Uğurlu bank siyasəti öz müsbət nəticələrini verir

 

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna, eyni zamanda bank sektoruna öz müsbət təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi, eyni zamanda bank siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir.

 

Həyata keçirilən çevik bank-maliyyə siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər, davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir.

Yeri gəlmişkən, bank sektoru ilə bağlı bir məqama da toxunmaq istərdim. Dünyada baş verən maliyyə böhranı ölkəmizdən də yan keçməmişdir. Respublikada aparılan antiböhran nəticəsində iqtisadçı, bank sistemində təcrübəli mütəxəssis Rauf Rzayevin fikrincə, bank sektorunda ən vacib, əgər belə demək olarsa, prioritet sayılan likvidlik problemləri artıq öz həllini tapmışdır. Banklarda likvidliyin təmin edilməsi üçün məcburi ehtiyat normaları azaldılmış, yenidən maliyyələşmə üzrə faiz dərəcəsi minimuma endirilmişdir. R.Rzayevin qənaətinə görə, bu da banklarda yetərli dərəcədə real sektorun inkişafına kredit qoyuluşlarının artmasına, öhdəliklərin vaxtında yerinə yetirilməsinə mühüm təsir göstərmişdir.

Manatın devolvasiya məsələsi ön planda olmasına baxmayaraq, Azərbaycan mərkəzi Bankının həyata keçirdiyi anti-böhran siyasəti bunun qarşısını almışdır.

Real sektorun kreditləşməsində mühüm rol oynayan Azərbaycan banklarının demək olar ki, əksəriyyəti dünyada baş verən maliyyə böhranını daim diqqət mərkəzində saxlamaqla yanaşı, müştərilər qarşısında götürülən öhdəliklərin tam şəkildə yerinə yetirilməsi zamanı heç bir maneə ilə üzləşilməyib. Əlbəttə, bu, ölkədə reallaşdırılan bank siyasətinin uğurlu nəticəsidir.

Onu da deyim ki, Azərbaycanda mövcud bankların həyata keçirdiyi antiböhran planı hazırda uğurla icra olunmaqdadır. Daşınmaz əmlak bazarında qiymətlərin qeyri-stabil dəyişmə prosesi izlənilməklə, qarşıya çıxacaq risklər minimuma endirilmişdir. Daşınmaz əmlak girov təminatı olaraq təqdim edildiyi halda, qiymətləndirmə bazar dəyərinin 50-60 faiz həcmində təyin edilir ki, bu, bankların kredit komitələri tərəfindən kredit üzrə qərar qəbul edilərkən mütləq şəkildə nəzərə alınır. Bu cür qiymətləndirmə mexanizminin yenidən gözdən keçirilməsi gələcəkdə bankda yaranacaq girov riskinin minimuma endirilməsinə şərait yaradacaqdır. Belə ki, məhz bankların verdiyi kreditlərin təminatı kimi girova götürülən daşınmaz əmlakların dəyərdən düşməsi dünya maliyyə böhranının yaranmasına, “Lehman brothers” və bu kimi digər investisiya banklarının müflisləşməsinə səbəb olmuşdur.

Sonda onu da xatırlatmaq yerinə düşər ki, iqtisadçı, təcrübəli bank mütəxəssisi Rauf Rzayev uğurlu fəaliyyətinə görə, bu günlərdə beynəlxalq mükafata layiq görülmüşdür.

 

 

V.MİRZƏCANLI

 

Xalq qəzeti.- 2009.- 29 sentyabr.- S. 6.