Sağlığında əfsanəyə çevrilən insan...

 

Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı haqqında qeydlər

 

Oljas Süleymenovun ön söz əvəzi...

 

..."Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının birinci cildinin ilk səhifələrində qazax şairi, yazıçı, ictimai xadim Oljas Süleymenov “İki əsrin qəhrəmanı” adlandırdığı yazısının əvvəlində oxuyub başa çatdırdığı üç cild haqqında qısa fikirlərini açıqlayarkən həmin cildlərin müəllifi Elmira Axundovanın qarşısına qoyduğu məqsədi belə ifadə edir: “...Elmira öz niyyətini söylədi – iki dəfə hakimiyyətə gələn (ikincisi təqaüd yaşında), münaqişəyə girişməkdən, yeni düşmənlər qazanmaqdan çəkinməyən, lakin neçə nəsil tərbiyə etmiş, sovet onilliklərində respublikanı yüksəldə bilmiş və yenicə qazandığı müstəqilliyini az qala itirəcək yaralı dövləti xilas etmiş insan haqqında ensiklopedikcəsinə dolğun sənədli roman yazmaq.”

Bəli, tanınmış yazıçı-publisist, millət vəkili Elmira Axundova Heydər Əliyev haqqında bildiklərinin, düşündüklərinin hamısını oxuculara çatdırmağa çalışır və indiyədək ulu öndərin adı ilə bağlı “Həqiqət anları”, Naşirin qətli", “Bu, bizik”, “Şüşə saray” adlı kitablardan sonra “Heydər Əliyev. Şəxsiyyət və zaman” tarixi romanının cildlərini yazır. Artıq dörd cild hazırdır, əlimizdədir.

Əvvəla, qeyd edək ki, belə dəyərli kitablar yazmağa bir ömür lazımdır. Kitabın ilk cildində göstərildiyi kimi, Elmira xanım bu çoxcildlik roman tədqiqatını yazmaq üçün beş ilə yaxın (hələ iki cild yazılacaq–X.Q.) gərgin zəhmət sərf etmiş, Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə görüşmüş və onların dediklərini lentə almış, yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr aparmış, DTK arxivlərində, Prezidentin şəxsi arxivində böyük iş görmüşdür. Nəticədə ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmağa nail olmuşdur. Dərin təhlillər, saysız-hesabsız faktların müəllif şərhi, müxtəlif epizodlar, eksklüziv informasiyalar bu möhtəşəm əsərə xüsusi emosionallıq və səmimiyyət gətirir.

Elmira Axundova kitabın birinci cildində qeyd edir ki, “Bu böyük işə mən Heydər Əliyevin xeyir-duası ilə başlamışam. Daha sonralar, ən müxtəlif adamların xatirələri, şəhadətləri yazılmış yüzlərlə audiokaset üst-üstə qalanıb toplananda, hardasa şübhələr baş qaldırdı: belə nəhəng, həqiqətən nadir material qatlarını necə qaldırasan, təhkiyəni necə ardıcıl qurasan ki, tuşladığın hədəfdən yayınmayasan? ... Bilavasitə qəhrəmanımın uğur diləməsi idi mənə güc verən, inam aşılayan”.

Elmira xanım yazır ki, “2003-cü ilin aprel ayındakı mənim üçün unudulmaz (əfsus ki, sonuncu dəfə qismət olan) söhbətlərimizdə Heydər Əliyevə bildirdim ki, onun siyasi bioqrafiyası üçün material toplamağa başlamışam. Cavabı dəqiq yadımdadır: ”Yaz, Elmira, yaz. Səndə bu pis alınmır... mən isə... Görürsən də, vaxtım necə kasaddır..."

Bu, Heydər Əliyevin mənə verdiyi xeyir-dua, bir növ “kartblanş” idi. 2003-cü ilin payızında, bəlkə də ömrümdə ən mühüm, ən başlıca iş olan geniş miqyaslı layihəni reallaşdırmağa başladım".

Müəllif əvvəlcə kitabın ya ikicildlik, ya da üçcildlik olacağını bildirir, əlavə cildlərin olacağını da “xəbər verir”. İndi bizə məlum olur ki, kitab-roman altı cilddə olacaqdır. Deməli, bu kitabların qəhrəmanı olan Heydər Əliyevin həyatı bir ümmandır və bu ümmanı tamamilə əks etdirmək o qədər də asan deyil. Kim bilir, bəlkə gələcəkdə daha çox cildlər yazılacaq...

Elmira xanım kitabının üç cildini Heydər Əliyevin sover dövründəki həyat və fəaliyyətinə həsr etməyi qarşısına məqsəd qoyur və demək olar ki, bu məqsədinə nail olur. Kitabda o dövrün şahidləri “dindirilir”, onların “səsləri” ilə zaman dilə gəlir, ötən dövr “danışır”.

Bu cildlərdəki yazıların üstünlüyü ondadır ki, Heydər Əliyevlə bağlı insanlar, onunla birlikdə çalışanlar, onun komandasında olanlar arasında ayrı-seçkilik salınmır, onların hər biri ilə söhbət aparılır, fikirləri olduğu kimi oxuculara çatdırılır.

Çoxcildlik bu əsərdə yazıçı tam obyektiv olmağa çalışmış, Heydər Əliyevin həyatındakı “sərt” döngələri “malalamamışdır”. “İnsan ömründə, xüsusən belə səviyyəli bir insanın həyatında yalnız yüksəlişlər, qələbələr baş vermir. Geriləmələr də, taktiki fasilələr də olur ki, bu da yeni irəliləyişə başlamaq üçün geriyə atılan “iki addım” misalındadır.

Elmira xanımın bu çoxcildliyini həm də çox sanballı və dəyərli elmi əsər və gələcəkdə yazılacaq bir sıra elmi əsərlərin mənbəyi hesab etmək olar. Sanki bu elmi əsər bir müəllif tərəfindən yox, çoxsaylı müəllif qrupları tərəfindən yazılmışdır. Ona görə bu fikri yürüdürük ki, belə böyük, möhtəşəm əsərin bir müəllif tərəfindən yazılması insanda heyrət və təəccüb doğurur.

Çoxcildliyin ilk cildinin birinci fəsli “Ömür yolunun başlanğıcı” adlanır. Yazıda Heydər Əliyev nəslinin əcdadları, onların qədim Zəngəzur dağlarının döşündə məskunlaşma şəraiti barədə az məlumatın olduğu bildirilir, ayrı-ayrı şəxslərin söhbətləri, əsərləri vasitəsilə bizim eşitmədiyimiz, bilmədiyimiz faktlar aşkar olunur.

“Faciələrdən keçən yeni həyat” yazısında Zəngəzur qəzasının faciələrindən, Heydər Əliyevin doğulduğu ailənin, onun başçısı Əlirza əminin başına gətirilənlərdən və Heydər Əliyevin dünyaya gəlişindən bəhs olunur.

“Şərqin qədim qapısı” yazısında 3500 illik tarixə malik Naxçıvan haqqında məlumatlar verilir, nəhayət qeyd olunur ki, “1922-ci il dekabrın 30-da vahid Sovet Sosialist Respublikaları İttifaqı yaradıldı və yeni cəmiyyətin təşəkkülü üzrə böyük tarixi eksperiment başladı. Hekayəmizin qəhrəmanı (Heydər Əliyev nəzərdə tutulur – X.Q.) məhz belə bir tarixi dönüş dövründə... dünyaya gəldi”.

“Heydər Əliyevin mümkün qədər tam tərcümeyi halını yazmağa cəhd etdiyim üçün mənə onun uşaqlıq çağlarının maddi və mənəvi reallıqlarını əks etdirən hər hansı məişət təfərrüatları, ən kiçik detallar belə əhəmiyyətli, maraqlıdır”.

Elmira xanım “Uşaqlığı keçən məhəllələr və küçələr” yazısında məhz bu istəklə Heydər Əliyevin uşaqlıq illərini “vərəqləyir”, böyük insanın yaşayış tərzi, yaxınları, dostları, yaşadığı, gəzdiyi ev, məhəllə, küçələr... barədə “danışır”, o zamanın adət-ənənələrindən söhbət açır. Əlbəttə, müəllif qəhrəmanının yaxınlarının yazdıqlarını, dediklərini də əsas götürür.

Yeri gəlmişkən qeyd edim ki, kitab boyu müəllif keçmişlə indiki dövrü əlaqələndirmək və müqayisə etmək üçün xüsusi kursivdən istifadə edir ki, bu da qəhrəmanın yaşadığı keçmiş mühitlə indiki mühit arasındakı oxşarlıqların və fərqlərin anlaşılmasına kömək edir. Məsələn: “Qızılgüllərə məhəbbət Heydər Əliyevi bütün həyatı boyu müşayiət edəcək. O, respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda, ilk növbədə, şəhər rəhbərliyinə Bakıda çoxlu qızılgül kolları basdırmağı tapşırmışdı. Bir dəfə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Aydın Məmmədov ”birinci"nin qəbulunda şikayətlənmişdi: meydanlarda, parklarda, xiyabanlarda qızılgüllər əkirik, camaat isə kolları qırır, gülləri oğurlayır. Heydər Əliyev isə ona belə demişdi: “Eybi yoxdur, sən əkməyində ol, insanları gözəllik görməyə alışdır. Axır ki, onlar parkları viran qoymaqdan bezəcəklər”.

“Məktəb illəri”. Bu yazıda müəllif, Naxçıvanda o zaman açılan məktəblərdən bəhs edir. Heydər Əliyevin orta məktəbdə və pedaqoji texnikumda oxuduğu illərdən, onun müəllimlərindən, qəhrəmanımızın xüsusi istedadından, ədəbiyyata, sənətə vurğunluğundan məhəbbətlə yazır.

Elmira xanım öz yazılarında Heydər Əliyevin başına gələnləri, keçirdiyi hissləri bəzən elə təsvir edir ki, biz də oxuya-oxuya kövrəlirik. Naxçıvanın keçmiş birinci katibi Kamran Rəhimov danşırmış ki, Heydər Əliyevlə Batabata gedən yolda Kolanı kəndinin yanından keçəndə, o qəflətən sürücüdən maşını mağazanın yanında saxlamağı xahiş etmiş, fikrə getmiş, qəmlənmiş, hətta gözləri yaşarmışdır. Bir qədər dayanandan sonra yollarına davam etmişlər.

– Heydər Əliyeviç, nə oldu? Niyə əhvalınız pozuldu? – deyə Kamran Rəhimov ondan soruşmuşdur. Heydər Əliyev “Kamran, – deyə, cavab verdi: Uşaq vaxtı anamla birlikdə əmim Zeynalabdinin yanına, Sisian rayonuna gedirdik. O vaxt başqa maşın yox idi, yalnız yük maşınları idi. Naxçıvanda yük maşınına mindik, bura – Kolanıya çatanda artıq qaş qaralmışdı. Sürücü gecələməyə evinə getdi, biz isə anamla kuzovda qaldıq. Heç kim də bizə evində gecələməyi təklif etmədi. Səhərə qədər anamla qucaqlaşıb bir-birimizi nəfəsimizlə isitdik. Allaha şükür ki, heç birimiz soyuqlamadıq”.

“Gənclik əyləncələri”ndə Heydər Əliyevin rəssam, aktyor kimi istedadından söz açılır, tələbə yoldaşları ilə münasibəti qələmə alınır, Naxçıvan teatrı, o zaman tamaşaya qoyulan əsərlər barədə məlumat verilir, görkəmli səhnə ustaları bir daha xatırlanır.

Kitabın birinci cildinin ikinci fəsli “Müharibə. Seçim qarşısında” adlanır və Heydər Əliyevin 1939-cu ildə 16 yaşında texnikumu bitirəndən sonra böyük arzulara doğru nələrə can atdığı təsvir edilir. Onun Bakıya gələrək Sənaye İnstitutuna qəbul olması, uğurla oxuması, lakin keçilməz maneələrlə üzləşərək təhsilini yarımçıq qoyması diqqətə çatdırılır. Heydər Əliyevin təhsilini niyə yarımçıq qoyması da açıqlanır.

“Müharibənin ilk illəri”ndə Naxçıvanda baş verən hadisələr, o zaman gənc Heydər Əliyevin əməliyyat müvəkkili, leytenant kimi həyata keçirdiyi işlər, aldığı mükafatlar, 1943-cü ildə Naxçıvan Muxtar Respublikasının Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışması, xüsusi xidmət orqanlarında işə başlaması haqqında olduqca maraqlı faktlar var.

“Müvəkkildən bölmə rəisinə qədər” yazısında Heydər Əliyevin çekist kimi əvəzedilməz fəaliyyəti işıqlandırılır, nəhayət 1947-ci ildə onun Naxçıvan Respublikası DTN-in 5-ci şöbəsinin rəisi təyin olunduğu qeyd olunur. Göstərilir ki, “Bu Naxçıvan təhlükəsizlik orqanlarının ən əsas bölmələrindən biri idi iran və türk xüsusi xidmətlərinə qarşı əks-kəşfiyyat işləri aparılırdı”.

“Odla su arasında” yazısında Heydər Əliyevin bir vicdanlı çekist kimi namuslu insanlara köməyi, öz işinə son dərəcə prinsipial münasibəti, haqq-ədaləti daim müdafiə etməsi əks olunur.

Elə buradaca qeyd edim ki, Elmira Axundovanın yazı manerasına, faktları oxucuya olduqca maraqlı təqdim etməsinə, fikirlərinin axıcılığına heyran qalmamaq mümkün deyil...

Beləliklə, birinci cildin üçüncü fəslinə “keçirik”. Bu fəsil “Dövlət təhlükəsizliyi orqanlarında keçdiyi həyat məktəbi” adlanır. Burada göstərilir ki, Heydər Əliyev 1945-ci il iyunun 20-dən iyulun 10-na qədər operativ işçilərin çekist hazırlığının artırılması üzrə Azərbaycan XDTK yanında qısa müddətli kurslarda təlim keçmişdir. Heydər Əliyevin Sankt-Peterburqdakı SSRİ DTN-in məktəbində oxuması haqqında da məlumat verilir. O zaman verilən xidmət xasiyyətnaməsinin sonunda belə yazılmışdır: “Xidməti vəzifədə irəli çəkilməyə layiqdir”.

Müəllif 2002-ci ilin iyununda Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt - Peterburqda Kamenostrovsk prospektində dahi Nizaminin abidəsinin açılış mərasimində Vladimir Putinlə birlikdə iştirak etməsini, 50 ildən sonra vaxtilə oxuduğu SSRİ DTN-nin məktəbini axtarıb tapmasını incə, kövrək hisslərlə qələmə alır.

Sonra Heydər Əliyevin Bakı həyatından bəhs olunur. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin mərkəzi aparatına keçirilir, 2-ci əks kəşfiyyat şöbəsinin 6-cı bölməsinə rəis müavini təyin edilir. “Heydər Əliyev Bakıda ev tutur, sonra gəlib anasını və kiçik bacısını da özü ilə aparır”. Sonra Heydər Əliyevin “Şərq” bölməsindəki işləri diqqətə çatdırılır, “Alagöz” və “Duel” əməliyyatlarını necə həyata keçirməsi təsvir olunur.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının birinci cildində Heydər Əliyevin keçdiyi həyat yolu ilə yanaşı, onun yaşadığı dövrün hadisələri, ictimai-siyasi məsələləri, ümumiyyətlə, böyük bir tarix oxucuların diqqətinə çatdırılır...

Kitabda “Stalinin ölümü və Bağırovun siyasi karyerasının sonu” başlığı ilə verilən yazıda da unudulmaz hadisələr canlanır . Müəllif həmin dövrü müfəssəl təsvir etməklə göstərməyə çalışır ki, “oxucular, xüsusən gənc nəsl, qəhrəmanımızın xidməti karyerasının hakimiyyət uğrunda sərt, abır-həyadan uzaq mübarizə, böyük nüfuz sahiblərinin iflası, orqanların təmizlənməsi sahəsində ağrılı prosesin başlanması ilə səciyyələnən necə mürəkkəb bir zamanda başlamasını və zirvəyə aparan yolda nə qədər sualtı rif və aysberqlərdən keçməli olduğunu təsəvvürlərinə gətirə bilsinlər”.

Kitabda 1953-ci ilin axırında Heydər Əliyevin əks-kəşfiyyat şöbəsinin rəisi təyin olunmasından sonra DİN və DTK-da baş verən dəyişikliklərdən, 1955-ci ilin ortalarında Heydər Əliyevin DTK-nın uçot-arxiv şöbəsinə baş əməliyyat müvəkkili, düz yarım il sonra 2-ci şöbənin bölmələrindən birinə rəis müavini, sonra rəis, daha yarım il sonra 2-ci şöbəyə rəis təyin olunmasından, 1958-ci ildə isə 35 yaşında artıq bütün Azərbaycanın əks-kəşfiyyatına başçılıq etməsindən söhbət açılır.

Mir Cəfər Bağırovun məhkəmə prosesi haqqında kitabda verilən məlumatlar xüsusi maraq doğurur...

Sonra Heydər Əliyevin əks-kəşfiyyat vəzifəsində gördüyü mühüm işlərdən bəhs olunur. Haqqında bəhs etdiyimiz kitabın, yəni 1-ci cildin dördüncü fəslində Heydər Əliyevin Azərbaycan DTK-sına rəhbərliyə təyinatından və bu böyük işində fəaliyyətindən danışılır. Heydər Əliyevin fədakar işləri onu baş çekist kimi gündən-günə məşhurlaşdırır, xüsusilə SSRİ DTK-sının sədri Y.Andropovun nəzərini cəlb edirdi...

“DTK sədri və yaradıcı ziyalılar” bölməsində Heydər Əliyevin ədəbiyyata daim bağlılığından, Azərbaycan yazıçıları, şairləri, rəssamları, sənətçiləri ilə şəxsi münasibətlərindən maraqlı süjetlər vardır.

Kitabda Heydər Əliyevə DTK general-mayoru rütbəsi verilməsi, onun keçirdiyi xüsusi əməliyyat və xüsusi tədbirlər ətraflı işıqlandırılır.

“DTK və erməni ekstremizmi”nə geniş yer ayrılır, ermənilərin hələ 1945-ci ilin payız günlərində Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında Kreml səviyyəsində gördükləri “hiyləgər” işlər əsaslı faktlarla sübuta yetirilir. O zamanlar onların arzularına mane olmaqda Heydər Əliyevin rolu oxuculara çatdırılır.

Kitabda Heydər Əliyevə aid sənədlərin olduğu kimi dərc olunması böyük maraq doğurur...

Nəhayət, DTK orqanlarında 25 il fədakarcasına çalışandan sonra Heydər Əliyevi partiya işinə irəli çəkirlər, MK katibi təyin edirlər.

“DTK sədrinin şəxsi həyatı” da kitabda xüsusi yer alır.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının birinci cildində “Sözardı”nda Elmira Axundova yazır: “Bəli, qarşıda qəhrəmanı qələbə və uğursuzluq, ən xoşbəxt dəqiqələr və sonsuz kədərlə dolu böyük ömür gözləyir... O, sitayiş etdiyi ideyaların puça çıxmasını görəcək, sədaqətlə, canidildən xidmətində olduğu ölkənin dağılmasına da tab gətirəcəkdir. O, yeni dövrə qədəm basacaq, həyatını sıfırdan başlayacaq, siyasi olimpi bir daha fəth edəcəkdir...”

Haqqında bəhs etdiyimiz kitabın 2-ci cildi “Hakimiyyət və məsuliyyətin ağır yükü altında” bölməsi ilə başlanır və “Sərt dönüş” fəsli ilə davam etdirilir. Bu bölmədə və fəsildə Azərbaycan KP MK-nın keçmiş birinci katibi Vəli Axundovun fəaliyyəti barədə geniş məlumat verilir, onun Heydər Əliyevlə münasibətləri aydınlaşdırılır, Heydər Əliyevin Vəli Axundovdan sonra hakimiyyətə necə gəlməsi təsvir olunur. Müəllif yazır: “... Ənənəyə uyğun olaraq milli respublikalarda ən yüksək partiya vəzifəsinə Ali Sovetin sədri, MK-nın katibi və ya çarəsiz qaldıqda Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş şəxslər iddia edə bilərdilər. DTK mühitində yetişmiş adamın ”birinci" təyin olunması bu ənənəni pozdu və Heydər Əliyevin öz sözləri ilə desək, bütün SSRİ-də böyük hay-küyə səbəb oldu. ... Beləliklə “... 1969-cu il iyulun 14-də yeni Azərbaycan tarixinin “Əliyev dövrü” başladı".

Kitabda Heydər Əliyevin Azərbaycan KP Mk-nın 5 avqust 1969-cu il plenumundakı proqram xarakterli nitqi barədə geniş məlumat verilir, o dövrün şahidlərinin söhbətləri açıqlanır.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının 2-ci cildinin ikinci fəsli “Başlanğıc” adlanır. Bu bölmədə Heydər Əliyevin 1969-cu ilin ortalarında Azərbaycanın partiya rəhbəri seçilən zaman Kremldə baş verənlərdən, ümumiyyətlə, L.İ.Brejnevin hakimiyyəti dövründən, Baş katibin Heydər Əliyevə olan xoş münasibətindən, Heydər Əliyevin rəhbərliyə başlayarkən həyata keçirdiyi mühüm işlərdən danışılır.

1970-ci ildə L.İ.Brejnevin Bakıya gəlməsi, bununla yanaşı bütün Sovet Sosialist Respublikalarının Kommunist Partiyalarının birinci katiblərinin Bakıda qonaq olmaları həmin bölmədə maraqlı faktlarla təsvir olunur. Birinci gəlişi zamanı Brejnev demişdi: “Bakı gözəl şəhərdir, görünür ki, onu doğma torpağını hərarətlə sevən, milli ənənələrə qayğı ilə yanaşan, eyni zamanda, müasir şəhərsalma nailiyyətlərindən bacarıqla istifadə edən insanlar ucaldıb və ucaldır. Belə şəhərdə yaşamaq və işləmək xoşdur”. Baş katibin bu sözləri həm də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin böyük işlərinə verilən qiymət idi.

1978-ci il sentyabrın 20-23-də Sov.İKP MK Baş katibi, SSRİ AS Rəyasət Heyətinin sədri L.Brejnevin Bakıya ikinci səfəri də bu bölmədə öz əksini tapmışdır. Məhz onda Leonid İliç ikinci tarixi kəlamını söyləmişdi: “Azərbaycan iri addımlarla irəliləyir!”.

Müəllif L.Brejnevin mühafizə rəisi, “Arxadakı insan” (“Çelovek za spinoy”) adlı məşhur siyasi memuarların müəllifi Vadim Medvedovla görüşüb eksklüziv müsahibə almışdır. “Leonid İliç Brejnev Heydər Əliyevi başqa rəhbərlərdən nə vaxt fərqləndirirdi? Axı, bu həmin saat baş vermirdi? sualına qonaq belə cavab vermişdi: “Biz onunla 1970-ci ildə, Əliyev artıq birinci katib olan dövrdə buraya gələndə, o hamıya güclü təsir bağışladı, o cümlədən də Brejnevə. Əliyev özünü əsl rəhbər kimi göstərdi, hər şeyi bilirdi, respublikanın daxilindəki operativ şəraitdən tutmuş, Azərbaycan ətrafındakı şəraitə qədər. Ən təəccüblüsü də budur ki, o iqtisadiyyatı da, mədəniyyəti də, ümumiyyətlə Azərbaycana aidiyyatı olan hər nə varsa bilirdi. Ona görə də onunla söhbəti bitirdikdən sonra, dəhlizə çıxan Leonid İliç dedi: “Görün biz necə adam tapmışıq”. Və onun səsində heyranlıq intonasiyası aydın sezilirdi".

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının 2-ci cildinin üçüncü fəsli “Əliyev və onun komandası” adlanır. Adından göründüyü kimi bu fəsildə “Hər şeyi kadrlar həll edir” fikrinin düzgünlüyünü əməli işdə sübut edən Heydər Əliyevin kadr seçimi və onlarla aparılan böyük işlərindən çoxlu faktlar gətirilir. Əliyevin kadrları seçmə prinsipi daim özünü doğruldurdu. Üçüncü fəsildə həm də dövlət və millət qarşısında böyük xidmətləri olan ayrı-ayrı kadrların adları sadalanır, onlar haqqında lazımi məlumat verilir. Onlardan bəzilərinin xatirələri oxuculara çatdırılır.

 

 

(ardı var)

 

Xeyrəddin QOCA,

yazıçı

 

Xalq qəzeti.- 2009.- 24 sentyabr.- S. 3.