Heydər Əliyevin neft strategiyasından inkişafın
intibah dövrünə gedən yol
Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsi,
müstəqilliyimizin möhkəmləndirilməsi və
iqtisadiyyatın dinamik inkişafının strateji istiqamətə
yönəldilməsi ulu öndər Heydər Əliyevin
dövlətçilik siyasətinin prioritet istiqaməti
olmuşdur. Ümummilli lider istər 1969 və istərsə də
2003-cü illərdə hakimiyyətə gələndə
eyni problemlər — iqtisadi böhran, özbaşınalıq,
ictimai-siyasi sabitliyin pozulması və Ermənistanın Azərbaycana
təcavüzü ilə bağlı mürəkkəb vəziyyətlə
üzləşmişdi. Heydər Əliyev hər dəfə
özünün dərin təfəkkürü, zəngin
dövlətçilik təcrübəsi və təşkilatçılıq
qabiliyyəti sayəsində yaranmış vəziyyətdən
çıxış yolu tapmış və ölkəmizin tərəqqisini
təmin etmişdir.
1993-cü ildə Azərbaycanda
yaranmış xaos şəraitində bütün xalq və
onun düşüncəli ziyalıları
çıxış yolu axtararkən dövlətçilik təcrübəsinə,
mənəviyyatına, cəsarətinə, milli qeyrətinə
bələd olduqları ulu öndərimiz Heydər Əliyevi
hakimiyyətə dəvət etdilər. Azərbaycanda
yaranmış gərgin vəziyyətin sabitləşdirilməsi
zərurətini nəzərə alan böyük dövlət
xadimi xalqın yekdil təklifini qəbul edib 1993-cü il iyun
ayının 9-da Bakıya gəldi, Milli Məclisdə vəziyyətdən
çıxış yolu haqqında özünün
mülahizələrini bildirdi, heç bir dövlətçilik
səlahiyyəti qəbul etmədən qeyri-adi qərar qəbul
edib Gəncəyə yollandı və yerində real vəziyyətlə
tanış oldu. Qeyd etməliyəm ki, bu qeyri-adi qərar o
vaxt üçün çox təhlükəli idi. Hakimiyyət
uğrunda mübarizəyə qoşulan silahlı qüvvələr
Heydər Əliyevə qarşı təhlükəli
addım ata bilərdilər.Lakin bu cəsarətli insan
gözlənilən təhlükədən çəkinmədən
özünün qətiyyətinə, düşüncəli
insanların qeyrətinə və Allahın iradəsinə
söykənib bu addımı atdı və sağ-salamat
Bakıya qayıtdı.
Heydər Əliyev
Bakıya qayıtdıqdan sonra Milli Məclisdə deputatlar
qarşısında çıxış edib, yaranmış
vəziyyət haqqında özünün mülahizələrin
bildirdi və yalnız bundan sonra Milli Məclisə sədr
seçilməsinə razılıq verdi. Ən çətin
məqamlarda düzgün qərar verməyi bacaran siyasət
ustası bu vəzifədə ilk olaraq müxtəlif qruplara
bölünmüş deputatlara mövqeyini izah etdi, onları
Vətən uğrunda birliyə çağırdı. Daha
sonra o, böyük iradə və cəsarət göstərərək
Azərbaycanın başı üstünü almış vətəndaş
müharibəsi alovunu söndürdü, ölkədə
baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə,
ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun
möhkəmləndirilməsinə, atəşkəs rejiminə
nail oldu, demokratik inkişaf və sosial-iqtisadi tərəqqi
strategiyasını müəyyən etdi. Yalnız bu yolla gənc
müstəqil Azərbaycan dövlətçiliyi xilas olundu,
müstəqilliyimiz möhkəmləndirildi və
respublikamız dünya dövlətləri birliyində layiqli
mövqe tutdu, ölkəmiz öz tarixinin milli qurtuluş mərhələsinə
qədəm qoydu.
Ulu öndər Heydər
Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı
haqqında düşünərkən,ölkənin
iqtisadiyyatının aparıcı sahəsi olan neft amilinə
böyük üstünlük verdi. O, öz dövlətçilik
təcrübəsindən yaxşı bilirdi ki, neft dünya
dövlətlərinin strateji siyasətinin əsas istiqamətini
təşkil edir. Çünki neft yanacaq balansında əsas
yer tutur və onun ehtiyatları dünya ölkələri
arasında bərabər bölünməmişdir. Bütün
ölkələrin neftə böyük tələbatı
olduğu halda dünyada hər il çıxarılan 3,2
milyard ton neftin təqribən 70 faizə qədəri yaxın
və uzaq şərq ölkələrində istehsal edilir. Məhz
buna görə də neft çıxaran ölkələr
böyük dövlətlərin strateji maraqları dairəsinə
daxil olur. Dünya miqyasında neftin strateji əhəmiyyətini
çox aydın görən və bilən Heydər Əliyevin
təklifi ilə on beş il əvvəl 1994-cü il
sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan
sektorunda “Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının birgə işlənilməsi və neft
hasilatının pay bölgüsü haqqında Azərbaycan
Dövlət Neft Şirkəti ilə dünyanın
inkişaf etmiş ölkələrinin tanınmış neft
şirkətləri arasında müqavilə
imzalanmışdır. Müstəqil ölkəmizin bu
günü və gələcəyi üçün
böyük əhəmiyyəti olan bu sənəd beynəlxalq
aləmdə yüksək qiymətləndirilərək “Əsrin
müqaviləsi” adını almış, müstəqil
respublikamızın salnaməsinə qızıl hərflərlə
həkk olunmuş və müasir Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin neft strategiyasının
şanlı səhifəsini açmışdır.
“Əsrin müqaviləsi”
imzalanan zaman dünyanın 8 ölkəsinin 13 ən məşhur
neft şirkəti, sonrakı illərdə isə 19 ölkənin
40-dan çox neft şirkəti ilə 30-dək saziş
imzalanmışdır. “Əsrin müqaviləsi” həm
karbohidrogen ehtiyatlarının həcminə, həm də
qoyulan sərmayənin məbləğinə görə
dünyada bağlanan ən böyük sazişlər
siyahısına daxil olmuşdur. Məhz bu tarixi addımla
müstəqil Azərbaycan öz sərvətlərinə tam
sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Milli sərvətlərimizdən müstəqil dövlətimizin
və xalqımızın rifahı naminə istifadə
olunması, on illərlə imperiya maraqlarına xidmət
etmiş karbohidrogen ehtiyatlarının müstəqil Azərbaycanın
tərəqqisinə sərf edilməsi, bu məqsədlə
xarici investisiyaların cəlb olunması Heydər Əliyevin
çox ciddi və cəsarətli siyasi addımlarından
idi.
Qeyd etməliyəm ki, “Əsrin
müqaviləsi”nin bağlanması ilə əlaqədar bir
çox maraqlı dövlətlərin və siyasi qüvvələrin
müxtəlif mövqeləri var idi. Bu mövqelər Azərbaycanın
neft sənayesinə xarici investisiyaların qoyulması, boru kəmərinin
marşrutu və neftin satışından əldə edilən
gəlirlərin bölüşdürülməsi ilə əlaqədar
idi. Buna baxmayaraq. Azərbaycanın dövlət
başçısının dəyanəti, beynəlxalq aləmdə
nüfuzu və etibarı Azərbaycana xarici investisiyanın gəlməsi
məsələsini həll edən əsas amillərdən
biri idi.
“Əsrin müqaviləsi”nin
imzalanmasından dərhal sonra Azərbaycan neftinin böyük
həcmdə dünya bazarına çıxarılması
üçün yeni alternativ kəmərin çəkilməsi
çox böyük iqtisadi və siyasi məsələ kimi
ümummilli liderimizi dərindən düşündürməyə
başladı. Bu məsələlərin həllində
prezident tarazlaşdırılmış,
düşünülmüş siyasət yeridir, gözlənilə
bilən ekstremal prosesləri nəzərə alır, sərfəlilik
prinsipini əsas götürürdü. Marşrutlar nəzərdən
keçirilərkən Heydər Əliyev real vəziyyəti
nəzərə alaraq alternativ kəmərin çəkilməsini
tövsiyə etdi və Azərbaycan neftinin nəqli
üçün yeni, daha güclü Bakı-Tbilisi-Ceyhan boru
kəmərinin inşasını çox mühüm bir məsələ
kimi irəli sürdü. Neftin satışından gələn
gəlirin bölgüsü məsələsinin həlli ilə
bağlı o zaman ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin
deputatı olmuş İlham Əliyev danışıqlar
prosesinə cəlb edildi və yeni, gənc siyasi lider neft
strategiyasının hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal iştirakçısı
oldu. Onun keçirdiyi saysız-hesabsız görüş və
danışıqlarda, ilk növbədə, Azərbaycan
xalqının və dövlətinin maraqları əsas
götürülürdü. Bu danışıqları
xatırlayaraq İlham Əliyev demişdir: “Əsrin
müqaviləsi” ilə bağlı danışıqların
1994-cü ilin yazında və yayında İstanbul və
Hyustonda keçən son mərhələləri xüsusilə
ağır oldu. Bəzən müəyyən şərtlərin
qəbuledilməzliyi üzündən danışıqlar
dayandırılma məqamına çatırdı. Biz xarici
ölkələrə deyirdik: Siz ayrı-ayrı şirkətlərin
maraqlarını müdafiə edirsiniz. Biz isə ölkəmizin
və Azərbaycan xalqının maraqlarını müdafiə
edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində öz əksini
tapacaq, əgər biz səhv etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz heç cür, heç bir səhvə
yol verə bilmərik”. Bütün çətinliklərə
baxmayaraq, İlham Əliyevin təklifi ilə müqavilə
Azərbaycanın milli mənafelərinə uyğun
hazırlandı. Bununla da müstəqil dövlətimizin neft
strategiyası və doktrinası uğurla həyata keçirilməyə
başlandı.
“Əsrin müqaviləsi”nin ilk
günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti yaradıldı və təsdiq olunmuş vahid
proqram üzrə ARDNŞ ilə birgə işlərə
başlanıldı. Bu, dünyanın 19 ölkəsinin 40
neft şirkəti ilə 30-dək sazişin imzalanması
üçün yol açdı. İmzalanmış neft
sazişləri üzrə Azərbaycanın neft sənayesinin
inkişafı üçün nəzərdə tutulmuş
64 milyard ABŞ dolları məbləğində
investisiyanın 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda axtarış-kəşfiyyat
işlərinə yönəldilmişdi.
Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə bağlanmış bu
müqavilə Azərbaycan xalqının rifahının
yaxşılaşdırılmasında yeni dövrün əsasını
qoydu. “Əsrin müqaviləsi”nin bağlanmasından sonra
dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına
marağı artdı, ölkəmizin beynəlxalq əlaqələri
daha geniş miqyas aldı. Müqavilənin imzalanması ilə
xalqımızın öz sərvətləri üzərində
sahiblik hüququ bir daha təsdiq edildi, Azərbaycan
iqtisadiyyatının dünyaya açıq olması
nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın
bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə
qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin
möhkəmləndirilməsinə şərait yaratdı.
Beynəlxalq neft sazişlərində iştirak edən
dövlətlərlə səmərəli və
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı üçün möhkəm təməl
yaradıldı, ölkənin geosiyasi mövqeyinin daha da
möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya
prosesi başlandı.
Neft strategiyasının
mühüm tərkib hissəsini xarici şirkətlərlə
birlikdə hasil olunan neftin və qazın xarici bazarlara
ixracını təmin edəcək çoxvariantlı boru kəmərləri
nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi.
Neft strategiyasının həyata keçirilməsinin ilk illərində
əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və
iri miqyaslı ixracını təmin etmək məqsədi ilə
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft
ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixracı boru kəmərləri
tikilərək istismara verildi.
1999-cu ilin noyabrında ATƏT-in
İstanbul sammitində ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri
tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin
çəkilməsi haqqında dövlətlərarası
müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də
Bakıda, Səngəçal terminalında ümummilli
liderimiz Heydər Əliyevin, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli
qoyulmuş və tikintisinə başlanmışdır.
Ulu öndər zamanı qabaqlayan
bu layihəni belə xarakterizə etmişdi: “Əsrin
müqaviləsi” ilə qoyduğumuz təməl, XXI əsrdə
Azərbaycan xalqının inkişafı, firavan həyatı,
müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da
möhkəmlənməsi üçün gözəl
imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil
Azərbaycan dövləti üçün ən xoşbəxt
dövr olacaqdır".
Yeddi il sonra-2006-cı il iyunun 13-də
Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən
böyük enerji layihəsi olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təntənəli
açılış mərasimi ulu öndərin bu
uzaqgörənliyinin bayram təntənəsinə
çevrildi. Prezident İlham Əliyev boru kəmərinin
açılış mərasimində bunu belə ifadə
etdi: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda
yeni neft strategiyasının başlanması demək idi. Bu
gün uğurla icra edilən neft siyasətimiz həm Azərbaycanın
enerji təhlükəsizliyini təmin etdi, Azərbaycanı
dünya birliyinə çox etibarlı tərəfdaş kimi
təqdim etdi və eyni zamanda, bu gün bizim ölkəmiz və
neft-qaz imkanlarımız geniş mənada qitənin enerji təhlükəsizliyi
üçün əvəzolunmaz funksiyalar
daşıyır!"
Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri
vasitəsi ilə neftin və qazın nəqlinin ildən-ilə
genişlənməsi neft strategiyasının mühüm qələbəsi
idi. Xəzər və Aralıq dənizləri ilə Azərbaycan
neftinin beynəlxalq bazarlara nəqli çoxvarinatlı ixrac
strategiyasının bir çox dünya ölkələri
üçün həyati əhəmiyyətini təsdiq etdi
və ölkəmizin tranzit potensialı bir neçə dəfə
artırıldı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
əsas ixrac boru kəmərlərinin fəaliyyətə
başlaması eyni zamanda Azərbaycan, Gürcüstan,
Türkiyə ilə Mərkəzi Asiya regionu arasında
idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin
yeni müstəvidə inkişafına da təkan verdi.
Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri
özünün yüksək rəqabət imkanları, səmərəliliyi,
təhlükəsizliyi kimi cəlbedici xüsusiyyətləri
ilə çox qısa bir vaxtda neft ixrac edən digər
dövlətlərin diqqətini cəlb etdi və bu səbəbdən
Qazaxıstan öz neftinin bu kəmərlə nəql edilməsi
barədə müqavilə imzaladı. Beləliklə, Azərbaycan
Respublikası BTC əsas ixrac neft kəməri ilə hasil edilən
neftin dünya bazarlarına çıxarılması ilə
yanaşı həm də tranzit ölkəyə
çevrildi.
“Əsrin müqaviləsi”nin
gerçəkləşməsi müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi
üçün təməl daşı rolunu oynadı. Azərbaycanın
“Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında
ümummilli lider Heydər Əliyev sonrakı
çıxışlarında deyir: “1994-cü ildən Azərbaycan
dövləti özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyanın da əsas mənası, əsas
prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir.”
Ötən dövrdə
Bakıda, həmçinin dünyanın ən iri
paytaxtları olan Vaşinqton, Moskva, London, Parisin möhtəşəm
saraylarında xarici ölkələrin neft şirkətləri
ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin
sazişlərin həyata keçirilməsində
dünyanın 14 ölkəsinin 30 neft şirkəti
iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz
sənayesi üçün nəzərdə tutulan təxminən
60 milyard ABŞ dolları həcmində sərmayənin əksər
hissəsi artıq ölkəmizə investisiya şəklində
qoyulmuşdur. Hazırda Azərbaycan Respublikasının
karbohidrogen ehtiyatları, bütün kateqoriyaları üzrə
4 milyard tondan çoxdur ki, bu da ölkəmizin dünyanın
ən iri neft regionları sırasında olduğunu
nümayiş etdirir.
Əgər 2006-cı ilin dövlət
büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə
600 milyon manat ayrılmışdısa, 2007- ci ildə bu rəqəm
1,5 milyard manat, 2008-ci ildə isə 3 milyard manat təşkil
etmişdir. Əsası “Əsrin müqaviləsi” ilə
qoyulmuş neft strategiyası eyni zamanda Azərbaycanın
ümumi iqtisadi inkişaf strategiyasının
formalaşmasına və bu kursun uğurla həyata
keçirilməsinə zəmin yaratmışdır.
Araşdırmalar sübut edir ki, Azərbaycanın Qərb-Şərq,
Şimal-Cənub və s. iri layihələrdə
iştirakı bölgədə təhlükəsizliyin və
sülhün qarantı, davamlı iqtisadi inkişafın təminatçısı
kimi həyatı əhəmiyyət kəsb edir.
İldə 50 milyon ton Azərbaycan
neftini nəql edəcək BTC dünyanın enerji layihələri
arasında çox mühüm yer tutur və XXI əsrin ilk nəhəng
enerji layihəsidir. Son illər həyata keçirilən
davamlı, uğurlu iqtisadi islahatlar və
düşünülmüş xarici siyasət bu nəticəyə
gəlməyə əsas verir ki, “Üç dəniz əfsanəsi”
adlanan BTC neft və BTƏ qaz ixrac kəmərləri kimi,
Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr də
tezliklə reallaşaraq Azərbaycanın daha da qüdrətli
dövlət olmasını təmin edəcək və
ölkənin davamlı iqtisadi inkişafının
qarantına çevriləcəkdir.
Ulu öndərimiz Heydər Əliyevin
böyük neft siyasətinin iqtisadi istiqamətini “qara
qızıl”ın müştərək
çıxarılması və dünya bazarlarına
ixracı hesabına milli iqtisadiyyatımızın qısa
müddət ərzində canlandırılması təşkil
edirdisə, onun siyasi istiqaməti dünya dövlətlərini
neft konsorsiumuna cəlb etməklə beynəlxalq dövlətlər
birliyinə daxil olmaq və bu yolla Azərbaycanın ərazi bütövlüyünü
təmin etmək məqsədi daşıyırdı.
Bu gün Bakıda dünyanın
ən böyük şirkətlərinin 30 mindən artıq
iş adamı, mütəxəssisi, biznesmeni
çalışır və onlar Xəzərin böyük
neft ehtiyatlarına ciddi maraq göstərirlər. Xəzərin
zəngin neft ehtiyatları, Azərbaycanda möhkəmlənmiş
ictimai-siyasi durum, Heydər Əliyevin dönməz müstəqillik
siyasəti dünyanın ən güclü şirkətlərinin
Bakı neft konsorsiumunda iştirakını
stimullaşdırdı, kəşfiyyat və qazma işlərinin
genişləndirilməsinə imkan yaratdı,
respublikamızı böyük neft ölkəsinə
çevirdi. Proqnozlar göstərir ki, Azərbaycan yaxın
vaxtlarda ildə 60 milyon ton neft çıxara biləcəkdir.
Bu rəqəm 8,9 milyon əhalisi olan Azərbaycan
üçün çox böyük göstəricidir.
Artıq Bakı-Tbilisi-Ceyhan və digər istiqamətli
borularla Azərbaycan nefti dünya bazarına
çıxarılır.
Ulu öndərin böyük neft
siyasətinin iqtisadi və sosial-siyasi istiqamətləri
çox önəmlidir. Əvvəla, Azərbaycana
böyük sərmayə axını başlamış, digər
tərəfdən, 30 il ərzində Azərbaycana 250-300
milyard vəsaitin daxil olacağı planlaşdırılmışdır.
Heydər Əliyevin böyük
neft siyasətinin sosial nəticələrindən biri yeni
iş yerlərinin açılması və işsizliyin ləğv
edilməsindən ibarət idi. Bu dahi şəxsiyyətin neft
siyasəti işsizlik problemini xeyli dərəcədə
aradan qaldırdı, konsorsiumda azərbaycanlı mütəxəssislərin
həlledici iştirakını təmin etdi.
Artıq Azərbaycan
Respublikası beynəlxalq aləmdə zəngin neft-qaz
ölkəsi olmaqla yanaşı, həm də güclü
tranzit potensialına malik dövlət kimi bölgədə
liderliyini inamla davam etdirir, onun iqtisadiyyatındakı dinamik
proseslər daha da güclənir, yeni sənaye potensialı
yaranır, sosial problemlərin həlli istiqamətində
görülən tədbirlər öz bəhrəsini verir.
Dövlətimizin BTC, Şərq-Qərb,
Şimal-Cənub, Bakı- Tbilisi-Qars və digər iri layihələrdəki
iştirakından əldə etdiyi uğurları artıq
iqtisadi durumda aydın hiss etməkdəyik. BTC təkcə Azərbaycan
üçün deyil, ümumilikdə beynəlxalq aləmdə
enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində
ölkəmizlə uğurlu tərəfdaşlıq edən
dövlətlər üçün də müstəsna əhəmiyyət
kəsb edir.
1998-ci ilin qiymətləndirilməsi
ilə müqayisədə Azəri-Çıraq-Günəşli
yataqlar blokunda geoloji ehtiyatların həcmi 45,6 faiz, hasil
olunmuş ehtiyatlar isə 1,5 dəfə artmışdır.
Yataqlar blokundan hasil olunmuş səmt qazının həcmi
353,756 milyard kubmetrə, geoloji ehtiyatlar isə 632,366 milyard
kubmetrə bərabərdir.
Milli neft strategiyasının
uğurla reallaşması şəraitində karbohidrogen
ehtiyatlarının xarici şirkətlərlə birgə
istismarı və ixracı ildən-ilə genişlənməkdə
və bunun sayəsində dövlətimizin valyuta
daxilolmaları sürətlə artmaqdadır. Hazırda Azərbaycan
iqtisadi inkişaf tempinə görə dünyada birincidir,
ölkəmiz əhəmiyyətli regional və beynəlxalq
layihələrin təşəbbüskarı və
iştirakçısıdır. Dünya iqtisadi sisteminə
inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində
ən yaxşı təcrübələrin tətbiqinə
yol açmışdır. Azərbaycana daxil olan böyük
neft gəlirlərinin toplanması və məqsədyönlü
şəkildə istifadəsini təmin etmək məqsədi
ilə 1999-cu ildə ulu öndərimiz Heydər Əliyevin fərmanı
ilə Dövlət Neft Fondunun təsis olunması neft sərvətlərinin
nəsillər arasında ədalətli bölgüsü,
onların səmərəli və məqsədyönlü
idarə edilməsi üçün əsaslı təminat
yaradıldı. Dövlət Neft Fondunun aktivlərinin həcmi
hazırda 12 milyard ABŞ dollarını keçmiş və
bu vəsaitin ildən-ilə artacağı gözlənilir.
Dövlətin artan maliyyə
imkanları hesabına ölkədə mühüm regional
proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə
şərait yaranmışdır. Son illər Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən dövlət proqramları çərçivəsində
ölkənin bütün bölgələrində və
Bakı şəhərində müxtəlif infrastruktur layihələri
yerinə yetirilir, təhsil, sosial və digər obyektlərin
inşası uğurla davam etdirilir.
Ölkənin maliyyə
potensialının artması nəticəsində qeyri-neft sektorunun
inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Bununla əlaqədar
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi layihələrin
prioritet istiqaməti olaraq Azərbaycanda qeyri-neft sektorunun
inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
İldən - ilə artan neft gəlirləri hesabına
ölkədə infrastruktur və sosial yönümlü layihələrin
maliyyələşdirilməsi daha da güclənir .
Azərbaycanın bütün
bölgələrində yeni, müasir tələblərə
cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları
tikilir, qaz və su kəmərləri çəkilir, yollar
salınır. İnfrastrukturun yeniləşdirilməsi və
inkişaf etdirilməsi istiqamətində həyata
keçirilən məqsədyönlü işlər eyni
zamanda insanların rahatlığı, firavan
yaşayışı üçün
reallaşdırılan sosial yönümlü tədbirlərin
mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Artan neft gəlirləri
hesabına, ilk növbədə sosial siyasət sahəsində,
o cümlədən aztəminatlı təbəqələrin,
qaçqın və məcburi köçkünlərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də
müvafiq tədbirlər həyata keçirilir. Dövlətimizin
başçısı tərəfindən bir neçə sərəncam
və Dövlət Proqramı qəbul edilmiş və bu qərarlara
uyğun olaraq qaçqın və məcburi
köçkünlər üçün Azərbaycanın
müxtəlif ərazilərində yaşayış qəsəbələri
tikilmiş, 2007-ci ilin sonunda isə Sabirabad rayonunda yerləşən
Qalaqayın çadır düşərgəsi ləğv
edilmiş və burada məskunlaşmış məcburi
köçkünlər yeni qəsəbələrə
köçürülmüşlər.
Ölkənin artan maliyyə
imkanları hesabına beynəlxalq əhəmiyyətli
strateji infrastruktur layihələri də uğurla həyata
keçirilir. Bu layihələr təkcə Azərbaycanın
deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun
modernləşdirilməsinə şərait yaradır. Layihələrdən
biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın
regionda siyasi nüfuzunun güclənməsinə təkan verəcək,
respublikamızın Qərbə doğru inteqrasiyasına, Azərbaycan,
Gürcüstan vəTürkiyə arasında siyasi və
iqtisadi münasibətlərin inkişafına şərait
yaradacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu regional əhəmiyyəti
ilə bərabər, Asiya ilə Avropanı birləşdirən
nəqliyyat dəhlizinə çevriləcəkdir.
Bu gün neft gəlirlərinin
bir hissəsi Bakının su təchizatı ilə
bağlı problemlərin həllinə sərf edilir.
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə
su kəmərinin çəkilməsi və Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması layihələri yerinə
yetirilir.
Neftdən əldə edilən gəlirlər
hesabına bu gün ölkənin kadr potensialının
artırılması istiqamətində də mühüm tədbirlər
həyata keçirilir. Bu tədbirlərdən biri kimi
Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın reallaşması nəticəsində
ölkəmizdə müasir tələblərə cavab verən
kadr potensialının yaradılmasına, gənc nəslin təhsil
səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə
çatdırılmasına şərait
yaranmışdır. Bu proqramın ilk növbədə neft gəlirləri
hesabına maliyyələşdirilməsi “qara
qızılın insan kapitalına çevrilməsi”
ideyasının reallaşmasına doğru atılmış
strateji bir addımdır. “Əsrin müqaviləsi” ilə əsası
qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi
olaraq Azərbaycan regionun lider dövləti, regional və
qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından biri kimi qəbul edilir. Bu
gün ölkəmizdə əldə edilən
uğurların başlanğıcında məhz milli neft
strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini
və təməl daşını isə ümummilli liderimiz
Heydər Əliyevin müəllifi olduğu “Əsrin
müqaviləsi” təşkil edir.
Uzaqgörənlik, gələcək
haqqında düşünmək, doğma
xalqımızın taleyi barədə fikirləşmək
ulu öndərimizin dövlətçilik fəaliyyətinin
strateji xəttini təşkil edirdi. Azərbaycanın
bugünkü sürətli və irimiqyaslı
inkişafının təməlini Heydər Əliyev
yaratmışdır. Azərbaycan bu gün onun
yaratdığı baza üzərində ucalaraq
dünyanın inkişaf etmiş ölkələri
sırasına çıxmaqdadır.
Bütün varlığı ilə
Vətənə və xalqa könüldən, candan
bağlı olan dövlət xadimi Heydər Əliyev
bütün həyatını, zəngin dövlətçilik
təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə,
onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə
yüksəlməsinə həsr etmişdir. Tale iyirminci
yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir
istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş
etmişdir. Onun Azərbaycanda gördüyü əzəmətli
işlər tariximizin XX əsrinin salnaməsinə həkk
edilmiş və min illər xalqımızın
yaddaşında yaşayacaqdır. Heydər Əliyevin səriştəli,
diplomatik siyasəti sayəsində Azərbaycan dünya
dövlətləri birliyinin tamhüquqlu üzvü statusunu
qazanmış və ən böyük neft ölkəsinə
çevrilmişdir. Xalqımız tam əmindir ki, ulu öndər
Heydər Əliyevin möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən həyata keçirilən uğurlu siyasəti
yaxın vaxtlarda Azərbaycan Respublikasının iqtisadi həyatında
özünün bitkin qələbəsini göstərəcək,
ölkənin sosial-iqtisadi tərəqqisi təmin olunacaq,
işğal olunmuş torpaqlarımız azad ediləcək,
qaçqınlar öz evlərinə qayıdacaqlar.
Ulu öndərimiz Heydər Əliyevin
xalqımız qarşısında ən böyük və
tarixi xidmətlərindən biri ondan ibarətdir ki, o, sürətli
inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə
idarə etməyə qadir olan ləyaqətli davamçı
hazırlamışdır. Yüksək təfəkkür, zəngin
dövlətçilik və idarəçilik təcrübəsi
qazanmış, müasir düşüncəli lider cənab
İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan
inkişafının intibah dövrünü yaşayır və
inamla xoşbəxt gələcəyə doğru irəliləyir.
Siyavuş QARAYEV,
Azərbaycan Dövlət Neft
Akademiyasının
rektoru, akademik
Xalq qəzeti.- 2009.- 27 sentyabr.- S. 4.