Texniki peşə təhsili yeniləşmə yolunda
4 saylı Bakı Peşə Liseyində islahatın nəticələri
aydın hiss olunur
Bu təhsil ocağında üç il əvvəl
olmuşdum. Əslində, o vaxt bu məktəbin tezliklə
bağlanacağı qənaətinə gəlmişdim. Burada
məskunlaşan qaçqın ailələri, Zəngilan 13
saylı, Ağdam 76 saylı məktəbləri onun fəaliyyətini
demək olar ki, məhdudlaşdırmışdı, əsaslı
təmirə ehtiyac olduğu isə aydın hiss edilirdi. Məktəbin
həyəti bərbad vəziyyətdə idi. Söhbət
Bakı şəhəri 4 saylı Peşə Liseyindən
gedir.
Bu günlərdə yenidən
həmin peşə liseyinə baş çəkdim. Məktəb
yenidən qurulmuşdu. İlkin olaraq həyətdə
yaradılan səliqə-sahman göz oxşayırdı. Məktəb
yenidən hasara alınmış, stadion yenidən qurulmuş,
qaçqın məktəbləri isə əsas korpusdan
ayrılmışdı. Onlar üçün əlverişli şərait
yaradılmışdı. Liseyin otaqları təmir
olunmuş, emalatxanalar üçün yeni avadanlıqlar
alınmış, kommunikasiya xətləri yeniləşmişdi.
Liseyin direktoru Alik Allahverdiyev də iki ildir təyin olunub. Deyir ki, Prezident İlham Əliyevin ölkədə peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər) qəbul edilməsi ilə bağlı imzaladığı sərəncam bu sahədə islahatın başlanmasına bir növ start verdi. Bunun da real səbəbləri vardır. Belə ki, son illər ölkədə gedən quruculuq işləri, Azərbaycan iqtisadiyyatındakı sürətli tərəqqi, yeni sənaye müəssisələrinin yaradılması ixtisaslı fəhlə kadrlarına tələbatı xeyli artırmışdır. Çox hörmətli Prezidentimiz dəfələrlə öz çıxışlarında Azərbaycanda bundan sonra da yeni iş yerlərinin açılacağını, ixtisaslı fəhlə kadrlarına ehtiyacın getdikcə artacağını bildirmişdir. Ona görə də peşə təhsilinə diqqət ilbəil artmaqdadır. Təhsil naziri Misir Mərdanov da təhsilin bu pilləsinin inkişafını daim diqqət mərkəzində saxlayır.
Bu yaxınlarda peşə təhsili işçilərinin konfransı keçirildi. Nazirliyin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məruzəsində son illər qazanılan nailiyyətlər, qarşıda duran problemlər geniş əks olunmuşdu.
Doğrudan da, ölkədə peşə təhsili islahatı sürətli inkişaf yolundadır. Bu gün Prezidentin imzaladığı Dövlət Proqramı böyük uğurla həyata keçirilir. Artıq bir vaxtlar yararsız vəziyyətə düşmüş məktəblər əsaslı təmir olunmuş, onlar yeni avadanlıqlarla təchiz edilmişdir. Hətta yeni, müasir tipli peşə liseyləri tikilib istifadəyə verilir.
Alik müəllimlə liseyin binasını gəzirik. Sinif otaqları, ayrı-ayrı fənn kabinetləri ilə tanış oluruq. Doğrusu, bu liseylə bağlı əvvəlki təəssüratlarım tamamilə dəyişir. Təmiz, səliqəli hər cür avadanlıq və əyani vəsaitlərlə təmin olunmuş sinif otaqlarında dərslər müasir üsullarla keçilir. Məktəbin yeni kitablarla komplektləşdirilən zəngin kitabxanası şagirdlərin mütaliəsi üçün imkan yaradıb.
Emalatxanalarda isə vəziyyət qənaətbəxşdir. Burada ustalar şagirdlərə seçdikləri peşə üzrə əyani olaraq ixtisas dərsləri keçirlər.
Sonra
direktor liseyin fəaliyyəti barədə məlumat verdi. Dedi
ki, bizim lisey 1956-cı ildə Binəqədi rayonunda
“Fabrik-zavod şagirdliyi” adı ilə fəaliyyətə
başlayıb. Sonra Nərimanov
rayonunda 19 saylı şəhər orta texniki peşə məktəbi
kimi ixtisaslı fəhlələr hazırlamışdır.
1985-ci ildən Nizami rayonuna köçürülən 19
saylı texniki peşə məktəbinə 1996-cı ildən
4 saylı Bakı Peşə Liseyi adı verilmişdir.
Liseyin direktoru bildirdi ki, son iki ildə
məktəbdə yenidənqurma işləri
aparılmışdır. Həyət neçə illərdən
bəri yığılıb qalmış zibillərdən təmizlənmiş,
yaşıllıqlar salınmış, fontonlar
quraşdırılmışdır. Stadion yenidən
qurulmuş, zirzəmilər çirkab sulardan təmizlənmiş,
binaların fasadları bütövlüklə rənglənmişdir.
Liseydə təmirçi-çilingər,
qaynaqçı, dülgər, xarrat, parket ustası,
mühasib-fərdi kompyuter operatoru, kompyuter üzrə operator,
radio-televiziya aparatlarının (videotexnikanın) təmiri və
xidməti üzrə mexanik ixtisasları üzrə mütəxəssislər
hazırlanır. 9-cu sinfi bitirmiş oğlan və
qızlardan 3 il müddətində ixtisaslı fəhlə
kadrları hazırlanır. Liseyə şagird qəbulu
planı 90 nəfərdir. Şagirdlərin təlim-tərbiyəsi
ilə 18 müəllim və 12 istehsalat təlimi ustası məşğul
olur.
Liseyin yardımçı
binalarında, inzibati korpusda, tədris korpusunun 1-ci mərtəbəsində
24 qaçqın ailəsi məskunlaşmışdır.
Prezidentimizin imzaladığı Dövlət Proqramına
uyğun olaraq yaxın gələcəkdə onlar abad evlərlə
təmin olunacaq, yaxud öz doğma torpaqlarına
köçürüləcək. O zaman liseyimizin imkanları
daha da genişlənəcək.
Alik müəllim onu da
xatırlatdı ki, bu yaxınlarda ölkə Prezidentinin sərəncamı
ilə peşə təhsilinin inkişafına 2 milyon manat vəsait
ayrılmışdır. Bu dövlət
başçımızın peşə təhsilinin
inkişafına göstərdiyi qayğının bariz
nümunəsidir. Biz peşə təhsili işçiləri
bu məsuliyyəti yaxşı başa düşürük
və çalışırıq ki, ya bu qayğıya
öz əməli işimizlə cavab verək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 30 sentyabr.- S. 8.