Laçınlılar tələbə adı qazananların sevincini bölüşdülər

 

Laçının əhalisi 17 ildir köçkünlük taleyi yaşasa da, adamlar respublikanın 60-dək şəhər və rayonunda məskunlaşsa da məktəb yaşlı uşaqlar təhsildən kənarda qalmamışlar. Əhalinin yığcam yerləşdikləri ərazilərdə təşkil olunmuş Laçın məktəblərini və digər təhsil ocaqlarını bitirənlər hər il ali və orta ixtisas məktəblərinə qəbul imtahanları zamanı rayonun şərəfini layiqincə qoruyur, uğurlarını ildən-ilə artırırlar. Azərbaycan Texniki Üniversitetinin iclas salonunda Laçın rayon rəhbərliyinin bu il tələbə adı qazanmış gənclərlə görüşündə bu barədə geniş söhbət açıldı.

 

Rayon təhsil şöbəsinin müdiri Şahlar Xəlilov mərasim iştirakçılarına builki buraxılış və qəbul imtahanlarının uğurları barədə məlumat verdi, ölkə rəhbərliyinin laçınlılara göstərdiyi yüksək qayğı və diqqətin təhsil sahəsinin inkişafına da əlverişli şərait yaratdığını vurğuladı.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bu il orta məktəbləri bitirərək ali və orta ixtisas məktəblərinə daxil olmuş laçınlı gəncləri səmimi təbrik etdi, təhsildə və gələcəyin yetkin qurucuları olmaqda onlara uğurlar arzuladı. Başçı bildirdi ki, ölkəmizin gələcək kadr potensialı kimi laçınlılar bugünün tələbələrinə böyük ümidlər bəsləyirlər. Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ixtisas təhsili müstəsna əhəmiyyət kəsb edir. Xüsusən, ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir.

Başçı xatırlatdı ki, Azərbaycanda təhsilin beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndərin müdrik rəhbərliyi altında Azərbaycan hələ sovet dönəmində elm və təhsilin inkişafında böyük nailiyyətlər qazanmışdı. O illərdə gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanmışdı. SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil alması sonrakı müstəqillik dövründə yüksək ixtisaslı kadrlara ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq təhsil quruculuğu sahəsində başladığı islahatları bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Son 6 ildə ölkəmizdə 1800-dən çox yeni məktəb binasının tikilməsi, 300-dən çox məktəbin əsaslı təmir olunması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, hər il yüzlərlə azərbaycanlı gəncin xaricdə nüfuzlu universitetlərdə təhsil almalarına şərait yaradılması dövlət başçısının təhsilə göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Ulu öndərin ideyalarını təbliğ və davam etdirən Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində bir sıra layihələr uğurla həyata keçirilməkdədir.

Respublikamızda təhsil sisteminin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər Laçın rayonunda da təhsil sahəsində irəliləyişə şərait yaratmışdır. 1992-ci ilin məlum hadisələrindən sonra rayonun ümumtəhsil məktəbləri Bakı və Sumqayıtda, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları digər rayon və şəhərlərdə fəaliyyətlərini davam etdirir. Bu il ali məktəblərə sənəd vermiş şagirdlərdən 139 nəfərinin ali məktəblərə qəbulu Laçının təhsil işçilərinin və orta məktəb məzunlarının yüksək nailiyyətidir.

Natiq sonda qeyd etdi ki, ali məktəblərə qəbul olunanlar içərisində Nərmin Əliyeva, Amil Cəmilli, Rəşad Paşazadə, Nigar Alməmmədova, Etibar Xəlilov, Aytən İbrahimova 600-dən çox bal toplamışlar. Sevindirici haldır ki, 5 gənc ali hərbi akademiyalara daxil olmuşdur. Ötən illə müqayisədə ali məktəblərə qəbulun nəticələrinin yuxarı olması laçınlıları ürəkdən sevindirir, nailiyyətləri artırmağa ruhlandırır.

Laçınlıların yığcam yerləşdikləri ərazilərdən biri olan Bakının Yasamal rayonunun icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, köçkün gənclərin uğurları onları da ürəkdən sevindirir. Ərazidəki Laçın məktəblərinin problemlərinin həllinə Yasamal rəhbərliyi də mümkün olan köməyi göstərir.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri, millət vəkili Sevindik Hətəmov, Texniki Universitetin rektoru Havar Məmmədov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Laçınlı ziyalı, “Elm” redaksiya-nəşriyyat-poliqrafiya mərkəzinin direktoru Şirindil Alışanov bu il tələbə olmuş gəncləri təbrik etdilər, onlara təhsildə və ictimai işlərdə uğurlar dilədilər.

Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının II kurs tələbəsi Elnur Əliyev, I kurs tələbəsi Rəşad Paşayev qazandıqları təhsil uğurlarına görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, onlara bəslənən ümidləri yüksək səviyyədə doğruldacaqlarını söylədilər.

Qəbul imtahanları zamanı ən yüksək bal toplamış laçınlı tələbələrə rayon rəhbərliyi adından qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olundu. Mərasim qalib gənclərin şərəfinə çal-çağırla davam etdi.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2009.- 29 sentyabr.- S. 7.