Azərbaycanlı olimpiya çempionu Fərid Mansurov ikinci dəfə dünyanı fəth etdi

 

Azərbaycanın güləş ustaları Danimarkanın Herninq şəhərində yenicə başa çatmış dünya çempionatından əla əhval-ruhiyyə ilə qayıdırlar. Yarışların sonuncu günü yunan-Roma üsulu ilə güləşən Afina Olimpiadasının çempionu Fərid Mansurovun (66 kq-dək)bütün rəqiblərinə qalib gələrək iki il əvvəl Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş dünya çempionatında olduğu kimi, yenə də öz çəkisində planetin 1 nömrəli güləşçisi olması və ikinci dəfə dünya çempionu adını qazanması bütün Azərbaycan xalqına hədsiz sevinc bəxş etdi.

 

Dünya güləşində xüsusi yeri olan və hər yerdə adı böyük hörmətlə çəkilən çox istedadlı güləşçimizin böyük qələbəsi əsl qəhrəmanlığa bərabərdir. Zarafat deyil, Fərid bir gündə altı görüşün hamısından qalib ayrılmışdır. İspaniya və Yaponiya güləşçiləri, səkkizdəbir finalda erməni Sasun Qambaryan, sonra İran və Kuba idmançıları, həlledici final görüşündə isə gürcüstanlı Manuçar Tsxadaya üzərində qələbələr Mansurovu fəxri kürsünün zirvəsinə yüksəltdi və Herninq şəhərinin idman sarayında bir daha onun sevimli vətəni Azərbaycanın dövlət himni səsləndirildi.

Layiqli qələbədir! İndi biz hamımız, Fərid Mansurov istedadının pərəstişkarları fəxr edə bilərik ki, dünya şöhrətli həmvətənimiz idmanın ən geniş yayılmış növlərindən biri olan “klassik” güləşdə Azərbaycan tarixinə olimpiya çempionu kimi düşməsi ilə yanaşı həm də ikiqat dünya çempionu adı daşıyır.

Məhz Fəridin qızıl medalı, eləcə də Pekin Olimpiya Oyunlarının gümüş mükafatçıları Rövşən Bayramovla (55 kq-dək) Vitali Rəhimovun (60 kq-dək) uğurları güləşin bu növündə Azərbaycan kollektivini qeyri-rəsmi komanda hesabında 38 xalla üçüncü yerə çıxarmışdır. Yığmamız yalnız Türkiyə (44 xal) və İran (39) komandalarından geri qalmışdır.

Ümumiyyətlə isə, Danimarkaya dünya çempionatına 19 güləşçi ilə yola düşən nümayəndə heyətimiz Azərbaycanın idman xəzinəsini 10 medalla zənginləşdirmişdir. Bu, ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafına göstərilən daimi qayğının bəhrəsi olan nailiyyət, qibtəediləcək nəticədir. Bir daha xatırladaq ki, Fərid Mansurovla yanaşı qadın güləşçilər Mariya Stadnik (48 kq-dək) və Yuliya Radkeviç (59 kq-dək) qızıl medallara sahib olmuşlar, Sona Əhmədli (55 kq-dək), sərbəst üsulla güləşənlər Zəlimxan Hüseynov (60 kq-dək), Çamsulvara Çamsulvarayev (74 kq-dək) və Xetaq Qazyumov (96 kq-dək) gümüş medal qazanmışlar, “sərbəstlərin” yarışında digər idmançımız Şərif Şərifov (84 kq-dək), “klassiklərin” turnirində Rövşən Bayramov (55 kq-dək) və Vitali Rəhimov (60 kq-dək) bürünc mükafatçı olmuşlar.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 29 sentyabr.- S. 8.