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində yaşayanların sayı son beş ildə 49 faizdən 13 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycanda neftdən əldə edilən gəlirlər ədalətli şəkildə bölünür”.

Bir dağ rayonunun təhsil işçilərinin əldə etdiyi uğurlar barədə söz açmaq istədiyimiz yazıda cənab dövlət başçısının məlum nitqindən sitat gətirməyimiz təsadüfi olmadığı kimi, həmin sitatı “neftdən əldə edilən gəlirlər ədalətli şəkildə bölünür” – ifadəsiylə tamamlamağımız da təsadüfi olmadı. Burada iki məqsədimiz var idi. Birinci, bu gün Balakən rayonunun hərtərəfli inkişafında dövlətimiz və rayon rəhbərliyi ilə yanaşı, Dövlət Neft Şirkətinin də çox böyük xidmətləri vardır. Bu şirkətin Balakəndə həyata keçirdiyi layihələr bizim rayona nəinki respublikamızda, eləcə də bütövlükdə regionda möhtəşəm nüfuz qazandırıb. İkinci, “Biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına çevrilməsinə nail olacağıq” – deyən Prezident İlham Əliyevin bu tezisi əslində ölkədə “neftdən əldə edilən gəlirlərin ədalətli şəkildə bölüşdürüldüyünün” sübutudur.

“Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” – deyən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə bu sistemin inkişafını təmin edəcək 16 Dövlət Proqramı imzalamışdır. 2003-cü ilin oktyabrından etibarən respublikada start götürən məktəb tikintisi və mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması ölkə təhsilinin inkişafına heç zaman görünməyən bir təkan vermişdir. 2004-cü ildə – bilavasitə ulu öndərin ad günü təsis edilmiş Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi məktəb tikintisini daha da sürətləndirmişdir. Fondun prezidenti, YUNESKO- nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadığı internat məktəblərinin tamamilə yenidən qurulması üçün irəli sürdüyü təşəbbüs böyük xeyriyyəçilik tədbiri kimi təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır.

Son illər ölkə təhsilinin davamlı inkişafını təmin edəcək daha iki möhtəşəm addım atılmışdır. Prezizdent İlham Əliyev müəllimlərin fəaliyyətinin stimullaşdırılması və təhsil islahatlarının dərinləşdirilməsi məqsədiylə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirilməsi barədə müvafiq sənədlər imzalamışdır. Həmin müsabiqələrin nəticələri təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış, gələcək fəaliyyətimiz üçün mühüm zəmin yaratmışdır. Qeyd etmək istədiyimiz ikinci addım isə məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclisin geniş müzakirələrdən sonra qəbul etdiyi “Təhsil haqqında” Qanundur. Çərçivə qanunu kimi qəbul edilmiş bu mühüm dövlət sənədi əsasında milli təhsilimizin müxtəlif sahələrinə aid xüsusi qanunlar qəbul ediləcəkdir.

Mən qətiyyətlə və fəxrlə deyə bilərəm ki, Balakən rayonunun təhsil işçişləri də öz fəaliyyətlərini ölkə təhsilinin inkişaf tendensiyaları səviyyəsində qurmuşlar. Təhsil Nazirliyinin və rayon rəhbərliyinin daimi köməyi və qayğısı nəticəsində bütün təhsil müəssisələrimizin maddi-texniki bazası yaxşılaşdırılmış, müəllim və digər pedaqoji kadrların mütəxəssis kimi səviyyəsi qaldırılmış, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələsi günün tələbləri səviyyəsində həll edilmişdir.

Hazırda Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər və 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi vardır. Ümumtəhsil məktəblərində 14 minə yaxın, məktəbəqədər müəssisələrdə isə 1330 uşaq oxuyur. Bu qədər təlim-tərbiyə müəssisələrində 1800-dən çox müəllim və tərbiyəçi çalışır. Təbii ki, tədris müəssisələrini müasir tədris avadanlıqları ilə təmin etmədən, yeni dərs ilinə lazımınca hazırlaşmadan məktəbdə əlverişli təlim mühiti yaratmaq olmaz. Ona görə də rayonda məktəb tikintisi və təmiri ilə yanaşı məktəblərimizin müasir avadanlıq, tədris vəsaitləri, istilik sistemləri ilə təchizatına böyük diqqət yetirilir. Son bir ildə məktəblərimizə xeyli kabinet avadanlığı və mebel, o cümlədən 182 ədəd parta, 128 ədəd müəllim stulu, 42 ədəd stol, 29 ədəd kabinet şkafı, 55 ədəd lövhə və digər avadanlıq verilmişdir. Yeni tikilmiş Qaravəli, Gülüzanbinə, Mahamalar, Qaysa, Poştbinə, Roçəhməd və başqa kənd məktəblərinin mebel-avadanlığı tamamilə yenisi ilə əvəz olunmuşdur. Son dərs ilində bu məqsədlə 35 min manatdan çox vəsait xərclənmişdir.

Əlbəttə, yeni dərsliklərin və dərs vəsaitlərinin alınması da daim diqqət mərkəzində olmuşdur. 2009-2010-cu dərs ilinə hazırlıq prosesində 38 min 391 nüsxə (75 adda) dərslik və məktəb kitabxanaları üçün bədii ədəbiyyat nümunələri, eləcə də məktəbəqədər uşaq tərbiyə müəssisələri üçün 70 adda 20 min 448 manatlıq bədii və metodiki ədəbiyyat gətirilmişdir.

Dövlət proqramlarının icrası çərçivəsində, dövlət büdcəsi hesabına, Dövlət Neft Şirkətinin vəsaiti ilə tikilib istifadəyə verilən məktəblər müəllim və şagirdlərimizin böyük sevincinə səbəb olmuşdur. Bu dərs ilində rayonda daha 3 məktəb binasının tikintisinə başlanacaqdır. Ötən dərs ilinin ən uğurlu nəticələrindən biri də təhsil müəssisələrinin müasir informasiya və kommunikasiya texnologiyaları ilə təminatı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin avqustunda imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonun 39 məktəbində 420-yə yaxın müasir tipli kompyuter quraşdırılmışdır. Texniki və humanitar təmayüllü liseydə, Nizami adına şəhər orta və şəhər 3 saylı orta məktəblərində kompyuterlər internet şəbəkəsinə qoşulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ölkəmizin təhsil tarixində ilk dəfə olaraq tətbiq edilən elektron tədris resurslarının hazırlalanaraq məktəblərə verilməsi olmuşdur. Azərbaycan müəllimlərinin XIII qurultayında deyildiyi kimi məktəblərin yeni texniki avadanlıqlarla təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər hələlik böyük bir işin başlanğıcıdır. Əsas məsələ bütün müəllimlərin və təhsil işçilərinin bu avadanlıqlardan bacarıqla istifadə etməsinə nail olmaqdır. Həmin məqsədə çatmaq üçün məktəb rəhbərlərinin əlində mühüm dövlət sənədi vardır: “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”. 2008–2010-cu illəri əhatə edən bu proqramın icrası milli təhsilimizin səviyyəsini xeyli qaldıracaqdır. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin 50 qalibindən biri olmuş Cavanşir Alqayev kimi (Qaravəli kənd orta məktəbi) təcrübəli müəllimlərimiz hesabına bu dövlət proqramını da uğurla başa çatdıracağıq.

Biz istəsək də, istəməsək də, cəmiyyətdə belə bir fikir formalaşıb ki, orta məktəblərdə görülmüş işlərin səviyyəsi ali məktəblərə qəbul zamanı məlum olur. Əgər bu fikir həqiqəti özündə əks etdirirsə, onda biz orta məktəblərimizin illik fəaliyyətindən məmnunluqla danışa bilərik. Çünki sonuncu dərs ilində attestat almış balakənli məzunların ali məktəblərə qəbul göstəricisi pis deyil. Məzunlarımızın 143 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında 6 məzunumuz 600-dən, 22 məzunumuz isə 500-dən çox bal toplamışdır. 8 nəfər balakənli gəncin yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə, onların 13 nəfər yaşıdının Bakı Dövlət Universiteti və Dövlət Neft Akademiyasının aparıcı ixtisaslarına qəbul olması uğurlu göstəricidir. Texniki və humanitar təmayüllü liseyin, Tülü 1 saylı, Şambul, Talalar 1 saylı, Qaravəli, Nizami adına şəhər 1 saylı və akademik Zərifə Əliyeva adına məktəblərin məzunları qəbul imtahanlarında daha yüksək nəticələr əldə etmişlər. Başqa bir neçə məktəbimiz də ötən illə müqayisədə irəliləyişə nail ola bilmişdir.

Əlbəttə, bütün bu uğurları qazanmaq üçün təhsil sisteminin vahid orqanizm kimi, kompleks şəkildə idarə edilməsi, təhsilin bütün mərhələlərinin əlaqələndirilməsi, sinifdənxaric və məktəbdənkənar tərbiyənin bilavasitə ümumi təhsil prosesi ilə vəhdətinin yaradılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların düzgün seçilib-yerləşdirilməsi və bu kimi bir çox məsələlər öz gerçək həllini tapmalıdır. Biz bu vəzifələrin hamısının öhdəsindən layiqincə gələ bilirik. Çünki fəaliyyətimizin düzgün istiqamətləndirilməsi üçün çoxsaylı dövlət proqramları və mükəmməl qanunvericilik bazası mövcuddur. Hörmətli nazirimiz Misir Mərdanov başda olmaqla Təhsil Nazirliyi və Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon təhsil işçilərinin istənilən probleminin həllinə yaxından yardımçı olurlar. Elə bir tədbirimiz olmur ki, rayon icra hakimiyyətinin başçısıt Asif Məmmədov orada iştirak etməsin və ya gündəlikdəki məsələlərlə şəxsən tanış olmasın. Bu isə təkcə bizə inamın və etimadın təzahürü kimi qəbul edilmir. Bu, eyni zamanda bizim məsuliyyətimizi artırır. Məsuliyyət olan yerdə isə uğurlardan danışmaq üçün həmişə şans yaranır.

 

 

Seyfulla KƏRİMOV,

Balakən Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2009.- 24 sentyabr.- S. 5.