Azərbaycanda əlverişli investisiya mühiti
yaradılmışdır
Dünya İqtisadi Forumunun hesabatında bu məqam önə
çəkilmişdir
Dünya İqtisadi
Forumunun “2009-2010-cu illərdə dünya ölkələrinin
rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında
hesabat”ının nəticələrinə əsasən, Azərbaycan
qlobal rəqabətliliyi indeksinə görə 133 ölkə
arasında 18 pillə irəliləmiş və ötən
ilki 69-cu yerdən bu il 51-ci yerə yüksəlmişdir. Bu göstəriciyə görə
ölkəmiz bir çox inkişaf etmiş dövlətləri
geridə qoymuşdur. Hesabatda bildirilir ki, Azərbaycan
makroiqtisadi sabitlik, yüksək milli yığımlar,
böyük büdcə profisiti və dövlət borcunun
azaldılması ilə səciyyələnir.
Sənəddə ölkəmizdə
iqtisadi sabitliyin və əmək bazarında vəziyyətin
yaxşılaşması xüsusilə qeyd edilir. Əmək
bazarının göstəricilərinə görə, Azərbaycan
ötən ilki 34-cü pillədən 13-cü pilləyə
yüksəlmişdir. Makroiqtisadi sabitlik göstəricilərinə
görə 27-ci, innovasiya potensialına görə 42-ci yerlər
də ölkəmizdə iqtisadi siyasətin uğurla həyata
keçirilməsindən xəbər verir. Azərbaycanın əmtəə
bazarı üzrə göstəricilərində isə 18
pillə sıçrayış qeydə
alınmışdır — 89-cu pillədən 71-ci pilləyə.
Xatırladaq ki, hesabatda iqtisadi göstəricilər
sırasında fərdi biznesin qeydiyyatı üçün
müddətin 30 gündən 16 günə, tələb edilən
sənədlərin sayının 13-dən 6-ya endirilməsi də
müsbət amil kimi qeyd olunmuşdur.
Dünya İqtisadi Forumu ilə
paralel olaraq Dünya Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti
üçün əlverişli şərait reytinqində Azərbaycan
183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabatı
hazırlayan ekspertlərin fikrincə, biznes sahəsində,
habelə investisiya qoyuluşunda son islahatlar biznes
üçün əlverişli şərait
yaradılmasına imkan vermişdir. Bu fikrin təsdiqi məqsədilə
Dövlət Statistika Komitəsinin bəzi göstəricilərinə
diqqət yetirək.
Bu ilin 7 ayı ərzində
ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 4082,5 milyon manat investisiya yönəldilmişdir.
Dövlət mülkiyyətinə məxsus müəssisə
və təşkilatlar əsas kapitala 2477,6 milyon manat və ya
ümumi investisiyanın 60,7 faizi, qeyri-dövlət müəssisələri
1605,1 milyon manat və ya 39,3 faizi qədər sərmayə
qoymuşdur. Tikinti-quraşdırma işlərində istifadə
edilmiş inventisiyanın həcmi əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2875,5
milyon manat olmuşdur. İstehsal təyinatlı obyektlərin
inşasında 3171,4 milyon manat, qeyri-istehsal təyinatlı
obyektlərin tikintisində 911,1 milyon manatlıq investisiya
reallaşdırılmışdır.
Əsas kapitala yönəldilmiş
vəsaitin 82,7 faizini daxili investisiyalar, 17,3 faizini isə xarici
investisiyalar təşkil etmişdir. Daxili investisiya əvvəlki
ilin müvafiq dövrünün səviyyəsini 6,8 faiz
üstələmişdir. Əsas kapitala yönəldilmiş
daxili investisiyanın 69,7 faizi dövlət mülkiyyətinə
məxsus müəssisə və təşkilatların, 30,3
faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin
payına düşür.
İlin əvvəlindən əsas
kapitala yönəldilmiş bütün investisiyanın 39,3
faizi kənd təsərrüfatına, 0,1 faizi
balıqçılığa, 0,7 faizxi tikintiyə, 2,5 faizi
ticarət və xidmətə və 53,7 faizi digər sahələrə
sərf olunmuşdur.
Yanvar-iyul aylarında əsas
kapitala yönəldilmiş ümumi investisiyanın 73,3 faizi
qeyri-neft bölməsinin, 26,7 faizi neft bölməsinin
inkişafında istifadə edilmiş və əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə qeyri-neft
bölməsinə yönəldilmiş investisiyanın həcmi
4,5 faiz çox olmuşdur.
Bu ilin ötən aylarında Gədəbəy
qızıl-mis emalı zavodu, Bakı və Naxçıvan
şəhərlərində avtovağzal kompleksləri, Şərur
rayonunda asfalt-beton zavodu, muxtar respublikada meyvə-tərəvəz
saxlamaq üçün soyuducu anbarlar, “Gəmiqaya” mineral sular
zavodu istismara verilmişdir. Bütün bunlarla yanaşı,
ölkənin müxtəlif bölgələrində 163,3
kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, 26 min
nömrəlik avtomat-telefon stansiyaları, ümumi sahəsi
657,8 min kvadratmetr olan yeni yaşayış evləri, 508
şagird yerlik ümumtəhsil məktəbi, 90 yerlik məktəbəqədər
uşaq müəssisəsi, 175 çarpayılıq xəstəxana,
növbədə 140 nəfəri qəbul edən ambulatoriya,
Şəmkir və Şərur rayonlarında Olimpiya kompleksləri,
paytaxtda Tennis Akademiyası və Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutu, Bərdədə Müalicə Diaqnostika,
Naxçıvan şəhərində Doğum və
Şahmat mərkəzləri istifadəyə verilmişdir.
Bu ilin yanvar-iyul aylarında xarici
mənbələrdən əsas kapitala yönəldilmiş
investisiyanın həcmi 706,3 milyon manat təşkil
etmişdir. Xarici ölkələr və beynəlxalq təşkilatlar
tərəfindən bu ilin əvvəlindən əsas kapitala
yönəldilmiş xarici investisiyanın 618,4 milyon manatı
(87,6 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç,
Çexiya və Türkiyə investorlarına məxsusdur.
Tikinti müəssisələri tərəfindən
bu ilin yanvar-iyul ayları ərzində yerinə yetirilmiş
inşaat işlərinin həcmi 1679 milyon manat olmuşdur.
Görülmüş işlərin 67,3 faizini yeni tikinti, yenidənqurma
və genişləndirmə, 20,8 faizini əsaslı təmir,
5 faizini cari təmir, 6,9 faizini isə digər tikinti işləri
təşkil etmişdir. Qeyri-dövlət mülkiyyətində
olan tikinti müəssisələri 1218,1 milyon manatlıq,
dövlət tikinti müəssisələri isə 460,9 milyon
manatlıq inşaat işləri görmüşlər.
Həyata keçirilən iqtisadi
islahatlar nəticəsində bu gün ölkəmiz
dünyada liderlik mövqeyinə çıxmış və
özünü artıq yeni bir keyfiyyətdə - lider
islahatçı dövlət kimi tanıtmışdır. Bu
nəticə dünyada dərinləşən iqtisadi və
maliyyə böhranı şəraitində əldə olunmuşdur.
Mürəkkəb xarici risklər şəraitində milli
iqtisadiyyatımız yüksək dayanıqlılıq və
sabitlik nümayiş etdirir. Bəli, bu uğur son beş ildə
Prezident İlham Əliyevin rəhbərliyi altında
reallaşdırılan, dərin milli maraqlara əsaslanan, hərtərəfli
düşünülmüş iqtisadi strategiyanın və
iqtisadi siyasətin məntiqi nəticəsidir.
Qlobal iqtisadi böhran şəraitində
milli iqtisadiyyat nəinki öz tarazlığını
qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək
- 16 faizə qədər artım sürəti nümayiş
etdirmişdir. Ölkədə illik inflyasiya 2007-ci ilə nisbətən
səngiməyə doğru getmişdir. Ötən ilin birinci
yarısında bəzi beynəlxalq təşkilatlar ölkədə
inflyasiyanın 25-27 faiz səviyyəsində
olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin,
o cümlədən daxili siyasətin nəticəsində inflyasiya
səviyyəsi proqnozlaşdırılan səviyyədən
aşağı — 20 faiz olmuşdur. Bu il isə inflyasiyanın
səviyyəsi çox aşağıdır. Altı ayda bu,
3,7 faiz təşkil etmişdir. Bu, bizə inflyasiya nəticələrinə
nikbinliklə baxmağa imkan verir. Hesablamalara görə, bu il inflyasiyanın
birrəqəmli səviyyəsinə nail olmaq realdır...
Milli valyutanın məzənnəsi aparıcı valyutalara
nisbətən sabit qalmışdır, manat dollara nisbətdə
dəyərini 5 faizdən çox, avroya nisbətdə isə
9 faizdən çox möhkəmləndirmişdir...
Bu ilin altı ayında iqtisadiyyatın
ardıcıl artımı davam etmişdir, başqa sözlə,
ÜDM-in artımı 3,6 faiz həddinə
çatmışdır. Beynəlxalq Valyuta Fondunun 2009-cu ildə
dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu
fonunda bu göstərici xüsusilə təqdirəlayiqdir.
Bir çox ölkələrdən
fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi
daha da yaxşılaşmışdır. 2007-ci illə
müqayisədə ölkənin ödəmə
balansının profisiti 2 dəfə artmış, ilkin qiymətləndirməyə
görə 18 milyard ABŞ dolları təşkil etmişdir.
Halbuki bir çox qonşu ölkələr ödəmə və
xarici ticarət balansının kəskin pisləşməsi
və ölkədən əhəmiyyətli kapital
axını ilə üzləşmişdir.
Ən ümumi makroiqtisadi göstərici
olan adambaşına düşən ümumi daxili məhsulun
həcminə və Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə
görə, manatın paritet qiymətlərində bu rəqəm
10 min ABŞ dolları səviyyəsinə
çatmışdır.
Bir daha xatırladaq ki, ölkəmiz
qlobal maliyyə-iqtisadi böhranı kifayət qədər
hazırlıqlı qarşılamışdır. Beynəlxalq
təşkilatların fikrincə, Azərbaycan iqtisadiyyatı
böhrana davamlı ölkələrin aparıcı
qrupundadır. Uğurla həyata keçirilən neft
strategiyasından əldə edilən gəlirlər
hesabına ölkənin etibarlı büdcə-valyuta sabitliyi
təmin edilmişdir.
Ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından artıqdır. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27 ay ərzində maliyyələşdimək üçün kifayət edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən kritik qlobal şəraitdə belə yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.
Dövlət
başçımız qeyd etmişdir ki, Azərbaycan xarici
investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini
saxlayır, bəlkə də, daha da artırır və
xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti
yönəldirlər. Dövlət investisiya xərcləri
daha çox infrastruktura — yollara, elektrik stansiyalarına,
qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar
və mədəniyyət, idman obyektlərinin tikintisinə
yönəldilir. Bank sektoru da bu il xüsusilə ilk növbədə
real iqtisadiyyata o resursları verməlidir. Özəl banklar
öz maliyyə resurslarından istədiyi kimi istifadə edə
bilər. Onların bəziləri
daha çox ticarət əməliyyatlarına
üstünlük verir. Yəni, müəyyən ticarət əməliyyatlarının
kreditləşməsi ilə məşğuldur. Bu,
onların öz işidir, amma əgər dövlət vəsaiti
orada yerləşdirəcəksə, əlbəttə ki,
burada çox ciddi nəzarət olmalıdır...
Göründüyü kimi, Azərbaycanda
həyata keçirilmiş iqtisadi islahatlar, iqtisadiyyatın
liberallaşdırılması, hakimiyyətin
reallaşdırdığı çevik və praqmatik iqtisadi
siyasət öz müsbət nəticələrini verməkdədir.
Dünyanın aparıcı təşkilatlarının
hesabatlarında iqtisadiyyatımızın sürətlə
inkişaf etdiyi, iqtisadi göstəricilərə görə
ölkəmizin lider mövqeyə çıxdığı
göstərilir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 24 sentyabr.- S. 1.