Səməd MƏRDANOV—100
Azərbaycanın ilk professional kinorejissoru
Səməd Mərdanovun kinorejissor
kimi milli kino sənətimizin inkişafında əhəmiyyətli
xidmətləri olmuşdur.
O, kinomuza elə bir vaxtda gəlmişdi
ki, həmin dövrdə kinorejissor çatışmazlığı ucbatından filmlərimizi
müxtəlif millətlərdən
olanlar çəkirdilər.
Amma artıq 30-cu illərdən başlayaraq
azərbaycanlı kinorejissorlar
yetişməyə başlamışdı.
Məhz bu dövrdə — 30-cu illərin
ortalarında Səməd
Mərdanov ali təhsilli rejissor kimi Azərbaycan kinosunda fəaliyyətə
başlamışdı.
Bu istedadlı sənətkar
1909-cu ildə Tiflisdə (indiki Tbilisi) anadan olmuşdu. Uşaqlığından
onun istedadı ətrafdakıları heyran etmişdi.
Kinoşünas Asif Əliyev S.Mərdanov haqqında
oçerkində bu barədə yazır ki, böyük Azərbaycan
aktyoru Hüseyn Ərəblinski Tiflisin Gürcü-zadəgan
Teatrında “Otello”da oynayırdı. Tamaşadan sonra şəhər
qlavasının verdiyi ziyafətdə Ərəblinski
çıxış edərək Kürün buradan sürətli
axınının səbəbini soruşur. Şəhərin
qlavası deyir ki, bu suala mənim balaca dostum Səməd cavab
verə bilər. Səmədin atası Hacını onun
ardınca göndərir.
Səməd ailənin
sonbeşiyi idi. Bu vaxt isə onun 9 yaşı olardı, ya
olmazdı. Səməd içəri daxil olub məclis əhli
ilə salamlaşdıqdan sonra keçib atasının
yanında oturdu. Və təmkinlə Ərəblinskinin
sualına cavab verməyə başladı:
— Xanımlar və cənablar!
Zənnimcə, burada əlahiddə bir şey yoxdur. Əgər
hava dumansız olsa, siz bu sualın cavabını
özünüz tapacaqsınız. Şəhərin bu yerində
çayın coşğun axmasına həqiqətən də
səbəb var. Siz onun axarına qarşı dayansanız
bilirsiniz nə görəcəksiniz? Ülvi eşq fədaisi
Şeyx Sənanın və füsünkarlıqda misli olmayan
Tamaranın möhtəşəm abidələrini. Kür
çayı buradan gah şaqraq, gah da həzin bir
pıçıltı ilə axır ki, bu müqəddəs
insanları yuxudan oyatsın, qovuşduqları əbədiyyətdən
qaytarsın.
O vaxt Hüseyn Ərəblinski
balaca Səmədi bağrına basıb demişdi: “Mən
sizi əmin edirəm ki, bizi heyran qoyan azərbaycanlı
balasının böyük gələcəyi olacaq”.
Gürcüstanın mədəni
mühiti Səmədin uşaq dünyasında özünə
möhkəm yer tutmuşdu. Elə bir teatr əsəri
olmazdı ki, balaca Səməd ona baxmamış olsun. Amma bir
xobbisi də dil öyrənmək idi. Gürcü, rus,
fransız dillərini artıq öyrənmişdi.
Bir də kinoya marağı var idi. Qardaşı Mustafa Mərdanov da Tiflisdə teatrda rollar oynayırdı. Bu da, söz yox ki, onun sənətə meyl göstərməsinə öz təsirini göstərmişdi. Onun əsas məqsədi Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul olub, kinorejissor sənətinə yiyələnmək idi. Bu arzusu da çin oldu.
Böyük uğurla imtahan verib institutun rejissorluq fakültəsinə daxil oldu. Özü də, dünya şöhrətli kinorejissor S.Eyzenşteynin kursuna. 1935-ci ildə həmin İnstitutu bitirib ilk azərbaycanlı kinorejissor kimi Vətənə — Azərbaycana qayıtdı. Doğrudur, o hələ tələbə ikən “Mavi dənizin sahilində” filmində ikinci rejissor işləyirdi. 1935-ci ildə ekranlaşdırılan bu filmin əsas rejissoru B.Barnet idi. Səməd Mərdanov deyirdi ki, Azərbaycanın ilk səsli filminin yaradılmasında mənim də əməyim olub.
Xəzər balıqçılarının həyatından, onların gündəlik qayğılarından, başlarına gələn sərgüzəştlərdən danışan bu kino əsərində görkəmli rejissorla bir yerdə işləmək Səməd Mərdanovun ürəyincə idi. Qocaman rejissor Məmməd Əlili deyirdi ki, Səməd ilk çəkilişlərdə rejissor dostu Barneti öz təsiri altına sala bilmişdi. Barnet Səmədə çox inanırdı. Nəinki Barnet, elə çəkiliş qrupunun digər üzvləri də bu gənc oğlana hörmət və məhəbbətlə yanaşırdılar. Filmdə Alyoşa rolunun ifaçısı məşhur rus aktyoru Nikolay Kryuçkov deyirdi ki, Varnetlə Səmədin bir-birini yaxşı başa düşmələri işimizi xeyli asanlaşdırmışdı. Səməd cavan olmasına baxmayaraq öz işini yaxşı bilirdi. O, səriştəli fikirlər irəli sürürdü və aktyorlarla işləməyi bacarırdı. Onun mənimlə, Yusif rolunun ifaçısı L.Sverdlinlə və Y.Kuzmina ilə məşqləri bütün aktyor ansamblında xoş ovqat yaratmışdı. Yusif rolunun ifaçısı rus olsa da, filmdə o, bir Azərbaycan mahnısı oxuyur:
Uca dağlar başında bir sürü qoyun,
Uzaqdan baxmaqla mən necə doyum.
Bu mahnını ona Səməd
böyük çətinliklə öyrətmişdi.
“Mavi dənizin sahilində”
filmi Səməd Mərdanovun böyük kinoda ilk işi idi. İlk
professional kinorejissor kimi bu filmlə kinomuza gələn rejissor
bir neçə il sonra “Kəndlilər” (1949) filminə
quruluş verir. Filmin ssenarisini G.Midivani yazmışdı. Bu
film dövrün xarakterini bədii vasitələrlə əks
etdirən dəyərli ekran əsəridir. Səməd Mərdanov
bu filmi ilə Azərbaycan kinosuna milli aktyorlarımızı
gətirdi. Məmmədrza Şeyxzamanov, İsmayıl
Osmanlı kimi məşhur teatr aktyorları kinoya ilk dəfə
bu filmlə gəlmişdilər. Bundan başqa filmin digər
rollarını Ələsgər Ələkbərov, Mustafa Mərdanov,
Rza Darablı, Rza Əfqanlı, Sidqi Ruhulla, Əli Qurbanov,
Möhsün Sənani, Fateh Fətullayev kimi məşhur
aktyorlar ifa etmişdilər. Bu filmdə kinematoqrafın
imkanlarından ustalıqla istifadə edən gənc rejissor
milli adət-ənənələrimizi, dövrün problemlərini
çox aydın, böyük istedadla əks etdirmişdi. Əsərin
qəhrəmanı Təhməz qızını mülkədara
ərə vermək istəsə də, Ülfət Göydəmiri
sevdiyini bildirir. Göydəmir isə yoxsulların tərəfindədir.
Öz mahnılarında kəndliləri istismar edən
mülkədarları ifşa edir. O, tezliklə inqilabi hərəkata
qoşulur. Hadisələr Azərbaycan Demokratik Respublikası
dövründə baş verir.
Bu ekran əsəri milli kinomuzda çox əhəmiyyətli hadisə idi. Rejissor filmi tam başa çatdıra bilmədi. Çünki amansız xəstəlik onun həyatına son qoydu. Amma filmin son kadrları da çəkildi və biz filmin titrlərində “Quruluşçu rejissor Səməd Mərdanov” sözlərini oxuya bildik. Bununla gənc rejissorun böyük istedadla başladığı sənət yolu sona yetdi.
Doğrudur, onun yaradıcılıq bioqrafiyası zəngin deyil. Cəmi iki bədii və 1933-cü ildə çəkdiyi “Köçərilər” sənədli filmi ilə Səməd Mərdanov milli kino tariximizdə özünə layiqli yer tuta bildi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 30 sentyabr.- S. 8.