Doxsan il Azərbaycan səhiyyəsinin xidmətində

 

ATU-nun insan anatomiyası kafedrasının və anatomiya muzeyinin 90 yaşı tamam olur

 

İnsanlığın yaranışından mövcud olan bəsit anatomik biliklər bəşəriyyətin sonrakı inkişaf mərhələlərində dövrün tələblərinə uyğun şəkildə inkişaf edərək formalaşmış və bugünkü səviyyəyə çatmışdır. Anatomiyanın inkişafı texniki tərəqqinin inkişafı ilə həmahəng olmuş və mikroskopun kəşfindən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu kəşflə əlaqədər olaraq XVII əsrdən etibarən makroskopik təsviri anatomiya ilə yanaşı, mikroskopik anatomiyaya, yəni orqanların adi gözlə görünməyən zərrəciklərinin– hüceyrələrin,eləcə də onların əmələ gətirdikləri toxumaların quruluşunun öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.

 

Elektron mikroskopun kəşfindən sonra isə orqanların daha incə quruluşlarının – elektron mikroskopik strukturlarının köməyi ilə aydınlaşan funksional anatomiyanın yeni müstəvidə öyrənilməsinə zəmin yaranmışdır. İnsanın qan dövranı sistemlərində ərəb alimi İbn Nafizin (XII əsr) və ingilis alimi Uilyam Harveyin (XVII əsr) kəşfləri onların ölümündən sonra təsdiqlənmiş və anatomiya elmində yeni kəşflərin yaranmasına geniş meydan verilmişdir. XVI əsrdə intibah dövrünün görkəmli nümayəndələrindən olan Andrey Vezali dünya miqyasında elmi anatomiyanın əsasını qoymuş, məşhur rəssam Leonardo da Vinçi təsviri anatomiyanın bədii tərtibatını vermişdir.

Azərbaycanda da anatomiya elminin inkişaf tarixi qədimliyi ilə seçilir. Azərbaycanda elmin, ədəbiyyatın, mədəniyyətin növbəti intibah dövrü yeni eranın X-XV əsrlərinə təsadüf etsə də, o dövrlərdə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da meyit yarılmasına qoyulan qadağalar, eləcə də sonralar çar Rusiyasının köləlik boyunduruğunun təsiri nəinki anatomiyanın, bütövlükdə tibbin inkişafına ciddi əngəllər törətmişdir. Bunula belə eramızın I minilliyində yaşamış Azərbaycan alimi İsa ər Ruhinin Azərbaycan dilində yazdığı və anatomiyaya geniş yer verdiyi “Tibb” əsəri, XI əsrdə Şamaxıda tibb məktəbi yaradan Ömər Osmanoğlunun anatomiyaya həsr etdiyi elmi-tədqiqatların, XV əsrdə fəaliyyət göstərən Urmiyə Tibb Akademiyasının dünya sivilizasiyasına verdiyi töfhələr, XIX əsrin görkəmli anatom-həkimi -Paris Universitetinin tibb fakültəsinin bitirib İranda həkimbaşı vəzifəsində çalışan azərbaycanlı Mirzə Məmməd Təbrizinin anatomiyanın öyrənilməsində təşrihə geniş yer verməsi və Azərbaycan dilində ilk anatomik terminologiya yaratmağa səy göstərməsi dünya tibb ədəbiyyatında təsdiqlənmiş real faktlardır.

Ölkəmizdə elmi anatomiyanın planlı şəkildə, ardıcıllıqla öyrənilməsi XX əsrin əvvəllərində Bakı Universitetinin tibb fakültəsinin tərkibində normal anatomiya kafedrasının yaranmasından sonra mümkün olmuşdur və respublikamızda elmi anatomiyanın banisi tituluna görkəmli anatom-alim, professor Kamil Balakişiyev layiq görülmüşdür.

Azərbaycanda (bu yazıda yalnız Quzey Azərbaycanda gedən anatomik proseslər nəzərdə tutulur – müəl.) ilk normal anatomiya kafedrası 1919-cu ildə yaradılmışdır. Belə ki, 1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dünya ölkələri tərəfindən tanındıqdan sonra parlamentin qərarına əsasən 1919-cu ilin sentyabr ayının 1-də Bakı Universiteti (indiki Bakı Dövlət Universiteti) yaradılmışdır. Həmin tarixdə universitetin tərkibində fəaliyyətə başlayan iki fakültədən biri tibb fakültəsi, digəri - tarix-filologiya fakültəsi idi. Tibb fakültəsinin tərkibində yaradılan ilk kafedra isə normal anatomiya (indiki insan anatomiyası) kafedrası olmuşdur. 1919-cu ilin sentyabr ayının 15-də BU-nun komissiyasının son iclası keçirilmiş və həmin iclasda universitetin ilk idarə heyəti yaradılmış, eləcə də onun Müvəqqəti Şurası seçilmişdir. Fakültə və kafedralar yaradılarkən təşkilati işlər çox vaxt aparmış və ona görə də ilk dərsin 1919-cu il noyabr ayının 15- də başlanılması haqqında sərəncam verilsə də, bu proses ləngimişdir. İlk mühazirə tibb fakültəsində 1919-cu ilin noyabrın 20-də normal anatomiya kafedrasında aparılmış və mühazirənin mövzusu “Tibbə və anatomiyaya giriş” adlanmışdır. Mühazirəni normal anatomiya kafedrasının ilk müdiri, məşhur cərrah və anatom, əməkdar elm xadimi, professor Vasili Razumovski oxumuş, bununla da Azərbaycanda universitet təhsilinin, ali tibb təhsilinin bünövrəsi qoyulmuşdur. İlk mühazirənin stenoqrafik mətni hazırda ATU-nun insan anatomiyası kafedrasında saxlanılır. V.Razumovski eyni zamanda Bakı Universitetinin ilk rektoru olmuşdur. Tibb fakültəsinin dekanı vəzifəsi patoloji anatomiya kafedrasının müdiri, professor İvan Şirokoqorova həvalə olunmuşdur.

Tibb fakültəsində, həmçinin də normal anatomiya kafedrasında dərslər ancaq rus dilində aparılırdı. İlk illərdə BU-nun tibb fakültəsində dərs deyənlər sırasında milli kadrlardan yalnız gələcək akademiklərdən, həkim-cərrah Mirəsədulla Mirqasımov və Mustafa bəy Topçubaşov, eləcə də hələ tələbə ikən dərs deməsinə icazə verilən Kamil Balakişiyev olmuşdur. Azərbaycanlı abituriyentlər rus dilində gimnaziyanı bitirdikdən sonra bu fakültəyə daxil ola bilirdilər.

Kafedra ilk dəfə təşkil olunanda onun tərkibində 4 nəfərdən ibarət professor - müəllim heyəti olub: V.Razumovski, Corbəy Urusov, A.A. Juravskaya və Y.M.Zamuxovski. Onlardan 1 nəfəri kafedra müdiri - professor, 1 nəfəri prorektor, 2 nəfəri assistent olmuşdur. O vaxtlar kafedra indiki Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin yerləşdiyi sahədəki iki mərtəbəli binanın ikinci mərtəbəsində 2 kiçik otaqda yerləşdirilmişdi. Otaqlardan biri kafedra müdirinə məxsus idi, digərində isə sümüklər saxlanılır, dərslər keçirilirdi. Kafedrada ilk sümük muzeyi də həmin ildə, həmin otaqda yaradılmışdır və deməli, bu il indiki dünya miqyasında şöhrət qazanmış çoxprofilli nüfuzlu anatomiya muzeyinin də yaranmasının 90 illik yubileyidir.

1937 -ci ildən başlayaraq professor Kamil Balakişiyevin rəhbərliyi və birbaşa iştirakı, həmçinin kafedra əməkdaşlarının yaxından köməyi sayəsində anatomiya muzeyi intensiv surətdə böyüməyə başlayıb və çoxsaylı preparatlarla zənginləşdirilib; osteologiya, artrologiya ilə birlikdə sindesmologiya, miologiya, angiologiya və duyğu orqanları ilə birlikdə sinir sistemi muzeyi yaradılıb: muzeyin daxili orqanlar və embriologiya ilə birlikdə müqayisəli anatomiya şöbələri yeni preparatlarla tamamlanıb.

Lakin 1988-1993-cü illərdə davam edən tənəzzül və böhran ölkəmizin hər sahəsində olduğu kimi, tibb təhsili sahəsinə və tədris muzeyinə də ciddi təsir göstərmişdi. Muzeyin sıradan çıxmış eksponatlarının bərpası və yeni şöbələrinin yaradılması prosesi 1993-cü ildən sonra daha geniş miqyas aldı. Yalnız milli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında yenidən hakimiyyətə gəldikdən sonra ATU-nun anatomiya muzeyi həyatının ikinci inkişaf mərhələsini yaşamağa başladı. Ölkədə yaranan iqtisadi- siyasi sabitlik, demokratiyanın təntənəsi bacarıqlı gənc kadrların kafedrada rəhbərliyə və elmi- pedaqoji fəaliyyətə cəlb olunmalarına, kafedranın əmlakının və muzey eksponatlarının dövlət səviyyəsində mühafizəsinə zəmin yaratdı.

1994-cü il sentyabrın 2-si ATU-nun insan anatomiyası kafedrası əməkdaşlarının ikiqat sevincinə səbəb oldu. Həmin gün əməkdaşlarımız həm fövqəladə müdrikliyə, fenomen zəkaya malik ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəyinə işıq saçan və bu il 15 illik yubileyi qeyd edilən “Əsrin müqaviləsi”nin imzalanması fərəhini yaşadılar, həm də xalqımızın dünya tibb aləminə bəxş etdiyi görkəmli anatom-alim Kamil Balakişiyevin doğum gününü sevinclə qeyd etdilər. Hazırda eyni tarixə təsadüf edən bu əlamətdar hadisələr insan anatomiyası kafedrasının əməkdaşları tərəfindən hər il həvəslə qeyd edilir. Məhz bu müqavilədən sonra ölkə iqtisadiyyatında yaranmış yüksəliş anatomiya kafedrası üçün də böyük əhəmiyyət kəsb etdi. Belə ki, tikintisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başa çatdırılan 11 mərtəbəli tədris binası 1998-ci il sentyabrın 28-də istifadəyə verildikdən sonra kafedranın auditoriyalarının sayının artırılmasına və muzeyin sahəsinin genişləndirilməsinə imkan yarandı. ATU- da aparılan islahatlar nəticəsində morfoloji binanın ikinci mərtəbəsi bütövlüklə insan anatomiyası kafedrasına verildi və sonra kafedra müdirinin rəhbərliyi və əməkdaşların köməyi ilə yeni muzey şöbəsi - “Dayaq - hərəkət aparatı” şöbəsi yaradıldı. Muzeyin bərpa edilmiş bəzi guşələrinə yeni kolleksiyalar əlavə edildi. 1995-ci ildən sonra ümumi sayı 7 minə çatdırılmış muzey eksponatlarının kiril əlifbası ilə yazılmış yazıları- annotasiyaları 2001-ci ilin yayında ölkə Prezidentinin verdiyi sərəncama əsasən latın qrafikası ilə əvəz edildi.

ATU-nun anatomiya tədris muzeyində dünyanın bir sıra görkəmli şəxsiyyətlərinin, alimlərinin, səhiyyə işçilərinin səmimi ürək sözləri yazılmış rəy kitabı saxlanılır. Bu kitabda kafedranın həm keçmişi, həm də bu günü yaşanır.

1930-cu ildə kafedrada professor-müəllim heyətinin sayı 6 nəfər,1940-cı ildən 1960-cı ilədək 12 nəfərdən ibarət olmuşdur. 1970-ci ildə onların sayı 19, 1980-ci ildə 23, 1990-cı ildə 24 nəfər olmuş və hazırda 30 nəfərə çatmışdır.

Yaranışından sonrakı illərdə kafedraya yeni işçilər – A.Belenkaya, M.Virtuozov, M.İvanitski, K.Balakişiyev, A.Nadein, A.Bobkov, Ə.Sultanov, M.Qəmbərov qəbul edilib. Bunlardan yalnız Kamil Balakişiyev (50 il) və Asya Belenkaya (55 il) ömürlərinin axırına qədər bu kafedrada çalışmışlar. Milli kadrlardan professor Əlisəttar Sultanov 20 il bu kafedrada işləmiş, doktorluq dissertasiyası müdafiə etmiş (1940) və 1946-cı ildən etibarən ATİ-nin məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsinə keçirilmişdir.

1930-cu il iyunun 19-dan etibarən (Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edildikdən sonra) kafedrada rus bölməsi ilə yanaşı, Azərbaycan bölməsi də yaradılmışdır. 1930-cu ildə kafedraya milli kadrlardan Səlim Həsənov, Ağamehdi Əlizadə, Rəfi Muğanlinski, 1937-ci ildə Böyükağa Hüseynov, 1939-cu ildə Əli Şuşinski qəbul edilmişlər.

Səlim Həsənov 40 ildən artıq müddətdə–ömrünün sonuna qədər kafedrada çalışmış, 1945-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, dosent, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrində işləmişdir. O, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

Ağamehdi Əlizadə 1930-cu ildən kafedrada elmi- pedaqoji işlə məşğul olmuş, 1942-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, ondan əvvəl isə 1929-1934-cü illərdə eyni zamanda Diş Həkimliyi İnstitutuna rəhbərlik etmişdir.

İlk dəfə 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrası nəzdində aspirantura təşkil edilmişdir. Kafedranın ilk aspirantları Rəfi Muğanlinski, Qiyas Tağıbəyov və Xanlar Hacıyev olmuşlar. R.Muğanlinski 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək ömrünün sonunadək kafedranın dosenti vəzifəsində çalışmış, Q.Tağıbəyov və X. Hacıyev cərrahiyyə kafedrasına keçmiş, həmin kafedrada namizədlik və doktorluq dissertasiyası müdafiə etmişlər.

Sonrakı illərdə – 1960-cı illərədək kafedrada aspiranturaya qəbul olunanlar siyahısında M.Qafarov, Hüseyn Əsədov, İsmayıl Kərimov, Ənvər Qafarov, Sədrəddin Qazıyev, Bikə Əlizadə, Abbas Nəsirov , Abbas Tağıyev, Məmmədsadıq Abdullayev, Şükufə Rəhimova, Rafiq Əsgərov, Məmməd Cahangirov olmuşlar.

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin bacısı Bikə Əlizadə 1937-ci ildə ATİ- ni bitirmiş, 1939-1941-ci illərdə kafedranın aspirantı olmuş, 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, həyatının sonuna qədər kafedranın dosenti vəzifəsində çalışmış və ilk azərbaycanlı anatom qadın olmuşdur. B. Əlizadə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

Məmmədsadiq Abdullayev 1944 - cü ildə institutu bitirmiş, normal anatomiya kafedrasında saxlanılmış, 1953-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, dekan müavini və dekan funksiyasını yerinə yetirmişdir. O, 1965-1969-cu illərdə histologiya kafedrasının müdiri vəzifəsində çalışmış, 200-ə yaxın elmi məqalənin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olmuş, onun rəhbərliyi altında 7 nəfər elmlər namizədi yetişdirilmişdir. M. Abdullayev 1988-ci ildə yenidən insan anatomiyası kafedrasına qayıtmış, ömrünün sonuna qədər bu kafedranın professoru vəzifəsində çalışmış, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Şükufə Rəhimova 1944-cü ildə ATİ-ni əla qiymətlərlə bitirdikdən sonra normal anatomiya kafedrasında aspiranturaya qəbul edilmiş, 1960-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, ömrünün axırına qədər kafedranın dosenti vəzifəsində çalışmış, dekan müavini, dekan funksiyalarını yerinə yetirmişdir.

Məmməd Cahangirov 1952-ci ildə ATİ-ni bitirərək normal anatomiya kafedrasına qəbul edilmişdir. 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1965-ci ildə operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına keçmiş və doktorluq dissertasiyası müdafiə etmişdir, 1975-1978-ci illərdə həmin kafedranın müdiri olub, 1978-ci ildə patoloji anatomiya kafedrasına keçmişdir. Hazırda bu kafedranın müdiri vəzifəsində çalışır.

Müxtəlif illərdə kafedrada çalışmış milli kadrlardan Həbib Həbibli, Əli Hüseynov, Əbusaleh Salayev, Bahadur Baxşiyev, Məmməd Əliyev sonra başqa işlərə keçmişlər. Onlardan H.Həbibli Moskvada Neyrocərrahiyyə İnstitutunun professoru, Ə.Salayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun anatomiya kafedrasının müdiri, B.Baxşıyev ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri (o, 40 ildən artıqdır ki, bu kafedraya rəhbərlik edir), M.Əliyev şüa diaqnostikası və terapiyası kafedrasının dosenti vəzifələrində çalışmışlar.

1965-1983-cü illərdə kafedranın əməkdaşları sırasına Elmira Ocaqverdizadə, İkraməddin Zəkiyev, Telman Vəliyev, Mübariz Allahverdiyev, Cümşüd Alıyev, Vaqif Şadlinski, Eldar Qasımov, Şöhrət Qasımov, Şamil Vəliyev, Zakir Mahmudov, Nurəddin Xudaverdiyev, Mail Bəhramov, Dövlət Bəşirova, Ziya Rəhimov, Yadigar Ağayev, Rəna Əliyeva və başqaları qəbul edilmişlər. Hazırda onlardan tibb elmlər doktoru, professor V.Şadlinski insan anatomiyası, tibb elmlər doktoru professor E.Qasımov histologiya kafedralarının müdiri, Ş.Vəliyev, E.Ocaqverdizadə, M.Allahverdiyev, Ş.Qasımov, D.Bəşirova, N.Xudaverdiyev, Z.Rəhimov insan anatomiyası, Y.Ağayev histologiya, C.Alıyev operativ cərrahlıq və topoqrafik anatomiya kafedralarının dosenti, M.Bəhramov insan anatomiyası kafedrasının baş müəllimi vəzifələrində çalışırlar.

XX əsrin 80-ci illərinin əvvəllərində kafedrada 2 professor (G.Hacıyev, R.Əsgərov), 7 dosent (B.Əlizadə, Ş.Rəhimova, Ş.Vəliyev, V.Şadlinski, M.Allahverdiyev, E. Ocaqverdizadə və b.), 9 baş müəllim, 8 assistent olmuşdur. Onlardan 2 nəfəri tibb elmləri doktoru, 12 nəfəri tibb elmləri namizədi idi.

1987-ci ildə ET Fiziologiya İnstitutunun elmi işçisi, tibb elmləri namizədi Nəriman Mövsümov kafedraya qəbul edilmiş və sonra dosent vəzifəsinə seçilmiş, bir müddət kafedranın tədris hissə müdiri vəzifəsini yerinə yetirmiş, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, kafedranın professoru vəzifəsinə seçilmişdir. Hazırda o, eyni zamanda 1 nömrəli Bakı Tibb Texnikumunun direktoru vəzifəsini də yerinə yetirir.

2009-cu ilin əvvəlinə olan məlumata görə, kafedrada 5 nəfər elmlər doktoru - professor və elmlər doktoru - dosent, 9 nəfər elmlər namizədi - dosent, 5 nəfər elmlər namizədi - baş müəllim, 7 nəfər elmlər namizədi - assistent, 1 nəfər elmi dərəcəsiz baş müəllim, 4 nəfər elmi dərəcəsiz assistent, 2 nəfər baş laborant, 1 nəfər muzey müdiri vəzifələrində çalışırlar.

1919-1937-ci illərdə kafedrada 6 nəfər doktorluq (onlardan 2 nəfəri azərbaycanlı), 4 nəfər namizədlik (1 nəfəri azərbaycanlı), 1937-1973-cü illərdə -5 nəfər doktorluq (4 nəfəri azərbaycanlı) 15 nəfər namizədlik (13 nəfəri azərbaycanlı), 1973- 1995-ci illərdə 1 nəfər doktorluq, 9 nəfər namizədlik (hamısı azərbaycanlı), 1995-2009-cu illərdə 7 nəfər doktorluq və 19 nəfər namizədlik (hamısı azərbaycanlı) dissertasiyası işləri hazırlanmışdır. Beləliklə, 1919-2009-cu illərdə kafedrada 19 elmlər doktoru, 47 elmlər namizədi - yəni 66 elmi dərəcəli mütəxəssis hazırlanmışdır. Onlardan 56 nəfəri azərbaycanlıdır.

1919-1937-ci illərdə kafedranın əməkdaşları tərəfindən 24 elmi məqalə, 5 dərslik, 4 tədris-metodik vəsaiti, 1937-1973-cü illərdə 1 monoqrafiya, 7 dərslik, 4 tədris - metodik vəsaiti, 205 elmi və 4 elmi- kütləvi məqalə, 1973-1995-ci illərdə 5 monoqrafiya, 6 dərslik, 23 tədris - metodik vəsait, 400 elmi əsər, 3 elmi -kütləvi kitabça, 5 səmərələşdirici təklif,1995-2009-cu illərdə 15 monoqrafiya, 1atlas, 19 dərslik, 25 tədris-metodik vəsaiti, 2 biblioqrafik məlumat kitabçası, 466 elmi məqalə çap olunmuşdur.

Anatomiya kafedrasının və anatomiya tədris muzeyinin inkişaf mərhələləri bu kafedraya rəhbərlik etmiş alimlərin fəaliyyəti ilə sıx vəhdət təşkil edir. Kafedraya 1919-cu ildən 1920-ci ilin may ayına qədər professor Vasili Razumovski, 1922-1926-cı illərdə professor Konstantin Malinovski, 1926-1937-ci illərdə professor Nikolay Anserov, 1937-1973- cü illərdə professor Kamil Balakişiyev, 1973-1990-cı illərdə professor Gülağa Hacıyev, 1990-1995-ci illərdə professor Rafiq Əsgərov rəhbərlik etmişlər. 1995-ci ildən bəri insan anatomiyası kafedrasına bu sətirlərin müəlliflərindən biri professor Vaqif Şadlinski rəhbərlik edir. Anatomiya kafedrasının muzeyinin formalaşmasında və zənginləşməsində professor Kamil Balakişiyevin müstəsna xidmətləri olmuşdur. O, 1906 - cı il sentyabrın 20-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Universitetinin tibb fakültəsinə daxil olmuşdur. K.Balakişiyev hələ beşinci kursda oxuyarkən (1926) müəllimi A. Belenkaya ilə birgə rus dilində “Osteologiyadan praktik məşğələlərə rəhbərlik” adlı tədris vəsaiti hazırlamış və çap etdirmiş,1926-cı ildə tibb fakültəsini əla qiymətlərlə bitirmiş və normal anatomiya kafedrasında prorektor köməkçisi vəzifəsində fəaliyyətə başlamışdır. 1936-cı ilin əvvəllərində “Bud sinirinin kötükdaxili quruluşu” mövzusundakı silsilə elmi-tədqiqat işlərinə görə K.Balakişiyevə tibb elimləri namizədi alimlik dərəcəsi verilib. 1936-cı il dekabrın 9-da “Sidik kanalı soğanağı – Meri və ya Kuper vəziləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə və professor vəzifəsinə, 1942-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Kamil Balakişiyev anatomik məktəbinin gələcək nəsillər üçün qoyub getdiyi ən böyük töhfətlərdən biri də onun Azərbaycan dilində yazdığı dörd cildlik “İnsanın normal anatomiyası” dərsliyi (1948-1959) olmuşdur. O, Azərbaycanda anatomiya, histologiya və embriologiya elmi üzrə terminologiyanın pionerlərindən olmuş 1931-ci ildə 7380 termindən ibarət “Anatomiya terminləri” (latın, Azərbaycan və rus dillərində), 1935-ci ildə isə 1824 termindən ibarət “Histologiya və embriologiya terminləri” (rus və Azərbaycan dillərində), 1962-ci ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən yenidən işlənmiş və əlavələr olunmuş “Anatomiya, histologiya və embriologiya terminləri” adlı kitabı ikinci dəfə nəşr edilmişdir. 1964-cü ildə professor K.Balakişiyev Beynəlxalq Paris anatomik nomenklatura əsasında latın, Azərbaycan və rus dillərində yeni “Anatomik nomenklatura” kitabını nəşr etdirmişdir.

K.Balakişiyev 3 elmlər doktoru və 15 elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri, həmçinin 100-ə yaxın elmi əsər, dərslik və dərs vəsaitlərinin müəllifi, ali və orta ixtisas məktəbləri üçün Azərbaycan dilində yazılmış və tərcümə olunmuş 13 dərslik və dərs vəsaitinin redaktoru olmuşdur. O, 5 il dekan, 17 il ATİ-nin tədris işləri üzrə prorektoru, o cümlədən müxtəlif dövrlərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tibb Təhsili və Elmi İdarəsinin rəisi, Azərbaycan Elmlər Akademiyasının Eksperimental Təbabət İnstitutu direktorunun müavini vəzifələrində çalışmışdır. O, 1945-ci ildən ömrünün sonuna kimi Ümumittifaq Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin üzvü və 1953-cü ildən onun Azərbaycan bölməsinin idarə heyətinin sədri olmuşdur.

Kamil Balakişiyevin tibb sahəsindəki əvəzolunmaz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı”, “Oktyabr İnqilabı” ordenləri, “Qafqazın müdafiəsinə görə” medalı ilə “Səhiyyə əlaçısı” döş nişanı təltif olunmuşdur.

1993-cü il mayın 26-da ATU-nun rektoru, akademik Ə.Əmiraslanovun müraciəti əsasında Bakı Şəhər Sovetinin qərarı ilə 8-ci Kilometrdəki Orenjereynaya küçəsinə professor Kamil Balakişiyevin adı verilmişdir.

1996-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universitetinin rektorluğu, eləcə də insan anatomiyası kafedrası onun 90 illik, 2006- cı ildə isə 100 illik yubleyini dövlət səviyyəsində qeyd etmişlər.

Kamil müəllimdən sonra kafedraya Gülağa Hacıyev (1973-1990) rəhbərlik etmişdir. O, 1944 - cü ildə ATİ-ni bitirmiş və insan anatomiyası kafedrasında çalışmışdır. 1953-cü ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən çox elmi işin, stomatologiya fakültəsinin tələbələri və orta tibb məktəbləri üçün “İnsan anatomiyası” adlı dərsliklərin, bir sıra dərs vəsaitləri və tədris - metodik işlərinin müəllifi olmuşdur. G. Hacıyev müəllimi K.Balakişiyevin (ölümündən sonra) “İnsanın normal anatomiyası” adlı orijinal dərsliyinin ikinci və üçüncü hissələrinin ikinci nəşrinin (kitabın I hissəsi 1971-ci ildə alimin sağlığında çap edilmişdir) V. Şadlinski və M. Allahverdiyevin köməyi ilə 1979 və 1982-ci illərdə yenidən işıq üzü görməsinə nail ola bilmişdir. Onun rəhbərliyi altında 8 elmlər namizədi yetişdirilmişdir. “Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülmüşdür.

Ondan sonra kafedraya 1990-1995-ci illərdə Rafiq Əsgərov rəhbərlik etmişdir. O, 1963-cü ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə ilk hazırlıq şöbəsinin dekanı olmuş, 1986-1993-cü illərdə ATU-nun elmi işlər üzrə prorektoru, 1985-1990-cı illərdə operativ cərrahlıq və topoqrafik anatomiya, 1990-1995-ci illərdə isə insan anatomiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır. 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi altında 9 namizədlik dissertasiyası yerinə yetirilmişdir. R.Əsgərov 1995-ci ildən indiyə kimi insan anatomiyası kafedrasının professoru vəzifəsində çalışır və həm də Azərbaycan Respublikasının Prezidenti yanında AAK Ekspert Şurasının, ATU-nun Böyük Elmi Şurasının üzvüdür, “Tərəqqi” medalına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

On dörd ildir ki, kafedraya professor Vaqif Şadlinski rəhbərlik edir. O, 1968 -ci ildə N.Nərimanov adına ATİ-ni fərqlənmə diplomu ilə bitirmiş və institutda saxlanılmışdır. O, 1970 - ci ildən insan anatomiyası kafedrasında çalışır, 1982-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 6 nəfərin doktorluq, 10 nəfərin namizədlik dissertasiyası işlərinin elmi məsləhətçisi və elmi rəhbəridir. V.Şadlinski 350-dən artıq elmi və 50-yə yaxın elmi-publisistik məqalənin müəllifidir. Onun müəllifliyi və rəhbərliyi altında monoqrafiya və dərsliklər, atlas, tədris-metodik göstərişlər, “Anatomik terminologiya” kitabı, lüğətlər və digər kitablar nəşr edilmişdir.

O, 1991-ci ildən I müalicə-profilaktika fakültəsinin dekan müavini, ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, ümumi işlər və tədris işləri üzrə prorektoru kimi bir sıra vəzifələrdə çalışmışdır. Elə bunun nəticəsidir ki, istər Səhiyyə Nazirliyi, istərsə də universitet rəhbərliyi və digər ictimai təşkilat və cəmiyyətlər onun əməyinə həmişə yüksək qiymət vermişlər. Belə ki, o, H.Z. Tağıyev və Y. Məmmədəliyev adına mükafatlara layiq görülmüş, Avropa Patoloqlar Cəmiyyətinin, Qara dəniz və Baltikyanı Ölkələrin Anatomlar Cəmiyyəti idarə heyətinin, Beynəlxalq Morfoloqlar Assosiasiyasının üzvü, RF TEA-nın, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmiş, sonuncu iki akademiyanın qızıl medalına layiq görülmüş, 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ona “Əməkdar həkim” fəxri adı verilmişdir.

İnsan anatomiyası kafedrasının bütün əməkdaşları ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olan Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ölkə Prezidenti cənab İlham Əliyevin tibb təhsili işçilərinə, tibb alimlərinə, tələbə-gənclərə göstərdiyi diqqət və qayğıdan ruhlanan insan anatomiyası kafedrasının əməkdaşları böyük zəhmət, əsl dözüm, möhkəm iradə tələb edən çətin işlərində bundan sonra da yeni nailliyyətlər əldə edəcəklərinə əminlik bildirirlər.

Biz həmçinin kollektivimizə yaxından köməklik göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, ATU-nun rektorluğuna və doğma universitetimizin bütün əməkdaşlarına təşəkkürümüzü yetiririk.

 

 

Vaqif ŞADLİNSKİ,

ATU-nun insan anatomiyası

kafedrasının müdiri, Avropa

Təbiət Elmləri Akademiyasının

RF TEA- nın akademiki,

tibb elmləri doktoru, professor,

 

Mübariz ALLAHVERDİYEV,

ATU- nun mətbuat xidmətinin rəhbəri,

tibb elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 24 sentyabr.- S. 6.