Daim axtarışda olan tədqiqatçı
Professor Nadir Məmmədli 1959-cu
ilin sentyabr ayında Bakı şəhərində anadan olub. 1985-ci
ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. SSRİ Elmlər Akademiyasının Dilçilik
İnstitutunda, İran İslam Respublikasının Təbrizdəki
Dil və Ədəbiyyat Universitetində təcrübə
keçib, Azərbaycan Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutunda çalışıb. 1992-ci
ildən Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Azərbaycan dili kafedrasında müəllim və
dosent vəzifəsində işləyir. Rus bölmələrində
“Azərbaycan dili”, Azərbaycan bölmələrində “Nitq
mədəniyyəti” fənlərindən dərs deyir. Magistr
qruplarda isə “Ali məktəb pedaqogikası” fənnini tədris
edir. O, 1989-cu ildə “Müasir Azərbaycan dilində feli
sinonimlər” mövzusunda namizədlik, 2001-ci ildə
“Müasir Azərbaycan dilində alınma terminlər
(1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. Filologiya elmləri doktoru, professordur (2004).
90-dan artıq elmi əsər, 300-ə qədər publisistik məqalə
müəllifidir. 12 kitabı çap olunub: “Müasir Azərbaycan
dilində fellərin leksik sinonimliyi” (1991), “Latın
qrafikalı yeni Azərbaycan əlifbası” (1992); “Eski doğu
dilleri”. Trabzon (1993); “Azərbaycan dili” (dərslik) (1993); “Moskva
Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri”
(1876-1930). (1993); “Yunan və latın mənşəli beynəlmiləl
termin elementlər” (1994); “Azərbaycanca-rusca danışıq
kitabı” (1995); “Alınma terminlərin leksik və semantik
xüsusiyyətləri” (1995); “Çağdaş türk ədəbi
dilinin izahlı omonimlər sözlüyü” (1995);
“Adını mən verdim, yaşını Allah versin (türk
şəxs adları lüğəti)” (1995); “Məfaxeri-Azərbaycan”.
Təbriz, (1997); “Alınma terminlər (1920-1995)” (1997). 1995-ci
ildə Respublika Təhsil Nazirliyinin təsis etdiyi humanitar sahə
üzrə “Gənc alim müsabiqəsi”nin, 2002-ci ildə “Rəsul
Rza” mükafatı laureatı, 2000-ci ildə “Alınma terminlər”
monoqrafiyasına görə “Ən yaxşı elmi iş”
müsabiqəsinin qalibidir. 1996-cı ildə İran İslam
Respublikasının Ərdəbil şəhərində
çəkilən “Şeyx Səfi” sənədli filminin ssenari
müəllifi kimi pul mükafatına layiq görülüb. Əsərləri
Təbriz, Tehran, Trabzon, İstanbul, Mahaçqala, Oş,
Bişkek, Perm, Ufa və başqa şəhərlərdə nəşr
olunub. Azərbaycan Jurnalistlər və
Yazıçılar birliklərinin üzvüdür.
Belə bir qısa
tanışlıqdan sonra alim və naşir dost haqqında
bir-iki kəlmə də söz demək ehtiyacını
duyursan. Nadir Məmmədli
iki qrup ziyalılar arasında, sözün gerçək mənasında,
böyük hörmət-izzət, nüfuz sahibidir.
Birinci qrup yəqin ki, öz həmkarları
— dilçi alimlərdir. Azərbaycan dilçilik elmində dəsti-xətti
olan adlı-sanlı alimlər onun elmi fəaliyyətini, elmi əməyini
yüksək dəyərləndiriblər. Bu
halallığı, o, barmaqlarının qələm
qabarı, alnının təriylə qazanıb. Onun
keçib-gəldiyi yol zəhmətlə, əməklə
bağlı olub. Qeyd etdiyim faktorlar öz gücünü,
impulsunu sevgidən alır. Qəlbindəki arzuya, istəyə
məhəbbətlə, sevgiylə yanaşanda
sıldırımlı qayalıqlardan keçməyin çətinliyini
görmürsən.
Nadir Məmmədli bir dilçi
alim kimi öz ixtisas sahəsini belə dəyərləndirir:
- Dilçi alimlərin, xüsusən
də akademik M.Şirəliyev, M.Hüseynzadə, Dəmirçizadə,
V.Aslanov, S.Əlizadə, A.Axundov, T.Hacıyev, A.Qurbanov kimi
dilçilərin yaradıcılığı məni daim
maraqlandırıb. Yəqin ki, bu marağın
kökünü həm də orta məktəbdə bizə dərs
deyən müəllimlərin yüksək savadında və
öz fənnini sevdirmək bacarığında
axtarmalıyıq. Hələ məktəb illərindən
bir kredom vardı - alim olmaq! Elə o məqsədlə də
elmə gəldim. Sonralar universitetdə oxuyanda da bəxtim gətirdi;
yaxşı alimlərdən dərs aldım. III kursdan sonra
keçirilən ixtisas bölgüsündə dilçiliyi
seçdim. Hərçənd ki, ədəbiyyatı da az
sevmirəm... Ancaq mənim aləmimdə dilçilik daha
böyük elmdir. Yaxşı dilçi həm də
yaxşı ədəbiyyatçıdır, ədəbiyyatçılar
inciməsin, ən qüdrətli ədəbiyyatçı
belə yaxşı dilçi ola bilmir. Bu elmin hələ
öyrənilməmiş, qatı açılmamış
sirləri çoxdur. Bəlkə elə dilçiliyi
seçməkdə bir məqsədim də bu olub.
Nadir müəllim daim
axtarışda olan, yeniliklər arayan tədqiqatçı
alim kimi tanınır. Onun türk xalqlarının taleyində
İslam amilinin rolu, xüsusən bu kontekstdə şəxs
adlarının izahlı sözlüyünün tədqiqi məsələlərinə
dair araşdırmaları maraqlıdır. “Adını mən
verdim — yaşını Allah versin” adlı türk şəxs
adlarının izahlı sözlüyündən bəhs edən
kitabı həmin işinin məhsuludur. Bu əsərin
yazılma tarixi müəllifin elmə gəldiyi ilk vaxtlara təsadüf
etsə də, mükəmməl nəşri uzun illərdən
sonra baş tutmuşdur. Əslində, çox zaman mükəmməl
bir işin arxasında bilmədiyimiz böyük hadisələr
yaşanır və məhz bu yaşantılar insana yeni
güc, enerji verir.
- O kitabın
yazılmasının qəribə bir tarixçəsi var. Məlumdur
ki, əvvəllər, VVAQ bürolarında, adların
qeydiyyatında olduqca başıpozuq bir orfoqrafiya vardı... Hər
kəs övladına öz istədiyi və qəribə
adlar qoyurdu. “Caket”, “Təyyarə”, “Kommuna”, “Traktor”... Əksəriyyəti
də sovet dövrünün yenilikləri ilə bağlı
adlar idi. Amma sonralar, 70-80-ci illərdə artıq adların mənaları
ilə maraqlanmağa, izahını axtarmağa
başladılar. Belə bir məqamda EA-nın Dilçilik
İnstitutu şəxs adlarının izahlı lüğətinin
hazırlanması ilə əlaqədar MK-dan təcili
tapşırıq aldı. Mən də o vaxt institutu yenicə
bitirib EA-ya gəlmişdim. Bu işi mənə həvalə
etdilər. Dedilər, “cavansan, enerjilisən, gərək şəxs
adlarının siyahısını tərtib edib bizə gətirəsən”.
Lüğəti hazırlamağınsa müəyyən bir
prinsipi var; əvvəlcə sözlüyü
toplanmalıdır, izahını vermək isə sonrakı mərhələdir.
Beləliklə, Dilçilik İnstitutunun lüğət
şöbəsində çalışan, bu sahədə təcrübəsi
olan tanınmış alim Bəhruz Abdullayevlə məni VVAQ
bürosunun arxivinə göndərdilər. Təsəvvür
edin ki, altı-yeddi ay antisanitar şəraitdə,
toz-torpağın, həşəratların içində
işlədik. 60-cı ildən 80-ci illərin sonunacan olan
bütün sənədlərə, şəhadətnamələrə
baxdıq. Bir sənəddə də bilirsiniz ki, bir neçə
ad var; vətəndaşın, atasının, anasının
adları. Adların siyahısını tərtib edib təhvil
verdik Dilçilik İnstitutuna. O vaxt kitabı təcili
çap etdikləri üçün, yığıb gətirdiyimiz
materialların xeyli hissəsi və izahı mübahisəli
olanlar həmin kitaba salınmamışdı (üç nəfərin
imzası ilə çapdan çıxan o kitabda nə mənim,
nə B.Abdullayevin adı vardı, nə də zəhmətimizi
nəzərə alan...). Mən isə öz əlyazmalarımı
saxlamışdım. Üç-dörd ildən sonra
onların izahları haqqında fikirləşdim, yazdım. Bu
kitabda altı minə yaxın adın izahı var.
“Adını mən verdim - yaşını Allah versin” - bu
ifadə Dədə Qorquddan gəlmədi...
Bəli, insan öz haqqına
qovuşmaq üçün çox vaxt birə on qat zəhmətlərə
qatlaşır. Bu zaman fədakar tədqiqatçı
dözümü, ilahi səbr gərəyinə yetir.
Nadir Məmmədli fasilələrlə
uzun müddət Moskva kitabxanalarında, arxivlərində
araşdırmalarla məşğul olub. Nəticədə
unudulmuş, bəlkə də unutdurulmuş iki böyük
alimi elmi ictimaiyyətə, xalqa tanıtdırmış, bu
istiqamətdə olan bəzi yanlışlıqların
üstündən xətt çəkmişdir.
- Mən Moskvada
çalışan iki azərbaycanlı alimin
böyüklüyünü qeyd etmək istəyirəm: Mirzə
Cəfər Rzayev və Mirzə Abdulla Qafarov uzun müddət
Moskvada erməni institutunda Azərbaycan ədəbiyyatını
tədris ediblər. Qətran Təbrizidən, hətta yenicə
tədqiq olunan Səlman Savucidən tutmuş, bütün Azərbaycan
klassiklərinin yaradıcılığını tədris
proqramına salıb, təbliğ ediblər. Söhbət
milliyyətdən, milli düşüncədən gedir! Ora
yalnız ermənilərin deyil, bütün dünya
xristianlarının nümayəndələrinin təhsil
aldığı bir institutdu. Onların içərisində
Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini tədris
eləmək böyük hünərdir! Mirzə Abdulla Qafarov
isə o institutda Azərbaycanın orta əsr mənbələrilə
məşğul olub. Akademik Krımski, Millerlə bir yerdə
işləyib. Qordlevski kimi böyük alimlə birgə
atalar sözü kitabını çap etdirib. Adı “Fars
atalar sözü” olmasına baxmayaraq, bu kitabda istənilən
qədər türk atalar sözünə yer verilib. Sonuncu dəfə
1976-cı ildə SSRİ Elmlər Akademiyası onun məşhur
“Farsca-rusca lüğət” kitabının II cildini təkrar
nəşr edib. M.A.Qafarovun monqol
tarixşünaslığı ilə bağlı maraqlı tədqiqatları
var. O, Krımski ilə birlikdə orta əsr Azərbaycan mədəniyyət
abidələrini araşdırıb. Akademiyanın nəzdindəki
arxeologiya komitəsində məruzələrlə
çıxışlar edib. Bu gün bu adamların
tanınmamasının bir səbəbi də Azərbaycan ədəbiyyatşünaslığındakı
dolaşıq fikirlərdir... .
Nadir Məmmədlinin bu istiqamətdə
elmi yenilikləri kifayət qədərdir. Və
şükür ki, o, hələ cavan alimlərimizdəndir. Gələcəkdə
görəcəyi işlər çoxdur.
Moskva və Moskvaətrafı
şəhər arxivlərində azərbaycanlı alimlər
haqqında materiallar əldə edən tədqiqatçı əslində
böyük bir xəzinə yerini bələdləyib, yəqin
ki, fürsət düşdükcə, imkan tapdıqca həmin
arxiv sənədləri kitablara çevrilib, milli elm fondumuza
daxil olacaqdır. Bu gün ali məktəbdə professor kimi dərs
deyən Nadir müəllim layiqli tələbələrini də
bələdlədiyi yerlərə istiqamətləndirə
bilər.
Alimin “Alınma terminlər”
monoqrafiyası Təhsil Nazirliyinin “Ən yaxşı elmi
işi” adını alıb. Bu əsər üzərində
işlərkən müəllif tədqiqatçı olaraq
hansı meyarı müəyyənləşdirib?
- Alınma sözlərin, terminlərin
dilə gəlməsi, birinci növbədə, ictimai-tarixi
inkişafla bağlıdır. Bu inkişaf yolu başqa sahələrdə
olduğu kimi, dilimizdə də öz izlərini qoyub. Amma
bütün bunlara - ərəb və fars, rus və Avropa dillərinin
təsirinə baxmayaraq, görün, Azərbycan dili necə nəhəng
bir dildir ki, neçə yüz illərdir onun fiziki
varlığı pozulmayıb, saysız-hesabsız
sözü mənimsəyib. İşğalçı kimi gələnlər
Azərbaycan xalqını məhv edə bilməyiblər,
dilini zənginləşdiriblər və burada heç bir qəbahət
yoxdur. Ərəblər gəlib, ərəb dilini bizə
dövlət dili kimi təlqin ediblər, farslar gəlib, fars
dilini... Nə olsun?! Azərbaycanlılar ərəb dilində
də, fars dilində də yazıb-yarada bildiklərini
sübut eləyiblər. Vaxtilə əsir aparılmış
azərbaycanlılar içərisindəki şairlər ərəb
poeziyasına mədəniyyət gətirmişlər.
Ucsuz-bucaqsız boz səhralara, səhra kollarına şeir həsr
edən ərəb şairləri süjetli şeirlər
yazan azərbaycanlı - məvali şairlərdən örnək
aldılar. Ərəb poeziyasına yeni ab-hava gəldi.
Söhbət dildən gedirsə, dil onların
hamısını “həzm elədi”, yaxşı nə
vardısa götürdü. Bu, Azərbaycan xalqının və
dilinin böyüklüyü və qüdrətidir. Tarixdə
belə şeylər çox olub. Almanlar kimi bu gün ən
sivil xalqın vaxtilə Dante kimi latın dilində yazan bir
şairi olub. Eləcə də başqa xalqların şairləri
bu dildə yazıb-yaradıblar.
Nadir Məmmədlinin publisist qələmi də uğurlu alınıb. Eyni zamanda “Şeyx Şəfi”, “Haqqın həbibinin sevgili dostu” və s. kimi ssenarilərin müəllifidir. Tədqiqatları isə davam edir.
- Bəli tədqiqatlarım davam edir. Nə qədər ki, bu şərəfli yük çiynimizdədir və nə qədər ki, böyük bir maraqla bu elm sahəsində çalışıram, təbii ki, fikirlərim həmişə yeniləşir, dəyişir... Bu gün daha bir mövzu üzərində işləyirəm. Akademik Marr haqqında kitab yazıram. Bəzi ərsəyə gəlməyən, yarımçıq işləri nəzərə almasaq, hələ ki, sırf bu işlə məşğulam. Akademik Marrın əsərləri, onun haqqında yazılanlar - bu mövzu ilə bağlı bütün sanballı əsərlər əlimin altındadır. Hələ ki, onları kataloqlaşdırıram. S.Vurğun məşhur “Vaqif” pyesi haqqında deyirdi ki, mən onu bir həftəyə yazmışam. Əslində isə əsəri illərlə fikirləşmişdi. Mən də beləcə. Hələ ki, cizgilər, qeydlər hazırlanır. İnanıram ki, günlərin birində o kitabı mütləq yazacağam!
Nadir Məmmədli respublikada tanınmış “Nurlan” və “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisələrinin təsisçisi və direktorudur.
- Ən böyük arzumuz “Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsinin özəl qəzetini nəşr etmək idi. Biz artıq onu təsis etmişik. Qəzetin adını da açıqlaya bilərəm, çünki yaxın günlərdə onun ilk nömrəsini oxuyacaqsınız: “40-cı qapı”. Bu adın özü, bilirsiniz ki, folklor təfəkküründən irəli gəlir. Nağıl qəhrəmanları otuz doqquz qapını açır, çətini isə qırxıncı qapını açmaqdır. Bu qəzet ziyalıların, elm adamlarının (çünki bu sırf ədəbi-bədii, elmi, publisistik bir qəzetdir), elmi təfəkkürü olan adamların üzünə açıqdır. Allah eləsin, zaman gəlsin ki, qırxıncı qapını aça bilək.
Nadir Məmmədlini iş adamı kimi tanıdan, ona ehtiram bəslədən ikinci qrup insanlar isə onun nəşriyyatlarına yolu düşən müəlliflərdir - kitab müəllifləri. Bazar iqtisadiyyatı şəraitində, xüsusən nəşr sahəsindəki rəqabət meydanında rəhbərlik etdiyi nəşriyyatlar bəlkə də birinci sıradadır. Kitab müəllifi kimi dəfələrlə “Nurlan”a yolum düşüb. Maraqlıdır ki, bütün nəşriyyatlarla müqayisədə buradakı qiymətlər yarıbayarıdır. Bu, naşirin ziyalılığındandır. Ona müraciət edən müəlliflərin əksəriyyəti elm, sənət adamlarıdır. Və Nadir müəllim də bu amili xüsusi olaraq nəzərə alır. Çünki onların - elm, sənət adamlarının aldığı məvacibdən onun xəbəri var. Bax, bu humanistliyidir ki, Nadir müəllimi özünə dost bilən insanlar çoxdur.
Bu nüansa toxunarkən Nadir müəllimin bir gənclik duyğusunu xatırladım - onun bir gənclik amalı vardı: Mirzə Cəlil demişkən, “hamı deyir, get, oxu, alim ol! Heç kim demir ki, get, adam ol!” Mən isə ikisini - alimliyi və insaniyyəti birləşdirib kamil bir şəxs olmaq arzusundaydım. Nadir Məmmədlini taniyan hər kəs tam səmimiyyətlə deyə bilər ki, o, doğrudan da kamil bir şəxsiyyət haqqını qazana bilibdir.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2009.- 27 sentyabr.- S. 5.