İslahatlar Azərbaycanı bölgədə lider dövlətə çevirmişdir

 

Yülət Abdullayev iş adamıdır. Bir sıra beynəlxalq tədbirlərin iştirakçısıdır. Bizimlə söhbətində əvvəlcə ölkəmizin sosial-iqtisadi uğurlarından bəhs etdi:

 

—Son illər Azərbaycan dövləti daha da möhkəmlənmiş, ölkə iqtisadiyyatı kəmiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Respublikamızın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə inteqrasiyası sürətlənmişdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun uğurlu icrası, dövlətçiliyin, azərbaycançılıq ideyasının möhkəmlənməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolu, nüfuzu güclənmişdir.

Əldə olunan uğurlarla bağlı Prezident İlham Əliyev demişdir: “Biz öz siyasətimizi bundan sonra da bu prinsiplər əsasında quracağıq: birinci növbədə, Azərbaycanın milli maraqları, qonşu ölkələrlə mehriban dostluq münasibətləri, Avropa ilə, Avropa İttifaqı ilə, başqa beynəlxalq təşkilatlarla münasibətlərimizin davam etdirilməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bütün imkanlar var: ilk növbədə, düşünülmüş siyasət, güclü siyasi iradə, xalqın bizim siyasətimizə dəstəyi, iqtisadi imkanlarımızın artması, siyasi çəkimizin artması və hüdudlarımızdan kənarda olan məsələlərə Azərbaycanın təsir imkanlarının artması”.

Cənab İlham Əliyevin prezidentlik səlahiyyətlərini icra etdiyi illər ərzində sosial-iqtisadi, siyasi həyatın nəzərə çarpan uğurları çoxdur. Məsələn, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 36 min 565 yeni iş yerinin açılması, bunun da 27 mindən çoxunun daimi iş yeri olması, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun, regionların inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət yeridilməsi, Avropa və dünya strukturlarına inteqpasiyanın davam etdirilməsi və s. bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla reallaşdırılır. Özü də bu zaman dünyada mövcud olan ən müsbət təcrübədən istifadə edilir. Əlbəttə ki, Azərbaycanın xüsusiyyətləri, milli ənənələrimiz nəzərə alınmaq şərtilə. Bu barədə Prezident İlham Əliyev demişdir: “...Ölkəmiz dünya birliyinə inteqrasiya edir və bu, əlbəttə ki, Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır... Biz istəyirik ki, dünyada ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək, ən qabaqcıl texnologiyaları Azərbaycana gətirək. Bizim iqtisadiyyatımız şaxələndirilsin, Azərbaycanda yoxsulluq, işsizlik aradan qaldırılsın. Humanitar sahədə ən qabaqcıl nailiyyətlər Azərbaycanda da olsun. Məhz buna görə də Azərbaycanda tikilən bütün müəssisələr, bütün təhsil, mədəniyyət, səhiyyə ocaqları ən yüksək səviyyəyə cavab versin...”.

Yülət müəllim onu da bildirdi ki, İlham Əliyevin respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı, habelə regionların sosial-iqtisadi inkişafı yeni Dövlət Proqramı Azərbaycanın bu günkü dinamik inkişafının əsasını təşkil edir. Dövlət başçısı bu mühüm sənədlərin yerinə yetirilməsinin gedişini daim diqqətdə saxlayır. Prezidentin bölgələrə müntəzəm səfərləri, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, əhali ilə görüşləri, strateji proqramlar üzrə tapşırıqların icrası barədə məlumatları dinləməsi və dərhal konkret qərarlar verməsi artıq ənənəyə çevrilmişdir. Bütün bu tədbirlərin hamısı bir ümumi məntiqə bağlıdır: keyfiyyətli və səmərəli idarəetmə keyfiyyətli və dinamik inkişaf üçün çox mühüm vasitədir ki, ondan da dövlət başçısı çox uğurla istifadə edir.

Öz fəaliyyətində realizmə, praqmatizmə əsaslanan dövlətimizin başçısı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin tam miqyasda həyata keçirilməsini, quruculuq, abadlıq işlərinin genişləndirilməsini, milli iqtisadiyyatı, özəl bölməni, sahibkarlığı sürətlə inkişaf etdirmək üçün iş adamlarının, sahibkarların fəaliyyətinin daha da canlandırılmasını vacib sayır.

Məhz bunun nəticəsidir ki, regionlarda istehsal və sosial infrastrukturun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Ölkənin bütün iqtisadi rayonlarında dünya standartlarına cavab verən müəssisələr, qurğular işə salınır, rabitə, informasiya texnologiyaları, nəqliyyat, energetika, qaz təchizatı sistemlərində müsbət dəyişikliklər edilir.

Bölgələrdə beynəlxalq standartlara cavab verən yollar salınır, körpülər, aeroportlar tikilir, müasir diaqnostika mərkəzləri, istirahət ocaqları istifadəyə verilir.

Sonda onu da xatırladaq ki, həmsöhbətim bu günlərdə uğurlu fəaliyyətinə görə beynəlxalq mükafata layiq görülmüşdür.

 

 

Söhbəti yazdı: V.MİRZƏCANLI

 

Xalq qəzeti.- 2009.- 26 sentyabr.- S. 6.