Sabahın xeyir, ulu Gəncə!
Son 6-7 il ərzində qədim Nizami yurdu tamamilə
yeni görkəm almışdır
Söz vaxtına çəkər,
deyiblər. 2002-ci ilin sentyabr ayının son günləri
idi. Vaxtilə
Azərbaycan KP MK-da çalışmış, hazırda isə
bizimlə bir yerdə işləyən, hamımızın
böyük hörmət bəslədiyi ağsaqqal həmkarımız
Cahangir Əliyev məni redaksiyanın dəhlizində görən
kimi ucadan “Gəncə nə miskindir, qardaş” deyib mənə
yaxınlaşdı:
— Bir günlük Gəncəyə,
hüzr yerinə getmişdim, çoxdan idi yolum
düşmürdü, dedi, — peşiman oldum. Şəhər
nə gündədir?
Ağsaqqala bir söz deməsəm
də (əslində, cavab tapmadım — H.Q,) həmin anda
yadıma bir neçə gün əvvəl Gəncə
şəhər fəallarının
yığıncağında ulu öndər Heydər Əliyevin
dediyi sözlər düşdü: - “Bu nə şəhərdir
saxlayırsınız?!” Şəhər icra hakimiyyətinin
böyük iclas zalında ucadan və bir qədər də
acıqlı deyilən bu sözdən sonra hamı
başını aşağı dikmişdi.
“Gəncənin rəhbərliyi — həm şəhər rəhbərliyi, həm də Gəncədəki rayon rəhbərləri yerli imkanlardan daha səmərəli istifadə etməlidirlər. Yerli imkanlar az deyildir. Yenə də deyirəm, biz bazar iqtisadiyyatına keçmişik. Gəncədə də çox obyektlər özəlləşdirilib, özəl sektor inkişaf edir. Amma Gəncənin rəhbərliyi, həm şəhər, həm də rayonların rəhbərləri, yerli imkanlardan lazımi qədər istifadə etmirlər”. Ulu öndərin dediyi bu sözlərdən düz 7 il keçir. Əslində, az vaxt deyil. Bu dövrdə şəhər rəhbərliyi də dəyişib. Gələn ilin aprelində 7 il olacaq ki, Eldar Əzizov şəhər icra hakimiyyətinin başçısı işləyir. Yeri gəlmişkən qeyd edək ki, Gəncədə 7 il nəinki yüksək fəallıq və təşəbbüskarlıqla, həm də qüsursuz işləmək hər adama qismət olmayı
b.
İyirmi beş əsri adlayan şəhər
Qədim Gəncə bu günlər
yenə bayram libası geyinib. Artıq dördüncü ildir
ki, sentyabrın son günləri beləcə al-əlvanlığı,
çal-çağırı, qonaq-qaralığı ilə
seçilir şəhər. “Şəhər günü” qeyd
olunur. Elə bu deyimin özü də ilk dəfə Gəncədə
meydana çıxıb. Dəqiq desək,
2006-cı ildə şəhərin 2500 illiyi təntənə
ilə qeyd olunanda qərara alındı ki, bu tədbir hər
il keçirilsin. “Şəhər günü” təkcə qədim
torpağın yaş tarixçəsi deyil, həm də onun
hesabatıdır. İndi sevindirici haldır ki, respublikanın
bir sıra şəhər və rayonlarında da belə
günlərin keçirilməsinə başlanılıb və
gəncəlilərin bu təşəbbüsünə
qoşulanların sayı artır.
Bir məsələni unutmaq olmaz
ki, şəhər icra hakimiyyəti ilk dəfə Gəncənin
yubileyini qeyd etməzdən əvvəl çox gərgin, məhsuldar
və səmərəli işləyib. Tarixçi alimlərlə,
tədqiqatçılarla, ziyalılarla birlikdə şəhərin
tarixinə dair müxtəlif elmi-praktik konfranslar,
görüşlər, “dəyirmi masa”lar keçirilib, tarixi
memarlıq abidələrinə əl gəzdirilib, kitablar,
bukletlər hazırlanıb nəşr etdirilib və sair. Hətta
şəhərin emblemi də təsdiq olunub. Məlumat
üçün bildirək ki, bu emblem günəş, ay və
səkkizgüşəli ulduzdan ibarətdir ki, bu da yadelli
işğalçılara qarşı mərdliklə
vuruşmuş və 1804-cü ildə qəhrəmancasına
həlak olmuş Gəncə hökmdarı Cavad xanın
bayrağının üstündə olan emblemin analoqudur.
Hər bir şəhərin
tarixindən, yaşından o zaman həvəslə, cəsarətlə
danışmaq olar ki, əlində tutarlı faktların olsun,
onun hər daşı, kəsəyi necə deyərlər,
“dilə gəlsin”. Şəhər icra hakimiyyətinin
başçısı Eldar Əzizov təsadüfi deyil ki, “Gəncə
şəhərinin tarixi” kitabının giriş məqaləsində
Gəncəni “tariximizə işıq tutan şəhər”
adlandırır və yazır: “Gəncə müqəddəs
“İmamzadə” kompleksidir, Şah Abbas meydanıdır,
Narınqala və Sərdar bağıdır, Uğurlu bəy
karvansarasıdır. Bağmanlardır, Cümə məscididir,
1063-cü ildə azərbaycanlı usta İbrahim ibn
Osmanın hazırladığı və bir tayı güya, hərbi
qənimət kimi Gürcüstanın Gelati monastrında
saxlanılan Gəncə qalasının dəmir
darvazasıdır...
Gəncə Kəpəzdir, göllər gözəli
Göygöldür
Gəncə dahi Azərbaycan
şairi Nizami Gəncəvidir, unudulmaz Mirzə Şəfi
Vazehin nəğmələridir, Sovet İttifaqı Qəhrəmanı
İsrafil Məmmədovdur"...
Maraqlı, həm də
sevindirici haldır ki, E.Əzizovun adlarını çəkdiyi
və çəkmədiyi bu tarixi abidələr, şəxsiyyətlər,
tarixi yerlərlə bağlı şəhərdə son illər
o qədər geniş miqyaslı işlər
görülüb ki, sadalamaqla qurtaran deyil. “Comərdi Qəssab”
türbəsi, “Cavadxan məqbərəsi”, “Gəncə
Darvazaları”, Şah Abbas məscidi, Məmmədbağır
məscidi, “Qədim Gəncə Qala divarları”, “Şərəfxanlı”,
“Xəlfəli” məscidləri, Cavadxan dəftərxanası.
“Ay-Ulduz”, “Şir-Günəş”, “Gəncə gerbi” və
digər onlarla monumental abidələr çox yüksək
zövqlə təmir-bərpa olunmuş və ya tikilmişdir.
Bu mədəni-tarixi abidələr
daim diqqət mərkəzində saxlanılır və onlar
şəhər sakinlərinin və qonaqların ziyarətgahına
çevrilmişdir. Həmin tarixi yerlərə
məktəblilərin və tələbələrin cəlb
olunması, ekskursiyaların təşkili milli-mənəvi dəyərlərimizin,
adət-ənənələrimizin təbliğ olunmasında
mühüm rol oynamaqla yanaşı yeniyetmə və gənclərimizdə
vətənpərvərlik hisslərinin yüksəldilməsinə,
dünyagörüşlərinin formalaşmasına istiqamətlənmişdir.
Dəyişən, müasirləşən şəhər
Gəncədə son 6-7 ildə həyata
keçirilən işlər barədə təkcə bir qəzet
yazısında söhbət açmaq mümkün deyil. Bu bir faktdır ki, çox iş görülüb.
Şəhər tamamilə dəyişib, gözəlləşib,
inkişaf edib, başlıcası isə müasirləşib.
Şəhərin rəhbərliyi yaxşı, müasir nə
varsa Gəncədə tətbiq etməyə səy göstərib
və eyni zamanda, bu qədim diyarda milli memarlıq ənənələrinin
qorunub saxlanmasına, özünəməxsusluğuna nail ola
bilib. Nəticədə ucaldılan, təmir
olunan, yenidən qurulan hər bir obyekt özünün gözəlliyi
ilə diqqəti cəlb edir. Çoxmərtəbəli
yaşayış binalarını inşa edən iş
adamları 5-6 il qabaq onları tələm-tələsik
istifadəyə verməyə
çalışırdılarsa, indi şəhərin
müvafiq strukturlarının, memarlıq və şəhərsalma
idarəsinin, xüsusi komissiyanın təkliflərini,
tövsiyələrini, tapşırıqlarını nəzərə
almağa məcburdur. Bax, elə bu tələbkarlığın,
qədim şəhərə məhəbbətin nəticəsidir
ki, milli-memarlıq ünsürlərindən istifadə olunan,
hər cür infrastruktura malik, ətrafı
abadlaşdırılan, yaşıllaşdırılan
çoxmərtəbəli binaların sayı durmadan artır
və onlar Gəncəyə xüsusi yaraşıq verir.
Şəhərin baş memarı, respublikanın əməkdar
memarı Məmməd İbrahimov deyir ki, Gəncənin
ümumi görkəminə xələl gətirə biləcək
bir obyektin belə inşasına yol verə bilmərik. Bu
şəhərin öz ənənələri, öz dəyərləri,
memarlıq ünsürləri var, onlar pozulmamalıdır.
Memarın sözünə
qüvvət, indi Gəncədə bir-birindən
yaraşıqlı elə göydələnlər var ki,
baxmaqla doymaq olmur. “Xan bağı”nın, “Karvansara”nın,
tarix və diyarşünaslıq muzeyinin yanında və digər
yerlərdə inşa olunan çoxmərtəbəli binalar
hamının diqqətini cəlb edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə
hər səfəri zamanı yeni sosial obyektlərin tikintisində
onların müasirliyinə, memarlıq üslubunda yerli və
milli ənənələrin qorunmasına, şəhərsalma
qaydalarına uyğun olmasına üstünlük verir.
Ölkə başçısının bu tövsiyələri yeni tikilən binaların, ofislərin
və digər obyektlərin istər memarlığında, istərsə
də müasir konstruksiyalarla inşasında böyük rol
oynayır.
İndi cəsarətlə demək
olar ki, memarlıq və şəhərsalma baxımından Gəncə
artıq özünün yeni inkişaf mərhələsinə
keçmişdir. Qanunvericilikdə müəyyən
olunmuş tələblərin yerinə yetirilməsi əsas
meyar olmuşdur. Küçələrin vahid
bir memarlıq layihəsi əsasında qurulmasına, obyektlərin
tikintisində forma və üslub cəhətdən bir-birini
tamamlamasına xüsusi fikir verilir. Şəhər icra
hakimiyyəti başçısının sərəncamı
ilə prospekt və küçələrdə yerləşən
binaların fasadları, ticarət və xidmət obyektlərinin,
ofislərin xarici görünüşünün müasirləşdirilməsi
məqsədilə yenidənqurma işləri bir gün belə
ara vermir. Qeyd etmək lazımdır ki, bu, şəhərin
abadlaşdırılması və qədimliyi saxlanılmaqla
müasirləşdirilməsi sahəsində aparılan ən
böyük layihələrdən biridir. Özü də həmin
işlərin görülməsində müasir materiallardan
istifadə olunur. Heydər Əliyev, Atatürk prospektlərində,
Nizami və digər küçələrdə sahibkarlar tərəfindən
layihə üzrə ticarət obyektləri yenidən qurulur,
reklam və dizayn tərtibat işləri aparılır.
Tikinti, abadlıq,
yenidənqurma işləri şəhərdə elə
geniş miqyas alıb ki, sakinlər bu işlərə
artıq öyrəşiblər və hər hansı bir yerdə
müəyyən səbəblər üzündən iş
dayandıqda təəccüblənirlər. Şəhərin
Baş meydanı sayılan Heydər Əliyev meydanı indi tamamilə
başqa görkəm alıb. Burada ulu öndərin xatirə
muzey kompleksi yüksək memarlıq üslubunda inşa
edilmiş və meydanda respublikada ilk musiqili fəvvarə
quraşdırılmışdır. Bundan sonra Bakıda və
bir sıra digər şəhər və rayonlarda musiqili fəvvarələr
tikilməsinə diqqət artmışdır. Keçən
il meydanın yeni tərtibatda qranit materiallardan istifadə
olunmaqla döşəməsi dəyişdirilmişdir. Meydanın ətrafına Sankt-Peterburq şəhərində
istehsal olunmuş müasir işıqlandırıcı dirəklər,
fanarlar qoyulmuşdur. İcra hakimiyyətinin əzəmətli
inzibati binası təmir olunmuş, öz görkəmi ilə
meydana xüsusi gözəllik gətirmişdir. Ümumiyyətlə,
binaların fasadlarının yüksək zövqlə təmirinə,
küçə və prospektlərin, meydanların, park və
xiyabanların işıqlandırılmasına xüsusi fikir
verilir. Yeni işıqlandırma sisteminin
quraşdırılması Nizami küçəsində, Xətai,
Atatürk prospektlərində Şeyx Bahəddin, İsrafil Məmmədov,
Cavadxan və digər küçələrdə həyata
keçirilmişdir. İndi gecələr qədim Nizami
yurdunun bir çox əsas küçə və prospektləri
süd kimi ağ işıq selinə qərq olur.
Gəncə çayının
sağ sahilini də tanımaq olmur. Cəmi bir neçə il
qabaq “Qatır Məmməd yarmarkası” adlanan sahildə
göy rəngli eybəcər çadırların yerində
əsrarəngiz park, istirahət zonası
salınmışdır. Sahilboyunca böyük ərazidə
qazonlar salınmış, müasir fəvvarə tikilmiş,
750 kvadratmetr sahədə dekorativ daşlardan ibarət
üzlük plitələr
quraşdırılmışdır. Bundan başqa, Nizami
küçəsindən Sahil bağına girişdə
klassik memarlıq üslubunda bulaq kompleksi və 8 metr
hündürlükdə sütun üzərində saat
quraşdırılaraq ətrafında abadlaşdırma
işləri aparılmışdır.
Ümumiyyətlə, Gəncədə
səliqə-sahman, zövqlülük, müasirlik ön plana
keçmişdir. Bütün bu işlərin artıq bir ənənə
şəklini almasında şəhər icra hakimiyyətinin
başçısı Eldar Əzizovun zəhmətini qeyd etməmək
ən azı insafsızlıqdır. O, kabinet
adamı deyil, daim şəhərin müxtəlif
küçə və məhəllələrindədir,
adamların arasındadır, problemləri öyrənir,
onların aradan qaldırılmasına
çalışır, şikayətləri, təklifləri
diqqətlə öyrənir, maraqlı təşəbbüsləri
daim müdafiə edir. Vaxt var idi şəhərin mərkəzindəki
məşhur bazarın yanından tıxac ucbatından
keçmək mümkün deyildi. Başçının
təşəbbüsü və təkidi ilə orada
genişləndirmə işləri aparıldı, yol
asfaltlandı, bazarın ərazisi səliqə ilə hasara
alındı. Yeri gəlmişkən qeyd edək ki, bu sətirlərin
müəllifi də “Gəncə bazarlarının adı
qalıb” sərdövhəli tənqidi yazı ilə
çıxış etmişdi və E.Əzizov həmin
yazını şura iclasında geniş müzakirə
etmiş, ciddi tədbirlər görmüşdü.
Bir məqama
ayrıca toxunmaq istərdim. Şəhər icra hakimiyyəti
aparatı, xüsusilə onun rəhbəri Gəncədə
aparılan geniş miqyaslı abadlıq, yenidənqurma işlərini
həyata keçirərkən bəzi hallarda olduqca haqsız
tənqidlərə, gileylərə məruz qalıblar. Elə adlarını çəkdiyimiz
bazarın, “Qatır Məmməd yarmarkası”nın, bir
sıra digər obyektlərin, eybəcər köşklərin
köçürülməsi zamanı bu söz-söhbətlər
ortaya çıxıb. Amma, sonralar həyata keçirilən
bu işlərlə əlaqədar şəhər rəhbərliyinə,
yuxarı orqanlara saysız-hesabsız minnətdarlıq məktubları
daxil olub, sakinlər öz razılıqlarını bildiribdər.
Bir də ki, görülən iş göz
qabağındadır. Gəncə dəmir yolu
vağzalının binası nə halda idi, indi necədir.
“Comərd Qəssab” türbəsi itib batmışdı, indi
ziyarətgahdır. Cavad xanın adına uyğun məqbərəsi
ucaldılıb. Açılışında ölkə
başçısının iştirak etdiyi Gəncə Beynəlxalq
hava limanı göz oxşayır. Gəncə Darvaza kompleksi,
təzə məktəb binaları, diaqnostika mərkəzi,
üzgüçülük hovuzu, şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün yaşayış binaları, parklar, muzeylər,
məhəllələr, daha nələr, nələr...
Yuxarıda qeyd etdiyim kimi, bunların hamısı haqqında
bir yazıda danışmaq heç mümkün də deyil.
Məhəllə görüşləri, vədlər,
idman meydançaları...
Şəhər icra hakimiyyətinin
başçısı, digər strukturların rəhbərləri,
hüquq-mühafizə orqanları daim aşkarlığa,
adamlarla sıx ünsiyyətdə olmağa, onların arzu və
təkliflərini öyrənməyə üstünlük
veriblər. Artıq neçə illərdir
şəhərin müxtəlif yaşayış məhəllələrində
“açıq mikrofon” günləri keçirilir, şəhərin
rəhbər işçilərinin iştirak etdikləri
görüşlərə yüzlərlə, bəzən
minlərlə sakin toplaşır. Kimin ürəyindən
nə keçir, mikrofona yaxınlaşır, dərdini
danışır, təklif irəli sürür, hansısa
bir məmurun laqeydliyindən gileylənir və sair. “Məhəllə
günü” mütləq hansısa bir obyektin
açılışı ilə tamamlanır. Ya idman
meydançası istifadəyə verilir, ya yeni artezianın
açılışı olur, yaxud da park salınır,
ağac, gül kolları əkilir. İndi Gəncənin az
qala hər bir məhəlləsində idman
meydançaları və qurğuları istifadəyə
verilib. Gülüstan yaşayış sahəsində,
üçüncü və beşinci mikrorayonlarda, Heydər Əliyev
prospektində və digər məhəllədaxili ərazilərdə
50-dən çox idman meydançası inşa olunub, gənclərin
və yeniyetmələrin istismarına buraxılıb.
Bir fakt maraq doğurur ki, şəhər
icra hakimiyyətinə daxil olan ərizə və şikayətlərin
sayı kəskin şəkildə azalmışdır. Bu, ilk
növbədə qeyd etdiyimiz aşkarlığın və
yerlərdə görüşlərin keçirilməsinə
daha çox üstünlük verilməsi ilə ilə əlaqədardır.
Təkcə bu ilin ötən ayları ərzində 25-dən
çox səyyar qəbullar keçirilmişdir.
“İqtisadiyyatı güclü olan şəhərə
zaval yoxdur”
Şəhər
icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər
üzrə müavini Sahib Quliyevin sözlərini yarımsərlövhəyə
təsadüfən çıxarmamışam. Əvvəla,
Gəncə Azərbaycanın ikinci iqtisadi və mədəni
mərkəzidir. Şəhər bir növ sənaye şəhəridir
və təbii ki,
bu sahənin inkişafı olmadan istənilən işi həyata
keçirmək də mümkün deyil. Sahib
müəllim deyir ki, Gəncə iqtisadiyyatının
inkişaf etdirilməsi daim ölkə başçısı
İlham Əliyevin diqqət mərkəzində olub və
şəhər rəhbərliyi son illərdə həmin sahənin
tərəqqi etməsi üçün əlindən gələni
edib.
Rəqəmlərə diqqət
yetirək. 2003-2009-cu illərdə 2023 kiçik və orta
müəssisə yaradılıb və 15 min 240 yeni iş
yeri açılıb ki, onun da 13 mindən çoxu daimidir.
Bir sıra sənaye müəssisələri istehsalı
qaydaya salıb. Məsələn, Gəncə avtomobil zavodunda
2004-cü ildə “OKA” markalı, 2005-ci ildə 14 modeldə
“UAZ” markalı avtomobillərin yığımına
başlanılmış, 2006-cı ildə Çin Xalq
Respublikasının iş adamları, müəssisələri
ilə müqavilələr bağlanılmışdır. Zavodda 7 modeldə orta tonnajlı yük avtomobillərinin,
1 modeldə minik avtomobilinin və 4 modeldə
mikroavtobusların yığımına
başlanılmışdır. Çin Xalq
Respublikasının “Çanqan” Avtomobil şirkəti ilə
2006-cı ilin oktyabr ayında “Gəncə” markalı yük
maşınlarının ilk buraxılışı
olmuşdur. İki il qabaq müxtəlif növ Belarus
traktorlarının da yığımına
başlanılmışdır.
“Gəncə-Şərab-2” ASC-də
şərab məmulatlarının istehsalında xammala olan tələbatı
ödəmək üçün 2004-cü ildə
üzümçülük təsərrüfatı
yaradılmış və indiyədək 350 hektara yaxın
üzüm bağı salınmışdır. Bu təsərrüfatın
yaradılması ilə 200-dən çox yeni iş yeri
açılmışdır. Araq istehsalında istifadə
olunan spirt rektifikatı istehsalı sexi tikilib istifadəyə
verilməklə daha 60 yeni iş yeri
açılmışdır.
“Gəncə - Tekstil” ASC-də
Çindən alınmış 3 milyon ABŞ dolları məbləğində
yeni avadanllıq quraşdırılıb istifadəyə
verilmişdir. Asfalt, kərpic, beton məhlulu, kərə
yağı, qənnadı məmulatları və digər məhsullar
istehsal edən ayrı-ayrı müəssisələr işə
düşmüşdür. Ötən beş ildə şəhərdə
ümumi daxili məhsulun həcmi 3,4 dəfə
artmışdır. Bu artım sənayedə 2,4, kənd təsərrüfatında
6,4, tikintidə 12,4 dəfə olmuşdur. Maraqlıdır
ki, 2003-cü ilə nisbətən 2008-ci ildə ümumdaxili
məhsul istehsalı ABŞ-da 13,3 faiz, Avropa İttifaqı
ölkələrində 13,7 faiz, MDB dövlətlərində
45,4 faiz olduğu haldı Azərbaycanda 2,6 dəfə, Gəncə
şəhərində isə 3,4 dəfə
artmışdır. Hər halda olduqca ürək
açan rəqəmlərdir.
Təmizlik, yaşıllıq göz oxşayır
Elə ki, səhərin
gözü açıldı, şəhərdə məişət
tullantıları dolu bir dənə olsun qab görməzsən.
Şəhərin təmizliyi ciddi nəzarət
altındadır. Bu işdə bütün imkanlardan, o
cümlədən təbliğat vasitələrindən
istifadə olunur. Hətta kiçik zibil
qutularının üzərinə yazılmış, “Gəncəni
sevirsənsə, onu təmiz saxla” - sözləri də bu
işə necə böyük əhəmiyyət verildiyindən
xəbər verir. Ölkə başçısı İlham Əliyevin
tapşırığına əsasən şəhərin təmizlik
idarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün xüsusi nəqliyyat vasitələri
verilmişdir, küçə və məhəllələrdə
məişət tullantılarının
yığılması və daşınması
üçün 1000-dən çox yeni konteyner qoyulmuşdur.
Artıq şəhərdə
istehsal gücü ayda 150 min ton olacaq məişət
tullantıları emalı zavodunun tikintisi üçün
şəhər icra hakimiyyəti ilə “NET İnternational”
şirkəti arasında niyyət protokolu
imzalanmışdır. İşlərin görülməsi
100 faiz xarici sərmayə hesabına aparılacaqdır və
kontraktın ilkin dəyəri 64,6 milyon avro həcmindədir.
Şəhərin yaşıllaşdırılması
genişləndirilərək müasir şəhərsalma tələblərinə
uyğun 1,4 hektar sahədə yeni qazonlar salınmış,
150 min ədəddən çox ting, kol və çiçəklər
əkilmişdir. Bütövlükdə son 5 ildə
şəhərdə yaşıllıq zonası -
qazonların ümumi sahəsi 10 dəfədən çox
artmışdır. Hazırda şəhərdə
görülən ən böyük layihələrdən biri
də “Xan bağı”nın yenidən qurulması işlərinə
başlanmasıdır. Onun yaşıllıq
örtüyü yenidən bərpa olunur, fauna və
florasının zənginləşdirilməsi
üçün tədbirlər görülür. Fikrət Əmirov
parkı da yenidən qurulur.
Doqquz tarixi səfər
Şəhər icra hakimiyyətinin
başçısı Eldar Əzizov Gəncədə əldə
olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin
bu qədim şəhərə birbaşa diqqət və
qayğısı, köməyi ilə əlaqələndirir:
— Cənab Prezidentimiz bu illərdə
9 dəfə Gəncədə olub. Heç bilirsiniz, hər
bir gəncəli bundan necə böyük iftixar, qürur
hissi duyur?! Qədim Nizami yurduna bundan böyük diqqət,
etimad nə ola bilər?! Şəhərdə tikilən, yenidən
qurulan obyektlərin demək olar ki, əksəriyyətinin təməlinin
qoyulmasında, açılışında cənab
Prezidentimiz iştirak elib. Qədirbilən gəncəlilər
bu diqqəti və qayğını daim yüksək qiymətləndirirlər.
Hər il “Şəhər günləri” ərəfəsində,
digər tarixi günlərldə, yubileylərdə dövlət
səviyyəsində təltif olunanlar arasında Gəncənin
də tanınmış adamlarının adları çəkilir,
onlara fəxri adlar, mükafatlar verilir. İndiyədək
neçə-neçə alim, həkim, memar, incəsənət
xadimi, müəllim müxtəlif adlara layiq
görülüb. Biz gərək bütün fəaliyyətimizlə
bunları doğruldaq. Hələlik gördüklərimiz
Prezidentin həyata keçirdiyi işlərin müqabilində
dəryada damlaya bənzəyir. Bunu bir an belə unutmuruq.
Şəhər rəhbərinin
sözlərinə əlavə şərh verməyə
ehtiyac qalmır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 26 sentyabr.- S. 7.