Mahnılar zamanla uzlaşmalıdır

 

Haqqında söhbət açdığım peşəkar musiqiçi-mahir akkordeon ifaçısı Eldar Hüseynovun əslində xüsusi təqdimata bir o qədər də ehtiyacı yoxdur. Şou-biznes aləmində tanınmasa da, musiqi ictimaiyyətinə öz sənətindən əlavə bir müğənni, bəstəkar kimi də yaxşı tanışdır.

 

Naxçıvanda doğulub boya-başa çatıb. Erkən yaşlarından musiqiyə həvəs göstərib. Az bir zamanda fitri istedadı və bacarığı sayəsində peşəkar musiqiçi kimi özünü təsdiqləyib. İlk əmək fəaliyyətinə Naxçıvan Dövlət “Araz” mahnı və rəqs ansamblında akkordeon ifaçısı kimi başlayıb. Bu kollektivlə doğma respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda Azərbaycan musiqisini ləyaqətlə təmsil edib.

Akkordeonun adı Azərbaycan milli musiqi alətləri sırasında yoxdur. Necə ki, fortepiano, klarnet, gitara, qaboy və s. kimi. Lakin zaman axarında bu alətlərin dilini mükəmməl öyrənən, öz əvəzsiz ifalarıyla onu xalqımıza sevdirən bir çox sənətkarlarımız olub. Onlar bu alətləri bizə doğmalaşdırmaqla milli musiqi mədəniyyəti tariximizə layiqli töhfələr vermişlər. Şəmsi İmanovun klarnetdə ifa etdiyi “Vağzalı”, Kamil Cəlilovun qaboyda – “Bayatı Kürd”ü, Zaur Əliyevin pianoda “Humayun”u, Rəmişin gitarada “Segah”ı dediklərimizə əyani sübutdur. Artıq bu sənətkarlar Azərbaycan musiqi ifaçılığında öz layiqli yerlərini tutmuşlar.

Eldar Hüseynov da akkordeon ifaçılığında ilk uğurlu addımlar atdığı gündən xalq tərəfindən sevilir. Dövrün bir çox tanınmış musiqiçi və ansambl rəhbərlərinin diqqətini özünə cəlb edir. Məhz həmin illərdə qonşuluqda yaşayan ustad xanəndə, muğam sənətinin sirlərinə yaxından bələd olan xalq artisti Abdulla Babayev Eldarın ifaçılıq məharətini görüb bəyənir. Onu öz kollektivinə dəvət etdir. Naxçıvanda keçirilən əksər mədəni-kütləvi tədbirlərdə, el şənliklərində tez-tez çıxış edən Eldar Hüseynov Abdulla Babayevdən muğam sənətinin də sirrlərini öyrənir. Lakin ali təhsil almağı da unutmur. 1968-ci ildə Bakıda Pedaqoji İnstitutun kimya-biologiya fakültəsinə daxil olur. İnstitutun müəllimlərindən ibarət “Təhsil” xalq çalğı alətləri ansamblının üzvü kimi məşhurlaşır.

Daha çox mahir akkordeon ifaçısı kimi populyarlıq qazanan Eldar Hüseynovu artıq Bakı ictimaiyyəti də tanıyır. Dövrün ən populyar müğənniləri İslam Rzayev, Anatollu Qəniyev, Məmməd Salmanov, Eyvaz Həsənov, Təranə Vəlizadə, mahir nağara ustası, əməkdar artist Çingiz Mehdiyev və bir çox digər sənətçilər onunla yaradıcılıq əlaqələri saxlayırlar. Ümumittifaq “Melodiya” səsyazma studiyası tərəfindən müxtəlif illərdə Azərbaycan müğənnilərinin ifasında yazılmış vallarda Eldarın özünəməxsus mahir solo ifası mahnılara xüsusi şirinlik gətirir. İlk dəfə olaraq 1986-cı il Azərbaycan Dövlət Televiziyasında keçirilən “Mavi işıq”da Eldar Hüseynov müğənni kimi çıxış edərək xalq artisti Rafiq Babayevin rəhbərlik etdiyi kollektivin müşayiətilə Faiq Sücəddinovun “Durnalar qayıdanda” və Ələkbər Tağıyevin “Mənim dünyam” mahnıların oxuyur. Şirin, ürəyəyatımlı səsi o gecə hamının könlünü oxşayır. Artıq bir müğənni kimi də özünü təsdiqləyən Eldar Hüsçeynovu çox çəkmir ki, Nadir Babayev özünün rəhbərlik etdiyi “Xəyal” instrumental ansamblına dəvət edir və ilk dəfə olaraq 1988-ci ilin bir qış gecəsi Filarmoniyada özünün ilk və son solo konsertini verir.

Yaradıcılığının ən parlaq dövründə bədnam qonşularımızın ölkəmizə qarşı qondarma torpaq iddiasına başlaması bir çoxları kimi Eldar Hüseynovun da incəsənətə olan həvəsini soyutdu. O bir daha sənət aləmində görünmədi. Lakin illər ötdükcə ölkədəki əmin-amanlığı, dövlət başçımızın muğam sənətinə, incəsənətə olan böyük qayğısını görüncə torpaqlarımızın tezliklə yağı düşməndən azad olacağı günün uzaqda olmadığına onda bir yəqinlik yaranır. İllərdən bəri ürəyində közərən sənət atəşi yenidən alovlanır . Əslində sənətdən ayrı düşən onun cismi idi, ruhu isə daim sənətlə idi.

Vaxtilə bu sənət fədaisi haqqında dövri mətbuatda kifayət qədər yazılıb. Mən də nəsə yeni bir söz demək fikrindən uzağam. Lakin bu mövzuya qayıtmağımın başlıca səbəbi Eldar Hüseynovun artıq bir bəstəkar kimi də tanınması olub. Son zamanlar radio, efir dalğalarında, televiziyada Eldar Hüseynovun mahnıları bir çox populyar müğənnilərin ifasında tez-tez səslənir. Yazıçı-dramaturq Əmir Pəhləvanın sözlərinə Eldarın bəstələdiyi və özünün ifa etdiyi “Naxçıvanım”, “Qaraçıyam”, Nüsrət Kəsəmənlinin sözlərinə “Bəhanəsiz get” və bir çox digər mahnılar siyahısına bu günlərdə daha biri – öz sözlərinə yazdığı “Vətən səsləyir” mahnısı daxil olub. İlk gündən geniş dinləyici auditoriyasının rəğbətin qazanmış bu mahnı bu gün şou-biznes aləmində daha çox səslənən mahnılardan xeyli fərqlidir, dinləyicilərə vətən sevgisi, mərdlik, sabaha, gələcəyə ümid, igid döyüşçülərimizə nikbin ruh, gümrahlıq aşılamağa çalışır. “Bu gün bütün mahnılar zamana uyğun yazılmalıdır. Günlərini kefdə, damaqda, kafe-barlarda keçirən gənclərin səviyyəsinə, zövqünə uyğun olmamalı, xalqı öz səviyyəsinə qaldırmalıdır. Bunu vətən tələb edir. Nə qədər ki, vətən həsrəti, yurd həsrəti var, yazılan əsərlər də, bəstələnən mahnılar da bu ruhda köklənməlidir” – deyir Eldar Hüseynov. Bəlkə elə bu səbəbdən də öz bəstələrini özü ifa edir. Və bu ifalarda özünü bir daha vətən təəssübkeşi kimi təsdiqləyir. Elə güman edirik ki, Eldarın bu mahnısı da digərləri kimi seviləcək və onu tezliklə qələbəmizi vəsf edəcək mahnıları yazmağa ruhlandıracaqdır.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 25 sentyabr.- S. 12.